Yaralarımızın
məlhəmi Söz
Esse
İnsan yaranandan bu yana həyatın qaranlıq
sükutunda iki şey daim var olub: ağrı və söz.
Birincisi insanı üzüb zəiflədən, ikincisi isə
insanı daim ayaqda saxlayan gücdür. Zaman dəyişdikcə
acının forması dəyişib, döyüşlər,
itkilər, ayrılıqlar, xəyanətlər,
sarsıntılar müxtəlif şəkillərə
düşüb, amma sözün təsəlli verən,
sağaldan, yol göstərən qüvvəsi heç vaxt
itməyib, itmir. İnsan ömrü qaça bilmədiyimiz,
qoruna bilmədiyimiz yaralanmalardan ibarətdir və bəşər
öz yaralarını nəsillər boyu iki yolla
sağaldıb: dua və ədəbiyyat.
Bu gün müasir dünyanın qarışıq
ritmində, sosial şəbəkələrin gurultusunda, insan
psixologiyasının həssas nöqtələrində ədəbiyyat
yenidən öz ilkin missiyasına - müalicə etmək,
yüngülləşdirmək, insanın içindəki
qaranlığı işığa çevirmək
funksiyasına qayıdır. Bu, təkcə oxumaq ehtiyacı
deyil, içimizdəki ifadə olunmamış duyğunun
sözə ehtiyacı, danışa bilmədiklərimizi
başqasının yazısında tapmaq arzusudur.
Bütün məsuliyyəti ilə deyə bilərik
ki, ədəbiyyat insanı dərindən dinləyən yeganə
sahədir. O, sükutda danışır, yorğunluqda
güldürür, hər şeydən vaz keçmək istəyəndə
bizi yenidən həyata bağlayır. Zaman keçdikcə
daha çox anlayırıq ki, insanı sağaldan, onun daxili
boşluğunu dolduran ən böyük qüvvə
başqasının yaşadıqlarında özünü
görməkdir. Bu isə yalnız ədəbiyyatın
gücü ilə mümkündür.
Ədəbiyyat yalnız estetik zövq yaratmağı
hədəfləmir. O, psixoloji prosesdir: insanın daxili çətinliklərini
anlamasına kömək edir. Ədəbiyyat bir növ
güzgüdür, insan öz yaralarını o güzgüdə
görməsə, onları sağalda bilməz.
Bir insan öz ağrısını sözə
çevirəndə yalnız özü üçün yox,
onu oxuyan hər kəs üçün şəfa
qapısı açır. Ona görə də hər bir
böyük yazıçı istər-istəməz bir
terapevt, psixoloq funksiyasını yerinə yetirir. Oxucu onun
yazdıqlarında öz yarasının səbəbini, bəzən
də çıxış yolunu tapır.
Bu, təsadüfi deyil. Çünki insan təbiəti
emosional olaraq mürəkkəbdir. Dərd
danışılmadıqca ürəkdə
böyüyür, insanı sıxır, nəfəs
almağı belə çətinləşdirir. Ədəbiyyat,
xüsusilə roman, esse, poeziya isə bu danışa bilmədiklərimizi
bizim əvəzimizə dilə gətirir. İçimizdə
yığılıb-qalmış kiri, pası, ruhumuzu
sarsıdan ağrıları üzə çıxarmağa,
onlardan qurtulmağa kömək edir.
Bizə elə gəlir ki, oxuduğumuz qəhrəman
bizdən fərqlidir. Amma bir az dərinə gedəndə
anlayırıq ki, o, bizim içimizdə gizlənən,
adını belə çəkməyə cəsarət etmədiyimiz
bir parçadır, hansısa hissin adıdır. Buna görədir
ki, böyük sənət əsərləri insanı həm
həyəcanlandırır, həm sakitləşdirir. Bu
hissin özü sağalmanın
başlanğıcıdır.
Son onillər boyunca dünya ard-arda sarsıntılar
yaşayır: savaşlar, müharibələr, miqrasiya, təbiət
fəlakətləri, pandemiyalar... Cəmiyyətlərin
psixologiyası zəifləyir, insanlar emosional yorğunluğa
düçar olur. Belə dövrlərdə ən çox zərər
görən isə ruhumuzdur. Bəs ruh nə ilə
sağalır, nə ilə özünə qayıdır?
Əlbəttə ki, sözlə.
Müharibə görmüş, müharibədən
çıxmış cəmiyyətlərin ədəbiyyatı
iki qat ağır olur: yazıçı həm öz
ağrılarını, həm də millətin dərdini
daşıyır. Amma eyni zamanda onun boynuna düşən
missiya da ikiqat böyüyür - yaddaşı qorumaq və
sağaltmaq.
Azərbaycan cəmiyyəti də uzun illərdir
savaş və itkilər görüb, məhrumiyyətlərə
düçar olub. Bunun yaratdığı kollektiv travma ədəbiyyata,
poeziyaya təsirsiz ötüşməyib. Çoxları
üçün yazmaq sağ qalmaq deməkdir. Çoxları
üçün isə oxumaq nəfəs almaq,
düşüncənin düyünlərini açmaqdır.
Ədəbiyyat deyir: "Sən tək deyilsən. Bu
ağrını yaşayan təkcə sən deyilsən".
İnsan üçün ən böyük təsəlli də
elə budur - tək olmadığını hiss etmək.
Vətən müharibəsi dövründə
yazılan gündəliklər, məktublar, xatirələr,
şeirlər təkcə ədəbiyyat nümunəsi deyil,
bir xalqın öz yarasını anlama üsuludur. Biz itkilərimizi
tarix kitabları ilə yanaşı, şairlərin sətirlərində,
yazıçıların yaratdıqları talelərdə
yaşadırıq. Çünki ədəbiyyat
ölümü davam edən həyata çevirir.
Sözün ən böyük möcüzəsi də məhz
budur.
Elmi araşdırmalar təsdiqləyir ki, insan oxuyanda
beynin emosional mərkəzləri aktivləşir, stress
azalır, düşüncə aydınlaşır, empatiya
güclənir. Ədəbiyyat insan beynində sanki yenidən
quruculuq prosesi aparır. Bir müddət oxuyan insan daha sakit,
daha anlayışlı, daha dözümlü olur.
Çünki söz düşüncəni yüngülləşdirir,
ağrını yumşaldır.
Oxu prosesində başqasının taleyi ilə
tanış olan insan bir anlıq həmin taleyə daxil olur.
Bu, emosional təmizlənmə deməkdir. Ona görə bəzən
bir romanı oxuyub bitirdikdən sonra sanki özümüzü
daha rahat hiss edirik. Elə bil içimizdəki gərginlik
azalıb.
Ədəbiyyat informasiyanı yox, duyğunu
paylaşır. Duyğuların paylaşılması isə
insan psixologiyasını ən effektiv şəkildə
sağaldan vasitədir.
Ağrının ən incə dillə ifadəsi isə
şübhəsiz ki, poeziyadır. Poeziya hər zaman
insanın iç səsinin forması olub. Şairlər bəzən
cümlələrin bitmədiyi yerdə danışmağa
başlayırlar. Onların yazdıqları insan ağrısının
ən saf, ən təmiz halını ifadə edir. Bəzən
bir şeir bir kitabın danışa bilmədiyini, ya da bir
insanın illərlə susduqlarını deyə bilir.
Çünki şeir birbaşa ruhla danışır.
Hər bir insan həyatında ən azı bir dəfə
çox ağır bir dövr keçirib və həmin
dövrdə təsadüfən oxuduğu bir misra onu dəyişib.
Elə bir misra ki, sanki onun içindən çıxıb,
amma başqası yazıb. Poeziyanın sağaldıcı
gücü də elə bundadır - insanın
özünü başqasının misrasında tapması.
Məsələn, Füzulinin eşq fəlsəfəsi,
Məhəmməd Hadinin nisgili, B.Vahabzadənin
ağrılı çağırışları, Məmməd
Arazın vətən kədəri yalnız söz deyə təqdim
oluna bilməz. Onlar insanın iç dünyasını silkələyən,
ona yenidən güc verən bir mahiyyət daşıyır.
Necə olur ki, söz sağaldır? Bu sual sadə
görünür, amma cavabı çoxqatlıdır:
1. İnsan başqasının yaşadıqlarında
özünü görür. Bu, insana tək
olmadığını hiss etdirir.
2. Söz adlandıra bilmədiklərimizi bizim əvəzimizə
adlandırır. Bəzən içimizdəki hissin
adını bilmərik, amma bir cümlə, bir şeir
misrası onu bizə izah edər.
3. Oxu beynin stress mexanizmini sakitləşdirir. Bu, elmi
olaraq sübut olunmuş psixoloji bir prosesdir.
4. Ədəbiyyat ahəng və ritmlə insan nəfəsini
nizamlayır. Xüsusilə poeziya insan nəfəsinə təsir
edir.
5. Ədəbiyyat insanı düşünməyə
məcbur edir. Düşünmək isə sağalmanın əsas
mərhələsidir.
Ən əsası isə ədəbiyyat insana öz
hekayəsini yenidən yazmaq imkanı verir. Oxucu bir romanın
sonunda sanki özü də dəyişir, böyüyür,
artıq əvvəlki insan olmur.
lll
Təkcə oxumaq deyil, yazmaq da şəfa prosesidir.
İnsan yazı masası arxasında bəzən öz
iç dünyasını ilk dəfə tanıyır.
Kağızla tək qalanda insan sanki öz ruhu ilə söhbət
edir. Buna görə dünyada terapiyanın bir forması da
emosional yazı terapiyasıdır.
İnsan içində yığılıb
qalmış duyğunu yazanda ona sahib çıxır və
ondan azad olur. Bu proses təkcə cildi-cild romanlara, ya da bədii
ədəbiyyata aid deyil, hətta sadə gündəlik
yazmaqla belə baş verə bilər.
Yazmaq ağrını kağıza köçürməkdir.
Kağıza tökdüyümüz ağrı ürəyimizi
rahat buraxır, bizim üçün ruhumuzu sıxan dərddən
daha çox, gözümüzün önündə
"işləyəcəyimiz bir obyektə" çevrilir
və biz onu daha rahat dərk edirik.
Tarix boyunca böyük yazıçıların
çoxu məhz öz ağrılarını yazaraq
sağaldıblar: Dostoyevski, Heminquey, Vircinia Vulf, Kafka, Cavid, Cəlil
Məmmədquluzadə, Anar, Elçin... Hər birinin
yazısında bir kədər kölgəsi var, amma məhz o
kədər onların sənətinə dərinlik, əsərlərinə
unudulmazlıq verib.
Məncə, dünyanın ən böyük problemi
heç də iqtisadi və siyasi deyil. Ən böyük
problemimiz empatiya çatışmazlığıdır.
İnsan bəzən başqasını anlamır, onun
yaşadıqlarını hiss etmir, onun dərdinə uzaqdan
baxmaqla kifayətlənir. Məhz bu uzaqlıq, hiss edə bilməmək
cəmiyyətləri, ailələri, insan münasibətlərini
dağıdır. Mütaliə isə empatiyanı gücləndirir.
Oxuyan insan başqasının ağrısını hiss edir,
başqasının sevincinə şərik olur, onun taleyini
anlamağa çalışır. Bunun özü insanın
xarakterinə birbaşa təsir göstərir və onu daha
anlayışlı, empatiya duyğusu inkişaf etmiş bir
insana çevirir.
Empatiyası güclü olan cəmiyyət daha
sağlamdır. Empatiyası güclü olan insan daha xoşbəxtdir.
Ədəbiyyat yalnız şəxsi yaraları
sağaltmır, o, cəmiyyətin mənəvi yüksəlişinin
əsas şərtidir. Mədəniyyətin başlıca
dayağı söz və düşüncədir. Söz zəifləyəndə
cəmiyyət zəifləyir, insan kobudlaşır,
münasibətlər sərtləşir. Düşüncə
korşalanda insan həyatın mənasını itirir.
Amma ədəbiyyat sözün gücü ilə
insanı yenidən öz köklərinə qaytarır, dəyərləri
xatırladır, həyatın mənasının daha dərinlərdə
olduğunu göstərir. Buna görə inkişaf etmiş
bütün cəmiyyətlərin mərkəzində
mütləq güclü ədəbiyyat durur.
Oxuyan cəmiyyət soruşur, düşünür,
müqayisə edir, susmur, özünü yeniləyir. Axı
susmaq ən böyük yara, ən sağalmaz xəstəlikdir.
Ona görə sözün olduğu yerdə həyat var.
Son illər dünyada "biblioterapiya" deyilən
kitabla müalicə üsulu güclənməkdədir.
İnsanlar həyatın xaosundan çıxmaq
üçün yenidən kitab mağazalarına üz tutur.
Bu geridönüşdə poeziya kitabları ən çox
satılan janrlardan birinə çevrilir. Hər yerdə
yazı kursları, poeziya festivalları keçirilir, ədəbi
görüşlərə maraq artır. Çünki insanlar
içlərini sağaltmağa yol axtarırlar və ən təmiz
yolun məhz söz olduğunu anlamağa başlayıblar.
Biz də, bir xalq kimi, savaşdan, itkilərdən,
ayrılıqlardan, böhranlardan keçdikcə daha çox
sözə sarıldıq. Poeziyadakı vətən
ağrısı, hekayələrdəki taleyin acı döngələri,
esselərdəki insanın daxili mübarizəsi
özümüzə qayıtmaq ehtiyacının nəticəsidir.
Anlamalıyıq ki, insan ən çox özündən uzaq
düşəndə yorulur. Ədəbiyyat bizi
özümüzə qaytaran körpüdür.
Bu yerdə bir sual doğur: niyə söz hələ
də bu qədər güclüdür? Cavab isə yenə də
çox sadədir: çünki insan dəyişmir.
Texnologiya dəyişir, dövr dəyişir, həyat tempi dəyişir,
amma insan ruhunun eşidilmək, başa düşülmək,
sakitləşmək, güclənmək, sağalmaq kimi ehtiyacları
dəyişmir. Ədəbiyyat bütün bunları
özü içində daşıyan yeganə qüvvədir.
Söz bəzən həkim kimi yaralarımıza məlhəm,
sarğı qoyur. Bəzən psixoloq kimi bizi dinləyir. Bəzən
dost kimi qucaqlayır. Bəzən ana kimi təsəlli verir.
Biz həyat boyu davam edən yaralanmalarımızı
elə sözlərlə sağaldırıq. Bu da ən
böyük həqiqətdir ki, nə qədər sərt
zamanlardan keçsək də, insan övladı sözə
sığınmaqdan vaz keçmir. Çünki ən
böyük həqiqət budur: İnsanı insan edən elə
sözdür. İnsanı sağaldan da yenə o sözün
özüdür.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 15 noyabr (№208).- S.16