Albaniya Milli
Kitabxanasında Azərbaycan Ədəbiyyatı bölməsinin
açılışı olub
Tiranada Albaniya Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı
bölməsinin açılış mərasimi
keçirilib.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim
Tahirov Albaniya Milli Kitabxanasının direktoru Piro Mişa ilə
görüşüb. Görüşdə iki ölkənin
milli kitabxanaları arasında imzalanmış əməkdaşlıq
memorandumunun icrası ilə əlaqədar
danışılıb və konkret təkliflər müzakirə
edilib.
Tədbiri açan Albaniya Milli Kitabxanasının
direktoru Piro Mişa iki ölkə arasında mədəni əməkdaşlığın
son illərdə əhəmiyyətli dərəcədə
inkişaf etdiyini vurğulayıb. O bildirib ki, Albaniya Milli
Kitabxanasında yaradılan Azərbaycan Ədəbiyyatı
bölməsi iki ölkə arasında dostluq və mədəni
əlaqələrin möhkəmlənməsinə xidmət
edir. Bu bölmə yalnız kitab kolleksiyası deyil, həm də
xalqlarımız arasında mənəvi və intellektual
körpü rolunu oynayır. Belə layihələr ölkələrimiz
arasında qarşılıqlı anlaşma və hörmətin
dərinləşməsinə şərait yaradır, gənc
nəsillərin bir-birinin mədəni irsi ilə tanış
olması üçün əhəmiyyətli platforma təşkil
edir.
Piro Mişa vurğulayıb ki, Albaniya Milli
Kitabxanası gələcəkdə Azərbaycan ədəbiyyatı
ilə bağlı tədbirləri və oxu günlərini təşkil
etməyi, eyni zamanda iki ölkənin
yazıçılarının və alimlərinin mübadiləsini
davam etdirməyi planlaşdırır.
Azərbaycanın Albaniyadakı səfiri Anar
Hüseynov yeni açılan bu bölmənin ölkəmizin
mədəniyyətinin təqdimatı baxımından
böyük önəm daşıdığını
bildirib. O qeyd edib ki, Azərbaycan ədəbiyyatı yalnız
milli mədəniyyətimizin əks olunması deyil, həm də
insanlığın ümumi mənəvi xəzinəsinə
dəyərli töhfədir. Albaniyada yaradılan Azərbaycan
Ədəbiyyatı bölməsi ölkəmizin mədəniyyətini
tanıtmaqla yanaşı, gənc nəslin
dünyagörüşünü genişləndirmək
üçün də əhəmiyyətli vasitədir.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim
Tahirov isə bildirib ki, bu bölmə Azərbaycan ədəbiyyatının
zənginliyini və müxtəlifliyini nümayiş etdirmək
baxımından böyük əhəmiyyət kəsb edir.
Bu, yalnız kitab kolleksiyası deyil, həm də Albaniya
oxucuları üçün Azərbaycan mədəniyyətinə
və tarixinə açılan bir pəncərədir. O
xatırladıb ki, 2022-ci il oktyabrın 7-də VIII Bakı
Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan
Milli Kitabxanasında Albaniya Milli Kitabxanasının daimi
guşəsi açılıb və iki kitabxana arasında
qarşılıqlı əməkdaşlığa dair
Memorandum imzalanıb. K.Tahirov bildirib ki, həmin əməkdaşlıq
bu gün öz real bəhrəsini verir və Azərbaycan
Ədəbiyyatı bölməsinin yaradılması bu əlaqələrin
davamı kimi mühüm əhəmiyyət kəsb edir.
Sonra iştirakçılar Azərbaycan Ədəbiyyatı
bölməsi ilə tanış olub, burada nümayiş
olunan kitablar, nəşrlərlə maraqlanıblar.
Tədbirin sonunda Azərbaycan heyəti Albaniya Milli
Kitabxanası ilə tanış olublar.
525-ci qəzet .- 2025.- 13 noyabr(№206).-S.9.