Dünyanın aparıcı caz portalında “Baku Jazz
Festival-2025” haqqında məqalə yayımlanıb
Dünya
caz xəbərlərinin aparıcı mənbəyi olan
allaboutjazz.com portalında nüfuzlu ingilis caz tənqidçisi
Yen Pattersonun “XX Baku Jazz Festival” haqqında məqaləsi dərc
edilib.
AZƏRTAC
xəbər verir ki, “All About Jazz” 1995-ci ildə Maykl
Riççi tərəfindən yaradılan və xəbərlər,
albom icmalları, məqalələr, videolar, konsert
siyahıları və digər cazla bağlı tədbirlərin
yer aldığı veb-saytdır. Caz Jurnalistləri
Assosiasiyası “All About Jazz”ı cazı işıqlandıran
ən yaxşı veb-sayt kimi tanıyıb.
“Baku
Jazz Festival-2025”də şəxsən iştirak edən və
heç bir tədbiri qaçırmayan caz tənqidçisi
Yen Patterson öz məqaləsində festivalın tarixi,
yaradıcısı, caz musiqiçisi Rain Sultanov və yubiley
tədbiri haqqında ətraflı bəhs edib.
“İstənilən
caz festivalı üçün 20-ci ildönümünü
qeyd etmək əhəmiyyətli bir nailiyyətdir. Azərbaycanda
bu, xüsusilə əhəmiyyətlidir. “Baku Jazz
Festival”ın yaranması və inkişafı onun
yaradıcısı və bədii direktorunun
baxışı, inamı və yorulmaz işi sayəsində
mümkün olub. Rain Sultanov festivalı 2005-ci ildə Joe
Zawinul Syndicate qrupunun çıxışı ilə
başladıb. İyirmi il sonra o, hələ də klaviş
ifaçısı Maylz Devisin ilk festivalda əsas
iştirakçı olduğunu heyrətlə
xatırlayır. Onun ardınca digər Devis tələbələri
- Herbi Henkok (2006), Billi Kobem, Mayk Stern və Kenni Garrett davam
etdilər. Festival səhnələrində El Cerro, Hiram Bullok,
Diana Rivz, Riçard Bona, Çarls Lloyd, Mariy Joao və Branford
Marsalis də çıxış ediblər. Son illərdə
festival Qonsalo Rubalkaba, Teo Kroker, Gregori Mare və Edmar Kastanyedanı
qəbul edib. Rain Sultanov bildirib: “Caz heç bir sərhəd
tanımır və həyat haqqında təsəvvürümüzü
genişləndirir”. “Baku Jazz Festival” cəsarətlə və
mütərəqqi şəkildə inkişaf edib. Gənc
istedadların inkişaf proqramları, sərgilər, filmlər,
ustad dərsləri və mühazirələr yerli
musiqiçilərin inkişafına töhfə verib və
festivalı yeni şəhər məkanlarına
çıxarıb. “BJF-2025”in səkkiz səhnəsi
müasir memarlığın zəngin tarixi keçmişlə
qonşuluq etdiyi Bakı şəhərinin çoxqatlı təbiətini
vurğulayıb. Burada tarixin kölgəsi həmişə
yaxındadır - axı bura Şərq və Qərbin əsrlər
boyu yanaşı yaşadığı bir yerdir. Bu,
keçmişin və bu günün
görüşünün, mədəni qovuşmanın hekayəsi
- cazın tarixçəsidir. BJF-2025 bunun bariz nümunəsinə
çevrildi. Səkkiz gün ərzində 21 ölkədən
musiqiçilər saysız-hesabsız rənglərdə
cazı təqdim etdilər. Səhnələrdə akustik,
elektrik və hibrid ansambllar bir-birini əvəzləyirdi. “The
Great American Songbook” Afro-Karib və Braziliya ritmləri ilə
yanaşı səslənirdi. Bibop, svinq və blüz caz-fyujn
ilə yanaşı ifa olunurdu. İmprovizasiya edən
musiqiçilər kamera orkestrləri ilə birləşirdilər,
caz isə Qafqaz, Balkanlar və Aralıq dənizi xalq musiqisinə
qarışırdı”, - deyə Y. Patterson qeyd edib.
Qeyd
edək ki, "Baku Jazz Festival-2025” oktyabrın 24-dən 31-dək
Bakıda keçirilib və həm yerli, həm də beynəlxalq
medianın diqqətini cəlb edib. Səkkiz gün ərzində
dünyanın ən yaxşı caz musiqiçiləri Azərbaycan
paytaxtında çıxış ediblər. Festival məkanlarında
konsertlər, sərgilər, cem sessiyaları, film
nümayişləri, ustad dərsləri, seminarlar və
tanınmış musiqi ekspertləri ilə görüşlər
təşkil olunub.
525-ci
qəzet .- 2025.- 14 noyabr(¹207).-S.9.