“Çap və onlayn media subyektlərinə yeni
yanaşmanın tətbiq edilməsi zəruri idi”
“Dövlətin dəstəyi yalnız medianın
mövcud vəziyyətini qoruyub saxlamağa yönəlmir,
eyni zamanda, jurnalistikanın gələcəyini də nəzərə
alır”
Medianın İnkişafı Agentliyinin (MEDİA)
İcraçı direktorunun müavini Natiq Məmmədli
Agentliyin mediaya dəstək müsabiqələrinin yeni
qaydaları ilə bağlı AZƏRTAC-a müsahibə
verib.
“AzPolitika” müsahibəni təqdim edir:
– MEDİA-nın keçirdiyi müsabiqələr ənənə
halını alıb, artıq növbəti fərdi jurnalist
müsabiqəsi elan olunub. Bu müsabiqələri keçirməkdə
başlıca məqsəd nədən ibarətdir və səmərəliliyini
necə qiymətləndirmək olar?
– Doğru qeyd edirsiniz ki, Agentliyin həyata keçirdiyi
müsabiqələr mediamızda ənənə
halını alıb və müraciətlərin
dinamikasını, eyni zamanda, nominasiyalar üzrə rəqabət
səviyyəsini təhlil etdikdə jurnalistlərimizin
müsabiqəyə ciddi marağının olduğunu
söyləyə bilərik. Bu müsabiqələr jurnalistlərin
fərdi bilik və bacarıqlarının inkişaf etdirilməsi,
potensialının üzə çıxarılması,
xüsusən də yeni imzaların tanıdılması
baxımından vacib həvəsləndirmə rolunu
oynayır. Bildiyiniz kimi, Agentlik müsabiqədə
iştirakla bağlı hər hansı istiqamət və ya
mövzu təklifi etmir, əksinə jurnalistin
özünün seçimi əsasında müsabiqə elan
olunan günə qədərki son üç ay ərzində
işıq üzü görmüş istənilən
materialını təqdim etmək sərbəstliyini dəstəkləyir.
Jurnalist artıq öz işini yalnız müsabiqə şərtlərinə
uyğun qurmur, şərtlər jurnalistin yaradıcı sərbəstliyinə
uyğunlaşdırılır. Müsabiqənin bütün
nominasiyaları praktik jurnalistikanın tələblərinə
görə müəyyənləşib. Müqayisə
üçün deyə bilərik ki, son illərədək
müsabiqələrdə bir qayda olaraq həcm və forma tələbi
ön planda olurdu ki, bu da əksər vaxtlarda
sözçülüyə, təkrarçılığa gətirib
çıxarır, jurnalistin fərdi üslubunu arxa plana
keçirirdi. İndi jurnalist hazırladığı
müsahibədən tutmuş köşə yazısına və
oçerkinə qədər ən yaxşı hesab etdiyi istənilən
materialını müsabiqəyə təqdim edə bilər.
Eyni prinsiplər audiovizual media subyektlərində
çalışan həmkarlarımızın
materiallarına da şamil edilir. Burada yalnız xronometraj həddi
müəyyən edilib ki, bu da televiziyaların xəbər
süjetləri üçün nəzərdə tutulmuş
ümumi normativlərdən irəli gəlir.
Hər dəfə müsabiqələrə yekun
vurulduqdan sonra onun nəticələri təhlil edilir, lazım
gələrsə, şərtlərin təkmilləşdirilməsi
yönündə addımlar atılır. Fərdi jurnalist
müsabiqəsinin şərtlərinə edilən sonuncu dəyişiklik
audiovizual media subyektlərinin əməkdaşları
üçün yerlərin artırılması ilə
bağlı olub. Müsabiqədə hazırda 8
nominasiyanın hər biri üzrə 5 nəfər olmaqla, qəzet
və veb-saytların 40 nümayəndəsi, audiovizual media
üçün nəzərdə tutulmuş 3 nominasiyanın
hər biri üzrə 10 nəfər olmaqla, 30 media nümayəndəsi,
ümumilikdə isə 70 nəfər qalib elan olunur.
Məsuliyyətli jurnalistikanın təşviqi, etik
standartlara sadiqlik, analitik düşüncə və
yaradıcı yanaşma bizim üçün prioritetdir və
sevindirici məqam odur ki, media nümayəndələri də
bu prosesin fəal tərəfdarıdır.
- Çap və onlayn media subyektləri
üçün müsabiqələrdə bu dəfə irəli
sürülmüş yeni şərtlər hansı zərurətdən
irəli gəlib?
- Ənənəvi media subyektlərinə göstərilən
dəstək ictimai və dövlət maraqlarını əsas
götürərək həyata keçirilir. Fərdi jurnalist
müsabiqəsində olduğu kimi, burada da məqsəd media
subyektinin peşəkarlığının gücləndirilməsi,
cəmiyyətin ictimai məzmunlu informasiya ilə təminatının
keyfiyyətli formada qurulmasıdır. Media gündəlik
işini müasir meyillərə cavab verərək
qurmadığı təqdirdə, heç şübhəsiz
ki, davamlı auditoriyasının zəiflədiyinin və nəhayət,
ictimai rəyə təsir imkanlarının
azaldığının şahidi olacaqdır.
Dünyanın qlobal media ekosistemində cərəyan
edən proseslər Azərbaycan mediasından da yan keçmir,
əksinə, onun peşəkar fəaliyyətinə
birbaşa təsir göstərir. Bu baxımdan bizim
yanaşmamız da milli informasiya resurslarımızın daha
da güclənməsi, yerli və beynəlxalq rəqabətdə
etibarlı mənbə kimi mövqeyinin qorunub saxlanmasına dəstək
verməkdir. Süni intellekt əsaslı texnologiyaların tətbiqi,
rəqəmsal platformaların funksionallığının
getdikcə artması Azərbaycan mediasının da bu istiqamətdə
uyğun fəaliyyətini tələb edir. Ona görə də
çap və onlayn media subyektlərinə müsabiqəli
maliyyə yardımının göstərilməsinə dair
yeni yanaşmanın tətbiq edilməsi zəruri idi. Yeni
qaydalara görə veb-saytlara ayrılan maliyyə vəsaitinin
həcmi artırılıb, bu da öz növbəsində
minimum işçi sayının, eyni zamanda, jurnalistlər
üçün minimum əməkhaqqının
artırılması ilə müşayiət
olunmalıdır. Göründüyü kimi, dövlətin
maliyyə dəstəyi bir tərəfdən medianın rəqəmsal
mühitə inteqrasiyasını, rəqabətə
davamlılığını dəstəkləməklə
yanaşı, digər tərəfdən jurnalistin sosial
müdafiəsinin gücləndirilməsini də prioritet hesab
edir. Ənənəvi mediamızın mühüm elementi olan
qəzetlərə də ümumi yanaşma tətbiq edilərək
onların hamısının yalnız həftədə bir
nömrəsinin maliyyələşdirilməsi prinsipi əsas
götürülüb. Hesab edirik ki, qəzet
redaksiyalarımız getdikcə bahalaşan mətbəə,
kağız və bu qəbildən olan müxtəlif texniki xərclərini
optimallaşdırmalı, yeni reallıqlara uyğunlaşaraq
rəqəmsal platformalarda öz yerlərini möhkəmləndirməlidir.
Aydın məsələdir ki, bu, media idarəetməsinin
yenilənməsi, materialların yazı və təqdimat
formalarının təkmilləşdirilməsi və s. kimi
çoxtərəfli, lakin medianın gələcəyi ilə
bağlı həyati əhəmiyyətli yaradıcı məsələdir.
- MEDİA artıq televiziyalar üçün də
ayrıca müsabiqələr təşkil edir, bu istiqamətdə
görülən işləri necə qiymətləndirmək
olar?
- Artıq ikinci ildir ki, Audiovizual Şura ilə birlikdə
dövlət sifarişi əsasında audiovizual məhsulların
istehsalı və yayımı üzrə müsabiqələr
təşkil edirik. Hədəfimiz yeni media mühitində
auditoriyayönümlü və hədəf kütlələrə
hesablanmış məzmun istehsalını və
yayımını təşviq etməkdir. Maarifləndirici
materialların rəqabətədavamlılığının
artırılması, məzmun müxtəlifliyi və
yaradıcılığın stimullaşdırılması əsas
prioritet kimi müəyyənləşdirilib. Məqsədimiz
informativ və ictimai dəyər daşıyan materialların
sayını artırmaq, eyni zamanda, televiziya kanallarını
çoxformatlı, yaradıcılığa əsaslanan məzmuna
həvəsləndirməkdir. Apardığımız sistemli
monitorinqlərin nəticəsi deməyə əsas verir ki,
dövlət dəstəyi efir məkanının ictimai məzmunlu
audiovizual kontentlə zənginləşməsində
mühüm rol oynayır. Yeri gəlmişkən onu da
vurğulamaq istərdik ki, televiziyalarımız da ənənəvi
mediamızın vacib elementləridir, onların da istər idarəetmə,
istər rəqəmsallaşma baxımından müasirləşməsi,
məzmun zənginliyində yaradıcılığın dəstəklənməsi
günümüzün tələbidir. Ümumiyyətlə,
dövlətin bütün media subyektlərinə göstərdiyi
dəstəyin əsas mahiyyəti ondan ibarətdir ki, o,
yalnız medianın mövcud vəziyyətini qoruyub
saxlamağa yönəlmir, eyni zamanda, jurnalistikanın gələcəyini
də nəzərə alır.
525-ci
qəzet .- 2025.- 14 noyabr(¹207).-S.6.