Müəllim əməyinin qiymətləndirilməsində
yeni mərhələ
"Ümumi təhsil haqqında" qanuna təklif
olunan dəyişikliyə əsasən, pedaqoqların əməkhaqqısının
dərs saatına deyil, iş saatına görə müəyyənləşdirilməsi
nəzərdə tutulur. Yeni yanaşma müəllim əməyinin
yalnız sinifdə keçilən dərslərlə deyil, həm
də dərsə hazırlıq, şagirdlərin qiymətləndirilməsinə,
metodik fəaliyyət və peşəkar inkişafla
bağlı sərf olunan zamanla ölçülməsinə
hesablanıb. Bu həm də müəllim peşəsinin
sosial statusunun və nüfuzunun yüksəldilməsinə
yönəlmiş addımdır. Çünki əvvəlki
sistemdə pedaqoqların gəlirləri əsasən dərs
yükündən asılı idi və bu, bir çox hallarda
real əməyin tam şəkildə dəyərləndirilməsinə
imkan vermirdi. Yeni model isə müəllim əməyini daha ədalətli
və şəffaf əsaslarla qiymətləndirməyə
şərait yaradacaq.
Təhsil eksperti Səbuhi Abdullayev deyir ki, müəllimlərə
saat hesabı ilə deyil, vəzifə maaşı
formasında əməkhaqqı verilməsi məqsədəuyğun
sayılır. Müəllimə müəyyən sayda dərs
saatı ayrılacaq və həmin saatlardan asılı
olmayaraq sabit vəzifə maaşı təyin olunacaq. Bu da
müəllimlərin maaşlarının artmasına imkan
yaradacaq. Sözügedən addımın çoxdan
atılması lazım idi, sadəcə indi bu məsələlər
üzərində ciddi düşünülür. Müəllimlər
orta məktəblərdə bir vəzifə kimi təyin
olunduqda onların maaşları da əhəmiyyətli dərəcədə
artacaq. Bilirik ki, müəllim cəmiyyətə hərtərəfli
- həm sosial, həm iqtisadi, həm də mənəvi
baxımdan təsir göstərir. Buna görə də
müəllim əməyinin daha yüksək qiymətləndirilməsinə
böyük ehtiyac var.
Təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə
görə, Azərbaycanda müəllim əməyinin qiymətləndirilməsində
yeni mərhələ başlayır. Məqsəd müəllimlərin
əməyini ədalətli və rəqabətə əsaslanan
sistemlə qiymətləndirməkdir. O bildirib ki, hazırda
bir çox müəllim yalnız dərs saatına görə
maaş alır: "Bu, onların fəaliyyətini məhdudlaşdırır
və məktəb həyatından uzaqlaşdırır. Yeni
model isə müəllimin ümumi fəaliyyətini, dərs
demək, metodik hazırlıq, layihə və tədqiqat
işlərini nəzərə alacaq. Bu, müəllim peşəsinin
nüfuzunu artıracaq və dünya təcrübəsinə
uyğun bir addımdır. Nazir bildirib ki, yeni sistem məcburi
deyil, müəllimlər seçim azadlığına malik
olacaqlar. Bu, keçid dövrünü asanlaşdıracaq və
peşəkarlığın artması üçün stimul
yaradacaq".
Ekspert qeyd edib ki, yeni modeldə yalnız sertifikasiyada
yüksək nəticə göstərən müəllimlər
iştirak edə biləcək: "Kim daha
bacarıqlıdırsa, o, daha yüksək maaş və
şərait qazanacaq. Hazırda hər dörd müəllimdən
biri cəmi 13 saat dərs deyir ki, bu da resursların səmərəsiz
istifadəsinə səbəb olur. Yeni sistemdə 18-24
saatlıq dərs yükü müəllimə sabit gəlir,
məktəblərə isə daha səmərəli
planlaşdırma imkanı yaradacaq. Bu yanaşma Finlandiya və
Estoniya kimi ölkələrin təcrübəsinə
uyğundur. Orada müəllim dərs deməklə
yanaşı, öz inkişafına və şagirdlərlə
əlavə fəaliyyətlərə də vaxt
ayırır. Düzgün tətbiq edilərsə, bu sistem
müəllimlərin motivasiyasını və sosial sabitliyini
artıracaq, təhsildə keyfiyyət dəyişikliyi
yaradacaq. Müəllimlik sadəcə iş yeri deyil, peşəkar
karyera yoluna çevriləcək".
Milli Məclisin Elm və təhsil komitəsinin
üzvü Elçin Mirzəbəylinin sözlərinə
görə, ənənəvi sistemdə müəllimlərin
əməkhaqqısı onların həftəlik dərs
yükünə, yəni sinifdə keçirdiyi saatların
sayına görə hesablanırdı: "Bu model müəllimin
məktəbdə sərf etdiyi əlavə vaxtı
şagirdlə fərdi işi, qiymətləndirmə,
valideynlərlə ünsiyyət, metodik hazırlıq, tədris
resurslarının hazırlanması və məktəbin
ictimai həyatında iştirakı kimi fəaliyyətləri
nəzərə almırdı. İş saatına əsaslanan
sistem isə müəllimlik peşəsini kompleks fəaliyyət
kimi qəbul edir. Bu modeldə müəllimin sinifdə keçirdiyi
dərs yalnız ümumi iş vaxtının bir hissəsini
təşkil edir. Digər hissə isə məktəb həyatına,
planlaşdırmaya və sosial-psixoloji işə yönəlir".
Yeni sistem əməyin real yükünə və
keyfiyyətinə uyğun dəyərləndirməni təmin
etməyə yönəlir: "Müəllimlik fəaliyyəti
çoxşaxəli və məsuliyyətli bir peşədir.
Dərsdə keçilən 45 dəqiqəlik prosesin
arxasında bəzən bir neçə saatlıq
hazırlıq dayanır. Mövcud sistemdə bu
hazırlıq prosesi əməkhaqqı ilə
ölçülmədiyindən müəllimlərin
motivasiyası azalır, iş yükü ilə gəlir arasında
müəyyən disbalans yaranır. Əməkhaqqının
iş saatına görə müəyyən edilməsi bu
disbalansı aradan qaldıra, müəllimə ədalətli
qiymət verə bilər. Bu, həmçinin, müəllim
peşəsinə marağın artmasına, kadr
axınının azalmasına, tədris keyfiyyətinin
yüksəlməsinə və ən əsası, müəllim
nüfuzunun güclənməsinə səbəb ola bilər".
Təhsil eksperti Qoşqar Məhərrəmov hesab edir
ki, indiyədək müəllimlər yalnız dedikləri dərs
saatının maaşını alırdılar. Buna görə
də bu, müəyyən məbləğlərlə
hesablanırdı. Amma indi düşünürəm ki, əgər
bir müəllim həftədə 40 saat məktəbdə
olarsa və tutaq ki, bunun da hər saatı 30 manat olaraq qiymətləndirilərsə,
deməli, həmin müəllim 1200 manat maaş alacaq. Bu
gün Azərbaycanın mövcud şəraitində 1200
manat əməkhaqqı üçün normal məbləğ
hesab olunur. Yeni sistemə keçidlə müəllimlər
repetitorluq və məktəbdə çalışmaq
arasında seçim etməli olacaqlar. Əlbəttə,
repetitorluqla bundan daha çox qazanan müəllimlər də
var. Onlar artıq seçim etməli olacaqlar: ya məktəbi,
ya da repetitorluğu seçəcəklər. Məktəbə
gəlib bir neçə saat dərs deyib, sonra repetitorluğa
qaçmaq, əlbəttə, yaxşı hal deyil. Buna görə
də düşünürəm ki, ümumilikdə bu formada
keçid məktəb sisteminə müsbət təsir
göstərəcək. Əlbəttə, məktəblərdə
şəraitin yaxşılaşdırılması, müəllimlər
üçün ofis şəraitinin yaradılması,
lazımi tədbirlərin görülməsi və məktəb
rəhbərliyinin müəllimlərin gündəlik 8
saatlıq işini düzgün təşkil etməsi bu proses
üçün çox vacib məsələlərdəndir.
Digər idarələrdə əmək müqaviləsi ilə
çalışan insanlar həftədə 40 saat işləyirlər.
Müəllimlər də eyni qaydada 40 saat işləyəcək
və bunun qarşılığında maaş alacaqlar.
Əlbəttə, 40 saatlıq iş yükü olmayan məktəblər,
bəlkə də, müəllimləri yarımştatla
işə götürəcək. O zaman onlar 20 saat işləyəcək
və buna uyğun maaş alacaqlar. Mənim hazırkı proqnozum
bundan ibarətdir".
Təhsil eksperti Ramin Nurəliyev bildirib ki, konkret bir
iş saatı olmalıdır və həmin iş saatına
uyğun əmək fəaliyyəti həyata keçirilməlidir.
Necə ki, digər sahələrdə işə başlama və
bitmə saatı mövcuddur, eyni qayda ilə təhsil müəssisələrində
də olmalıdır. Yəni müəllim sadəcə dərsini
deyib, çıxıb getməməlidir. Təbii ki, bununla
yanaşı, əməkhaqqı da
artırılmalıdır. Bu
proses beynəlxalq təcrübədə də belədir. Məsələn,
Türkiyədə müəyyən iş rejimləri var:
müəllimin 20 saat dərsi varsa, əməkhaqqısı
da ona uyğun ödənilir. Bizdə də bu tətbiq edilə
bilər. Təbii ki, təhsilin inkişafı istiqamətində
atılan müsbət addımdır: "Bu tətbiqin
mühüm üstünlüyü var. Tutaq ki, iki Azərbaycan
dili müəllimindən birinin səhhətində problem
yaranıb və dərs keçə bilmir. Bu halda həmin
müəllimin boş dərsinə niyə başqa fənn
müəllimi girməlidir? Bəlkə həmin müəllimin
öz dərsi olub və çıxıb gedib. Bu halda dərs
boşmu qalmalıdır? Bir var tarix dərsini idman müəllimi
keçsin, yaxud laborant dərsə daxil olsun; bir də var həmin
fənnin müəllimi gəlib dərsi keçsin. Bu, daha
doğru olmazmı? Ona görə də düşünürəm
ki, bu metod daha səmərəlidir. İnkişaf etmiş
ölkələrin təhsil sisteminə baxsaq görərik
ki, müəllimin konkret olaraq dərs saatına gəlib-getməsi
praktikası yoxdur. Müəllimin müəyyən edilmiş
iş günü var. Məsələn, müəllimin 1-ci,
2-ci və 3-cü saatı boş olsa belə, iş saatı
başladığı andan məktəbdə
olmalıdır. Sistem belə işləyir. Bizdə də bu
modelin tətbiqi vacib idi. Yəqin ki, proses bu formaya keçir.
Şəxsən mən bu modeli dəstəkləyirəm.
Əlbəttə, bu, müəyyən narazılıqlara səbəb
olacaq. Bu narazılıqları aradan qaldırmaq
üçün müəllimlərin əməkhaqları nəzərə
alınmalıdır. Əməkhaqqı kifayət qədər
yüksək olarsa, hesab edirəm ki, bu model yaxşı nəticə
verəcək. Müəllimlərin əməkhaqqısının
yaxşı olması təhsil sisteminin ümumi səviyyəsinin
də yüksəlməsinə səbəb olacaq".
Təhsil eksperti Elşən Qafarov vurğulayıb ki,
müəllimlərin maaşının dərs saatına
deyil, iş saatına uyğunlaşdırılması adi bir
təklif deyil. 2025-ci ildə bir neçə dəfə bu məsələ
qaldırılıb. Hətta elm və təhsil naziri Emin
Əmrullayev brifinqlərinin birində demişdi, nə qədər
ki, müəllimlərin iş saatı ilə əməkhaqqını
ölçməyəcəyik, problemlərimiz olacaq. Dərs
saatı azalıb-artanda isə o müəllimin taleyi ilə
bağlı addım atmaq olmur: "Demək olar, postsovet - MDB
məkanından başqa, bütün ölkələrində
müəllim ştatı var. Bəzi ölkələrdə
12, bəzilərində 14, bəzilərində isə 16 saat
müəllimin dərs saatına - ştat vahidinə daxildir.
12, 14, 16 saatdan əlavə dərs aparırsa, bu,
hal-hazırkı vəziyyətdə əlavə əməkhaqqı
alır. Amma reallıq ondan ibarətdir ki, bizdə bu iş necə
qurulacaq? Təxmini hesab etmək olar ki, 18 saat bir ştat müəyyən
oluna bilər, ştat yarım 27 saat müəyyən oluna bilər.
Yarım ştatda isə 9 saat müəyyən olunacaq.
İstənilən halda təhsil müəssisələrində
nizam-intizam qaydalarının yaradılması, müəllimlərin
iş yerlərinə olan münasibətinin dəyişməsi
üçün müsbət addımdır və
düşünürəm ki, tətbiq etsələr, orta təhsil
məktəbində iş rejiminin qurulması
üçün ciddi dəyişiklik olacaq".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 18 noyabr (№ 209).- S.15.