Gerçəkliyin bədii
vüsəti
İSİ MƏLİKZADƏNİN "QUYU"
POVESTİNƏ BİR BAXIŞ
Dostum şair Qoca Xalidlə söhbətimiz İsi Məlikzadədən
düşmüşdü. Qəfil soruşdu:
- "Quyu" povestini oxumusanmı?
- Yox.
- Bəs niyə?
- Çox axtardım, tapammadım.
- Telefonda PDF-i var.
- Şair, deyəsən, könlündən məni
danlamaq keçir. Mən iri əsərləri telefonda oxuya
bilmirəm. Sıxılıram. Kitabın ləzzəti
ayrıdır.
- Yaxşı, təcili tap, oxu...
Bununla, o mövzuda söhbətimiz bitdi.
Sağ olsunlar, yaxşı dostlar. Əsəri ucqar bir
dağ rayonundan tapıb göndərdilər.
Povestin elə ilk səhifələrindən maraq məni
götürdü. Bir daha yəqin elədim ki, ədəbiyyatda
hər bir ədəbi nəslin həyata özünəməxsus
baxışı var və bu baxış özü ilə
yeni bədii təfəkkür və yeni ideyalar gətirməklə
yanaşı, yeni ifadə tərzi də sərgiləyir.
İsi Məlikzadə
"altmışıncılar"ın kənd nəsrinin
klassik nümayəndəsidir. Bu nəsil özündən əvvəlki
"sosialist gerçəkliyi"ni yaradan və dünya ədəbi
prosesindən təcrid olunmuş nəsildən sürətlə
uzaqlaşdı. Bunun ən başlıca səbəblərindən
biri dövrün, epoxanın gözə görünmədən
mənəvi çürüməyə doğru getməsi
idi. "Altmışıncılar"ın çoxunun səmərəli
axtarışları və öz fərdi üslubları yeni
nəsil oxucu auditoriyasının formalaşmasına səbəb
oldu. Onların içərisində İsi Məlikzadənin
parlaq üslubu və daha təravətli nəfəsi həmən
görünür.
İsi Məlikzadənin əsərləri ilə
tanışlıqdan sonra adama elə gəlir ki, bu
yazıçı "altmışıncılar"la"səksənincilər"
arasında bir körpüdür. "Səksənincilər"in
də xalq məişətinin təsvirində İsi Məlikzadə
üslubu aydın nəzərə çarpır. Təbii ki,
bu da təcrübəli sənətkarın böyük sənət
yolunun nə qədər uğurlu olduğunu təsdiq edir.
Yazıçının "Quyu" povesti kəndə,
onun məişətinə və koloritinə
vurğunluğun poetik möhürüdür. Quyu ədəbiyyatda
miflərdən gələn bir obraz kimi həm informativ, həm
də poetik mənası ilə səciyyələnsə də,
qavranışda daha çox məcaziliyi ilə ehtiva olunur.
Ümumiyyətlə, mifik düşüncə "quyudan
qurtarmanın sonu aydınlıq və xoşbəxtlik gətirir"
tezisinə köklənib. Məlikməmməd
düşdüyü quyudan çıxıb əbədiyaşarlığı
(almanı) insana bəxş edir. Qoca Yaqubun oğlu Yusif
peyğəmbər quyudan xilas olur və insanları
aclıqdan xilas edir. Çoban da "İsgəndərin
buynuzu var" sirrini quyuya danışır və bununla
içini, ruhunu gəmirən bəladan xilas olur, dinclik
tapır. İ.Məlikzadə povestində quyunun dominant mənasını
təfərrüatın sonunda ustalıqla məcazlaşdıra
bilib. Əsərdə göstərilir ki, kankan Məcid
kişi kolxoz sədri Xalıqın həyətində su
quyusu qazırdı. Su çıxan kimi: "Məcid kişi
üzünü eyvana tutub qışqırdı. - Su! Su!
Su!" Məcid kişi quyudan vedrə-vedrə lilli su çəkib
çölə tökdü.
- "Hələ bulanıqdı. Axşamacan durulacaq.
Göz yaşı kimi olacaq.
Məcid kişinin "axşamacan durulacaq" ifadəsindəki
fikri də obrazın, yazıçının və ümumən
ədəbiyyatın xoş bir gələcəyə olan
ümidinin təzahürü kimi başa
düşülür. Çünki ədəbiyyatın cəmiyyəti
durultmaq və insanı saflaşdırmaq missiyası da var.
Povestdə Quyu obraz səviyyəsinə
qaldırılıb. Hər kəsin Quyuya öz münasibəti
var.
Məcid kişidən ötrü Quyu oğlu
çoban Kamranı sədrin qəzəbindən qorumaq
üçündür. Sədrin şoferi Piridən
ötrü Quyu sədr Xalıqı kənd camaatının
gözündə anasına canıyanan və özünə
çox yaxın adam kimi göstərməkdən
ötrüdür. Umudun quyuya münasibəti
bambaşqadır. Təsadüfən sədrin arvadı
Əsli ilə şofer Pirini bir yataqda intim münasibətdə
görən Umud həmin andan bu evə, bu həyətə, həyətin
hündür hasarına, hətta dədəsinin
qazdığı quyuya da nifrət edir. Quyu Umudu həm fiziki,
həm də mənəvi cəhətdən sıxır, əzir.
Umud quyudan torpağı çəkdikdə kürəyi
zoqquldayır, ovcu gör-gör göynəyir. Dəmir kimi kəndir
onun uzun barmaqlarında zol-zol iz qoyurdu. Quyu əsərin əsas
qəhrəmanının - Umudun mənəvi
iztirabının təzahürü şəklində də təqdim
olunur. Umud qoca atasının sədrin həyətində quyu
qazmasını bir zümrənin başqası üzərində
istismar faktı kimi qəbul edir. Povestin
yazıldığı illərdə cəmiyyətdəki
istismar elementini yazıya almaq yazıçı cəsarətinin
göstəricisi idi.
Povestin elə ilk səhifələrində cəmiyyətin
mənəvi daxili ziddiyyətləri yüksək bədiiliyi
ilə açılmağa başlayır.
Umud kənddə yeni açılmış yeməkxanada
aşpaz işləyir. Ancaq camaat orada heç nə yemir, qeybət
eləyir, laqqırtı vurur. Yeməkxanada ağız deyəni
qulaq eşitmir. Umud işdə sıxılır, ürəyini
boşaltmaq üçün həmdərd axtarır. Nəhayət
işi birdəfəlik atıb oradan uzaqlaşır:
"Alnında, çənəsində muncuqlanan təri əlinin
dalı ilə sildi. Yenə burnuna zəhrimar soğanın iyi
dəydi, elə bil ovcunda bir baş soyulmuş soğan
tutmuşdu".
Göründüyü kimi, obrazın psixologiyası
ilə soğan iyinin assosiativ uyarlığı cəmiyyətin
mənəvi aşınmasının əsərdəki ilk bədii
detalıdır.
Əsərin son səhifəsinə qədər belə
mətnaltı fəlsəfi düşüncələr
povestin əsas ideya istiqamətinin açılmasını təmin
edir.
Əsərdən aydın olur ki, yazıçı
mifdən gələn Quyu obrazı ilə xalqın alt
şüurunda özünə möhkəm yer tutmuş
zülməti təmsil edən Quyunu
qarşılaşdırır. Birincinin nümunəsi Məcid
kişinin qazdığı su quyusudur ki, səpsərin,
şipşirin, dupduru su çıxır. Bu quyu konkretdir,
gözlə görünür, insanlara sevinc gətirir.
Çünki onu qazan Məcid kişi halal adamdır. Bu quyu
öz simvolikasına tamamilə uyğundur. İkinci Quyu
görünmür, mücərrəddir, yalnız dərk
olunur.
Quyulardan birini şofer Porsuq Piri sədr Xalıqa
qazır. Onun arvadı Əsli ilə intim münasibətdə
olur. Bu quyunun sirri açılmır. Çünki sədr
Xalıq özü də əyyaşdır, kiməsə Quyu
qazır. Atalar demiş, Quyu qazana, Quyu qazarlar.
Əsərin sonunda Umuda qazılan Quyu qazılıb
başa çatmır. Başa çatsaydı, Xeyir Şərin
qazdığı Quyuya düşərdi. Ulu Zərdüştün
ideyaları məhv olardı və ədəbiyyatın
xeyirxahlıq missiyası da çiliklənərdi.
Pirinin sədrin arvadı Əsli ilə gizli əlaqəsini
yalnız Umud bilir. Umud sədrin qızı Solmazı
çoxdan sevir. Piri rəzilliyi açılmasın deyə
Umudla Solmazın evlənməsindən ötrü dəridən-qabıqdan
çıxır. Yəni Umudun Quyusunu qazmağa
başlayır.
"Umud elə bil neçə günün
qatmaqarışıq röyasından indicə ayıldı.
İndicə başa düşdü ki, Porsuq Piri onun da şərəfini
ayaqları altına salıb: "Əsli mənim qayınanam
oldu, Xalıq da qayınatam. Bəs onda Piri mənim nəyim
olur?.. Solmazı alsam, Pirinin üzünə necə
baxaram?" Bu düşüncələrlə hündür
daş divara cəmi üç addım qalmış
özünü sürətlə gedən motosikletin
üstündən atır.
Povestdə bədii-emosional ovqat həm
yazıçı təhkiyəsində, həm də
obrazların nitqində təmin edilir: "Piri
maşını tərpətdi. Tozun içində
"QAZ-69" da görünməz oldu, Umud da. Sapsarı toz
Umudun ağzına, burnuna doldu. Umud gözlərini yumdu. Ona elə
gəldi ki, bütün dünya tozun içindədir".
Dünyasını toz içində xəyal edən
Umud növbəti səhifədə konkret
yaşadığı yeri, yəni kəndi yüngül bir
yumorla belə xarakterizə edir: "Umud Altayda əsgərlik
çəkmişdi. Altay meşələrində bal
arısı boyda ağcaqanadlar görmüşdü, amma
onlardan bu qədər qorxmamışdı, çünki
onların səsi belə zəhmli deyildi, iynələri belə
acı, belə ağrılı deyildi. Bu kəndin
ağcaqanadları çox həyasız idi,
sancdığı yeri yandırmasa, şişirib yara eləməsə,
adamdan əl çəkmirdi..."
Hər iki bənzətmədə bədiilik
meyarının bir-birinə nə qədər yaxın
olduğu görünür. Birinci bənzətmədə toz,
ikincidə ağcaqanad. Bununla yazıçı Umudun təmizdən-təmiz
dünyasına yırtıcı və zalım müdaxilənin
doğru mənzərəsini yarada bilib.
Umud əsərdə zahirən ittihamçı kimi
görünmür. Ancaq yazıçı cəmiyyətin mənəvi-əxlaqi
simasını, mühitin bütün eybəcərliklərini
Umudun gözü qarşısında açır. Umudun
hayqırtısı daxilindədir. Onun sinəsindəki
ağrıların sızıltısı da, içində
boğulan dilsiz duyğular da minlərin, milyonların etiraz
ruhunun ifadəsidir. Hətta əsərin sonunda onun taleyinə
quyu qazıldığını da mühitə qarşı
özünün daxili qiyamını da Umud xəyalında
yaşayır.
Əsərdə motosiklet qanadın,
azadlığın, rəzillikdən uzaqlaşmanın rəmzi
kimi verilib. Umud motosikletin üstündə özünü
xoşbəxt hesab edir. Özünü onun üstündən
atmaqla çirkaba bulaşmış həyətin motosikletinə
də, Solmaz adlı qızına da əlvida deyir. Yəni
Quyuya düşmür.
"Quyu" da İ.Məlikzadənin yumoru povestin bədii
gücünü qat-qat artırır.
Yazıçının gülüşü ictimai
quruluşun çürük binasının
laxladığını göstərir. Müəlifin əsərlərində
gülüş bədii təfəkkürün sönməz
və parlaq işığı təəssüratını
yaradır.
Əsərdəki gülüşün ictimai siqləti,
sosial məzmunu bir tərəfdən yazıçının
yumoru bir ədəbi priyom kimi işlətmək istəyindən
irəli gəlirsə, digər tərəfdən gerçəklikdə
əxlaqi ziddiyyətlərin mövcudluğundan xəbər
verir: "Umud baş barmağının yanındakı
xıpxırda, sarımtıl ağcaqanada baxdı. Bu
sarımtıl ağcaqanad get-gedə böyüdü,
qarnı qıpqırmızı qızarıb yumrulandı.
Umud dişlərini dişlərinə sıxıb əlinin
üstündəki göynərtiyə dözdü. "Sor
qanımı köpəkoğlunun malı. Qarnın
partlayınca sor". Ancaq ağcaqanad partlamaq bilmirdi. Gənə
kimi yapışıb qalmışdı".
İ.Məlikzadə dərin müşahidə
qabiliyyəti olan, sadə insanların həyat tərzinə,
milli koloritə bələd yazıçı idi. Xalq məişətindən
yaranan yumor onun yaradıcılığının üslub
faktı kimi meydana çıxırdı. O bilirdi ki,
gülüşü doğuran həyatdır, o, insanın mənəvi
ehtiyacıdır. Gülüş öz məzmununu,
materiyalını həmişə adi, sadə insan həyatından
alır:
"Cəfərqulunun sağ ovurdu şişib
parıldadı:
- Sədr ... mənim ... qrijam var.
- Əyə, yeddi uşağı əkib-törədəndə
heç demirdin qrijam var!
- O ayrı, bu ayrı ... Torpaq işi
ağırdır".
Povestdə yazıçı peşəkarlığının
bir nüansı, daha doğrusu, bir priyomu diqqət çəkir.
Əsərdəki bütün hadisələr gerçəklikdə
baş verir. Şofer Pirinin sədrin arvadı ilə gizli
yaxınlığı, sədrin də başqa qadının
yanına getməsi, həyətində bir ailəni
qulluqçu-nökər saxlaması, Pirinin Umuda qurduğu tələ-Quyu
reallıqda gerçəkləşən hadisələrdir.
Sovet dövründə olduğu kimi, Umud qolunu
çırmayıb mübarizəyə başlasaydı, onda
bu əsər nə əsər olardı, nə də İsi
Məlikzadə yazıçı. Əsərdə ciddi
qarşıdurma, mübarizə-filan yoxdur. Reallıqdakı
bütün hadisələrə qarşı qoyulan Umudun
daxili-mənəvi dünyasıdır. Əslində povestin qəhrəmanı
Umud yox, onun pak mənəviyyatıdır.
Povestdə yazıçının yüksək
ümumiləşdirmə qabiliyyəti görünür və
bu ümumiləşdirmənin miqyası çox genişdir.
Dünyanın hər yerində çirkaba bulaşmış
mühitə insanın daxili üsyanı var. İnsan
ömrü boyu xəyanətə, riyakarlığa, zülmə
və zülmətə qarşı işində bir üsyan
yaşadır. Beləliklə, bu dünya insanının dərdidir
və bu dərd qurtaran deyil. Çünki dünyanın
sonuna kimi zülmətlə işıq vəhdətdədir.
İ.Məlikzadənin "Quyu"su ədəbi-bədii
mediada barəsində palaz-palaz yazılar verilən və
uzun-uzadı təhlilə cəlb olunan xarici əsərlərdən
qat-qat güclü əsərdir. Əsərin baş qəhrəmanının
və eləcə də, obrazların parlaq milli xarakteri və
təkrarolunmaz fərdi xüsusiyyətləri bunu bir daha
sübut edir. Bədii əsərin (xüsusən nəşr)
qısa və ya uzun ömürlü olması əsərdə
milli koloritin təbii şəkildə ifadəsindən
çox asılıdır. Yüksək xəlqiliyə
söykənən əsərlər bütün xalqların
malına çevrilir. "Quyu" bütün parametrləri
ilə dünya çapına layiqdir.
Yahya ABBASOV
525-ci qəzet .- 2025.- 14 noyabr(№207).-S.14.