Şərqdə və
Qərbdə ədəbiyyatın qadın
azadlığına baxışı
HÜSEYN CAVİDİN VƏ ÇARLZ
BUKOVSKİNİN ƏSƏRLƏRİ ƏSASINDA
Qadın obrazının ədəbiyyatda təqdimatı,
yalnız bədii-estetik məsələ deyil, həm də
sosial-fəlsəfi problem kimi çıxış edir.
Müxtəlif coğrafiyalarda formalaşmış ədəbi
ənənələr qadının taleyini ictimai dəyərlərin
güzgüsündə əks etdirir. Şərq və Qərb
ədəbiyyatında qadın surətlərinin müqayisəsi
təkcə iki mədəniyyətin fərqini deyil, həm də
qadın kimliyinin universal faciəsini üzə
çıxarır. Şərqdə qadınların itaətkarlığa
məhkum edilməsi onların azad seçim imkanını məhdudlaşdırdığı
halda, Qərbdə qadının azadlıq
axtarışları çox vaxt sosial qınaq və daxili
böhranla nəticələnir. Şərq qadını qəfəslərdə,
Qərb qadını ənginliklərdə təsvir olunur, əlbəttə,
qəfəsin cəzbedici heç bir tərəfi yoxdur,
azadlıq isə çoxluq tərəfindən bir xoşbəxtlik
elementi kimi qəbul olunur. Qustav Floberin Emması, Lev Tolstoyun
Annası, Emil Zolyanın Tereza Rakeni - onlar azadlığı
seçdilər, o cəsarəti özlərində tapa bildilər.
Bəs xoşbəxt ola bildilərmi? Xeyr! Heç Şərqin
Leylisi, Zeynəbi də xoşbəxt ola bilmədi. Azadlıq
və itaətkarlığın fonunda qadın faciəsini əks
etdirən Hüseyn Cavidin
"Şərq qadını" şeiri və Çarlz
Bukovskinin "Şəhərin ən gözəl
qadını" hekayəsi - bu iki kiçik həcmli əsər
Şərq və Qərb ədəbiyyatlarında
qadını müqayisə etmək üçün mükəmməl
örnəklərdir.
Əvvəlcə, Hüseyn Cavidin
yaradıcılığında qadının necə təqdim
olunduğunu nəzərdən keçirək. Onun
yaradıcılığında gözəllik sadəcə sərv
boylar, kaman qaşlar, qönçə dodaqlardan ibarət
deyil, ülvi zəka, təmiz ürək, gözəl ruhla
bütünləşib. Şair üçün qadın kimdir,
onu necə görmək istəyir? "Qadın!"
şeirində bu suallara cavab tapmaq olar. Qadın hər şeydən
öncə anadır. Təsadüfi deyil ki, Cavid əfəndinin
ən böyükürəkli, ən möhtəşəm
obrazlarından biri də məhz qadındır - Səlma ana!
Qadına üz tutan şair ona sevgili həm şirə,
nazlı qadın deyə xitab edir. "Ana"nın isə təyinə
ehtiyacı yoxdur, şair "Ana" və bir nida yazmaqla kifayətlənir!
Bu söz bütün gözəllikləri, bütün sevgiləri
özündə birləşdirib. Vətən
övladları ürəyin şəfasını, ruhun
qidasını yalnızca qadında tapır. "Anasız
millət, əvət, öksüzdür" deyən şair
qadının aləmdəki vəzifəsinin
böyüklüyünü, ağırlığını
bütün ruhu ilə hiss edir. Bu böyüklük, bu
müqəddəslik, lətafət, nəcabət əsarətə,
həqarətə məruz qalır. Şair qadına üz
tutub deyir: "Sən nəsin?.. Kəndini bil, zəfi
bıraq!" Ümumiyyətlə, Cavid əfəndi problemli
mövzulara toxunanda bir çox hallarda çarəni nə
problemdə görür, nə də problemi yaradanda. Çarə
problemə, bəlaya məruz qalanın öz içində
gizlənir. Məsələn: baş verən hadisələrdən,
təhlükələrdən qurtulmaq üçün türkləri
birliyə çağırır, oyanmağa, mübarizəyə
səsləyir. Bunlar yerində olsa, bəlalar da
çıxıb gedəcək. Qadın mövzusunda da
çarə elə qadının özüdür. Problem
özünü bilməməkdən, dəyərini
anlamamaqdan doğulub. Həll yolu isə zəifliyi buraxıb,
haqq tələb etməkdir. Franz Kafkanın belə bir
sözü var: "Mənə yaşatdıqlarına şərait
yaratdığım üçün özümdən üzr
istəyirəm". Cavid əfəndinin obrazları da
çox hallarda bəlaya şəraiti özləri
yaradırlar.
Bircə qalır özlərindən üzr istəyib
ayağa qalxmaq! Qadına "Ağla, ta lərzəyə gəlsin
yer-gök" deyən şair sonra "Dur, ağlamaqdan nə
çıqar sanki?" deyir. Qadını
çalışıb öyrənməyə, zülmət pərdəsinin
içindən sıyrılıb
qəhrəmanlar kimi qavğaya atılmağa səsləyir.
Qadın çalışıb öyrəndikcə hüququ
pamal olmayacaq, haqqını alacaq. Bəs bunlar kifayət edirmi?
Yox! Qadın həm də fəzl və irfanla mücəhhəz
olmalır, cəhli yıxıb, qəfləti
yaxmalıdır. Cavid əfəndinin vətən, elm
mövzulu şeirlərində də cəhalətin nələrə
gətirib çıxardığını
görmüşdük. Qadının başına gələn
bəlaların da əsas səbəblərindən biri cəhalətdir!
Hüseyn Cavid yaradıcılığında cəhalət ən
böyük düşmən kimi təqdim olunur.
Qadının, vətənin, mədəniyyətin,
inkişafın önünə yığılan qara daş
kimi... "Qadın!" şeiri bu misralarla bitir: "Kimsədən
gözləmə yardım əsla; Yalınız kəndinə
kəndin ağla!" Bəli,
çarə qəhrəmanın özündədir! Bu iki
misranı Cavid əfəndinin bir çox şeirlərinə
aid etmək olar. Şair qəhrəmanlarının içlərindəki
gücü görməsini, onların kimsəyə möhtac
olmamasını istəyir. Ən çarəsiz qəhrəmanlarının
belə içində bir mübarizlik var. "Şərq
qadını" şeirində qadın başına gələnləri
özü danışır, bu şeir sanki bir yox, minlərlə
şərq qadınının monoloqudur. Şərq
qadını doğulduğu gündən tarixin paslı zəncirlərində
inləyir, keçmişin vicdansız, kirli
dırnaqlarında qəhr olur. Qara mövhumat gözlərinə
pərdə çəkib, qanunla din onun öksüz sözlərinə
istehza edir, heç fəryad belə qopara bilmir. Şərq
qadınına hər şey yasaqdır, şikayət, tələb,
fəryad edə bilməz. Deyir ki, mənə tapınanlar da
vardı, çünki pək dilbər idim. Süslü
kaşanələr, ipəklər, tüllər onu xoşbəxt
etmir, məhbəsə, altın qəfəsə
alışıb qaba şəhvətləri
söndürür. Qaniçən sultanlar "pək gözəlsin"
deyib onunla əylənir, hətta bir-birlərinə
bağışlayırlar, sonra atəşkədəyə,
Nilə atıb Şərqin dilbər qadınını
"duyğusuz Tanrı"ya qurban edirlər... Şərq
qadınına zahiri gözəlliyə heyran olan qaniçənlər,
şəhvət düşkünləri yox, eşq
daşıyan böyük ürəklər lazım idi. Bəlkə
o zaman bu qadının (qadınların) üzü gülə
bilərdi... Onlar qadının görünüşünə
tapındılar, ruhunu, ürəyini, zəkasını
görmədilər, ona görə də qadına oyuncaq kimi
davranıb haqlarını, hüquqlarını əllərindən
aldılar. Əslində, qadına yox, qadını yaradana
tapınsaydılar, gözəlliyin arxasındakı qüdrəti
görsəydilər, hər şey başqa cür ola bilərdi.
Amma eşqsizlər eşqi görə bilməzlər... Şərq
qadınına qanunla din də istehza edir. Minlərlə
qadın din pərdəsində boğulub, qəlibləşmiş
qanunlar bataqlığında batıb...
"Şərq qadını" şeiri mənə
Çarlz Bukovskinin "Şəhərin ən gözəl
qadını" hekayəsini xatırlatdı. Kess adlı
çox gözəl bir qız yaşamaq üçün
yanlış yola əl atmalı olur. Şəhərdəki hər
kəs ona heyrandır, amma onlar Kessin çəkdiyi rəsmlərlə,
ruhuyla yox, sadəcə zahiri gözəlliyi ilə
maraqlanırlar. Bəs hamının qısqandığı,
arzuladığı, məftun olduğu bu qadın öz
gözəlliyindən razıdırmı? Yox! Kessə
vurulanlar onu anlamır, ruhuna enməyi bacarmırlar, heç cəhd
də etmirlər. Kess boğazını kəsir,
özünü eybəcərləşdirməyə
çalışır. İstəyir ki, onu
görünüşünə görə deyil, ruhuna görə
sevsinlər. Amma olmur, insanlar Kessi başa düşə bilmir
və bir gün onun intihar xəbərini eşidirlər... Kess
xristian qadındır, yanlış yoldadır, o bu yola məcbur
olur, Şərq qadını isə müsəlmandır və
qaniçən sultanların şəhvətini söndürməyə
məcbur edilir. Kess azaddır, sözünü deyə bildiyi,
rahat gəzib-dolaşdığı bir mühitdə
yaşayır. Şərq qadını isə altın qəfəslərdə
qəhr olub gedir, qanunla din əsarətindədir. Bu
qadınların dini başqa, yolu başqa, vətəni
başqadır. Biri şərq qadınıdır, digəri
isə qərb qadını. Amma ikisi də qurbandır,
haqqın-hüququn olduğu yerdə yaşayan qərb
qadını da, ixtiyarı özündə olmayan şərq
qadını da... İkisi də eşqsizliyin - şəhvətin
qurbanıdır və bu mövzuda şərq-qərb fərqi
yoxdur... Eşq Tanrıdan, şəhvət isə iblisdəndir.
İblis hər yerdədir, o şərqliyə, qərbliyə,
haqqa, hüquqa baxmır... İnsan beyni ilə
düşünür, ürəyi ilə hiss edir, ruhu ilə
var olur. Bədən sadəcə müvəqqəti artıq
yükdür, bir gün qoyub getməli olursan. Eşq ruha
ünvanlanır, ürəyə, beyinə yol tapır, şəhvət
isə sadəcə artıq yük olan bədənə...
Şərq cəmiyyəti də, Qərb cəmiyyəti də
insanı var edən şeylərə kordur, sadəcə
yükü görürlər. Ona görə bu qadınlar hərəsi
bir şəkildə əzab çəkir. Bu, Şərqin, Qərbin
deyil, bəşəriyyətin acı qanunudur,
insanlığın bəlasıdır. Kess intihar edir,
anlaşılmadığı mühitdə mübarizə
apara bilmir. Amma "Şərq qadını"nın həyatı
nikbin sonluqla bitir, gülür, oynayır, yaşamaq
zövqünü duyur. Deyir ki, "gəmirilməz
beynim!" Dinin, qanunun, mühitin beynini gəmirməsinə
imkan verməməyə çalışır. Sonda öz dəyərini
anlayır, həşmətli fəzalardan aşan pəmbə
yıldız ucalığına yüksəlir. XX əsrdən
bu yana çox şey dəyişib, qadınlar daha
azaddırlar, nəyəsə məcbur edilmək halları
azalıb, daha az qurban olurlar, beyinləri gəmirilmir və s.
Dəyişməyən və dəyişməyəcək tək
şey var - insan xisləti! Kimisi eşqi - Tanrını
seçir, kimisə də şəhvəti - iblisi... Şərq
qadınına tapınanlar, əslində, qadına yox, şəhvətə
tapınmışdılar. Qadını əsir etdiklərini
düşünürdülər, amma özlərinin şəhvət
əsiri olduqlarından xəbərləri yox idi. Kesslər,
şərq qadınları, təəssüf ki, həmişə
şəhvət əsirləri ilə mübarizə
aparmalı olacaqlar. Tanrı ilə iblis, eşqlə şəhvət
daim yanaşı addımlayır.
Gülay TAHİRLİ
525-ci qəzet .- 2025.- 14 noyabr(№207).-S.15.