Payızın qızıl vaxtı
Esse
Yayı əməlli-başlı problemlərlə
başa vurdum. Dərd-bəla, ağrı acı onsuz da xəbərsiz
gəlir həyatımıza, düzdür, xırda-xuruş
mesajlar verir, di gəl ki, insan övladı buna ciddi yanaşmır.
Öz-özünə keçəcəyini düşünməklə
ilk yanlışa imzasını atır. O da gedib güc
toplayır, topunu, tüfəngini də götürüb gecənin
birində hücum çəkir üstünə...
Yayın qonaq-qarası da çox olur axı, o da ola
ürək dayandıran istilərdə həyətində
növbənöv ağacları, bol suyu, rəngbərəng
gül-çiçəklərilə havaya sərinlik qatan kənd.
Elə mən də yay girəndən bilgisayarımın
qapağını bağlayıb qoydum bir kənara.
Başım ev, məişət qayğıları, əziz
qonaqlarımla elə qarışdı ki, bir də
gördüm payız kəsdirib qapının
ağzını. Üstəlik, qəfil başlayan
ağrılar da qısnadı məni divara. Divardan o yana da ki,
yol nə gəzir!..
Özümə gələndə isə
bağımızda gülöyşə nar
qızarmış, heyva saralmışdı. Günəşin
al şəfəqləri ağadayı və keçiməməsi
üzüm salxımlarının iri, kəhraba kimi sapsarı
gilələrində bərq vururdu. Arılar, quşlar da
bir-birinə aman vermədən hərə öz ruzi
payının dalınca uçurdu...
Şahtut da çoxdan solub, atlas kimi par-par yanan o
yaşıl yarpaqlardan nişanə də qalmayıb, xəzəl
olub kağız pul kimi səpələnib hər tərəfə...
Can ağrılarından danışırdım
axı, sayəsində canını dişinə tutmaq
havasına kökləndim. Ağrılarla oynamağı da,
birlikdə yaşamağı, ağlayıb gülməyi də,
qalib gəlməyin yollarını da öyrəndim. Hətta gecələr şairlərin sevgidən
yazdığı vaxtlar mən ağrılarıma dəm
tutmağı vərdişə çevirdim...
İçəridən baxanda çöldəki
azadlıq həmişə gözəl görünüb,
halbuki elə dünən sən özün də o
azadlığın qoynunda rahat və xoşbəxtcəsinə
xumarlanırdın. İndisə sağlamlığın bir zərbəyə
uçub dağılan divarları arasında vurnuxursan.
İndi çox şey sənin iradənə və
intizamının gücünə bağlıdı bir az da,
afrikalılar demiş, hörümçək torları birləşsələr,
hətta şiri də tutarlar!..
...Üstümə aldığım mənəvi və
fiziki yorğunluğu, canımda yığılan neqativ
gücü atmaqdan ötrü psixoloqların söylədiyi,
özümün də oxuyub bildiyim bir neçə mantra və
ritualları etsəm də, nəticəsi olmadı.
Özümün ruh halımı yüksəltməkçün
söylədiyim "mən enerjiliyəm, mən
ruhlanmışam, güclüyəm..." və s. söz və
ifadələr sanki daşa dəyib geri qayıdırdı. O
zaman qısa müddətli də olsa məkan dəyişdirmək,
bir neçə gün özümlə baş-başa qalmaq qərarına
gəldim. İlk fikrimdən keçən yer Şabran
İstirahət Mərkəzi oldu. Həm də "Heç
olmasa ildə bir dəfə təkbaşına səyahətə
çıx", deyiminə sadiq qalaraq səfərə
hazırlaşdım...
Bakıdan təxminən saat yarımlıq bir məsafədə
yerləşən bu istirahət mərkəzi Şabran
rayonunun qədim Pirəbədil kəndi meşəlik ərazisində
müasir üslübda tikilmiş kiçik şəhərcikdir.
Havası şəhərdən bir neçə dərəcə
aşağı, sərin və olduqca təmizdir. Nəfəs
aldıqca ciyərlərimin sonuncu alveolalarına qədər
açılıb, havanı acgözlüklə özünə
çəkdiyini hiss edirəm. Ərazi hər tərəfdən
iyirmi dörd saat ciddi qoruma altındadır. Otelin
qarşısında xüsusi geyimli işçilər
qonağı qarşılayıb ona qeydiyyatdan keçməkdə
və rezerv edilmiş kotecə yerləşməyə
yardım edir.
Otelə daxil olandan adamı xoş ətir və ona
uyğun həzin musiqi müşayiət edir. Bunlar artıq
çoxdan Şabran istirahət mərkəzinin atributuna
çevrilib. Bir anda səliqə-sahman, rahatlıq və
dinclik adamı öz sehrinə salır. Qeydiyyatdan keçib
otel əməkdaşının müşayətilə qalacağım
kotecə yollanıram. Otağa daxil olanda yenə sevimli qoxu
burnuma dolur...
Payız burada da özünün qızıl
vaxtını yaşayır, xəzəllər xalı kimi
döşənib çəmənin üstə,
ayağını basmağa heyfin gəlir, bir daha əmin
olursan ki, təbiət ən böyük rəssamdır. Onun
təbii fırçası ilə dağlara, bağlara yeni nəfəs
gəlir, hər fəslin öz bənzərsiz
tablolarını yaradır...
Bağın dərinliyində qoyulmuş dəmir yelləncək
də xəyalların yelləncəyidi sanki, axı insan qəlbinin
də fəsilləri var, orada günəş, ay, səma və
möcüzələr yatır... Kim ki, kainatın
möcüzələrini kəşf edir, bir gün öz
möcüzələrini də tapacaq. Təbiətin də,
dünyanın da özünə məxsus ritmi, ahəngi var,
bu qızıl ortadan uzaqlaşmaq olmaz, insan bu ritmlə
mütləq uzlaşmalıdır, ritmdən çıxmaq
heç birinə fayda verməz...
Sabah artıq istirahət vaxtım bitir və mən
geri dönməliyəm. Mirzə Cəlil yazırdı ki,
sözdən böyük yadigar yoxdur. Zira mal-mülk tələf
olub gedir, söz qalır. Söz isə iki hissədən ibarətdir,
bir yarısı deyənin, bir yarısı da dinləyənin.
Yazıya son nöqtəni qoyub pəncərin
açıram, hava soyuyub, düşünürəm: Bir də
bu payızdan olmayacaq ta...
Şahnaz ŞAHİN
525-ci qəzet .- 2025.- 13 noyabr(№206).-S.11.