Kamal Abdullanın əsəri
Qazax Dövlət Dram Teatrında
Noyabrın 11-də Qazax Dövlət Dram Teatrında
Xalq yazıçısı Kamal Abdullanın "Bir, iki -
bizimki!" pyesi əsasında hazırlanan eyniadlı
tamaşanın premyerası keçirilib. Teatrın direktoru,
rejissor Allahverdi Musayevin quruluş verdiyi səhnə əsəri
insan münasibətlərinin incə psixoloji qatlarını,
axtarış və anlaşma arasındakı ziddiyyətləri
əks etdirir.
Səhnə əsəri iki fərqli dünya
insanının söhbəti, bir-birinə təmassız
toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, əsəbi,
mübahisəsi, yenə də qovuşmaq arzuları üzərində
qurulub. Onların dialoqu kişinin xarakteri, kimliyi haqqında
geniş düşüncələr yaradır. Bu iki nəfər
bir-birini eşitmək istəyir, amma eşitmir, görmək
istəyir, amma görmür, duymaq istəyir, amma duymur.
Bütün ömürlərini öz ağuşuna alan faciə
də məhz budur: bir-birini sevən, bir-birinə can atan
insanların bir-birinin dünyalarındakı ayrılıq. Elə
birinin ölü, o birinin diri olması da simvolikdir.
Müəllif Kamal Abdulla pyesi 5 şəkildən ibarət,
bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən
və tapmayan iki nəfərin duyumlar dramı kimi təqdim
edir.
Rəssamı Aysan Omarova, musiqi tərtibatçısı
Allahverdi Musayev, rejissor assistenti Ceyhun Vəlizadə olan
tamaşada obrazları Əməkdar artist Xəzər Gəncəli,
aktyorlar Rüfət Ömər, Zəmanə Dərviş,
Xaqan Qurbanov və Səbinə Yusifova canlandırırlar.
Səhnə əsəri teatrsevərlər tərəfindən
böyük maraqla qarşılanıb. Teatrın kollektivi
adından müəllif üçün hazırlanmış
hədiyyə akademik Muxtar İmanova təqdim edilib.
Qeyd edək ki, "Bir, iki - bizimki!" Xalq
yazıçısı Kamal Abdullanın dramaturgiya
yaradıcılığında xüsusi yerə malikdir.
Müəllif bu haqda müsahibələrinin birində belə
deyir:
"Bu pyesi ilk dəfə bizim görkəmli
rejissorumuz Vaqif İbrahimoğlu "YUĞ" teatrında
tamaşaya qoyub. Daha sonra bir çox teatrlar bu pyesə
müraciət etdilər. Eyni zamanda Mədəniyyət və
İncəsənət Universitetinin tələbələri -
rejissorluğu bitirən tələbələr bir neçə
dəfə bu pyesə müraciət ediblər. 2018-ci ildə
Akademik Milli Dram Teatrında bu pyes əsasında hazırlanan
tamaşanın premyerası keçirildi. İndi isə xarici
ölkələrin birində bu əsəri tamaşaya
hazırlayırlar".
525-ci qəzet .- 2025.- 13 noyabr(№206).-S.9.