Piyada qalmamaqçün
piyada gedilən yol
Adi olmayan ömürləri ilə, insanlara yadigar
qoyduqları fövqəladə yaradıcılıqlarıyla
tarixdə əbədilik qalan insanların haqqında rəvayətlər
söylənib, əfsanələr qoşulub və onların
haqqında belə əfsanələrin, rəvayətlərin,
söyləmələrin qoşulması da həm
qanunauyğundur, həm də haqqitirməz insan nəcibliyinin
ifadəsidir.
Onlar hər insan övladı kimi, bu fani dünyaya gəliblər
və həmin fanilik üzərində zəfərlərinin
təntənəsi olacaq, heç vaxt zavala uğramayacaq əsərlər
doğurublar, istedadları ilə onlara qədər olan
dünyanı daha yaxşı etməkçün müstəsna
işlər görməyi bacarıblar. İnsanlar da onlara minnətdarlıq
və məhəbbət borclarından qoşub-düzdükləri
hekayətlərlə, nəğmələrlə, o
seçilmişlərin adına bağladıqları
dastanlarla çıxıblar. Bəzən o qəbildən
olan rəvayətləri, əfsanələri oxuduqca, dinlədikcə
əvvəlcə bunları inanılmaz sayır, möcüzəvari
qavrayırıq. Axı gözümüz önündəki
insanlar, gündəlik həyatda
rastlaşdığımız əməllər bunca qeyri-adi
olmur, axı dərk edirik ki, sıradan olan bəşər
övladının qabiliyyəti və imkanları belə
yüksəkliklərə yetməkdə acizdir. Ancaq unutmayaq
ki, bu insanların özləri də bizim kimi, hər kəs
kimi, ətrafımızdakı yüzlər, minlər kimi
olmayıblar. Onlar varlıqları ilə bu dünyaya elə
işıq kimi, möcüzə kimi, bir ananın
doğduğu övlad kimi deyil, İlahidən əta olunan
töhfə kimi gəliblər. Necə ola bilər ki, üzərlərində
Tanrı şəfqəti olan bu cür nadirlərin həyatı,
iş-gücləri elə sadə insanlarınkı təhər
olsun?! Ona görə də əslində elə onların hər
biri, hansı millətin bətnindən gəlməsindən
asılı olmayaraq, BƏŞƏRin övladıdır, belələri
haqqındakı rəvayətlərə, əfsanələrə,
hekayətlərə də nə qədər
ağlasığmaz, nə qədər möcüzəvari təsir
bağışlasa belə, tam səmimiyyət və ciddiyyətlə
inanmaq istəyirsən. Ülvi, Yerdəkilərdən
çox ucada dayanan sözlər elə nəhənglərə
yaraşar.
Əbu Əli - məşhur Avitsenna haqqında
sıra-sıra rəvayətlər var və o hekayətlərdən
biri deyir ki, İbn Sina uşaqkən dil açanda ilk
sözü "niyə?" olub. Əlbəttə, eldən-elə,
dildən-dilə fərq var. Biri dili söz tutunca "inqa"
deyir, bir başqası "ana" deyir, bir ayrısı gələcəkdə
danışacağı, ona ana dili olacaq lisanda "ana"
sözünə oxşar bir səs çıxarır. Bəlkə
də o səs heç həmin dildəki "ana"
sözünə oxşamır da. Ancaq biz "inqa"nı
elə "ana" kəlməsi kimi qəbul etmirikmi?
Başqaları elə bu sayaq. Hər valideyn sevərək
balasının çıxardığı səslərdə
bəlli kəlmələrə bənzəyişi özü
tuta bilir. Lakin nə qədər oxşadırsan-oxşat,
dünyaya gələn uşağın elə ilk sözü
olaraq aydınca "niyə" səslənməsi
mümkünsüz görünür axı!
Di gəl başqalarına nisbətdə təsəvvürəsığmaz
sayılan bu söyləm İbn Sina haqqında olduğundan
ona şəkk gətirməkdə tərəddüd edirsən.
O körpənin böyüyüb İbn Sina olduğunu bilincə
istər-istəməz düşünürsən ki, niyə
də yox? Axı bu, Əbu Əlidir! Çünki ondan sonra
qalan miras açıqca anladır ki, bu düşüncə
sərvətini doğuran dahilər dahisi imiş, dünyaya da
elə "niyə"lərə cavab tapmaqçün gəlibmiş.
Bütün ömrü və irsi möcüzə səviyyəsində
olanın elə dil açınca möcüzə göstərməsinə
niyə inanmayasan?!
XI yüzilliyin böyük şairi və filosofu Baba
Tahir Üryandan insanlığa "Kəlamat-i qisar" -
"Zərbülməsəllər" adlı müdrik və
sonra da şərhinə silsilə risalələr həsr edilən
köhnəlməz əsər qalıb. Min il əvvəl
yaranıb, ancaq bu gün də təzədir, ən müasir
insanların düşüncəsini dəbərdə, yeni
fikir üfüqlərinə qanadlandıra bilir, lap elə gələcək
yüzillər içərisində də insanlara yol göstərəcək,
öyüd verəcək. Baba Tahirin hərəsi dördcə
sətirdən ibarət dübeytiləri qalıb -
hamısı ilahi və insani məhəbbətlə
çağlayan şeirlər. Min il əvvəl hansı atəşi
saçırdısa, bu gün də həmin gücdədir.
Baba Tahir haqqında da bolluca rəvayətlər dillərdə
dolaşmaqdadır. Onlardan biri nağıl edir ki, Baba Tahir
yazıdan-pozudan xəbəri olmayan savadsız odunçu
imiş. Guya günlərin birində mədrəsəyə gəlir.
Yazıb-oxuyan, dərs söyləyən uşaqlara gendən
bir neçə gün həsrətlə baxır və nəhayət,
soyuq qış günündə uşaqların dərsdən
sonra mədrəsənin həyətində
yığışdığı dəqiqələrdə
onlardan birinə üz tutur, soruşur ki, axı necə olur,
belə gözəl oxuya, yaza, danışa, bu qədər
biliklərə sahib ola bilirsiniz, hansı kitabı
açsanız, oxuyunca beyninizə hopur?
Geyim-kecimi çox kasıbyana, beli odun şələli
bir yeniyetmənin mədrəsə yoldaşlarından birinə
yaxınlaşdığını görən digər
uşaqlar da cəmləşirlər onların başına.
Odunçunun belə sadəlövh sualını eşidincə
onunla məzələnməyi qət edirlər. Ən
zarafatcıllarından biri qayıdır ki, o nə sualdır
verirsən, bu ki lap asan işdir, istəsən, sən də
edə bilərsən. Sadə bir yolu var. Əgər sən də
bizim kimi etmiş olsan, günü sabahdan olacaqsan elə bizim
kimi ağıllı, bəlkə bizdən də üstün.
Tahir tez maraqlanır ki, axı necə olur o? Həmin cüvəllağı
dillənir ki, bu hovuzu görürsənmi, üzü buz tutub,
əgər sübh tezdən mədrəsənin həyətinə
gəlib alnını bu hovuzun səthinə çırparaq
buzu sındırsan, başını soyuq suyun içinə
bir neçə dəfə salıb çıxarsan, həmin
dəqiqə ağıllanacaqsan, biliklər hamısı
uçub gələcək sənin üstünə.
Guya sadədil Tahir bu deyilənlərə inanır,
ertəsi gün dan yeri qızarmamış həmin mədrəsəyə
yollanır. Baxır ki, ətrafda heç kəs yoxdur.
Yaxınlaşır həmin hovuza. Başıyla hovuzun buzunu
sındırır, bir neçə dəfə
başını salır hovuzun suyuna və əfsanə
söyləyir ki, həmin anda möcüzə baş verir. Səmadan
bir parça şölə qoparaq onun ağzına girir və
Tahir hiss edir ki, birdən-birə sanki içərisi
işıqla, istiliklə doldu, qəfilcə bilikləri
artdı, sanki həmin ləhzədən etibarən aləmi
başqa cür görməyə başladı və o günəcən
bilmədiyi ərəb dilində bədahətən, sonralar
atalar sözü kimi dil-dil dolaşacaq bir cümlə deyir:
"Əmseytu kurdiyyən, və əsbəhtu ərəbiyyən".
Yəni "Mən cahil kimi yatmışdım, alim kimi oyandım".
Beləcə, el söyləməsi bir qafili anlar ərzində
aqilə çevirir.
Qəzəlin zirvəsi Hafiz Şirazi haqqındakı
rəvayət də elə Baba Tahir haqqında olan söyləmə
kimi möcüzə çalarlıdır.
Hafiz də günlərin birində məzarlığa
təşrif gətirir, çox sevdiyi, amma erkən itirdiyi
sevgilisinin məzarını qucaqlayır. Günorta vaxtı gəlibmiş,
ancaq saatlar ötür, axşam düşür, gecə
yetişir və elə qəbrin üstündəcə nakam
aşiqi yuxu tutur. Hələ dan yerinin
çırtlamadığı əsnada, hələ zülmətin
dağılmadığı çağda ayılınca onu qəbiristanlığın
vahiməsi basırsa da, sonra baş verən hadisə
bütün vücudunu silkələyir: qaranlıqdan bir əlçim
alov parçası sıyrılaraq ona doğru uçur,
ağzına girir, içərisi həmin andaca nurla, hərarətlə
dolur və o saniyələrədək ömründə bircə
misra belə şeir yazmamış Şəmsəddin bədahətən
bu misraları deyir: "Duş vəxt-e səhər əz
ğosse necatəm dadənd, Vəndə an zolmət-e şəb
ab-e həyatəm dadənd". Yəni səhər
çağı mənə qəmlərdən nicat bəxş
olundu və həmin gecə zülmətində mənə
dirilik suyu verildi.
Rəvayət inandırır ki, məhz həmin gecədən
sonra bu cavan oğlan dönüb olur sonralar hamının
tanıyacağı, şeirləri könüllər fəth
edəcək Hafiz Şirazi.
Zəkasının ənginliyi ilə sələfi
olan düşüncə zirvələrinə bənzəyən,
XI əsrdə parlamış və işığı bu
günə qədər kəsilməyən Azərbaycan ulduzu
Xətib Təbrizi haqqında da oxşar rəvayət var ki, mədrəsədə
oxuyurmuş, şagird yoldaşlarının arasında biliyi,
çalışqanlığı ilə çox fərqlənirmiş
və gecələrdən birində yuxuda görür ki,
saysız-hesabsız əlyazmalarla dolu bir kitabxanadadır. O, rəflərdən
bir-bir kitabları götürüb baxdığı zaman anidən
zəlzələ qopur, qalın-qalın əlyazmaların,
divanların, risalələrin hamısı qalaqla bu yeniyetmənin
üstünə aşır və müdhiş
ağırlıqdan nəfəsi kəsilməyə
başlayır, hiss edir ki, tab gətirməyəcək, dəqiqələr,
saniyələr ərzində ömrü bitəcək. Nəfəsinin
tıncıxdığı o məqamda qorxulu röyasına
ağ geyimli bir nurani şeyx varid olur. Yaxınlaşır, əsası
ilə bircə anda o kitabları aralayır və
cığır açılır. Deyir, yavrum, əgər istəyirsən
ki, həyatın çətinlikləri səni beləcə
üstündən basaraq əzməsin,
açdığım yolla irəlilə, bu yol Şama
aparır, bu yolu tutub get, orada böyük ustadlar var, get
onlardan dərs al, öyrən, dediyimi etsən, mətləbinə
qovuşacaqsan, gün gələcək, sən elə kamil
olacaqsan ki, ustadlarını da ötüb keçəcəksən.
Ədəbiyyatımızın son min illik
dövrünü göz önündə canlandıranda
qatarının sonu görünməyən ulu ədiblərin,
alimlərin, mədəniyyət insanlarının adları,
surətləri iftixar oyadır. Onlar Azərbaycanın və
yalnız Azərbaycanın da deyil, bütün Yaxın və
Orta Şərqin möhtəşəm elmini, əlvan mədəniyyətini,
böyük ədəbiyyatını yaratmaq yolunda can qoyublar.
O insanların hər biri minnətdarlıqla və əlbəttə
ki, iftixarla anılmağa layiqdir.
İndi XXI yüzilliyin hündürlüyündən
arxada qalan minilliyin ayrı-ayrı əsrlərini seyr edirkən,
həmin yüzillərin qoynundan keçib-getmiş dahilərimizi
düşünürkən istər-istəməz həm də
xalqımızın, yurdumuzun taleyi barədə fikrə
dalmalı olursan. Arxada qalan min ildən artıq zaman boyunca, elə
indiki yaşadığımız zamanda da bizim ədəbiyyatın,
mədəniyyətin, elmin ən vacib xüsusiyyətlərindən
biri bu olub ki, yalnız özümüzə deyil, ətrafdakı
bütün mədəni aləmə ünvanlanıb. Həm
də o dühalarımızın daimi üstünlüklərindən
biri də budur ki, onlar yalnız ana dilində
yazıb-yaratmayıblar - çoxdilli olublar. Bəzən
naşılar, həqiqətin dərinlərinə getməkdə
aciz olanlar, yaxud cild dəyişmiş düşmənlərimiz
əslində üstünlük olan bu keyfiyyətimizi kəsirimiz
kimi qələmə verməyə cəhd edirlər,
bugündə oturub əsrlər öncə
yaşamışlara irad tuturlar ki, niyə filan şair, filan
alim 600 il qabaq, 900 il öncə, ya 300 il əvvəl ərəbcə,
farsca, ya qeyri bir dildə yazıb. İslamın gəlişindən,
VIII-IX əsrlərdən başlayaraq müsəlmanlığın
intəhasız kimi görünən coğrafiyanı əhatə
etməsindən sonra ərəb dili də, ərəb əlifbası
da bu böyük ərazini əhatə etdi və bərqərar
oldu, hökmranlığını başladı. Ərəb
işğalı müəyyən bir zaman sürdü və
günü yetişdi ki, bitdi. Həyat dəyişirdi. Ərəblərin
bir zaman istila etmiş olduqları yerlərdəki xalqlar
azadlığına da çatdı, bir çoxları öz
dövlətlərini də qurdu, müstəqilliklərini də
irəlilətdi. Ancaq ərəblər çıxıb
getmişdilərsə də, onların gətirdiyi din də,
dil də, əlifba da burada qaldı. Yüzillərlə
qaldı və yerliləşdi, vətəndaşlaşdı,
dildə ərəb kəlmələri doğmalaşaraq
oturuşdu. Ərəb əlifbası gündəlik həyatımızın
bir parçasına çevrildi. Elmimiz də ərəb
dilində uzun əsrlər boyu yaranmaqda davam elədi.
Zamanına görə bu, kürəsəlləşmənin,
indi qloballaşma dediyimiz o cahanşümul ortaqlaşmanın
Şərqdəki görüntüsü demək idi.
Başlanğıcda islam dini də, ərəb əlifbası
da ortaq dildə - ərəbcə yaranan elm də, müştərək
lisanda - farsca yaranan ədəbiyyat da xalqları bir-birindən
ayrı salmırdı, əksinə, onları ortaq bir mənəvi
müstəvidə qovuşdururdu.
Ərəblər İspaniyaya qədər gedib
çatmışdılar. Yüzillər boyu Əndəlüsdə
onların bayrağı ucaldı. Əndəlüsdə ərəb
dilində yazılan bir elmi əsər çox tezliklə Orta
Asiyada da oxunurdu, Qafqazlarda da, Anadoluda da, İranda da, Hindistanda
da. Ya Orta Asiyada, yaxud Qafqazda - Azərbaycanda fars dilində
yaranan Nizami məsnəvisi tezliklə əks-sədasını
Hindistanda verirdi. Bu səsləşmələr əngin ədəbi-elmi-mədəni
məkanı hamınınkılaşdırırdı.
Zamanında latın dili də Qərb üçün eyni
birləşdirici vəzifəni yerinə yetirmişdi. Necə
ki, elə ingiliscə, fransızca da bu gün dünyada mahiyyətcə
eyni birləşdirici, ortaq mənəvi
mühityaradıcı işi görməkdədir. Və
çoxdillilik Azərbaycan elminin, ədəbiyyatının
da həmişə baş ucalıqlarından, güc göstəricilərindən
biri olub.
XI əsrdə parlamış, işığı bu
gün də kəsilməyən və əlbəttə ki, gələcək
yüzillərin içərisində də daim var olacaq Yəhya
ibn Əli ibn Zəkəriyya Xətib Təbrizi belə
çoxdilli, çoxbilikli və bütün gələcəklərə
əsərlər ünvanlayan dühalarımızdandır.
Xətib Təbrizi çox yaşamayıb, vur-tut 79
il. Ancaq onun vəfatından 790 il keçəndən sonra da,
bu gün də və 7900 il sonra da dünya qalacaqsa və azərbaycanlılı
olacaqsa, o vaxt da Xətibin əsərləri təzəliyini və
gərəkliyini qeyb etməyəcək.
Xətib Təbrizi risalələrini XI əsrdə
yazmışdı. XIX əsrdə yüksələn Qərb
bir vaxtlar ondan çox ucalarda olmuş Şərqə indi
üstdən baxırdı. Lakin bununla belə, elə həmin
XIX əsrin əvvəllərində Xətib Təbrizinin XI
yüzildə yazdığı risalələri qərblilər
sevərək, bu əsərlərdən öyrənərək
onları həvəslə fransızcaya, ingiliscəyə,
almancaya çevirirdilər. Məhz bu əsərlərdə
köhnəlməyən, yeni zamanda da gücünü qoruyub
saxlayan bilik olduğundan bu qəbil tərcümələri
gerçəkləşdirməyi lazım bilirdilər.
Xətib möcüzəsi
yoxdan yaranmamışdı. Ona qədər Azərbaycanın
böyük alimləri də, şairləri də, ədibləri
də, musiqişünasları da olmuşdu. İndi əski təzkirələri
qaldırsaq, orada adı keçən və Xətibdən əvvəl
IX-X əsrlərdə parlamış alimlərin, ədiblərin
adlarını seçərək ard-arda yazsaq, bu şərəfli
siyahı bir deyil, çox vərəqlərə
sığar. Təbii ki, bu zaman onların adlarının, nəsəblərinin,
künyələrinin, yəni ata və övlad
adlarının yanında nisbələri, yəni hansı
yurddan olduqları da göstəriləcək. Onda həmin
sıralanmada bütöv Azərbaycan coğrafiyası
görünəcək: Təbrizilər, Ərdəbililər,
Zəncanilər, Xoylular, Marağalılar, Səlmasilər,
Bakuvilər, Gəncəvilər, Şirvanilər, Bərdəyilər.
Bu elmi-ədəbi xəritənin qürurvericiliyi ilk növbədə
ondan ibarətdir ki, Azərbaycanın dörd bucağında
orta əsrlərdə elmi-mədəni inkişafın
bütün yurd boyunca cərəyan etdiyini nişan verir.
Həm də bu alimlərin, ədiblərin
çoxunun ad-sanı IX-X yüzillərdə, yəni Xətibdən
bir qədər əvvəl o çağın ədəbi-mədəni,
elmi mərkəzlərində - Mosulda, Qahirədə,
Bağdadda, Misirdə yayılıb. Demək, Azərbaycan zəkası
Xətib Təbriziyə qədər də ucsuz-bucaqsız ərazidə
etiraf və qəbul edilibmiş. Yəni Xətib göydən
düşməmişdi, bir möcüzə kimi
yaranmamışdı, o, bəlli ənənənin davamı
idi. Ancaq mövcud olan ənənənin, var olan köklərin,
təməllərin üzərində necə ucalmaq məsələsi
də var axı. Xətib Təbriziyə qədər
lüğətçiliklə məşğul olanlar,
leksikoqrafiyaya aid əsər yazanlar olmuşdu. Ancaq Xətib elə
əsərlər yazdı ki, onaqədərki bütün
leksikoqrafiya tarixinin, lüğətçilik
keçmişinin, dilçilik dünəninin
doğurduqlarını üstələdi və bu istiqamətlərin
hamısında "ən böyük alim" qiymətini
qazandı. Xətib Təbriziyə qədər "elm-i bədi"
- poetika elmi vardı və beş hissədən ibarət idi:
bəyan, bədi, məani, qafiyə, əruz. Bu istiqamətlərdə
başqaları da - həm azərbaycanlılar, həm ərəblər
və farslar, həm də Mərkəzi Asiyada ömür
sürən digər irili-xırdalı xalqların təmsilçiləri
əsərlər yazmışdı. Ancaq bu təfəkkür
meydanında Xətib göründü. Əruza və qafiyəyə
dair əsərlər yazdı, indiyə qədər
yazılanların hamısını üstələdi, bu sahələrdən
söz açılarkən əsas istinad nöqtəsinə
çevrildi və sabiq əruzçulardan, qafiyəşünaslardan
bəhs ediləndə hökmən onun adının əvvəlinə
"ilk ən böyük alim" əlavəsi edildi.
Ərəbcə Xətib Təbrizinin ana dili deyildi,
doğma dili türkcə idi. Təbrizdə təvəllüd
tapıb böyüdüyündən
uşaqlığından farscanı da ana dili kimi mənimsəmişdi.
Ərəb dilini isə sonradan öyrənmişdi. Ancaq ərəb
dilçiliyinə dair, ərəb dilinin qrammatikasına aid elə
əsərlər yazdı ki, ərəblər özləri
heyrətdə qaldı. Ərəb oğlu ərəb bu dilin
incəliklərini, tarixini, gizlinlərini bir azərbaycanlının
- Xətib Təbrizinin əsərlərindən öyrənməyə
başladı. Ona görə də ərəb dilçiliyindən,
orta çağın sərf-nəhvindən bəhs ediləndə
də yazılmamış bir qayda ilə ən müxtəlif
müəlliflər Xətib Təbrizinin adını çəkirkən
ona "bu sahələrin əvvəlinci ən böyük
alimi" deyə qiymət verirlər.
Səndən əvvəl keçilmiş yolları
keçmək, o yolları adlamış birinci adam olmamaq, amma
həmin yoldan keçənlərin hamısından yuxarı
qalxaraq hamısının arasında "ən birinci",
"ilk" adlana bilmək sadə hünər deyil. Bu, tarixdə
ən nadir zəka sahiblərinə qismət olan bir səadətdir
ki, Xətib Təbrizinin alnına belə bir xoşbəxtlik
yazılmışdı.
Xətib Təbrizidən sonra da əsrlər boyu
ayrı-ayrı ölkələrin böyük alimləri,
elmlərin təkinə nüfuz etməyə səy göstərənlər
ondan yadigar qalan risalələri oxuyub, buradakı bilik dərinliyinə,
zəka hüdudsuzluğuna heyran qalıb, onun ali dəyərini
veriblər. Bəs Xətib Təbrizinin öz zamanında, ona
nisbətən yaxın olan əsrlərdə bu alim və ədib
haqqında nə deyirdilər?
Xətib Təbrizi ilə eyni dövrdə
yaşamış Ukbəri adlı bir alim olub ki, onu
"bütün ədiblərin imamı" adlandırır
- ellik ədiblərin öndəgedəni.
Yaxud bir qədər sonra yaşamış Yaqut Rumi
adlı təzkirəçi Xətibi bütün leksikoqraflar,
bütün qrammatika ilə məşğul olanlar,
bütün ədiblər arasında
"başçı" adlandırır.
Bəs başçının özünün yolu
necə başlanmışdı?
1113-cü ildə vəfat etmiş, demək, elə Xətib
Təbrizini görmüş insanlardan biri - Nəsir ibn Əhməd
Xoylu onun haqqında məftunluqla söz açır, "Xətib
Təbrizini Azərbaycan ölkəsində ədəbiyyatın
şeyxi" adlandırır.
Bu tarixi əhəmiyyətli qiymətvermənin digər
diqqətəlayiq cəhəti ondan ibarətdir ki, bu deyişdə
əslində Azərbaycanın oçağkı ədəbi-mədəni
və alimlər, ədiblər mühitinin dəyərləndirməsi
də əks olunub. Demək, Xətib Təbrizi bir şeyx məqamındadırsa,
onun ətrafındakılar da hər halda parlaqlarmış,
onların da sözü Azərbaycana sığmayan, daha gen
üfüqlərə çatanmış.
Xətib Təbrizi də əslində Azərbaycanın
içərisində parlamamışdı ki. O, Azərbaycandan
kənarlarda oçağkı elmin, ədəbiyyatın, mədəniyyətin
mərkəzlərindən olan Bağdadda sözünü
demişdi. Sonra həmin şöhrət sədası Azərbaycana
da gəlib çatmışdı, Yaxın-Orta Şərqin
digər mədəni mərkəzlərinə də.
Xətib Təbrizidən, onun müasirlərindən,
Xətib Təbrizidən əvvəlki dövrün
böyük Azərbaycan alimlərindən, şairlərindən,
mədəniyyət adamlarından yazmağa qələm
götürəndə, söz açmaq istəyəndə
mütləq gərək ən başda artıq bizim
zamanların insanı olan bir şəxsiyyət yad edilə.
Müasir Azərbaycan ərəbşünaslığının
orta əsrlərdə yüksələn o zirvələr
parlaqlığında bir ulduzu da var idi - professor Malik Mahmudov.
Malik Mahmudov ona qədər heç kəsin etmədiklərini
etdi. Xətib Təbrizini bu gün Azərbaycan da, dünya da
keçmişdəkilərə nisbətən daha
yaxşı tanıyırsa və bu zirvəmiz barəsində
artıq onlarca sanballı əsərlər yaranıbsa, Xətibin
bir para risalələri tərcümə və şərh
edilərək zəmanəmizin insanlarına təqdim edilibsə,
əsas səbəbkar mərhum Malik Mahmudovdur. O, cavan
yaşlarından çətin bir istiqamətə sarı
yönəldi - Azərbaycanın VII-XII əsrlərdə
yaranmış ərəbdilli irsini araşdırmağa
girişdi, vaxt laylarının altında uyuyan misilsiz
mirası qaldırmağa başladı. Malik Mahmudov bu sahədəki
tədqiqlərini başlayanadək geniş kütlələrə
də, elə elmi ictimaiyyətə də əsrlərin
uzağında qalmış həmin şəxsiyyətlərimizin
bir çoxlarının yalnız adları bəlli id. Malik
Mahmudov Azərbaycan insanına o adların niyə
yaşamasının sübutu və dayağı olan əsərləri
tanıtdı, o simaların ömür və
yaradıcılıq yolu haqqında ilk dolğun bilikləri
yenigünkü elədi və ərəbdilli əski irsimizi
örtmüş qalın dumanı və toz qatını yox
elədikcə həm də o şəxsiyyətlərin hər
birinə doğru pəncərələr açmış
oldu: yəni mən cığırları göstərdim, siz
də hərəkətə gəlin. Çünki həmin
adlar və əsərlər sırası elə sıx idi ki,
onları müfəssəl araşdırmağa nəinki bir
alimin, heç iri bir alimlər dəstəsinin də
ömür möhləti bəs etməzdi. Odur ki, Malik Mahmudov
özü işlədikcə şərqşünaslığımızın
"xam torpaqlarından" olan bu sahəyə qabil
cavanları da dəvət və cəlb etmək haqqında
düşündü. Nə heyif ki, həyatı insafsızca
tez bitdi. Yarada biləcəyi böyük məktəb onun
düşündüyü və gördüyü miqyaslarda
şəkillənmədi və ərəbdilli zəngin
irsimizi araşdırmaq yenə
qığılcımını ondan almış
ayrı-ayrı təşəbbüskar ardıcılların
ümidinə qaldı.
1970-ci illərdə, hələ tələbə olduğum
və ilk elmi araşdırmalara başladığım
çağlarda günlərin birində Malik Mahmudovun mənə
dediyi sözləri heç unutmuram. Şərqşünaslıq
fakültəsinin indiki İstiqlaliyyət küçəsində
yerləşdiyi binanın birinci mərtəbəsindəki
kiçik kitabxanadaydıq, masanın üstündə o
dövr üçün nailiyyət hesab edilən, mötəbər
müəlliflərin iştirakı ilə
hazırlanmış, Elmlər Akademiyamızın
buraxdığı üçcüldlik "Azərbaycan ədəbiyyatı
tarixi" kitabları düzülmüşdü. Malik müəllim
qayıtdı ki, bizim ədəbiyyatımız, elmimiz elə
zəngindir ki, əslində bu cildlər 3 yox, 10 və daha
çox ola bilər. Ərəbdilli ədəbiyyatımızı
yaxşı araşdırıb hətta bu kitabdakı kimi
qısa oçerklər kimi yazsan, bu cür 3 cildə zorla
sığar.
Ömür vəfa etsəydi, Malik Mahmudov özü təkbaşına
da həmin işi görə bilərdi. O, vaxtı macal verən
hüdudda ərəbdilli irsimizdən bəzi seçmələri
şeirlə tərcümə də etmişdi. Bu iş də
hökmən ayrıca davam etdirilməlidir. Ümumən,
professor Malik Mahmudovun başladığı o yol - klassik ərəbdilli
Azərbaycan ədəbi-elmi irsinin tədqiqi və yeni nəsillərə
layiqincə təqdimi bir milli vəzifə və borcdur ki, gərək
yerinə yetirməyə biganə qalmayaq.
Orta əsrlərin daha əvvəlki yüzillərə
körpü olan ən mühüm müəlliflərindən
olan Yaqut Həməvi "Mucəm əl-buldan" əsərində
Xətib Təbrizini hədis elminin sütunlarından biri adlandırır.
Hədis elmi də, məşğul olduğu digər
elm sahələri kimi, Xətib Təbrizidən xeyli əvvəl
yaranmışdı və Xətibəcən xeyli adıbəlli
hədisşünas ərəb alimi olmuşdu. Ancaq Xətib Təbrizi
imzası hədisşünaslıqda görününcə mənzərə
dəyişdi. O, elə əsərlər qələmə aldı
ki, bu elmdə də "ilk ən böyük"
adlandırılmağa başlandı, onu bu elmin də
sütunu saydılar.
Salnaməçi, ədəbiyyatşünas İbn
Quteybə Dinəvəri 828-889-cu illər arası
yaşamışdı, ancaq yazdıqları bu
aralıqdakı zamanı günümüzədək
yaxın çəkə bilir. Ərəblər işğal etdikləri
ərazilərdən götürdükləri əsirlərin
ən yaxşılarını seçərək Məkkəyə,
Mədinəyə yerləşdirirdilər və qul etdikləri
bu adamlara "məvali" deyirdilər. Həmin məvalilərin
də böyük əksəriyyəti elə azərbaycanlılarmış.
İbn Quteybənin verdiyi məlumat da elə bu barədədir.
Yazır ki, məvalilər arasında şairlər
çoxdur, ancaq Mədinədə elə bir məvali şairə
rast gəlməzsən ki, o, azərbaycanlı olmasın.
Bu sözlər qələmə gələndə hələ
IX əsr tamam olmamışdı. Başqa sözlə, bunlar
1000 ildən də əvvəlin söhbətləridir və
Azərbaycan istedadının gücünə baxın ki, o
çağda da etiraf edilirmiş, hətta qul məqamına
endiriləndə də bu xalqın balaları böyük və
güclü olduqlarını əyan edə bilirmişlər.
Elə haqqındakı rəvayətlər və
şeirindən örnəklər bizə Əbülfərəc
İsfahaninin "Kitab ul-əğani"sində gəlib
çatmış İsmayıl ibn Yəsar da həmin məvalilərdən
biri idi. Ancaq ağlının, istedadının sayəsində
hələ uşaqkən Peyğəmbər ailəsinin
yaxınlarından birinə çevrilmiş, Peyğəmbərin
nəvələri ilə dostluq etmişdi.
Xətib Təbrizi gedib
Mosula, Şama, Bağdada çatana qədər də orada
tanınıb-bilinən və əslən azərbaycanlı
olan alimlər də, şairlər də yetərincə idi.
Ancaq Xətib o mühitə daxil olandan az sonra sadəcə
yaxşı şairlərdən, kamil alimlərdən biri kimi
şöhrət qazanmadı. Şimşək kimi elə
parladı ki, onun işığı bütün gözləri
qamaşdırdı. Bu işıq elə gur idi ki, onu görməmək,
görməzliyə vurmaq mümkün deyildi. Di gəl onu
görməməyə, etiraf etməməyə, danmağa,
gözdən salmağa çalışanlar da
tapılırdı. Paxıllarının, rəqiblərinin,
sadəcə əleyhinə danışmayıb həm də
ona qarşı yıxıcı iş görmək istəyənlərin
az olmamasını özü də şeirlərində
acı-acı bəyan edib, başqaları da yazıb.
...Xətib Təbrizi şeirşünas idi, söz
ümmanının görünməz qatlarına enməyə,
başqalarının sezmədiyi gözəllikləri və
incəlikləri aşkarlamağa, özü görüb
başqalarına da göstərməyə qadir idi.
Şeirin elminə, yazılışının
bütün qayda-qanunlarına xırdalıqlarınadək bələd
olan kəsin, onda fitrətdən şairlik istedadı olmasa belə,
məhz biliklərinin gücünə, səliqə-sahmanlı,
qulağa xoş gələn, hətta ürəyə yata da
bilən şeirlər yazması istisna deyil - oxuyacaqsan, vəzn
də, qafiyə də, təşbihlər-istiarələr də
öz yerində. Amma səriştəli şeir həvəslisi
oxuyunca nəzm ülgüləri baxımından hər cəhətdən
dübbədüz olan belə qoşqularda hökmən bir kəsiri
də qeyri-ixtiyari tutacaq.
Yazanı nə qədər əlləşsə də,
xəfifcə də olsa hiss edilir ki, bu qisim şeirlərdə
nəbz döyüntüsü zəifdir, anlaşılır
ki, bu şeirdəki ürək o ürək deyil - hərarət
çatmır, səmimiyyət qıtlığı var. Bu
misralardakı duyğuların özü yox, şəklidir.
Fəqət şeirşünas Xətib Təbrizi həm
də fitrətdən qaynar ürəkli, tükənməz
ilhamlı şair idi. Yəni onun şairliyi də alimliyindən,
şeir biliklərindən deyil, Pərvərdigarın ona
bağışladığı ilhamdan gəlirdi.
Xətib az yazıb, "Divan" bağlamayıb (Hərçənd
sonradan onun şeirlərini toplayaraq xələflərin
"Divan" adı altında məcmuələşdirməsi
cəhdlərinə də rast gəlinir).
Xətibin az yazmağının da səbəbi, yəqin
ki, şeir doğurmağa yalnız ürəyi hökm edəndə
qələm götürməsidir. Elə bu səbəbdən
də nə yazıbsa, hamısında onun kimsəyə bənzəməyən
yanaşması, incə sezgisi, duyub-yaşadığına
uyğun da zərif təsviretməsi var. Həm də onun
şeirləri ənənəvi axından seçilir.
Başqalarının yazdıqlarına əsla oxşamır.
Xətibdən əvvəlki, Xətibdən əsrlər
sonrakı hansı şairin kitabını açırsan
aç, hamısında Ay da olacaq, göylər də, günlərin
birində bir çayın sahilində dayanıb
düşüncələrə dalmağın təsviri də.
Çox vaxt da belə qəlibləşmiş şeirlərdə
əvvəlki iki-üç beyti oxuyunca ardını elə
öz-özünə təsəvvür edəcəksən,
bir an sonra mətləbin elə gözlədiyin kimi hicran
ağrısı, vüsal həsrəti üstünə gəldiyini
görəcəksən.
Ancaq Xətibin kimsəyə oxşamayan tərzdə
qələmə aldığı misraları oxumağa
başlayanda sonrakı beytlərdə mətləbin hansı
istiqamətə yönələcəyini öncədən
müəyyən etmək mümkünsüzdür.
Çünki onda köhnə biçimlərə uyğun
yazılmış bircə şeir də yoxdur. Nə
yazıbsa, hamısı təzə sözdür.
Bu, Xətibdir. Səhər bir başqa çayın
sahilində imiş, ancaq artıq axşam qaranlığa
qatışanda ayrı bir çayın sahilindədir.
Ay da çıxıb, onun surəti titrəşən
ləpələrin üstündə donuq şəkil sayaq
deyil, hərəkətdə olan canlı kimi əks olunur.
Şairin əlində qədəh var, amma onun nəzərincə,
şırıltıyla axıb keçən çay, sahilində
dayandığı Fərat da bu anlarda ayrı bir qədəhdir
ki, o qədəhi Ay nuş edir.
Bir Ay burada - ləpələr üstündə
sayrışır, digər Ay səmada - Ay ikiləşib.
Və əslində bir olanın ikiyə dönməsinə
heyrətlənən Xətib başlayır göydəki Ayla
həsb-hala. Ondan bu gizlinci, belə ikiləşmənin nədənini
açmasını diləyir.
Və səmadakı Ay da təsdiqləyir ki, yox,
yanılmamısan, bu anda biz, doğrudan da, ikiyik. Mən burada
səmadayam, obiri tayımsa sənin lap yanında. Sən
üzüm şərabını nuş etdikcə, o da Fəratın
suyunu mey kimi başına çəkir və həmin
meyiçən mənim doğmaca qardaşımdır.
Yox, buna sadə şair təsviri demək doğru
çıxmaz. Bu şeirdəki təsvir əsl rəssam
lövhəsidir ki, var! Amma rəssamdan-rəssama da fərq var
axı! Zahirən, peşəkar rəssam hər cür şəkil
çəkə bilir. Fəqət dənizi daha çox
çəkən və bu sahədə ustalaşanları
marinist deyib ayırıblar, portretçilər rəssamlıqda
bir ayrı zümrədir, canlı aləmi çəkən
animalistlər bir başqa xətt, təbiəti
fırçaya alan peyzajçılar bir ayrıdır,
natürmortçular bir başqa.
Tək bu parçada yox, Xətib Təbrizi hər
şeirində bir ayrı cür rəssamdır. Onun gözlə
görülə bilən, əyaniləşən, təsvirləşən
şeirlərini misra-misra oxuduqca bu gümana da
düşürsən ki, yəqin, onun əl qabiliyyəti də
varmış, şəriət yasaqları macal versə, elə
gerçəkdən də şəkillər çəkərmiş.
Mey içirdim zövq ilə Dəclə boyunca
sübhdən,
Axşam ondan da safın içdim Fərat səmtində
mən.
Dəclədə bir ayrı dad, indi Fəratda fərqli
dad,
Şəhdini almış üzümdən, hər
biri ləzzət verən.
Zənn elə heç mey deyil, qətrə
seçilməz dürridən,
Mey nədir? Mayeyə dönmüş dürr sanar
nuş eyləyən.
Əks olunmuş Ay suda, heyrət,
qarışmış, Ay Aya
Göy Ayıyla yer Ayı durmuş bu anda tənbətən.
Vəcdə gəlmiş varlığım,
meydir bu çay, qoy içsin Ay,
Mey deyil, Ay ləblərindən damcılardır mən
içən,
Mən Aya saqi, Ay isə saqi olmuşdu mənə,
Gör səhər kim bircə an sərməst olurdu
içmədən.
Göydəki Aydan soruşdum:
Kimdi bu çayda çimən?
- Qardaşımdır. Mən kimi bədr
olmağın görməzmisən?!
(Ərəbcədən bütün şeirlərin bədii
tərcümələri özümündür - R.H.).
Orta çağdan bəri Azərbaycanda yaxşı
tanınan Bərməkilər nəslindən
çıxmış alim, tarixçi, salnaməçi ibn Xəlliqan
1211-ci ildə anadan olmuşdu, 1282-ci ildə həyatdan getdi.
Bu tarixləri ona görə ayrıca seçdiririk ki, İbn
Xəlliqan yaşama zamanına görə Xətib Təbrizidən
çox da uzaqda deyil.
Xətib haqqında hekayətlər Xəlliqanın
dövründə hələ təzə idi, Xətiblə əlaqədar
bir çox söhbətlər uzaq olmayan günlərin xatirələri
kimi ibn Xəlliqanın qoca müasirlərinin hafizəsində
qalmaqdaydı.
Və İbn Xəlliqan Xətib Təbrizini
böyük elm imarətinə doğru aparan yolun əvvəli
haqqında gerçəkçi soraqlar çatdırır.
Yəhya ibn Əli ibn Zəkəriyya, yəni Əli
oğlu, Zəkəriyyə atası Yəhya - gələcəyin
məşhur Xətib Təbrizisi 1030-cu ildə həmin o
gözəllər gözəli Təbrizdə dünyaya
göz açmışdı. Belə anlaşılır ki,
həm də yazıya-pozuya, maarifə yaxın bir ailədə
doğulubmuş. Çünki elə uşaqlıq
çağlarında, yeniyetməlik dövründə mükəmməl
mədrəsə təhsili görmüşdü. Belə nəticə
çıxarırkən İbn Xəlliqana arxalanırıq.
O məlumatı ki İbn Xəlliqan çatdırır, sadə
bir ailədən çıxan, kitab-dəftərdən uzaq
olan ailənin övladında belə maraqlar ola bilməzdi.
Məhəmməd Peyğəmbərin məşhur hədisidir
ki, biliyin ardınca gedin, o, lap Çində olsa da.
"Çin" məcazi alamda deyilən kəlmə idi, məqsəd
ən uzaq mənzil, ən uzaq məsafə idi. Səma
elçisinin də insanlara nəsihəti, vəsiyyəti
bundan ibarət idi ki, elm nə qədər uzaqlarda olsa da, ona
çatmaq nə qədər müşküllərlə
bağlansa da, bunları aşın, elmə doğru irəliləyin.
Xətib Təbrizinin cavan yaşından keçdiyi
yol və ömrünün yekunu həmin Peyğəmbər kəlamına
sədaqətlə riayətin nümunəsidir.
İbn Xəlliqan yazır ki, gənc Xətib Təbrizi
tanınmış alim Əbu Mənsur Əzhərinin
"Dildə düzəliş" əlyazmasını
oxumuş, ancaq həmin kitabda mənasını anlamadığı,
yaxud mahiyyətini sonacan dərk etməkdə çətinlik
çəkdiyi bir çox məqamlarla
rastlaşmışdı. Təbrizin başbilənlərindən,
ötkün alimlərindən məsləhət
almışdı. Demişdilər ki, burada o suallara cavab verəcək
alimləri tapa bilməzsən, sən Mosula yollan, Şam tərəflərə
üz tut, orada böyük alimlər çoxdur, bu suallara
cavabı oralarda tapa bilərsən.
İbn Xəlliqanın bu məlumatıyla Xətib Təbrizinin
yuxusuna bir ağ əbalı şeyxin girərək məsləhətlər
verməsi haqqındakı ayrı-ayrı rəvayətlər
arasında oxşayış duyulmaqdadır.
Soraqlaşa-soraqlaşa Yəhya ibn Əli
odövrkü Təbriz üləmalarının ən
ağsaqqalına da yanaşır, ondan da oxuduğu
kitabdakı qəlizliklər barədə soruşur. Əvvəlki
ustadlardan eşitdiyini bu da təkrarlayır. Anladır ki, sənin
suallarının cavabları burada deyil, Məərrə şəhərindədir,
orada yaşayan alimlər alimi Əbül Əladadır, gərək
Suriyaya gedəsən.
...Təbrizdən Şama qədər olan məsafə
xeyli uzaq idi. Ya gərək daha xətərsiz və arxayın
olanı seçərək bir karvana qoşulaydın, səni
də aparaydı, ya da özünün miniyin olaydı, Allah
ümidinə yola düzələydin. Ancaq səfər xərcini
çəkməyə Yəhya ibn Əlinin imkanı yoxdu,
gücü özünə çatırdı. Ona görə
də bu uzun yolu piyada getmək qərarını verir. Heybəsinə
Əzhərinin kitablarını, içərisində
anlamadığı, yaxud sonuna qədər dərk eləmədiyi
mənalar olan ayrı-ayrı risalələri
yığır, düzəlir yola - payi-piyada, Təbrizdən
Şama doğru.
Təbii ki, yol uzun idi. Bu məsafəni
üç-beş günə, həftələrə qət
etmək mümkün olmayacaqdı və səfər, elə
qabaqcadan ehtimal edildiyi kimi də, aylarla uzanır.
Bu yolun qızmarı, tozu-küləyi,
soyuğu-sazağı, küləyi-yağmuru vardı. Hələ
uzun səyahətdə qarşısına yox yerdən nə
qədər təsadüfi təhlükələr də
çıxa bilərdi. Gərək hamısına dözə
idi, çünki bu cavanın elmdə piyada olmamaqçün
piyada getməyə başladığı yol məslək, əqidə,
şərəf yolu idi və gün gələcək, elə
bu yolçuluğun özü də ondan insanlığa qalan
ən ibrətli dərslərdən birinə çevriləcək.
1 noyabr 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .-2025.- 15 noyabr (№208).- S.18-19.