Məktəblərdə daimi və
rəqabətli müəllim modelinə keçid
"MƏQSƏD MÜƏLLİMLƏR
ÜÇÜN DAHA RƏQABƏTLİ, DAYANIQLI VƏ
ƏDALƏTLİ ƏMƏK SİSTEMİ
FORMALAŞDIRMAQDIR"
"Tamştatlı müəllim konsepti 2027-ci ilin
sentyabrından tez müddətdə həyata keçirilməyəcək.
Əsas diqqət verilməli məsələ işin mahiyyətidir".
Bu mövzuda fikirlərini bölüşən elm və təhsil
naziri Emin Əmrullayev deyir ki, hazırda mövcud saathesabı əməyin
ödənilməsi sistemi saxlanılsa da, alternativ olaraq
tamştatlı müəllim konseptini Azərbaycan məktəblərinə
gətirmək üzərində iş görülür:
"Məqsədimiz müəllimə məktəbin
tamhüquqlu bir hissəsi olduğunu hiss etdirməkdir. Yeni
hesablanma mexanizmini niyə tətbiq edirik və bununla hansı
problemi həll etməyə çalışırıq?
Tamştatlı müəllimin maaşı ölkə üzrə
orta maaşdan ən azı iki dəfə yüksək
olmalıdır. Mövcud statistika müəllimlərin 4-6
saat dərs yükü əsasında aldığı əməkhaqqını
ümumi göstəriciyə daxil edir və bu, yanlış təsəvvür
yaradır. Eyni zamanda, müəllimin öz əməkhaqqını
artırması üçün yalnız daha çox dərs
saatı götürməsi kimi məcburi mexanizm də
doğru deyil və dəyişdirilməlidir. Yeni mexanizmin məqsədi
müəllimin saat 6-ya qədər məktəbdə
qalması demək deyil. Məqsəd həm də müəllimin
daha geniş fəaliyyət imkanlarının olmasıdır.
Hazırda "tamştat müəllim" anlayışı
yalnız 30-36 saatlıq həftəlik iş yükü kimi tənzimlənir,
amma konkret mexanizm yoxdur. Biz isə bu işi real 30-36 saatlıq
iş modeli kimi görürük. Bu model müəllimə
hansı imkanları yaradır? Müəllim yalnız 18-24
saat dərs deməklə kifayətlənməməlidir. Bu dərs
yükündən savayı, o, şagirdlər, məktəb və
təhsilin keyfiyyəti üçün əlavə fəaliyyət
göstərə bilər. Başqa bir müəllimin dərsinə
daxil olub müşahidə apara bilər, həmkarına
metodik tövsiyələr verə bilər, çox
yaxşı müəllimdirsə, gənc müəllimlərə
mentorluq edə, şagirdlərin əlavə fəaliyyətləri
ilə bağlı metodik təkliflər verə, sinifdənkənar
işlər təşkil edə, müxtəlif müsabiqələr,
olimpiadalar hazırlaya, idman müəllimidirsə, məktəb
turnirləri təşkil edə bilər. Bu fəaliyyətlər
hazırda faktiki olaraq var, amma ödənişsiz edilir. Məsələn,
idman müəllimi məktəbdə turnir keçirir, amma
biz bu işə maaş vermirik. Niyə? Çünki onun
iş saatı yalnız dərs yükünə hesablanır.
Yeni modeldə isə bu fəaliyyətlərə görə
ödəniş ediləcək".
Nazir hesab edir ki, müəllimin məktəbdə daha
çox vaxt keçirməsi və gördüyü əlavə
işlərin haqqının ödənilməsi Azərbaycanın
təhsilinə yalnız müsbət təsir göstərəcək:
"Məsələn, idman müəllimi istedadlı
uşaqlarla daha çox işləyə biləcək, əlavə
məşğələ və sınaqlar təşkil edəcək,
onların inkişafına real töhfə verəcək. Mərhələli
şəkildə 20 min tamştat müəllim vəzifəsi
yaradılacaq. Müəllimimizin oturmağa yeri belə yoxdur.
Ən yaxşı halda öz sinfi olan müəllimlərimiz
var, onların da dərs saatı çoxdur. 12-13 saat dərsi
olan müəllimin öz iş otağı yoxdur. Buna görə
də müəllimin rifahını yüksəldək deyəndə,
ilk növbədə, maaşını yüksəldək, daha
sonra işə aidliyini, motivasiyasını yüksəldək
və iş şəraitini yaxşılaşdıraq
deyirik".
E.Əmrullayev bildirib ki, tam ştata keçən
müəllimin aylıq əməkhaqqısı orta əməkhaqqıdan
iki dəfə çox olarsa və 20 min müəllim bu əməkhaqqını
alarsa, təhsildə köklü islahatların
başlanğıcı qoyulacaq: "Tam ştatlı müəllim
həftəlik 30-36 saat işləyəcək, onun 18-24
saatı tədrislə məşğul olacaq. Təbii ki, bu,
bütün müəllimlərin bir hissəsidir, qalan müəllimlər
yenə də saathesabı dərs deməyə davam edəcəklər.
Çünki biz kiçik məktəbləri bu sistemə
keçirə bilməyəcəyik, söhbət
böyük məktəblərdən gedir. Müəllim məktəbə
"müştəri yeri" kimi baxırsa, o, mənim
üçün müəllim deyil. Əgər müəllim
6 sinifdə dərs deyirsə və düşünürsə
ki, hər sinifdən 15 uşaq repetitorluğa müraciət
edəcək və onun da həyat səviyyəsi yüksələcək,
bu adam mənim üçün müəllim deyil. Müəllim
məktəbə gəlir, əməkhaqqı alır, amma
onun əvəzini birbaşa sinifdə verməlidir. Kim istəsə,
dərsdən sonra özəl sektorda işləyə bilər.
Bu, hər bir vətəndaşın hüququdur. Amma dövlət
sektorunda çalışan müəllimin əsas məqsədi
şəxsi qazancını artırmaq yox, məktəbə və
şagirdlərə xidmət olmalıdır. Əgər kimsə
bu prinsipləri pozursa və öz qazancını məktəbin
işindən üstün tutursa, o zaman bu, müəllimlik
mövqeyi deyil. Çünki müəllimlik vicdan, münasibət
və məsuliyyət tələb edən bir peşədir".
E.Əmrullayev qeyd edib ki, müəllimdən əsas
gözlənti uşağa olan münasibətlə
ölçülür: "Biz heç vaxt demirik ki, müəllim
sertifikasiyada mütləq 60 bal toplamalıdır. Məsələ
sadəcə balda deyil. Misal üçün, müəllim hər
gün bir uşağa 5 bal, digərinə 10 bal
qazandırır. Bu, fəaliyyətin simvolik tərəfidir. Məktəb
müəllimindən əsas gözlənti yüz faiz biliklə
yox, uşağa olan münasibətlə
ölçülür. Bizdə həyatını məktəbə
və şagirdlərə həsr edən insanlar var. Məhz
bu cür müəllimləri tapıb məktəbə
qaytarmaq istəyirik".
Onun dediyinə görə, məktəblərdə
daimi və rəqabətli müəllim modelinə keçid
nəzərdə tutulur. Məqsəd müəllimlər
üçün daha rəqabətli, dayanıqlı və ədalətli
əmək sistemi formalaşdırmaqdır: "Yeni model
müəllimləri məcbur etməyəcək, tamamilə
könüllü və rəqabətə əsaslanacaq. Bu
sistemdə müəllimlər daimi işlə təmin
olunacaq və onların əməyinin
qarşılığı daha yüksək olacaq. Belə
müəllimlərin dərs yükü həftədə
18-24 saat təşkil edəcək. Qalan vaxtlarını isə
onlar metodik hazırlıq, şagirdlərlə fərdi
iş, layihələrdə iştirak kimi fəaliyyətlərə
sərf edəcəklər".
Emin Əmrullayevin sözlərinə görə, bu
modeldə yalnız yüksək peşə göstəricilərinə
malik, sertifikasiyada yüksək bal toplamış müəllimlər
iştirak edə biləcəklər:"Kim istəmirsə, əvvəlki
kimi saat hesabı ilə - sovet sistemindən miras qalmış
"stavka" prinsipi ilə işləməyə davam edə
bilər. Amma biz başa düşməliyik ki, bu sistem
artıq köhnəlib və gələcəkdə
davamlı ola bilməz. Hazırda təxminən hər
dörd müəllimdən biri həftədə cəmi 13
saat dərs deyir. Yeni model müəllimin məktəbə
daimi bağlılığını təmin edəcək və
əməyin qiymətləndirilməsində əsaslı
dönüş yaradacaq".
Nazir vurğulayıb ki, kənd məktəblərinə
yaxşı müəllim göndərmək çətindir.
Bəzi kənd məktəblərində musiqi, təsviri incəsənət
fənləri üzrə müəllim
çatışmazlığı var: "Əslində
müəllimlərimiz var, sadəcə kənd məktəblərində
dərs saatları o qədər az olur ki, orada
çalışmaq müəllimlərə iqtisadi cəhətdən
fayda vermir. Ona görə də həmin məktəblərə
yaxşı müəllim göndərmək bir qədər
çətindir. Bu baxımdan saat hesabı maaş sistemindən
uzaqlaşmaq zəruridir. Bizim təklifimizə kiminsə əks
təklifi varsa, dinləməyə hazırıq. Bu problemi
qısa zamanda həll etmək qeyri-mümkündür. Buna illər
lazımdır. Əsas məsələ odur ki, problemin həlli
təklifi irəli sürülüb. Zamanla bu problem də həllini
tapacaq".
Azərbaycanda 600 minə yaxın uşaq
üçün məktəbəqədər təhsilə
2,7 milyard manat lazımdır. Bu vəsaitin gələn il
üçün qarşılanması isə qeyri-realdır.
E.Əmrullayev sertifikasiya imtahanlarına da toxunub:
"Gələn il 25 minə yaxın müəllim
sertifikasiyaya cəlb ediləcək. Növbəti ildə
ümumilikdə müəllimlərin əməkhaqqına əlavə
üçün təxminən 213 milyon manat vəsait
proqnozlaşdırılıb. İmtahandan keçə bilməyən
müəllimlər 2027-ci ildə təkrar sertifikatlaşmaya
cəlb olunacaqlar. Biz keyfiyyətli təhsil istəyiriksə,
müəllimlərdən daha yüksək standartlar tələb
etməliyik. Müəllimlərdən tələbləri
azaldıb, təhsillə bağlı gözləntiləri
artırmaq düzgün deyil".
Təhsil nazirinin sözlərinə əsasən,
sertifikasiya prosesi nəticəsində həm müəllimin
nüfuzu artıb, həm də məktəblərə inam
yaranıb. Sertifikasiya prosesi başlayanda narahatlıqlar və
suallar var idi: "Bu gün, demək olar ki, təhsilverənlər
prosesi uğurla başa vurublar. Müəllimlərin
böyük hissəsi sertifikasiyadan keçib. Onların ciddi
bir hissəsi əməkhaqqına 35 faiz, digərləri 10
faiz əlavə alır. Bu prosesin nəticəsində həm
müəllimin nüfuzu artıb, həm də məktəblərə
inam yaranıb. Bu, bizi sevindirir. Biz sistemimizdə üzərində
işləyən, daha yaxşı təhsil verməyə can
atan müəllimlərin yaratdığı müsbət
dinamikanı görməkdən şadıq".
E.Əmrullayevəlavə edib ki, sertifikasiyada istədiyi
nəticəni əldə edə bilməyən təhsilverənlərin
yenə də şansı var: "2022-ci ildə sertifikasiyadan
keçənlər 2027-ci ildə yenə bu prosesdən
keçəcəklər. Biz kifayət qədər
nikbinik".
Bu il 47 təhsil müəssisəsində tikinti-bərpa
işləri başlayıb, 20-də tikinti başa
çatıb. Ümumilikdə ölkədə 2003-2025-ci illərdə
3 min 600-dən çox məktəb binası tikilib və ya əsaslı
təmir olunub:"Bundan başqa, son beş ildə qəzalı
məktəblərin sayı 2,5 dəfə azalıb.
Qarşıdakı 6-7 il ərzində isə qəzalı məktəb
probleminin tamamilə həllini
planlaşdırırıq".
E.Əmrullayev həmçinin bildirib ki, son beş ildə
dövlət büdcəsindən təhsil sektoruna ayrılan
vəsait 1,6 dəfə artıb: "Bu artımlar əsasən,
təhsil sahəsində çalışanların sosial
rifahının yaxşılaşdırılması və əməyin
ödənişi ilə bağlı xərclərin maliyyələşdirilməsinə
yönəldilib. Eyni zamanda təhsil xərclərinin ümumi
daxili məhsuldakı (ÜDM) payının artım
tendensiyası da davam edib. 2022-ci ildən bəri bu göstərici
yüksəlməkdə davam edir və 2026-cı ildə 3,7
faiz səviyyəsində proqnozlaşdırılır".
Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində
təhsil xərcləri üçün 5 milyard 15 milyon manat
ayrılması nəzərdə tutulur.
Sevinc QARAYEVA
525-ci qəzet . 2025.- 22 noyabr (№213).- S.23.