Yaponiya - böyük transformasiyalar ölkəsi  

 

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

II Dünya müharibəsi vaxtı baş verən aclığın təsiri ruslarda və avropalılarda, hətta almanlarda özünü açıq büruzə verdiyi halda, yaponların ümumi görkəminə elə təsir göstərməmişdi. Müharibədən sonra uzun müddət Yaponiyada ezamiyyətdə olan sovet yazıçısı Konstantin Simonov ölkə boyu bunu müşahidə etdikdə və hərbi jurnalist kimi müqayisəli şəkildə müharibə dövründəki avropalıları yadına saldıqda, təəccübünə səbəb olan bu kontrastı, səfər xatirəsi əsərində  təsvir etmişdi.

Yaponları fərqləndirən ən mühüm cəhət isə onların müqayisəyə gəlməyən vətənpərvərliydir, vətən yolunda yapon gənci hər an özünü qurban verməyə hazırdır. II Dünya müharibəsi cəbhələrində yapon əsgərləri əsl igidlik göstərirdilər. Təyyarəçi kamikadzelər uçuş tapşırığını yerinə yetirməyə gedəndə, heç bir tərəddüdə yol vermədən birbaşa ölümün gözünə baxırdılar.

Yapon yanğın söndürənləri də ustalıq və fədəkarlıq nümayiş etdirib, vəzifələrini uğurla yerinə yetirdilər, ölkəni böyük fəlakətdən xilas etdilər. Əks təqdirdə, daha böyük miqyasda Çernobıl fəlakəti baş verə bilərdi.

Yaponları başqalarından fərqləndirən samuraylar və geyşalar da, yalnız bu xalqa məxsus olan fəaliyyət növünün daşıyıcılarıdır. Samuray öz ruhu ilə xalq arasında mərdlik, igidlik simvoluna çevrilmişdir. Samurayların ağasına ağılasığmayan sədaqət hissi, bu yolda hətta həyatını itirməsinə hazır olması, başqa xalqlara olduqca təəccüblü görünür. Lakin buna aid real faktlar tarixin səhifələrini bəzəyir. Samuray üçün həyatın mənası həyatın özündən qiymətlidir, ləyaqəti qoruyub saxlamaq naminə həyatını itirməyin özü də, bu silkin nümayəndələri üçün heç də qəhrəmanlıq nümunəsi olmayıb, adi, sıravi bir mənəvi borc hesab edilir. Samurayın ağası öldükdə o, sərgərdan həyat sürən roninə çevrilir.

Samurayın ruhu onun qılıncında - katanadadır və samuray yatanda da qılıncını başının altına qoyur. Samurayın özü kimi, onun silahı da əfsanə mövzusuna çevrilmişdir. Samuraylar adətən iki qılınc gəzdirirdi, kiçik qılınc seppuku etməyə xidmət göstərirdi.

Meydzi Bərpasından sonra samuray təbəqəsinin varlığı qadağan edildi, bu inqilab isə samurayların üsyanı hesabına baş vermişdi. Lakin samuray ruhu vətənə sədaqət simvoluna çevrilməklə, öz davamını qoruyub saxlamışdır. II Dünya müharibəsi döyüşlərində yapon əsgərlərinin fədakarlığı samuray ənənəsinə əsaslanırdı. Kamikadze təyyarəçilər real ölümə gedirdilər, onların təyyarəsinin bakındakı yanacaq ancaq bir istiqamətə uçmağa bəs edirdi, onlar təyyarələrini amerikan gəmilərinə çırpıb, özləri də həlak olmalı idilər. Kamikadzeləri bu dəhşətli sonluq heç də qorxutmurdu, ona görə də ənənəvi bir qədəh sakeni içib, sükanın arxasına keçirdilər və belə fədakarlıqları ilə məhz vətənə xidmət etdiklərini güman edirdilər. Əslində isə, imperator və hərbi xadimlər II Dünya müharibəsinə girmək yolu ilə, bu cavan insanları sadəcə "top ətinə" çevirmişdilər. Bu əsgərlər Yaponiya dövlət rəhbərliyinin ağılsız siyasətinin "kəsilən ağac qırıntıları" olmaqla, əslində Yaponiyaya deyil, bu cinayətkarların iyrənc məqsədlərinə xidmət edirdilər və özünü mehraba təslim edən köhnə insan qurbanları kimi, XX əsrdə də həyatla belə vidalaşmaq yolunu seçirdilər.

Geyşalar isə, samuraylardan fərqli olaraq, dinc, ilhamlandırıcı həyatın bəzəkləri kimi, incə hərəkətləri, bütövlükdə zərifliyi və musiqi duyumu ilə heyranlıq obyektinə çevrilməklə, yapon qızlarının xüsusi simvolları kimi qəbul edilir. Geyşaları Kiotonun, Tokionun küçələrində əyinlərindəki bahalı ipəkdən tikilmiş, qəribə naxışları olan kimonoları ilə ə də məruz qalırlar, lakin bu çətinliklərin hamısına dözməklə, tutduqları yoldan çəkinmək istəmirlər. Çünki gələcək onlara xoşbəxtlik, tam təmin olunma imkanını bəxş edəcəkdir. Axı onlara vurulan varlı adamlar bu qızları hərtərəfli təmin etmək vəzifəsini də öz üzərlərinə götürürdülər. Başlanğıcda isə geyşalara olan bu münasibət tam platonik xarakter daşıyır. Hamı yaxşı bilir ki, geyşaya Avropadakı kurtizankalar kimi yanaşmaq olmaz.

Geyşalar musiqi ilə yanaşı, poeziyadan da baş çıxarırlar və qonaqlara həqiqətən estetik həzz verməklə yanaşı, onların əsəblərinin sakitləşməsinə yol tapırlar. Kurtizankalar müştəriləri üçün həm də əsasən fiziki yaxınlıq rolunu ifa etdikləri halda, geyşalar belə xidmətdən tam uzaq olmaları ilə seçilirlər. Bu o demək deyildir ki, onlar tam katolik rahibə həyatı yaşayırlar. Lakin xidmət vaxtı qoyulmuş qaydaları pozmaq ciddi qəbahət sayılır.

Yaponun qidalanması da başqa xalqlardan fərqlənir, onlar az miqdarda ət yeyirlər, pəhrizlərində balıqla, dəniz məhsulları ilə qidalanmağa üstünlük verirlər. Dünyada tutulan qiymətli tunets balığının 80 faizə yaxınını yaponlar istehlak etdiyindən, bəzən bu balıqların birinin topdansatış qiyməti bir milyon ABŞ dollarından da yuxarı olur.

Yapon restoranlarında bahalı mərmər mal ətindən olan xörəklər də təklif olunur, bu məqsədlə yetişdirilən danalar hər gün massaj edilir, onlara su əvəzinə içmək üçün pivə də verilir. Əlbəttə, belə ətin istehsalı, avropalıların donuz bekonundan və xamondan baha başa gəlir və bu, həm də həmin xörəklərin reklamı üçün yaxşı rol oynayır.

Yaponların soyuq qəlyanaltısı olan suşi isə bütün dünyanın restoranlarına yayılmışdır.

Yaponlar başqa xalqlardan nəyisə qəbul etmək istedadına malikdirlər, həm də, bu təcrübənin üzərində işləməklə, təkmilləşdirməklə, onu özlərinə məxsus istehsal növünə çevirirlər. Yapon, başlanğıcda da qərbliləri təqlid etməkdə kor-koranə hərəkət etməmiş, onların təcrübələrinin hər birinə seçim qaydasında yanaşmışdı və bu da onlara yalnız uğur gətirmişdi. Onlar Böyük Britaniyanın donanmanı təşkil etmək praktikasına üstünlük verib, onu öyrənməyə və tətbiq etməyə nail olmuşdular. Hərbi işini isə onlar Almaniyadan götürmüşdülər. Maliyyə sistemində amerikanların daha qabaqcıl olduqlarını əsas götürərək, həmin sistemi Yaponiyada da tətbiq etdilər. İnzibati xidmət sahəsinin təşkilində isə onlar fransızların idarə etmə praktikasına müraciət etdilər. Hətta regionlar da Fransada olduğu kimi yeni bölgüdə prefekturalara çevrildilər.

Bütün bunlar Yaponiyanın, feodal sistemin qalıqlarını sürətlə ləğv etməsinə şərait yaratdı, ölkə modernləşmə prosesini qısa müddətdə və səmərəli şəkildə həyata keçirməyi bacardı. Lakin Qərbin mənfi təcrübəsi də öz təsirini göstərməmiş qalmadı, Yaponiyanın imperialist iddialarının böyüməsinə səbəb oldu və bu da, öz növbəsində ölkəni militarizm bataqlığına sürüklədi. Yaponiya, Qərb təcrübəsində təşkil olunmuş və müasir silah növləri ilə təchiz olunmuş orduya malik oldu. Bu ordu 15 il ərzindəki üç müharibədə qalib gəlib, Çinə, Rusiyaya və Koreyaya öz hərbi gücünü göstərə bildi. Bu isə onu daha böyük macəralara ruhlandırdı və Yaponiya qonşuluqda yerləşən dövlətlərin ərazilərini işğal etmə niyyəti ilə yaşamağa başladı. Cənubi-Şərqi Asiya ölkələri və Sakit okeandakı adalar yapon işğalından ağır əzab çəkməli oldu.

Lakin fərdi macəradan fərqli olaraq, dövlətin bunu öz xarici siyasətinə çevirməsi, adətən onun özü üçün ağır nəticələrin yaranmasına səbəb olur. ABŞ-ın Pyorl Harbor hərbi dəniz bazasına hücum, onun II Dünya müharibəsinə girməsinə səbəb oldu və sonda Yaponiya ağır məğlubiyyətlə və tarixdə ilk dəfə ərazisinin işğalı ilə üzləşməli oldu.

Yaponiyanın vahid dövlətdə birləşməsi cəhdləri

Yaponiya Çin mənbələrinə görə, bizim eranın birinci minilliyinin sonunda 100-dən artıq dövlətə malik idi və qonşuluqda yaşayan bu kiçik dövlətlər əlavə ərazi işğalı üstündə bir-biri ilə vuruşurdular. Vətəndaş müharibələri xalqın qüvvələrini tükədir, ölkəni viran qoyurdu. Ona görə də Yaponiyanı vahid dövlətdə birləşdirmək istəyi artıq XVI əsrdə yetişmişdi və bir sıra xadimlər silahlı toqquşmalara əl atmaqla, bu məsələni həll etməyə cəhd edirdilər. Əsrin sonunda, qəddarlığı ilə seçilən syoqun Nobunaqa Oda bunun reallaşması üçün xeyli iş görmüşdü, lakin Kiotoda mühasirə olunub, özünü öldürməsi, ona öz niyyətini həyata keçirməyə imkan verməmişdi. Sonra syoqun Hidoyoşi Toyotomi bu işi davam etdirsə də, onun da ölümü, amallarının yarımçıq qalmasına səbəb oldu. Syoqun İeyasu Tokuqava rəqib qüvvələr arasında manevr edərək, bir cəbhədən başqasına keçməklə, həmin ideyanı reallaşdırmağı öz üzərinə götürdü və 1603-cü ildə başlıca düşməni üzərində qələbə çalmaqla, ölkəni vahid mərkəzləşdirilmiş qaydada birləşdirdi. Normandiyalı Uilyam Fatehin 1066-cı ildə İngiltərəni mərkəzi dövlətdə birləşdirməsi təcrübəsini, o, öz ölkəsində beş əsr yarım sonra həyata keçirmişdi. Yaponiyanın feodalizmdə, Avropaya nisbətən uzun müddət qalmasının səbəblərindən biri də, yəqin ki, budur.

Tokuqava dövlətdə əsaslı dəyişikliklər etməklə də məşğul oldu, paytaxtı Kiotodan Edoya (indiki Tokioya) köçürdü. Onun yaratdığı syoqunat tarixdə daha uzun ömürlülüyü ilə seçilməklə, 1868-ci ildəki Meydzi inqilabına qədər 265 il yaşadı. Onun yaratdığı sülalə bütün ölkə həyatını idarə edirdi. İmperatorun hakimiyyəti əslində ləğv edilmişdi, onun rolu əsasən dini xarakter daşıyırdı. Axı imperator guya ilahi mənşəyə malik idi və xalq bunu dini ehkam kimi qəbul etmişdi. İmperator real hakimiyyətdən uzaqlaşdırılmaqla, yalnız mərasim vəzifələrini həyata keçirirdi. Onun keçmiş paytaxtda qalması ilə yanaşı, əvvəlki imtiyazlardan məhrum olması hesabına həm də ehtiyac içərisində yaşayırdı.

Tokuqava, dövlət işlərinə xristian missionerlərinin müdaxiləsini əsas götürərək, onları ölkədən qovdu, bir neçəsini öldürdü və xristianlığı qəbul etmiş yaponları sərt qaydada təqib etməyə başladı.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet .- 2025.- 15 noyabr (№208).- S.22.