Gücün səssiz mərkəzi:
Osman-i Şahanə
Yolum Karaköydə yerləşən SALT
Qalatayadır. Osmanlının ilk bankı olan binaya.
Açığı yola çıxarkən hansı mənzərə
ilə qarşılaşacağımı təsəvvür
etməmişdim. Banklar küçəsində sağa-sola
baxa-baxa irəliləyərkən memarlıq tərzi və
böyüklüyü ilə önündə heyrətdən
donub qaldığım binanın önündə ayaq
saxladım. Bir anlıq "kaş, axtardığım yer
bura olardı" istəyi keçdi ürəyimdən. Elə
bu məqamda naviqator dayandı və xəbərdarlıq etdi,
dedim "aha, istədiyim yar idi, yetirdi pərvərdigar". Həqiqətən
də, o yer bura idi. Bina o qədər böyükdür ki,
yazılan ad üstündə qarışqa kimi balaca
görünür. Çaşğınlıq və heyrət
içində 1847-ci ildən qalma fırlanan taxta
qapını itələyərək içəri daxil oldum.
Beynimdə bir sual vardı, Osmanlı iqtisadiyyatı
çökərkən niyə burada dünyanın ən
lüks bank binası tikildi?
Dərdin batmanla gəlməsi...
Hə, XIX əsrin sonlarına doğru Osmanlı
İmperiyası tarixinin ən çətin iqtisadi
dövründən keçirdi. Xəzinə
boşalmış, dövlət borclar almağa
başlamış, ticarət gəlirləri azalmış,
kağız pul sistemi etibarını itirmişdi. Hətta o
boyda imperatorluğun iqtisadiyyatı demək olar ki, tamamilə
Qalata bankerlərindən asılı vəziyyətə
düşmüşdü. Ard-arda baş verən müharibə
və münaqişələr ticarətdə geriləmələr
yaradaraq imperiyanın maliyyə ehtiyatını boş
çuvala çevirmişdi.
Dövlət gəlirlərinin böyük hissəsi
xarici borcların faizinə gedirdi.
O dönəmin kağız pul vahidi olan kaimə o qədər
dəyər itirmişdi ki, bazarda heç kim onu qəbul
etmirdi. Qalata sərrafları dövlətə borc verib "xərclərini"
diktə edirdi.
Tam mənada modern bank sistemi yox idi. Osmanlı da
görürdü ki, özlərinin bankını qura bilmədikcə
içəridən heç kim onlara pul verə verməyəcək.
Ona görə də, dövlət bu məsələni
Avropaya həvalə etdi. Beləliklə, İstanbulun mərkəzində,
Karaköyün qəlbində Avropanın ən möhtəşəm
binalarından biri inşa edildi. Bu, mərmər pilləkənləri
və divarları, dəmir nəhəng seyfləri, fransız
neorenessans fasadı, Avropa üslubunda salonları, yüksək
tavanlı dəhlizləri olan ilk bank binası idi. Az qalsın
ki, hər küncü Avropa kapitalının gücünü
nümayiş etdirirdi.
Üstü bəzək, içi təzək...
Bina İstanbulda gördüyüm ən möhtəşəm
abidələrdən biridir. Dəbdəbəsi,
memarlığı, fasadındakı
gözqamaşdırıcı işləmələri
insanın ağlını başından alacaq qədər
iddialıdır. Təbii ki, böhran dönəmində belə
təmtərağın ərsəyə gətirilməsinin arxasında
böyük mesaj vardı. Sanki Avropa binanın hər
daşında demək istəyirdi ki, "İmperiyanın
iqtisadiyyatının talehi artıq bizim əlimizdədir".
Binanı inşa edən və maliyyələşdirənlər
İngiltərə və Fransa idi. Osmanlı dövləti,
binaya pul xərcləmir, sadəcə imtiyaz və torpaq verir.
Bu da Osmanlının iqtisadi gücsüzlüyünün ən
aydın göstəricilərindən biri idi. Yeri gəlmişkən,
heç bankın idarə heyəti İstanbulda da deyildi,
London və Parisdə otururdu.
Osmanlı sarayı zəiflədikcə Avropa daha
çox dəbdəbə istəyirdi. Xüsusilə
İngiltərə və Fransa Osmanlı torpaqlarında təsirini
artırmaq üçün bu torpaqlarda maddi gücün
simvoluna ehtiyac duyurdu. Ən çox da buna görə bu bina
sadəcə bank sayılmırdı, həm də siyasi hegemoniyanın
abidəsi hesab edilirdi.
Sual yarana bilər, Osmanlı bu hədsizliyə necə
boyun əyirdi?! Çünki başqa çarəsi yox idi.
Ümidsiz iqtisadiyyatın ortasında ona "xarici imic"
lazım idi.
Öz aləmlərində bu cür abidələrlə
Avropaya demək istəyirdilər ki, "biz modernik, iflas
etmirik, hətta sizinlə eyni səviyyədəyik".
Hə, xəzinə boş idi, ölkə borc
içində çabalayırdı, xalq
yoxsullaşırdı, ancaq Avropa bankının binası
par-par parıldayırdı. Təbii ki, bu, xəstə bədənə
bahalı paltar geydirmək kimi idi: daxil çürüyürdü,
çöl parıldayırdı.
Yüksəliş və çöküş
yaşayan Sultanlar
Bankın qurulması, böyüməsi və
dağılması ard-arda beş padşah dövrünü əhatə
edir. Hər biri bankın tarixində xüsusi iz qoyub. Onlardan
biri və birincisi Sultan Əbdülməciddir. Bankın
qurulmasına dair ideya mərhələsi onun dönəmində
başlayır. Bu dövr sözün əsl mənasında
iqtisadi zəlzələ dövrü idi. Çünki
1853-56-cı illəri əhatə edən Krım müharibəsi
dövlət xəzinəsini çalxalayır. İlk
böyük xarici borc da elə bu illərdə alınır,
büdcə kəsiri nəzarətdən çıxır və
bu bankın təməli atılır.
Bank-ı Osman-i Şahanənin rəsmi elanı...
Bankın Sultan Əbdüləziz dönəmi də
krizli olur. 1863-cü ildə Əbdüləziz fərman
imzalayır və bank rəsmi şəkildə qurulur, adı
da Bank-ı Osman-i Şahanə olur. Amma vəziyyət şəhanə
olmur. Daxili borclar kəllə-çarxa çıxır, xərclər
baş alıb gedir.
Ardınca Sultan II Əbdülhəmid taxta oturur və
nəhayət, bankın ən güclü dövrü
başlayır. Artıq nə qədər güclü demək
olarsa... Dövlətin xəzinəsi praktik olaraq bankın nəzarətinə
keçir, xarici borc müzakirələrində bank vasitəçiyə
çevrilir. Hətta 1881-ci ildə borclar ödənmədiyi
üçün Osmanlının gəlirlərinin
böyük hissəsi xaricə təhvil verilir. Əbdülhəmidin
sultanlıq dönəmi bankın "imperiya içində
imperiya" olduğu dövrdür. Məsələn,
padşah bankdan həm istifadə edirdi, həm də qorxurdu.
Çünki bilirdi ki, borclar Avropanın əlindədir, bank
da Avropanın təzyiq alətidir. Əbdülhəmid
buranı "gizli dövlət" adlandırırdı, bu
ifadə və Sultanın fikirləri saray arxivində
mövcuddur.
Sultan V Mehmed Rəşadın dövründə
bankın çətin illəri yenidən başlayır.
Çünki ölkə və dünya Trablusqarp müharibəsi,
Balkan savaşları, I Dünya müharibəsi ilə
çalxalanırdı. Məhz bu dönəmdə Osmanlı
Bankı imperiyanın deyil, İngiltərə və
Fransanın birbaşa maliyyə alətinə
çevrilmişdi. Sultan VI Mehmed Vahidəddinin hakimiyyətə
gəlməsi ilə həqiqi çaxılma başladı,
İstanbul işğal edildi, fransız və ingilis ordusu
şəhərə doluşdu, ancaq bank hələ də
ayaqda idi. Bank, imperatorluğun çöküşünü
sakitcə izləyirdi, çünki o, Osmanlının deyildi,
onu idarə edən dövlətlərin bankı idi. Hətta
işğal illərində binanın bəzi otaqları
işğal qüvvələri üçün müvəqqəti
ofis kimi də istifadə olunurdu. Təsəvvür edirsiniz,
sizin paytaxtınızda başqa ölkənin binası tikilir
və orada sizi çükdürmək üçün
planlar qurulur, siz isə sadəcə seyr etməklə kifayətlənmək
məcburiyyətində qalırsınız.
Absurdluğun zirvəsi
Bankın ən məşhur və ən dramatik hekayəsi
1896-cı ildə baş verir. Altı erməni bombalar, dinamitlər
və silahlarla Osmanlı Bankını ələ keçirirlər.
Məqsədləri II Əbdülhəmidə ultimatum vermək
idi. İşə bax, gəmidə oturub gəmiçi ilə
dalaşırlar. Tipik erməni xisləti, yad mənzərə
deyil.
Binada 24 saatlıq kabus yaşanır, işçiləri
əsir götürürlər, seyflərə girib bankı
partlatmaqla hədələyirlər. Ən qəribəsi isə
bankın ingilis direktoru Sir Edqar Vincent və digər fransız
direktor gizli şəkildə basqınçılarla
danışıqlara başlayırlar, çünki bank
onların kapitalı idi.
Bu sövdələşmənin nəticəsi isə
ağılasığmaz olur. İngilis gəmisi Karaköy
limanına yaxınlaşır, terrorçular bankın
binasından gizlincə çıxarılır və
birbaşa Fransaya qaçırılırlar. Yəni
Osmanlı torpaqlarındakı cinayətkarlar, Osmanlı qanunu
ilə deyil, Avropa bankı tərəfindən "təhlükəsizliyə"
alınaraq xilas edilir. Bu hadisə o vaxt Osmanlı xalqında
böyük şok yaratmışdı.
Gizli tunel?
Bank o qədər görkəmli, gözəgəlimlidir
ki, haqqındakı dedi-qodular, uydurmalar bitib tükənmək
bilmir. O əfsanələrdən biri də tunel məsələsidir.
Guya bankın altından Galata limanına gizli tunel gedir.
İngilislər qızılları və digər qiymətli əşyaları
oradan gizlincə çıxarıb aparırlar. Arxiv bunu təsdiq
etmir, amma o qədər adam bu hekayəni danışıb ki,
xalq arasında bank "İngilislərin məxfi mərkəzi"
kimi bilinir.
Qadınlar və gizli görüşlər
Osmanlıdakı ilk sistemli qadın işçi qəbulu
bu bankda başladı. İngilis-fransız idarəsi iddia
edirdi ki, mühasibat, yazışma və arxiv işlərində
qadınlar daha dəqiqdir. Osmanlı qadını
üçün bu, büyük dönüş nöqtəsi
sayılırdı.
İlk modern hesablama sistemi, ilk qalıcı teleqraf xətti,
ilk telefon kabineti Bank-ı Osman-i Şahanə içərisində
quruldu. Çünki bankın arxasında Avropa kapitalı var
idi, ona görə də, modern texnologiya birinci ora gəlirdi.
Eyni zamanda arxivlərdəki qeydlərdə
yazılır ki, İstanbulda yaşayan, ingilis diplomatları,
fransız konsulları, Avropa maliyyəçiləri,
bankın xüsusi toplantı otağında mütəmadi
görüşlər keçirirdilər.
Yəni bina sadəcə bank deyildi, İstanbulda
Avropanın diplomatik qərargahı kimi işləyirdi.
Sarayın bundan xəbəri vardı, amma müdaxilə edə
bilmirdi.
İstanbulda Avropa nəfəsi: Aleksandr Vallaury
İstanbulun memarlıq tarixində elə adlar var ki,
şəhərin taleyini daşla, mərmərlə, kərpiclə
yazıblar. Onlardan biri, bəlkə də ən
mühümü İstanbulda fransız-levanten ailəsində
doğulan Alexandre Vallaurydir. O, Avropanın akademik memarlıq ənənəsini
Osmanlının çoxqatlı mədəniyyətinə
daşıyan, şəhəri təkcə binalarla deyil, yeni
bir estetik anlayışla dəyişdirən memardır.
Uşaqlığı Pera-Galata mühitinin
çoxmillətli, kosmopolit atmosferində keçdi. Ailəsi
kökü Fransadan olan levantanlardan
idi. Bu da onun İstanbul ilə Avropa arası
körpülərindən biri sayılırdı. Həmçinin
onun formalaşmasına, memarlığa olan marağına və
Avropa üslubuna yaxınlığının ilk səbəbi
idi. Gənclik illərində Fransaya gedərək Parisdəki
"Ecole des Beaux-Arts" kimi dövrün ən nüfuzlu
memarlıq məktəbində təhsil alır. Parisin akademik
memarlıq üslubu, neoklassik, neorenessans və dekorativ zənginlik
onun gələcək yaradıcılığının təməl
daşına çevrilir.
Təhsilini başa vurduqdan sonra Vallaury yenidən
doğulduğu şəhərə, İstanbula
qayıdır. 1878-ci ildən etibarən o, Pera və Galata
bölgəsində memarlığa başlayır və
qısa zamanda həm Osmanlı hökumətinin, həm Qərb
diplomatik dairələrinin, həm də Avropa
banklarının etibarını qazanır. Bu etibar ona dövlət
memarlığı, saray layihələri və iri investisiya
strukturlarında aparıcı mövqe gətirir.
Onun ən məşhur əsərlərindən biri,
bəlkə də ən parlaq imzası, bu gün SALT Qalata
adı ilə tanıdığımız Osmanlı Bankı
Baş İdarə binasıdır. Vallaury bu binanı sadəcə
bir bank kimi deyil, İstanbulun Avropa maliyyəsinə
açılan qapısı kimi inşa edir. Mərmər pilləkənləri,
fransız neorenessans fasadı, monumental girişləri və nəhəng
seyfləri ilə bina həm Avropa kapitalının
gücünü, həm də XIX əsr İstanbulunun modernləşmə
arzusunu simvolizə etir. Osmanlı Bankı təkcə maliyyə
qurumu deyil, imperiyanın iqtisadi taleyini əllərində tutan
iki güc, İngiltərə və Fransanın memarlıqda təcəssümü
idi və Vallaury bu təcəssümün memarı
seçilmişdi. Bundan başqa, bir çox möhtəşəm
binaların altında imzası var.
Təbii ki, belə bir memarın maarifçilik tərəfi
də unudulmamalıdır. Vallaury uzun illər Mühəndishane-i
Berrı-i Hümayunda memarlıq dərsi keçmiş, şəhərin
gələcək memar nəslini yetişdirmişdi.
Adını tarixə daşla yazan Vallaury 1921-ci ildə
bütün yaradıcılığını həsr etdiyi
şəhərdə ölür. Amma bu gün və bu şəhər
durduqca gəzdiyimiz küçələr, yanından
keçdiyimiz banklar, muzeylər, saraylar və otellər onun
adını yaşatmağa davam edəcək.
Türkan TURAN
525-ci qəzet .- 2025.- 15 noyabr (№208).- S.17.