Əli
İldırımoğlunun özünə bənzəyən
qəhrəmanları
Əlinə qələm alan, hər kəs ilk növbədə
özünü yazır. Formalaşan duyğular, mənəviyyat
meyarları, dəyişən və dəyişməyən
norma və qaydalar, kabus tək insanı izləyən
ömür yazıları, ya qorxudan, ya sevincdən, ya tərəddüddən
qaynaqlanan, ya da çarəsizlikdən doğan insan taleləri,
bir-birinə zidd, ziddiyyətdə bir-birini tamamlayan
yaşantılar qələm əhlinin öz həyatından
nəşət tapan keyfiyyətlərdir. Yazıçı
bu keyfiyyətləri, başqa sözlə,
yaşadığı ömrü dərindən
saf-çürük edir, qəhrəmanlarının
simasında insanı duyğulara çevirir. Əli
İldırımoğlu həmişə
yaşadığı həyatı, tanıdığı
insanların düşüncə və
davranışlarını, qəlbində daim gəzdirdiyi
munis duyğuları qələmə almışdır. Bu mənəvi,
əxlaqi və estetik keyfiyyətlər onun özünə bənzəyən,
öz xarakter və mənliyini yaşadan qəhrəmanların
simasında reallaşmış və qələmin
gücü ilə həm ürək, həm ruh, həm iradə,
həm də istək formalaşdırıb
yaşatmışdır. Bununla da ədib öz
dünyabaxışını sərgiləmiş və ən
əsası daim sadiq qaldığı milli-mənəvi
özünüdərk ideyalarını
reallaşdırmışdır.
Əli İldırımoğlunun
yaradıcılığı müstəqillik dövrü ədəbiyyatı
kontekstində xüsusi yerə və rola malikdir. Bu yerin və
rolun öyrənilməsi, Ə.İldırımoğlu
yardıcılığında milli-mənəvi
özünüdərk ideyalarının poetik təzahür səviyyələrinin
tədqiqi müasir Azərbaycan ədəbiyyatında yad meyllərin,
antimilli, kosmopolit ideyaların gücləndiyi hazırkı
şəraitdə milli-mənəvi dəyərlərimizə
müxtəlif "izmlər" adları altında təşkil
olunan ədəbi-ideoloji hücumların
qarşısının alınması baxımından da
böyük aktuallıq kəsb edir. Milli kimlik yalnız onu
minillər boyunca ayaqda saxlayan, ölməyə qoymayan
özünüdərk ideyaları ilə diri qala bilər.
Ədəbiyyatımız bu dəyərləri özündə
parlaq şəkildə təcəssüm etdirən imzalar və
ədəbi mətnlərlə zəngindir.
Yaradıcılığında milli-mənəvi
özünüdərk ideyalarının qırmızı xətlə
keçdiyi Ə.İldırımoğlunun əsərləri
bu kontekstdə böyük əhəmiyyətə malikdir.
İndiyədək ədibin həyat və
yaradıcılıq yolu ilə əlaqədar geniş səpkili
tədqiqat işləri aparılmış, elmi-nəzəri
fikirlər söylənmiş, məqalə və resenziyalar
yazılmışdır. Ayrı-ayrı dövrlərdə
Mirzə İbrahimov, Qulu Xəlilov, Cəmil Əlibəyov,
Nizami Cəfərov, Rafael Hüseynov, Arif Əmrahoğlu, Nizaməddin
Şəmsizadə, Qəzənfər Kazımov, Qurban
Bayramov, Əhəd Muxtar, Gəray Fəzli, Əbülfəz
Naxçıvanlı, Ramiz Rövşən, Əfqan, Vaqif
Yusifli, Səadət İldırımzadə, Bəsti Əlibəyli,
Ağacəfər Həsənli, Ziyəddin Sultanov, Nizaməddin
Mustafa və başqaları Əli İldırımoğlunun
zəngin, çoxcəhətli əsərləri ilə
bağlı düşüncələrini elmi kitab və məqalələr
vasitəsilə ifadə etmişlər.
Bu tədqiqatlar içərisində Rafael
Hüseynovun "Savabın cavabı", Qurban Bayramovun
"Əli İldırımoğlunun yaradıcılıq
yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi",
Bəsti Əlibəylinin "Durna
çırağı", Vaqif Yusiflinin "Əli
İldırımoğlu: romanlar, qəhrəmanlar" kitab və
monoqrafiyaları geniş şərhə malik dərin məzmunlu
və əhatəlidir.
Əli İldırımoğlu bir yazıçı
kimi XX və XXI əsr epoxalarının içindən
keçmiş ədəbi şəxsiyyətdir. Cəmiyyətdəki
ictimai mövqeyi, jurnalistlik fəaliyyəti ona xüsusilə
XX əsr sovet reallığının bütün mahiyyətini
dərk etməyə imkan vermişdir. Müstəqillik
epoxasına gələn dövrü və həmin
epoxanının özünü canlı şəkildə
yaşamış ədibin yaradıcılığında
bütün bu tarixi dövrlər öz poetik obrazı ilə
iştirak edir. Yazıçının əsərlərində
tarixi gerçəklik, onun epoxal mahiyyəti bədii
reallığa sublimasiya olunur, yəni mahiyyəti saxlamaqla yeni
forma kəsb edir. Bu cəhət özünü milli-mənəvi
özünüdərk ideyalarının bədii təcəssümündə,
xüsusən, büruzə verir.
İnsanın həyat və yaşam uğrunda
mübarizəsi, onun bu yolda nümayiş etdirdiyi mərdlik,
dönməzlik, cəsarət, qorxmazlıq və bu kimi keyfiyyətlər
onun əsərlərində həmişə qəhrəmanın
mənəvi-psixoloji mükəmməlliyi kimi önə
çəkilib. Onun yaratdığı psixoloji cəhətdən
güclü, mənən zəngin insanlar (başqa sözlə,
azərbaycanlı tipi) mübarizliyi və qətiyyətilə
həyatda son anda qələbə qazanmış olurlar. Eləcə,
fundamental milli, mənəvi-sosial dəyərləri də
öz şəxsiyyətində onlar yaşadırlar.
Müdriklər deyir ki, insanın insandan gücü yox, iradəsi
artıq olur. Məhz insanı da bu iradə, təpər, daha
doğrusu, psixoloji dözümü qələbəyə
aparır. Biz məşhur, sanballı, bədii cəhətdən
mükəmməl əsərlərin, hətta əfsanələrin,
dastanların, mif və nağılların qəhrəmanlarını
da belə görmüşük. İnsanın bir şəxsiyyət
kimi formalaşmasının əsasında da daxili dəyanət,
dözüm, iradə və digər ciddi psixoloji amillər
dayanır. İnsanı güclü edən də bu eleksirdir,
bu mənəvi cövhərdir. Əli
İldırımoğlunun qəhrəmanları da bu keyfiyyətlərdən
xali deyildir. Psixoloji cəhətdən yenilməz və səbatlı
olan bu insanlar öz "mən"ləri, həm də cəmiyyət,
mənsub olduqları xalq və millət qarşısında
özlərini daim məsuliyyətli hiss edirlər. Onları
sonadək mübariz əhval-ruhiyyədə, döyüşkən
ovqatda saxlayan bu ruhi müvazinət, psixoloji dözüm və
şəxsiyyətinə, ləyaqətinə hörmət,
doğma xalqının dəyişməz-pozulmaz mənəvi dəyərlərinə,
adət-ənənəsinə ehtiramdır.
Həyatın diktə etdiyi birgəyaşayış
formaları, ictimai qaydalar, milli kimliyimizi təyin edən
normalar və nümunəvi əxlaq kodeksləri insanları həm
də ədalətli olmağa, həyatda sosial-ədalət
prinsiplərini pozmamağa çağırır. Bu, bədii
ədəbiyyatın da təməl mövzularından biridir.
Ə.İldırımoğlu
yaradıcılığının ideya və məzmun məsələlərindən
danışanda bu bədii postulat, heç şübhəsiz,
önə çəkilməlidir. Çünki onun əsərlərinin
əsas bədii mayasından, başlıca özülündən
biri sosial ədalət uğrunda mibarizədir. Onun
bütün qəhrəmanları nümayiş etdirdiyi istənilən
mövqedən bu məsələni öz həyat amalına
çevirirlər. Nazim İlham, Höcət Cahangir,
İldırım kişi, Əmrah yüzbaşı və bu
kimi insanlar ədalət uğrunda vuruşan dönməz
mücahidlərdir.
Yazıçının ədəbi dünyası
doğma həyat materiallarından yaranır. Ədibin qəhrəmanlarının
hər biri ağır, məşəqqətli, lakin namuslu bir
həyat hekayəti yaşayır. Onun qələmə
aldığı həyat, sanki hər cür əyləncədən,
zövqdən, istirahət və rahatlıqdan uzaqdır.
Yazıçının qəhrəmanları, sanki həyata əzab
çəkmək, zəhmət təri axıtmaq,
dünyanın yükünü öz çiyinlərində
daşımaq üçün gəlmişlər. Məsələ
burasındadır ki, mənəviyyat, əxlaq,
özünüdərk də bu zəhmət yüklü həyat
dastanındadır. İnsanın ən böyük tərbiyəçisi
və müəllimi də zəhmətdir. Əli
İldırımoğlu qəhrəmanlarının milli-mənəvi
özünüdərki də bu zəhmət ünvanlı qəhrəmanlıq
dastanlarındadır. Onun əsərlərində
özündənrazı, boşboğaz, tüfeyli,
başqalarına xor baxan, əliəyri, rüşvətxor
insanların obrazı da kifayət qədərdir. Amma
yazıçı idealı həyatda zəhmətlə
yaşayan, əzab çəkən, çırpınan,
döyüşən, insanlığın aydın sabahı
naminə mübarizə aparan insanlardır. Müəllif
xalqımızın ən müsbət mental dəyərlərini, milli-mənəvi
keyfiyyətlərini belə qəhrəman, özgələri
üçün çalışıb-vuruşan alturist
insanların simasında reallaşdırmışdır.
Ə.İldırımoğlunun əsərlərində
ədəbi anlamda humanizm və azadlığın mənası
xalqın əvəzsiz xəzinəsi olan dəyərlərə
sahib çıxmaq, insanın əsas hüquqlarına təminat
vermək, mövcud cəmiyyətdə ədalət
hüdudları daxilində zəif insanları müdafiə
etmək, milli ictimai dəyərlər əsasında şəxsiyyətə,
özünüdərkə, özünütəsdiqə və
özünürellaşdırmaya imkan yaratmaqdır. Heç
bir mübaliğəyə yol vermədən
Ə.İldırımoğlunun əsərləri ilə cəmiyyətə
bu sahədə böyük ximətlər göstərə
bildiyini vurğulamaq olar. O, yazır: "Cahangir
üçatılana baxanda xəyalı çox uzaqlara getdi və
özü ilə danışırmış kimi: "Kim
bilir, bu silah neçə əldən-ələ keçib?!
Kimləri qanına qəltan eləyib?! Şükür kərəminə,
ilahi! Necə oldu ki, bu şeytan əməlini yaratdın?! Bax,
bu düsər də, lom da, külüng də,
üçatılan da hamısı dəmirdəndir. Biri ilə
arx çəkilir, yol salınır, ev tikilir, torpaq becərilir,
ruzi qazanılır... Biri də ki, qan tökür..."
Bu sadə, təbii, real və ibrətamiz ifadələrin
alt qatında dərin fəlsəfi məna, müdrik hikmət
və böyük humanizm yatır. Dünyəvi fəlsəfə
bütövlükdə insanların
dünyagörüşü, özünüdərk və
özünüifadəsindədir. Höcət Cahangirin bu sadə
kəndçi düşüncələrində, əslində
vəsfə gəlməyən dərin fəlsəfi hikmətlər
var.
Ə.İldırımoğlu da öz humanist
düşüncələri, əsərlərində sərgilədiyi
humanizmlə ləbələb səhnələrlə bu məktəbə
daxildir. Bu xüsusiyyətlər xalqımızın
ayrılmaz mənəvi sifətidir.
Ə.İldırımoğlunun əsərlərində də
məhz xalqdan gələn bu nəcib keyfiyyətlər onun qəhrəmanlarının
simasında təzahür edir. Belə əsərlərdən
biri də "Daş yağan gün" romanıdır.
Əsərdə diqqət çəkən hər şey
humanizm və əxlaq prinsiplərinə tabe etdirilib və
yazıçı himayəsinə sığınıb.
Romanda Nəcəfin həyatı fonunda insan əzablarının
son həddinin şahidi oluruq. Lakin insan-Nəcəf tabe olmur,
öz həyatını, öz taleyini dəyişmək səviyyəsində
belə, özündə güc taparaq sonadək mübarizə
aparır. Bu mübarizədə ətrafdakı xeyirxah
insanlara, ona qayğı göstərən
həmvətənlərinə, dostlarına,
yoldaşlarına güvənir. Bu güvənc ona həm bir
insan kimi formalaşmaqda, yaşamaq uğrunda
çarpışmalarda kifayət qədər güc verir, həm
də onu gələcək mübarizələrə
hazırlayır.
Ədibin nəsrində qadına münasibət son dərəcə
incə, zərif və humanist müstəvidə qərarlaşır.
Yazıçı üçün qadın dünyanın
düzənini yaşadan bəşəri varlıq və evin,
yurdun ocaq qalayanı, od qoruyanı, müqəddəs
insandır. Onun üçün qadının ləyaqəti,
isməti, abır-həyası, namusu hər şey deməkdir.
Onun qadın obrazları ləyaqəti, dəyanəti, namus və
sədaqəti ilə diqqət çəkəndir, nəinki
bər-bəzəyi, zahiri illüziyasıyla. Əsərlərində
rastlaşdığımız nənələri Gövhər,
Fatma, igidlikdə ad-san çıxarmış "Kişi
Tavat" (yaxud "Xəncərli Tavat"), Rəziyyə, Bəsirə
və başqa yaddaqalan qadın obrazları milli kimliyimizi
yaşadan, örnək olan, özünüdərk
üçün kifayət qədər estetik mahiyyət
daşıyan insanlardır. Qənirə də onun sevə-sevə
yaratdığı, yazıçı fəhmi və
zövqüylə kamala yetirdiyi təmiz, bakirə, namuslu
qadın obrazlarındandır. Əsər boyu
yazıçı bu zahirən də, daxilən də, simaca
da, əxlaqca da gözəl və namuslu qadının
keşiyində ayıq-sayıq dayanır. Və bu obrazın
namusunu, əxlaqını, təmiz adını qorumaq
üçün onu Dəvəbatanın vahimə dolu
köpüklü burulğanına qərq edir. Bu,
yazıçı idealının, əqidəsinin estetik təntənəsidir.
Bu amansız yazıçı hökmü, əslində, mənəvi
özünüdərkin, əxlaqi saflığın təsdiqidir.
Ədibin hekayələrində, povestlərində,
iri həcmli romanlarında - "Həmin adam", "Zorən
jurnalist", "Mənim rəncbər atam",
"Qarlı gecələr", "Aqibət",
"Közərən sətirlər", "Daş
yağan gün", "Əmrahsız qalan dağlar" və
sair əsərlərində cəmiyyətdə ədalət
uğrunda mübarizənin ayrı-ayrı bədii
çalarlarıyla rastlaşır, bu ideyanın təntənəsi
naminə müəllifin həm özü, öz daxili aləmi,
həm də cəmiyyətlə qovğaya
çıxdığına şahidlik edirik. Cəmiyyətdə
sosial ədalət uğrunda döyüş, başqa sözlə,
kamil insan, xalqını, millətini
sevən, öz ağıl və bacarığını,
şüurlu həyatını vətənin gələcəyinə,
inkişafına, qorunmasına həsr edən nəcib, mərd,
ləyaqətli vətəndaş uğrunda mübarizədir.
Onun bütün əsərlərində bu ideya - insanlıq,
halallıq, mərdlik, ədalət qabarıqdır.
"Zorən jurnalist" romanında hər birinin
ömür yolu, xarakteri, həyat hekayəti olan zəngin surətlər
silsiləsi vardır. Bu insanların işığında
müəllif özünün ədəbi məramına və
həyat idealına güzgü tutur. Onlar xaraktercə
qütbləşsələr də, son anda bir mövqedə,
yazıçı idealının bəyanı nöqtəsində
birləşir, yazıçı məqsədinə xidmət
edir. Əsərdə bu obrazların öz mövqeyi, sosial
yükü vardır. Müəllif idealının
reallaşmasında, vətəndaş formulunun
açılmasında, ədalət, humanizm, məhəbbət
və demokratik azadlıqlar sisteminin reallaşmasında həmin
adamlar sosial funksiya daşıyırlar. Bu obrazların bəzilərinin
həyat hekayətləri haqqındakı hekayətlər əsər
daxilində əsəri xatırladır.
Öz bitkin süjeti, məna yükü, ideya və məzmunu
ilə seçilən bu parçaları müstəqil əsər
kimi də almaq olar. Lakin onlar romanın ümumi ideyası və
bədii harmoniyasına o qədər
qaynayıb-qarışır ki, bunlarsız romanı təsəvvür
etmək olmur. Qaçaq Mürsəlin hadisəsi buna parlaq
misaldır. Qaçaq Mürsəl ədalətsizliyin
qurbanı olub, namus üstə qaçaq düşüb,
dağları-daşları, ucu-bucağı görünməyən
meşələri məskən seçib. Lakin özü
demişkən, azadlığını itirsə də, sifətini,
kişiliyini itirməyib, ədalətsizliyin qurbanına
çevrilsə də, özü ədalətsiz əmələ
yol verməyib. Onun Mənzərə dediyi bir kəlmə
söz ən ali mənəvi-əxlaqi
bütövlükdür, insani dəyərlərin tərcümanıdır.
"Qaçaq Mənzərin ayırıb kənara qoyduğu
şeyləri diqqətlə nəzərdən keçirib
üzünü ona tutdu:
- Qızım, - dedi. - Nəyin var, hamısını
götür. Sənin bir çöpün də mənə
lazım deyil. Necə olsa, müsəlmanıq. Bu dünyada
qadın qarət eləyib, o dünyaya
şüğlüzümmə gedə bilmərəm.
Azadlığımı itirsəm də, müsəlmançılığımı,
namusumu itirməmişəm..."
Əli İldırımoğlu təbiilik, reallıq,
obrazlılıq yaratmaq üçün baş qəhrəmanla
tipik həyat hadisələrini sıx əlaqədə və
qarşılıqlı təsvirdə verir. Qəhrəmanla həyat
hadisələri müvazi gedir. Heç bir hadisəsiz,
situasiyasız, sadəcə müəllif təqdimatında və
təsvirində İldırım kişi sadə əməyi,
namuslu həyat tərzi, haqq-ədalət mücəssəməsi
olmasıyla dolğun və informatikdir. Hadisələrin
inkişafıyla müxtəlif hal və vəziyyətlərdə,
situasiyalarda təqdim edilən İldırım kişinin təbii
obrazı müəllif remarkalarını, əsərdəki
lirik ricətləri tamamlayır. İldırım kişinin
açılan kodları onu ədalət mücəssəməsi
kimi səciyyələndirməyə əsas verir. Bu adam
haqqı nahaqqa vermir, nəyinsə xətrinə yalan
danışmır, mövqeyindən, həyat amalından
heç vaxt dönmür. Onunçün yaxın-uzaq,
qohum-yad anlayışı yoxdur. Onunçün meyar
düzlük, doğruluq, halallıq və ədalətdir.
Axı, Əli İldırımoğlu özü də
xaraktercə belə olub.
Ümumiyyətlə götürdükdə, onun
yaratdığı obrazları özü kimi ədalət
uğrunda sonadək mübarizədə görürük.
Professor Əliheydər Həşimovun mülahizələri
bu mənada çox maraqlıdır: "Əli
İldırımoğlu özünün ədəbiyyata gətirdiyi
müsbət obrazların - rəftar və
davranışında təmkinini saxlayan, ələm, kədər
və ağır günlərdə heç vaxt
sarsılmayan, bayağı şöhrətə aludə
olmayan, ədalət uğrunda mübarizə aparmaqdan
yorulmayan, sevimli ədəbi qəhrəmanlarının real
prototipi, canlı nümunəsidir".
Şəxsiyyətin formalaşmasında və
inkişafında insanın mənəviyyatı və
özünüdərki müxtəlif formalarda üzə
çıxır. Onun tərkibinə elmi həqiqəti ifadə
edən nəzəri müddəalardan tutmuş əxlaqi
normalar, estetik dəyərlər, bədii zövq, ictimai rəy
və s. daxildir. Xalqın mənən zənginləşməsinə
tarixi inkişafın insanlar tərəfindən qəbul
olunmuş məqsədi kimi də qoymət vermək olar. Belədə
azadlıq, sosial bərabərlik, ədalət, humanizm,
demokratiya, ümumbəşəri xarakter daşıyan digər
ideallar ümumi mədəniyyət sistemində daha dəqiq
oturuşur və ümumən cəmiyyətin,
ayrılıqda isə şəxsiyyətin
mənəvi zənginliyində özünü büruzə
verir.
"Zorən jurnalist" əsərində saf, təmiz,
əxlaqlı və mənəviyyatlı insan uğrunda
aparılan mücadilələri əks etdirən ibrətamiz
səhnələr, həm də
bədii mükəmməlliyi ilə yadda qalır.
Əsərin qəhrəmanı Nazim İlham çətin
sınaqlardan, həyatın keşməkeşli
dolaylarından, ziqzaqlardan keçə-keçə obraz kimi
dolğunlaşır. Bu şəxsiyyəti yetişdirmək,
cəmiyyətin kamil bir nümayəndəsi kimi
formalaşdırmaq üçün yazıçı
bütün məqbul bədii fəndlərdən istifadə
etmiş, ən əsası isə onu mənəviyyat və əxlaqi
cəhətdən zənginləşdirmişdir. Burada Nazim
İlhamın düşüncələri, onun ictimai ədalətsizliyə
qarşı daxili üsyanı, barışmazlığı,
əslində insanın mənəvi özünüdərk
müstəvisindəki cabalarıdır. İnsan, beləcə
formalaşır, döyüşə-döyüşə,
mübarizə apara-apara şəxsiyyət mərtəbəsinə
ucalır.
Yazıçının "Mənim rəncbər
atam" romanında təqdim etdiyi İldırım kişi
obrazı da şəxsiyyətyaratma prosesində müəllifin
yeni uğuru sayıla bilər.
Ə.İldırımoğlu əzəli-əbədi
torpaqlarımızın itirilməsilə bağlı daim bir
nigarançılıq yaşayır, bunları əsərlərində
də əks etdirir. Torpaqlarımız düşmən əsarətindədir
və erməni vandalları o yerlərə qəddarcasına
divan tutur. Belə məkanlarımızdan
biri də müəllifin ana
yurdu Qubadlıdır. Oralarda təbiət də təbiilikdən
çıxıb. Erməni vandallarının amansız fəaliyyəti
nəticəsində təkcə ev-eşiyimiz
dağılmayıb, insanlarımız qırılmayıb,
çaylarımız, göllərimiz, bulaqlarımız da
ekoloji tarazlığını itirib. Bəli, müqəddəs
torpaqlarımız sahibsiz qalıb, insanla təbiət
arasındakı harmoniya pozulub. Yazıçı daim, xəyalən
o yerlərdədir, içindəki zaman içində
yaşatdığı o guşələrə məlhəm
axtarır və tapır! Xəyalən o yerlərə səyahət
edir: "Sahildəki qara daşın üstünə
çıxıb çaya göz yaşı axıtdım.
Çay ağlayanını, axtaranını
tapıbmış kimi dirçəldi, çalxalandı,
qıvrıldı, ilıq dalğaları əl-ayağımı
yaladı, şahə qalxıb yanaqlarımda gilələnən
göz yaşımı yudu. Axı doğmasını, istəyənini,
sevənini, pasibanını tapmışdı…"
El-obasına, doğma vətəninə bütün
varlığıyla bağlı olan yazıçı Azərbaycan
təbiətini çox sevir, onun dilini yaxşı bilir.
Əsərlərində özünün də, yaratdığı
obrazların da təbiətlə təbiət dilində həsb-halı
Ə.İldırımoğlu dilinin kodlaşmış yeni
bir üslub təzahürüdür. O, təbiətlə
tabuyla, qadağalar diliylə danışır. Bütün əsərlərində
o simvola, rəmzə çevirdiyi təbiətə, canlı ətraf
mühitə müdaxiləni hamı üçün, hətta
özü üçün də qadağan edə bilir. Onun əsərlərində
təbiətlə söhbət etmək, öz qapalı
dünyasında bu dilsiz-ağızsız, lakin dil bilən,
gülə bilən, kədərlənə bilən, həssas
qəlbli yazıçıyla öz dərd-sərini,
giley-güzarını bölüşə bilən
varlıqların xüsusi yeri və mizanı var. Əli
İldırımoğlu yaradıcılığında təbiətə
müraciət, təbiətlə söhbətlər, son anda
insanın içinə, daxilinə yönəlir, onu
özünü dərk etməyə səsləyir. Təbiət
yazıçı üçün ən etibarlı mənəvi
- əxlaqi mənbə, özünüdərk
ünvanlarından biridir. Bu, onun "Arğalısı itən
dağlar" essesindəndir: "Bəzən dəymədüşərliyi,
inciməyi, küsməyi də olurdu bu əzəmətli
dağın. Bir axşamçağı işdən evə
qayıdanda boz dumana büründü. Məndən üz
döndərirmiş kimi görünməz oldu. Diqqətimi cəmləşdirib
nə qədər vərəvurd elədim, qara hicabını
qaldırıb mənnən kəlmə kəsmədi.
Heç səbəbini də açıb-ağartmadı,
Şah dağı".
Zaman keçdikcə Əli
İldırımoğlunun bir yazıçı, publisist və
vətəndaş kimi siması daha aydın, daha əzəmətlə
boy göstərir. İllər onu bizdən ayırdıqca
yazıçının qəlblərdə yaşayan
obrazı daha da mükəmməlləşir. Bu, həm də
onun yaratdığı obrazların günü-gündən
daha canlı və real iradi gücə çevrilməsilə
bağlıdır. Hər həyat hadisəsində, hər
insan fəaliyyətində yazıçı təzədən
doğulur, müasirimizə çevrilir.
Loğman RƏŞİDZADƏ
yazıçı-publisist
525-ci qəzet .-2025.- 15 noyabr (¹208).- S.14;15.