Üzeyir Hacıbəyovun, yoxsa Kamal
Abdullanın "Əsgər"i?
"Gülçöhrə
və Əsgər"in məşqindən reportaj
Xalq yazıçısı Kamal
Abdullanın "Gülçöhrə və Əsgər"
pyesi əsasında Əsgər Əsgərovun quruluş
verdiyi eyniadlı tamaşanın məşqindən
reportajını təqdim edir.
Noyabr yağışları samuray kimi hücum çəkir
adamın üstünə. Nəhayət, “katana”lardan
yayınıb Musiqili Teatrın binasının qabağına
çatıram:
- Binanın arxasına keç, ordakı qapıdan
içəri gir.
Bir varlığın xüsusiyyətləri onun mahiyyətinin
bir hissəsidir... - Alessandro Açillinidən aforizmlərMəşhur
qrupun üzvü vəfat etdi
İntiqam - Qılman İlkinin hekayəsi
Rejissor Əsgər Əsgərovun izahında
qapını tapıb içəri girirəm.
Qapıdakı nəzarətçi məni məşq
salonuna aparır. Qapını açıb qabaq sıralardan
birində əyləşirəm. Salonda Əsgər bəy və
bir neçə adamdan başqa heç kim yoxdur.
Səhnədə sükut elə bil nəfəs
alır.
Zalda tək-tük işıq yanır.
Səhnənin ortasında yarıaçıq bir pərdə,
səssizcə tərpənən dekorun kölgəsi və
astadan salona dolan musiqi…
Musiqinin ecazında rejissor Əsgər Əsgərovun
səsi gəlir:
- Tək gəlmisiniz?
- Bəli.
Zarafatyana:
- Baxın, görün bəyənirsiniz.
***
Zal susur. O sükutun içində
pıçıltılar eşidilir. Məşqə
hazırlıq gedir.
Üzeyir bəyin Əsgəri artıq bura
sığmır. Kamal Abdullanın pyesində o, müharibədən,
ideologiyadan, cəzanın və unutmağın sərhədindən
keçib gəlir.
O, indi yalnız bir sevgi qəhrəmanı deyil, həm
də yaddaşının içində ilişib qalan bir
xalqın obrazıdır.
Kamal Abdullanın cümlələri, misraları sanki
səhnədə nəfəs alır. Üzeyir bəyin
musiqisi elə bil uzaqdan, dənizin o tayından gəlir. Onun
notları bu dəfə xoşbəxt sonluğu yox, bir
xalqın qırılmış yaddaşını
daşıyır.
Məşq zalında hava ağırdır. Kiminsə
cibindəki saat yavaş-yavaş “döyünür”. Vaxt
özü də səhnənin ritminə tabe olur.
***
Üzeyir bəyin “Arşın mal alan”ında həyat
qədər sadə və parlaq olan süjet - sevgi,
gülüş, təmtəraqlı toy - bu pyesdə sükutun,
itkinliyin və xatirələrin dərinliyinə “enir”.
Əslində, Kamal Abdulla Əsgəri səhnədən yox,
yaddaşın ilğımından danışdırır.
O, bir xalqın kollektiv şüurunda donub
qalmış melodiyanı oyadır. İndi o melodiya sevincin
yox, itmiş zamanın musiqisidir.
***
Rejissor Əsgər Əsgərov çox incə,
sanki şair dəqiqliyi ilə tutub: onun üçün səhnə
təkcə hadisələrin cərəyan etdiyi yer deyil,
zamanın toqquşduğu məkandır.
Bu tamaşada hər şey ikiqatlıdır:
işıq ümid və dondurucu soyuq, musiqi həyat və
ölümün səsi, dialoq isə sevgi və etirafdır.
Kamal Abdulla bu ikiqatlığı dilin içində
qurur.
Hər səhnədə Üzeyir bəyin musiqiləri
gəlir qulaqlarıma…
Telefonda ara-sıra pyesin yazılı versiyasına nəzər
salıram. İlk dəfədir ki, bir tamaşaya belə
baxıram. Açığı, xoşuma gəlir.
Hansısa cümlə olduğu kimi deyilməyəndə
istəyirəm ki, ayağa qalxıb bərkdən oxuyum pyesdəki
cümləni.
Ancaq sonra telefonu söndürüb bütün diqqətimi
məşqə verirəm.
Gülçöhrə və Əsgər susanda
dünya danışır, onlar danışanda isə
dünya susur.
Bu fikir səhnədə bir növ, leytmotivə
çevrilir.
Bu, adi məhəbbət hekayəsi deyil. Kamal
Abdullanın dünyasında Gülçöhrə və
Əsgər artıq bir-birinə qovuşmayan sevgililər yox,
yaddaşla unutqanlıq arasındakı sərhəddə
qalan iki ruhdurlar.
Əsgər unudulmuş zamanın adamı
Gülçöhrə isə gözləməyin
metaforasıdır.
Bəzən aktyorlar danışmır, sadəcə
baxışlarla oynayırlar. Həmin baxışlarda
Üzeyir bəyin gülüşü, Kamal Abdullanın
sükutu var.
Bir səhnədə Gülçöhrə dəniz
kənarında dayanır. İşıq onun üzünə
düşür, amma dənizi görmürük. Yalnız səs…
“Sən məni niyə atdın, Əsgər ağa?!
Niyə bə gəlib çıxmırsan,
canım-gözüm?! Mən sənə dedim axı, tez gəl.
Nə uzun çəkdi bu ayrılıq?! Sən məni
unutdunmu? Mənim dediyim sözü unutdunmu? Niyə, Əsgər,
ağa, niyə, niyə, niyə, sevdiyim?!”
Dəniz onu çağırır, amma o, cavab verməyə
qorxur.
Səssizlik bəzən cavabdan üstündür.
"Marseldəkilər bir-birinə
qısılmış vəziyyətdə ikən hər
şey sükuta və qaranlığa bürünür.
Qaranlıq yavaş-yavaş çəkilir, gur işıq ətrafı
bürüyür..."
***
Gülçöhrə Əsgəri gözləyir. Gəlməsə
belə… Onun missiyası səbir və yaddaşdır sanki…
Səhnə bu dəfə danışmır. Heç
kim danışmır. Hər şey səssizdir. Sanki
tamaşa özü nəfəsini tutub.
Zalın dərinliyində kiminsə boğazı
quruyur, kimsə astaca öskürür, amma səslər dərhal
yox olur.
***
Məşq bitir. Salondan çıxıram. Asta
addımlarla binanın çıxışına doğru
gedirəm.
Yağış hələ də çisələyir.
Bu dəfə qaçmıram. Başımı
qaldırıb dumanlı səmaya baxıram:
Məni daha gözləmə, bu da bir işdi –
doğuldum, yaşadım dünyada.
Məni daha gözləmə –
gözləmə dünyaya gələn
gəldiyinə qayıda.
Səni mən unutmaram –
xatirən
ən naməlum dumanlara
bürünəcək.
Səni mən unutmaram –
Ana bətninə qədər
unutmadıqlarım tək.
Məni daha gözləmə,gəlib
yığılma
səni görməyən gözlərimə.
Səni mən unutmaram
Səni mən unutmaram,
Məni daha gözləmə.
Ülvi Bahadır
525-ci qəzet .-2025.- 15 noyabr (¹208).- S.11.