Milli Himnimizin dahi
yaradıcısı
Üzeyir Hacıbəylinin imzası təkcə Azərbaycan
musiqi mədəniyyətinin banisi deyil, həm də milli
dövlətçiliyin musiqi simvollarının
yaradıcısı kimi tarixə həkk olunub. 1918-ci ildə
Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından dərhal
sonra milli dövlət atributlarının - o cümlədən
Dövlət Himninin yaradılması məsələsi
gündəmə gəlmişdi. Bu vəzifə xalqın
milli ruhunu, azadlıq ideyasını və dövlətçilik
şüurunu musiqi vasitəsilə ifadə edə biləcək
bir sənətkarın üzərinə
düşürdü. Bu baxımdan, himnin bəstələnməsi
Üzeyir Hacıbəyliyə həvalə edildi.
1918-ci ildə bəstəkar Azərbaycan Xalq
Cümhuriyyətinin Himnini yazarkən xalq musiqisinin melodik
intonasiyalarına və Avropa himn janrının struktur prinsiplərinə
əsaslandı. Əsərin musiqi dili parlaq, melodik cəhətdən
yaddaqalan, ritmik baxımdan enerjili və bayram xarakterlidir. Bu himn
milli azadlıq və müstəqillik ideyasının musiqidə
ilk rəsmi təcəssümü idi və sonralar Azərbaycan
musiqi tarixində vətənpərvərlik janrının
başlanğıcı kimi dəyərləndirildi.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin
süqutundan sonra ölkə sovetləşdirildi və milli
himnin ifası qadağan olundu. Lakin Üzeyir Hacıbəyli
musiqi yaradıcılığını yeni siyasi şəraitdə
də davam etdirərək 1930-cu ildə Azərbaycan SSR-in 10
illik yubileyi münasibətilə musiqisi və sözləri
özünün olan yeni bir himn yazdı. Bu əsər ilk dəfə
1930-cu il aprelin 28-də bəstəkarın rəhbərliyi
altında səsləndirildi.
1930-cu il himni janr etibarilə kantata xarakterinə malik
idi: monumental quruluş, çoxsəsli xor fakturası, orkestr
müşayiəti və vokal-orkestr dramatizmi onun musiqi məzmununu
müəyyənləşdirirdi. Bu səbəbdən bəzi
tədqiqatçılar həmin himni "Azərbaycan
kantatası" adlandırırlar. Əsərdə Üzeyir
bəy sovet ideoloji motivlərini ifadə etsə də, musiqi
dilində milli intonasiya və melodik sabitliyi qorumuş, xalq
musiqisinin səslənmə enerjisini simvolik şəkildə
yaşatmışdı.
1944-cü ildə o, SSRİ-nin bütün İttifaq
respublikalarında yeni himnlərin hazırlanması təşəbbüsü
çərçivəsində Azərbaycan SSR-in yeni himnini
yaratdı. Bu himn rəsmən 1991-ci ilə qədər səsləndirilib.
Əsər musiqi cəhətdən daha sabit, melodik baxımdan
aydın və monumental xarakter daşıyırdı.
Ü.Hacıbəyli burada müasir çoxsəslilik və
milli melodizm arasında tarazlıq yaratmış, himni həm
ideoloji, həm də estetik baxımdan yüksək səviyyəyə
qaldırmışdı.
1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin
bərpasından sonra, 1918-ci ildə bəstələnmiş
ilk himn yenidən dövlət statusu aldı. Bu qərar təkcə
tarixi ədalətin bərpası deyil, həm də Üzeyir
Hacıbəyli irsinin növbəti milli təntənəsi və
bir daha aktuallaşdırılması kimi qəbul edilir. Beləliklə,
Üzeyir Hacıbəylinin himn yaradıcılığı
Azərbaycan xalqının milli musiqi kimliyinin, dövlətçilik
ruhunun və tarixi yaddaşının parlaq ifadəsinə
çevrildi.
Üzeyir Hacıbəylinin himn
yaradıcılığı Azərbaycan musiqi tarixində
milli-siyasi musiqi janrının formalaşmasının
başlanğıcını qoyub. O, musiqi vasitəsilə
xalqın azadlıq ideyasını və milli qürur hissini
simvolik səviyyəyə yüksəldib. Hacıbəylinin hər
üç himni - 1918-ci il Cümhuriyyət himni, 1930-cu il
"Azərbaycan SSR-in 10 illiyi" kantatası və
1944-cü il Azərbaycan SSR himni - təkcə tarixi dövrlərin
musiqi sənədi deyil, həm də Azərbaycan musiqi
kimliyinin dövlət səviyyəsində təcəssüm
formaları kimi dəyərləndirilir.
Üzeyir bəy Hacıbəylinin qələmə
aldığı Azərbaycan Respublikasının Dövlət
Himni müasir dövrdə də milli şüurun və vətənpərvərlik
duyğularının təşəkkülündə
mühüm rol oynayaraq ictimai qürur mənbəyi kimi səslənməkdədir.
Aytən BAXŞİYEVA
Musiqişünas, sənətşünaslıq
üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 18 noyabr (№ 209).- S.14.