Bu dünyadan Rəmiş
keçdi
Dünyanın ən xoşbəxt və ən bədbəxt
insanı idi Rəmiş. Niyə ən xoşbəxt və ən
bədbəxt? Darıxmayın, indi açıqlayacam.
Yazılarımda və televiziya müsahibələrimdə
Rəmiş haqqında belə bir fikir söyləmişdim:
«Rəmiş nə atadı, nə anadı, nə
bacıdı, nə qardaşdı, nə vətəndaşdı,
heç adam da deyil. Rəmiş başdan-ayağa ruhdu –
yarı mələk, yarı şeytan. Bəzən şeytan mələyi
üstələyir».
Bu da Rəmişin bərk xətrinə dəymişdi.
Amma dedim ki, Rəmiş, mən sözümün
üstündə qalıram.
Rəmiş niyə dünyanın ən xoşbəxt
adamıdı? Xoşbəxtliyi odur ki, bu insan ağlı kəsəndən
dünyanın ən azad insanı olub, heç bir çərçivəyə
sığmayıb. 250 milyon insanı çərçivədə
saxlayan Sovet hökuməti onu çərçivəyə
sala bilmədi. Necə istədi elə də
yaşadı, türk
şarkısında deyilən kimi, əgər buna yaşamaq
deyirlərsə. Nə istədi
yedi, nə istədi içdi, nə istədi onu elədi, nə
istədi onu geyindi, hətta bəzən şəhərdə
şəpitlə gəzdi. Uzun saç saxladı, mədəniyyət
naziri belə onun saçını qırxdıra bilmədi.
Konsertlərdə hamı eyni kostyum geydiyi halda Rəmiş
cinslə çıxırdı, Zeynəb xanım da xətrinə
dəymirdi. Heç kəsin qabağında əyilmədi. Təkrarolunmaz
ifaları ilə milyonların sevgisini qazandı və hamı Rəmişi necə
vardı elə qəbul elədi.
Belə bir söz var, sənin azadlığın mənim azadlığım başlayanda
qurtarır. Rəmişin azadlığı heç kimin
azadlığının başladığı yerdə
qurtarmadı. Milli musiqimiz üçün tamamilə yad bir aləti
milliləşdirdi.
Amma Rəmiş məktəb olmadı, çünki
heç özü məktəb görməmişdi. Bəlkə
də heç məktəbin nə olduğunu bilmirdi. Ağdamdakı Musiqi Texnikumunu
da alayarımçıq
oxumuşdu. Oxumuşdu deməyək, şəpitlə dərsə
gedib-gəlmişdi. Amma dövlət imtahanında necə tar
və piano ifa eləmişdisə, komissiya üzvləri durub
Rəmişi bağırlarına basmışdılar.
Rəmiş gitaranı bu millətə necə
sevdirdisə Rəmişdən sonra onlarla gənc çox
gözəl gitaraçalan oldular, xalq onları da sevdi.
Çox mahir gitara çalanlar var, amma onların heç biri
Rəmişin yolunu gedə bilmədi, çünki o yolu Allah təkcə Rəmişə
vermişdi.
Bəs, niyə Rəmiş dünyanın ən bədbəxt
insanıdı? Rəmişin bir normal lent yazısı yoxdu .
Çünki bu lent
yazıları ya toylarda, ya da xudmani məclislərdə
yazılıb. Özü də video çıxandan sonra.
Youtubeyə baxın, hamısı
1991-ci ildən sonra yazılıb. Rəmişin
çağlayan vaxtlarında – 70-90-cı illər arası
ifaları itdi-batdı. Çünki onlar köhnə
maqnitofon lentləri idi, sonra kompakt kasetdəydi, texnika
inkişaf elədi və onlar da oldu istifadəsiz. Bəlkə
də müəyyən adamların evlərində qalır.
Şəxsən məndə
iyirmidən çox Rəmişin maqnitafon lentləri
vardı. Allah erməninin tifağını
dağıtsın, şəhərimiz işğal olunanda
hamının evi kimi bizim evi də dağıtdılar,
yandırdılar, həm on beş minlik kitabxanam məhv oldu, həm də Rəmişin
lent yazıları.
Rəmişin lent yazılarını çox
axtarmışam, tapa bilməmişəm. Bilirəm ki, bircə
kamançaçalan Elman Bədəlovun oğlu Muquşda
var, ona da əlim çatmır, deyirlər Almaniyada
yaşayır.
Bircə dənə normal diski var, onu da ANS-in rəhbəri
Vahid Mustafayev və görkəmli jurnalist Mirşahin Ağayev
çətinliklə də olsa öz maliyyələri
hesabına Londonda yazdırıblar. O da az tirajla, satışa
da verməyiblər, dosta-tanışa hədiyyə ediblər.
Birini də mənə hədiyyə etmişdilər, Rəmişsevər dostlarımdan
hansısa maşınımdan
çırpışdırdı. Halal xoşu olsun.
Ona görə də Rəmişin qeybə çəkilməsindən
sonra heç bir televiziyada onun haqqında söhbət getmir,
ifaları göstərilmir.
Yalnız İctimai televiziyada
Saleh Bağırovun və
Nailə xanımın apardığı «Ötən günlər»
verilişi Rəmişə həsr olundu və xalqa Rəmişi
yenidən təqdim etdilər, sağ olsunlar. Rəmiş
dünyanın ən bədbəxt adamı ona görədir
ki, izi-tozu qalmadı. Gələcək nəsillər belə
bir dahini tanımayacaqlar, tapıb dinləyə bilməyəcəklər.
Bəs, Rəmiş haqqında povesti niyə
yazdım? Rəmiş hər görüşəndə məndən
soruşurdu:
- Qaqa, mənə söz vermişdin ki, məndən nəysə
yazırsan, nooldu?
- Darıxma, yazıram.
Amma o darıxdı, məndən də darıxdı,
dostlarından da, hamıdan darıxdı, day gözləmədi,
çıxdı getdi. Yəqin ki, cənnətə
buraxmazlar, amma cəhənnəmdə sərin bir yer
tapılar onun üçün. O, yenə dostlarını
başına yığıb,
ocaqdan oğurladığı bir taxtanın üstünə
iki sim çəkib uyudar cəhənnəmdəkiləri. Bədənləri
yansa da, ürəklərinə su səpər.
Tarixdə Paqanini adında bir skripka dahisi olub. Təbii
ki, təxminən 250 il bundan əvvəl yaşamış
Paqanininin necə ifa elədiyinin heç bir şahidi
qalmayıb, ağızdan-ağıza keçib. Deyilənlərə
və yazılanlara inanmaq məcburiyyətindəyik.
Yazırlar ki, Paqanini skripka çalanda zaldakı adamların
ürəyi gedirmiş, bağırırmışlar,
içlərinə şeytan girirmiş. Ona görə də
kilsə xadimləri onu
şeytan adlandırıblar, otuz il də xristian
torpaqlarında basdırılmağa icazə verməyiblər.
Otuz il oğlu və köməkçisi şəhər-şəhər,
kənd-kənd gəziblər və kilsənin sözüylə
də hər yerdən qovulublar. Amma Paqanini bir əfsanəyə
çevrilib, mifləşib.
XIV-XV əsrlərdə Təbrizdə Əbdül
Qadir Baği adında bir xanəndə olub. Bütün Şərqdə məşhuruymuş,
qeyri-adi, ilahidən gələn səsi varmış, bizim Qədir
Rüstəmov kimi. Şöhrəti Əmir Teymura gedib
çatıbmış.
Əmir Teymur Təbrizi
fəth edərkən əmr edir ki, Əbdül Qadir
Bağini onun yanına gətirsinlər. Aralarında bir
söhbət olur.
Deyir:
- Oxu. Əgər xoşuma gəlsə, nə istəyirsən
istə məndən.
Oxuyur, öz ilahi səsiylə Əmir Teymuru sehirləyir.
Soruşanda məndən nə istəyirsən, deyir:
- Əmr elə Təbrizdə yağmalanmanı,
qırğını saxlasınlar.
Əmir Teymur onun bu xahişini yerinə yetirir. Sonra da
onu Miranşaha vəzir verir. Miranşaha sui-qəsd olandan sonra
Ədbül Qadir Baği qorxusundan Bağdada qaçır.
Əmir Teymur oğlunun intiqamını almaq
üçün yenidən
yürüşə çıxır və gəlir
Bağdada. Tapşırır ki, o Bağini tapın və
diri-diri mənə gətirin.
Gətirirlər. Əmir Teymur deyir ki, mən sənə
o cür hörmət etdim, oğluma
vəzir qoydum, sən də ona sui-qəsddə
iştirak etmisən.
Baği and-aman edir ki, mənim əlim yoxdu, sizin qəzəbinizdən
qorxub qaçmışam.
Əmir Teymur deyir ki, aparın bunu asın. Bağini
çadırdan çıxartmaq istərkən Əmir Teymur
soruşur ki, oxuya bilərsən? Baği əlini atır
qulağının dibinə, dirsəyi ilə də, Qədir
Rüstəmov kimi, böyrəyini sıxıb necə zəngulə
vurursa yenə İlahidən gələn səsiylə
Əmir Teymuru sehirləyir.
Əmir Teymur bağırır:
- Kəs səsini, bu səsi eşidəndən sonra
qoşun heç kəsi öldürə bilməz, silahı atar.
Sonra əmr edir ki,
buraxın, gedib yaşasın.
Yəqin Əbdül Qadir Baği də Şərqdə əfsanəyə
çevrilib, mifə çevrilib.
İndi zaman gələcək Rəmiş də əfsanəyə,
mifə çevriləcək. «Rəmiş» povestini ona görə
yazdım.
Qədir Rüstəmovdan çox məqalə
yazmışam, ondan da povest yazmışam.
Bir dəfə
Ağdamda Qarabağın tanınmış
ziyalısı Yusif Əhmədov
çayxanada mənə dedi:
- Aqil, bala, Qədirdən yüz dəfə də
yazsan onun oxumağının bir dəqiqəsini ifadə edə
bilməzsən.
İndi Rəmiş haqqında da məqalələr
yazmışam və indi də bu povesti yazmışam, amma
bilirəm ki, Yusif müəllimin
sözü olmasın, onun improvizasiyalarının,
ifasının yüzdə birini verə bilmərəm.
Sadəcə olaraq, «Rəmiş» povestini ona görə yazdım ki, qəlbimdəki
Rəmiş ağrısından bir qədər yüngülləşim və bu ağrı-acını
oxucularla bölüşüm. Və gələcək nəsillər
də Rəmişi tanıya bilsinlər. İnanıram ki, Rəmiş
də gələcəkdə əfsanə və mifə
çevriləcək.
P.S. Povest bütövlükdə «525-ci qəzet»in
4,5,6,7 noyabr saylarında, eləcə də «Ədalət» qəzetinin
saytında (Adalet.az) dərc olunub.
Aqil Abbas
525-ci qəzet .- 2025.- 18 noyabr (¹209).- S.14.