"Yeni Qafqasya" məcmuəsində
imzalar
Mühacirət
dövri nəşrlərinin bayraqdarı "Yeni Qafqasya"
məcmuəsi özünəqədərki milli mətbuatın
bütün mütərəqqi ənənələrini
yaşadan, inkişaf etdirən, zənginləşdirən, Azərbaycan
Xalq Cümhuriyyətinin süqutundan sonra yeni şəraitdə
və ağır şərtlər daxilində istiqlal məfkurəsini,
sovet işğalına, bolşevik rejimi və kommunist təliminə
qarşı ideoloji mübarizəni əsas təbliğat
obyektinə, qayəsinə çevirən, müstəqillik
uğrunda mücadilə tarixinin bənzərsiz nümunəsi,
iftixar və qürur mənbəyimiz, milli sərvətimizdir.
Yeri gəlmişkən, dərginin bütün dəsti 2018-ci
ildə 4 kitab şəklində Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi münasibəti ilə nəşr olunub. Mövzumuz
"Yeni Qafqasya" məcmuəsində imzalar olsa da, əvvəlcə
nəşrin tarixi, proqramı, məramı barədə məlumat
verməyi məqsədəuyğun hesab edirik.
"Yeni
Qafqasya" 1923-cü il sentyabrın 26-da M.Ə.Rəsulzadənin
rəhbərliyi ilə İstanbulda nəşrə
başlamış, 5 il sonra - 1927-ci il oktyabrın 15-də
sonuncu - (I-II il 24, III il 21, IV, V illər 26 nömrə) 95-ci
nömrəsi buraxılmışdı. "Ədəbi,
ictimai, siyasi məcmuə" kimi on beş gündə bir dəfə
ərəb əlifbası ilə çıxan məcmuənin
ilk nömrəsi M.Ə.Rəsulzadənin "Atəş
çalan Prometey" yazısı ilə açılır.
Müəllif məqaləni belə başlayır:
"İlk nüsxənin baş məqaləsi alelusul
(qaydalara uyğun - T.A.) proqram məqaləsi olmalı idi.
Burada məcmuəmizin təsisi ilə təqib etdiyimiz məqsəd
təşrih (açıqlamaq, anlatmaq - T.A.) olunmalı
idi..." Lakin Məhəmməd Əmin bəy nəşrin
məramını bəyan etməyə tələsmir,
çünki o bu barədə düşünürkən
"Qafqaz, bu gözəl məmləkət, Xəzər dənizi
ilə Qara dəniz arasındakı bu tarixi bərzah
(coğrafi mənada hər iki tərəfi su olan dar torpaq) qədim
yunanlıların "Altın Yun" (qədim yunan
mifologiyasında zənginliyin simvolu - T.A.) deyə təbir etdikləri
bu zəngin ölkə gözümüzün önündə
canlandı: o, çox rəngin mazisi (tarixi - T.A.) ilə
çox daşqın halı ilə və hətta çox
parlaq istiqbalı (gələcəyi - T.A.) ilə təxəyyülümüz
qarşısında nizamlı rəsmi keçid etdi". M.Ə.Rəsulzadə
odu oğurlayaraq insanlara çatdıran, buna görə də
Zevsin göstərişinə əsasən Qafqaz
dağlarına zəncirlənən, hər gün vəhşi
qartal tərəfindən didilən və nəhayət, xilas
edilən Prometey əfsanəsindən təfərrüatı
ilə danışır. O, ən böyük atəşgahın
Azərbaycanda olduğunu göstərir, vəhşi
qartalı isə bir əsrdən bəri Qafqazın
köksünü didən, ciyərini parçalayan Rusiya
imperializminə bənzədir və yazır: "Azərbaycanda,
Gürcüstanda və Dağıstanda olan üsyanlar, verilən
qurbanlar, tökülən qanlar... bütün bunlar
Prometey-qartal mücadiləsinin müxtəlif cilvələrindən
başqa bir şey deyildir".
Ədib
sonra ziya və hürriyyət mənbəyi Hürmüzlə
zülmət və əsarət mənbəyi Əhrimən
arasındakı mübarizədən, Hürmüzün Əhrimən
üzərindəki qələbəsindən, çarizmin
işğalçılıq siyasətindən söz
açır, Birinci Dünya müharibəsində Türkiyənin
mövqeyini dəyərləndirir.
Məqalənin
sonunda M.Ə.Rəsulzadə bu qənaətə gəlir ki,
Türk hürriyyət hərəkatı ilə çox ciddi
bağlı olan Qafqaz məsələsi, eyni zamanda
bütün Şərqi təhyic edən (bürüyən,
coşduran mənasında - T.A.) milli istiqlal hərəkatının
bir parçasıdır və "Yeni Qafqasya" Şərq
və Qərbdəki mühüm məsələləri
mümkün olduğu qədər təqib və tənvir
(işıqlandırmaq - T.A.) edəcəkdir.
Məcmuənin
ilk nömrəsində "Proqram məqaləsi
ivazına" rubrikası" ilə dərc olunan məqalədə
müəllif nəşrin missiyası barədə ümumi məlumat
versə də, bununla kifayətlənmir və 4 oktyabr
1924-cü il tarixli 1-ci nömrəsində "İkinci ilə
girərkən" sərlövhəli baş məqalədə
Məhəmməd Əmin Rəsulzadə "Yeni Qafqasya"
qarşısında duran məram və vəzifələrdən
geniş bəhs edir, dərginin 3 oktyabr 1925-ci il tarixli 1-ci
nömrəsində isə müəllif "Yeni
Qafqasya"nın proqramını maddələr şəklində
belə ümumiləşdirir:
"1.
"Yeni Qafqasya" milliyyətçi, radikal və
demokratdır.
2.
"Yeni Qafqasya" türkçüdür. Türklərin
mədəni tərəflərini, mədəni əlaqələrini,
mənəvi vəhdət və istiqlallarını hədəf
seçir.
3."Yeni
Qafqasya" Türk davasının azəri cəbhəsini
müdafiəyə mükəlləf Azərbaycan
istiqlalçılarının ümumi fikridir.
4.
"Yeni Qafqasya" Qafqaz millətlərinin Rusya əsarətindən
xilas olmasını və baş verə biləcək Rusya
istilasına qarşı müvəffəqiyyətlə
durmasını təmin üçün Qafqazın
konfederasiya şəklində birləşməsi tərəfdarıdır.
5.
"Yeni Qafqasya" yalnız azərbaycançılıq,
türkçülük və qafqazyaçılıqla
qalmaz; o, Şərqdəki milli istiqlal hərəkatını
da, hər hansı bir fikirlərini də mənimsəyir,
Şərqin radikal bir surətdə əsirlənməsini
bütün səmimiyyətiylə müasirləşməni
seçir;
6.
"Yeni Qafqasya" xüsusilə Rusiya imperializminə
qarşı mücadilə edər, o, çarizmi olduğu qədər,
bolşevizmi də Türk dünyası üçün zərərli
və Qafqaza düşmən görür".
lll
"Əkinçi"nin
əsas ideyası, yaranması Həsən bəy Zərdabinin,
"Molla Nəsrəddin"in meydana gəlməsi fikri, nəşri
Mirzə Cəlilin adı ilə bağlı olduğu kimi,
"Yeni Qafqasya"nın da intişarı M.Ə.Rəsulzadənin
xidmətidir. Təsadüfü deyil ki, o özü də bunu
dəfələrlə bəyan etmişdi. Ceyhun Hacıbəyliyə
ünvanladığı məktubların birində
"Çox məşğulam, keçən həftə xəstə
idim. Anginaya tutulmuşdum. Növbədəki nömrəni xəstə
ikən hazırladım. O qədər yalnızam ki, hətta
xəstə olmaya özümdə səlahiyyət
görmürəm... Mövcud bulunan qardaşların nə
türkcəsi, nə də vaxtlı-vaxtında qəzeti istənilən
məqalə ilə doldurabiləcək qəzetçilik təcrübələri
bu iş üçün kafi deyildir... Bilirsən ki, "Yeni
Qafqasya"nın bütün ağırlığı
münhasıran (məxsusən, yalnız özümə -
T.A.) öhdəmdədir".
Məcmuənin
bütün mətnini ərəb əlifbasından latına
transliterasiya edərək nəşrə hazırlayan müəlliflərdən
birinin - professor Əli Yavuz Akpinarın kitaba yazdığı
irihəcmli "Yeni Qafqasya"ya ümumi baxış"
adlı məqaləsinin "Yeni Qafqasya"nın yazı
kadrosu" hissəsində qeyd olunur ki, məcmuənin
"yazıları daha çox azərbaycanlı mühacirlər,
aydınlar tərəfindən yazılmışdır".
Y.Akpinar məcmuənin birinci ilində "Yeni Qafqasya"da məqalələri
dərc olunan müəlliflərin adlarını
"İmzalar və müstəar isimlər" kimi iki yerə
ayıraraq təqdim edir. Onun yazdığına əsasən,
1924-cü ildə M.Ə.Rəsulzadənin məcmuədə
"Azəri" və "M.Ə.Rəsulzadə"
imzaları ilə 15, "Məhəmməd Əmin Rəsulzadə"
və "M. Ə." imzaları ilə 8 yazısı dərc
edilmişdi. Beləliklə, məcmuədə müəllifin
1924-cü ildə cəmi 23 məqaləsinin dərc edildiyi qənaəti
hasil olur. Dəyərli tədqiqatçıya böyük
ehtiramımızı ərz etməklə yanaşı,
bildirməliyik ki, elə Yavuz bəyin iştirakı ilə
hazırlanan "Yeni Qafqasya" kitabına ötəri nəzər
salmaqla buradakı rəqəmlərin doğru
olmadığı üzə çıxır. Məsələn,
"Azəri" və "M.Ə.Rəsulzadə"
imzası ilə dərc olunan məqalələrin sayı 15
yox, 19-dur. "M.Qərib", "M" (Mim)
imzalarının da kimə mənsub olduğu barədə
fikir ayrılıqları olduğu üçün (biz həmin
imzaların da M.Ə.Rəsulzadəyə aid olduğu qənaətindəyik)
onlar da Məhəmməd Əminə məxsus məqalələr
sırasına daxil edilib. Bundan əlavə, məcmuədə
imzasız və gizli imzalarla dərc olunan məqalələrin
böyük əksəriyyətinin də M.Ə.Rəsulzadə
tərəfindən qələmə alındığı
şübhə doğurmur.
Professor
Nəsiman Yaqublunun qənaətinə görə, Məhəmməd
Əmin Rəsulzadənin "Yeni Qafqasya"nın
bütün nömrələrində imzasız dərc olunan
məqalələrinin sayı 17, "Azəri" imzası
ilə işıq üzü görən yazıları 54,
"Rəsulzadə Məhəmməd Əmin" imzalı əsərləri
17, "M.Ə" imzalıların sayı 19 olmaqla, cəmi
107-dir (4, s.9).
Azərbaycan
mühacirət probleminin araşdırılması sahəsində
müəyyən xidmətləri olan Səbahəddin
Şimşir "Azərbaycanlıların Türkiyədə
siyasi və kültürəl fəaliyyətləri
(1920-1991)" adlı əsərində Məhəmməd Əmin
Rəsulzadənin "Yeni Qafqasya"da dərc olunan məqalələrinin
sayı haqqında yazır: "Yeni Qafqasya"da Məhəmməd
Əmin Rəsulzadəyə aid olduğunu
düşündüyümüz imzalı və ya imzasız
215 civarında məqaləsi vardır".
Göründüyü kimi, ayrı-ayrı tədqiqatçılar
məsələ ilə bağlı müxtəlif rəqəmlər
söyləyir, fərqli fikirlər irəli sürürlər.
Bizim fikrimizcə, mətnşünaslar, mətbuatşünaslar,
ədəbiyyatşünaslar "Yeni Qafqasya" da imzasız
və gizli imza ilə dərc olunan məqalələrin kimə
mənsublığı haqqında ortaq fikrə gəldikdən
sonra M.Ə.Rəsulzadənin və məcmuənin digər əməkdaşlarının
əsərlərinin sayı ilə bağlı qənaət
hasil etmək mümkündür.
Mühacirətin
ağır şərtləri və maddi, mənəvi
sıxıntıları şəraitində nəşr olunan
"Yeni Qafqasya" ilə əməkdaşlıq edən
yazarların imzalarını müəyyənləşdirmək
vacib olsa da, bu problemin həlli çox çətindir. Məqalə
müəlliflərinin bəziləri sovet xəfiyyəsinin təqib
və təhdidlərindən ehtiyatlanaraq imzalarını gizlətməyə
məcbur idilər. Məcmuə ilə əməkdaşlıq
edən Kazan türklərinin liderlərindən Abdulla Battal
Taymasın (1883-1969), istiqlal şairi Əhməd Cavadın
(1892-1937), Türk yazıçısı Əhməd Həmdi
Tanpınarın (1901-1962) , Azərbaycan Xalq Cümhuriyyətinin
ictimai və siyasi xadimi Əkbər ağa İbrahim oğlu
Şeyxülislamovun (1891, İrəvan - 2 mart 1961, Paris),
Türkiyədə məşhur həkim, şair və
jurnalist Abdulla Cövdətin (1869-1932), Başqırdıstan
milli hərəkatın liderlərindən Əhməd Zəki
Vəlidi Toğanın (1890, Ufa - 1970, İstanbul), Tatar milli hərəkatının
aparıcı simalarından, yazıçı, jurnalist,
naşir və siyasətçi Məhəmməd Ayaz
İshakinin (1904, Kazan - 1954, İstanbul), istiqlal müchadi və
mətbuat xadimi Məhəmmməd Sadıq Aranın (1895, Zəngəzur,
Sisyan - 1972, İstanbul), Azərbaycan Xalq Cümhuriyyətinin
görkəmli siyasi və dövlət xadimi Xəlil Xasməmmədun
(1873, Gəncə - 1947, İstanbul) "Yeni Qafqasya"da
açıq imzalarına təsadüf edilir. Lakin nəşrdə
çox sayda imzasız və yaxud gizli imza ilə dərc
olunmuş məqalə var ki, onların kimə mənsubluğunun
araşdırılması lazımdır. Qeyd etdiyimiz kimi,
yalnız bu istiqamətdəki tədqiqatlar başa
çatdıqdan sonra gizli imzalarla bağlı konkret və
obyektiv fikirlər söyləmək mümkün olacaq. Yeri gəlmişkən
qeyd edək ki, bu sətirlərin müəllifi tərəfindən
ilk dəfə mühacir ədiblərin imzaları mövzusu
hazırda ayrıca tədqiqat obyekti kimi
araşdırılır və müəyyən nəticələr
də əldə olunub, bəzi imzaların kimiə mənsubluğu
haqqında mətbuatda məqalələr də dərc olunub.
"Yeni
Qafqasya" məcmuəsinin dərindən, hərtərəfli
tədqiqi, o cümlədən nəşrdəki imzaların
araşdırılması vəzifəsi aktualdır və
istiqlal uğrunda ideoloji mücadilə tarixinin, onu
yazanların həyat və fəaliyyətinin həqiqi mənzərəsini
üzə çıxarıb dəyərləndirməyə
imkan verəcəkdir.
Abid
TAHİRLİ
525-ci qəzet .- 2025.- 15 noyabr (№208).- S.23.