Əhməd Elbrus:
"Vətəni özünə qəfəs olan kəs..."
Azərbaycan milli poeziyasının istedadlı
nümayəndələrindən biri, şair, publisist, ədəbiyyatşünas-alim
Əhməd Elbrus ədəbi-bədii mühitində dəyərli
ictimai məzmunlu lirik şeirlərin, poemaların,
elmi-publisistik oçerklərin və ciddi tədqiqatların
müəllifi kimi tanınmışdır. Onun
yaradıcılığının aparıcı yönlərində
orta əsrlərə dair ədəbiyyatşünaslıq məsələləri,
çağdaş zamanla səsləşən bədii-fəlsəfi
poeziya nümunələri, orijinal ifadə tərzi, ənənəvi
mövzulara fərqli, yeni baxış mühüm yer tutur.
Elbrus Misir oğlu Əhmədov (Əhməd Elbrus)
1941-ci il 17 may tarixində (N.Gəncəvi adına Ədəbiyyat
İnstitunun arxividə saxlanılan 75 saylı şəxsi
işə əsasən) Ağcabədi rayonunun Salmanbəyli kəndində
dünyaya göz açmışdır. Ağcabədi şəhər 5 saylı orta məktəbini
1959-cu ildə əla qiymətlərlə başa vuran Elbrus Misir
oğlu 1960-cı ildə Bakı Dövlət Universitetinin
Filologiya fakültəsinin əyani şöbəsinə daxil
olmuş, ölkənin nüfuzlu və təməli Xalq
Cümhuriyyət dövründə (1919) qoyulmuş
elmi-pedaqoji müəssisəsini o, 1965-ci ildə
bitirmişdir. Ali təhsil aldıqdan sonra, 1965-1969-cu illərdə
jurnalistlik fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan
Dövlət Radio və Televiziya Verilişləri Komitəsində
redaktor vəzifəsində çalışmış, redaktəetmə
sənətinin sirlərinə dərindən yiyələnərək
poeziya yaradıcılığına, elmi-tədqiqat işlərinə
ciddi həvəs göstərmişdir.
Əhməd Elbrus 1969-cu ildə AEA Nizami adına
Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuş,
Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində
XVI əsr şairi "Fədai və Şərq ədəbiyyatında
"Bəxtiyarnamə"si" mövzusunda dissertasiya üzərində
araşdırmalar aparmış, 1971-ci ildə
dissertasiyasını uğurla tamamlayaraq, AEA Nizami adına
Ədəbiyyat və Dilçilik İnstitutunun Dissertasiya
şurasında 1972-ci ilin sentyabr ayında müdafiə
etmiş filologiya üzrə fəlsəfə doktoru (elmlər
namizədi) elmi dərəcəsinə (1973, 18 may, diplom №
007932) layiq görülmüşdür.
Əhməd Elbrus Orta əsrlər Azərbaycan ədəbiyyatı
şöbəsində kiçik elmi işçi vəzifəsində
işləməklə yanaşı, Azərbaycan Dillər
Universitetində iki illik (1972-1973) fars dili üzrə tərcüməçi
ixtisasına yiyələnmişdir. Azərbaycan EA Rəyasət
Heyəti bu istedadlı gəncin
işgüzarlığını yüksək qiymətləndirərək
22 iyun 1973-cü il tarixli 25 saylı qərarına əsasən
o, kiçik elmi işçi vəzifəsindən
"Elm" nəşriyyatına
köçürülmüş, burada 1986-cı ilədək
baş redaktor vəzifəsində
çalışmış, xüsusi məsuliyyət hissi tələb
olunan bu elmi sahəyə peşəkarlıqla rəhbərlik
etmişdir.
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi
şurası 1976-cı ilin iyul iclasında Əhməd Elbrusun filologiya elmləri
doktoru elmi dərəcəsi almaq üçün "Orta əsrlər
Şərq poeziyasında hürufizm və onun
açılışı (Hürufizmin poetikası)"
adlı mövzunu təsdiqləmişdir. İddiaçı
doktorluq dissertasiyasını üç il müddətinə
yazıb tamamlamış, tədqiqat işinin 1979-cu il 21 iyul
tarixində İnstitutun Orta əsrlər Azərbaycan ədəbiyyatı
tarixi şöbəsində geniş tərkibdə müzakirəsi
keçirilmiş, iki indekslə - "Azərbaycan ədəbiyyatı"
və "Ədəbiyyat nəzəriyyəsi"
ixtisasları üzrə müdafiənin təşkili
tövsiyə edilmişdir. Lakin bu qərarın icrası
bürokratik maneələr səbəbindən illərlə
təxirə salınmış, dəfələrlə
mövzunun adı dəyişdirilmiş, ilkin müzakirəsi
və elmi seminarı keçirilmiş, hətta Moskvadan Ali
Attestasiya Komissiyasının baş elmi katibi S.P.Kuleşov
Nizami adına Ədəbiyyat İnstitutu Dissertasiya
şurasının sədr müavini Yaşar Qarayevin
19.10.1985-ci il tarixli müraciətinə cavab olaraq
19.04.1986-cı il tarixli məktubunda bildirirdi ki, E.M.Əhmədovun
iki indeks üzrə Birdəfəlik şurada doktorluq
müdafiəsinə və həlledici səslə filologiya
elmləri doktorları Əkrəm Cəfər, Seyfulla Əsədullayev
və Arif Hacıyevin həmin şuranın üzvü olmasına
icazə verilmişdir.
Müdafiə üçün 1986-cı ildə
hazırlıq işlərinə başlanmış, A.M.Qorki
adına Dünya Ədəbiyyatı İnstitutundan elmlər
doktorları X.Koroğlu, R.Yusifov, A.Çaqin dissertasiya
işinə müsbət rəy vermiş, professor Məsud
Mahmudov, Cahangir Qəhrəmanov, Əkbər Ağayev,
Şamil Cəmşidov rəsmi opponent olmağa
razılıqlarını bildirmiş, lakin sehrli bir
çubuğun təsiri ilə müdafiə baş
tutmamışdır.
Əhməd Elbrus 1994-cü ilin yanvar ayında
müdafiə üçün yenidən cəhd göstərmiş,
elmi seminarda dissertasiya işi müsbət dəyərləndirilsə
də, nəticə hasil olmamışdır. Onun "Orta əsrlər
Azərbaycan poeziyasında hürufi simvolların
açılış sistemləri (Elm əl-əsmə, elm əl-cəfr,
elm əl-hüruf, hürufi sixem, terminləri və İmadəddin
Nəsiminin yaradıcılığı əsasında)"
mövzusunda yazdığı dissertasiyasına akademiklər Həmid
Araslı və Fəraməz Maqsudov müsbət rəy
vermişdilər. Elmi seminar 26 fevral 1997-ci ildə Nizami
adına Ədəbiyyat İnstitutunda professor Məhərrəm
Qasımlının sədrliyi ilə keçirilmiş,
"Dissertasiya işi bəyənilmiş və müdafiəyə
buraxılması" tövsiyə edilmişdir. Lakin
Ə.Elbrusun sonuncu cəhdi də uğurlu
alınmamış, Dissertasiya şurası müdafiəni təşkil
etsə də, bəzi üzvlər təxribata yol vermiş,
yetərsay olmadığına görə müdafiə
iclası keçirilməmişdir. Lakin irihəcmli bu tədqiqat
işi "İnam və idrak poetikası" (Qədim və
Orta əsrlər Şərq poetikasında hürufi rəmzlərin
açılışı sistemləri) adı ilə
2006-cı ildə "Bəstəkar" nəşriyyatında
(Əhməd Elbrus. "İnam və idrak poetikası".
Bakı, 2006, 840 s.) böyük tirajla çap edilmiş (red:
akad.T.Kərimli və prof. F.Cəlilov), mütəxəssislər
tərəfindən yüksək dəyərləndirilmiş
və bu araşdırma müəllifin
sağlığında nəşr olunan sonuncu sanballı elmi
əsəri olmuşdur.
Azərbaycan EA Rəyasət Heyətinin qərarı
ilə təsis edilən və 1984-cü il 1 noyabr tarixindən
fəaliyyətə başlayan "Elm" qəzetinin ilk
redaktoru vəzifəsi də Ə.Elbrusa həvalə
olunmuşdur. O, iki ilə yaxın müddətdə (1984-1986)
"Elm" qəzetinin nəşriyyatla birlikdə
ağır yükünü məhdud ştat vahidilə yerinə
yetirmiş, redaktorluq sahəsində mükəmməl təcrübəyə
yiyələnmişdir. Mətbuat sahəsində yüksək
peşəkarlığa nail olmuş Ə.Elbrus 1987-1990-cı
illərdə AYB-nin "Azərbaycan" jurnalında
çalışmış, 1990-cı ildə "Azərbaycan"
qəzetinin redaktor müavini vəzifəsində işləmişdir.
Azərbaycan Dövlət müstəqilliyini bərpa
etdikdən sonra Əhməd Elbrus Türkiyə Cümhuriyyətindən
Prof., Dr. Ziya Aydınla birlikdə 1991-ci ilin aprel-may
aylarında "Amalımız xalqımıza xidmətdir"
- epiqraflı "Dədəm Qorqud" adlı Azərbaycanda
ilk rəngli, müstəqil qəzet təsis etmişdilər.
Mətbuat orqanlarının rəngli formatda nəşr edilməsinin
müşkülə çevrildiyi mürəkkəb bir
zamanda "Dədəm Qorqud"un məqsədini, məramını,
tutacağı yolu redaktorlar qəzetin ilk sayında
açıq bəyan edirdilər: "Bizim "Dədəm
Qorqud" siyasətə qarışmır. Lakin
Respublikamızın bütövlüyünə, siyasi
suveren-liyinə, iqtisadi müstəqilliyinə və
xalqımızın rifahına xidmət edən sağlam siyasəti
müdafiə edir".
Türkiyəli professor isə amacını daha
konkret, aydın ifadə edərək yazırdı: "Mən
və arxadaşım Əhməd Elbrus Azərbaycanda və
Türkiyədə iki sevimli millətin - ayrı-ayrı vətənlərdə
yaşasalar da, eyni qanı daşıyan qürurlu
qardaşlarımızın sevgilərini bir birilərinə
çatdıra bilmələri üçün "Dədəm
Qorqud" qəzetini çıxarıb, dünyanın hər
tərəfində yaşayan Azərbaycan türkləri və
ümumən türklərə bu qəzeti yollamaq amacındayıq"
("Dədəm Qorqud" qəz., Bakı: 1991, №1, s.1).
Redaktorların əsas məqsədlərindən məlum
olur ki, Azərbaycanda istiqlalın bərpa edilməsindən
altı ay əvvəl təsis edilmiş "Dədəm
Qorqud"un yayım coğrafiyası Azərbaycanı,
Türkiyəni və türklərin yaşadığı
geniş bir arealı əhatə etməsi, onun ayrı
düşmüş xalqlar arasında dostluq əlaqələrinin
canlandırılması, birliyə, qardaşlığa, əməkdaşlığa
çağırışların məqsədyönlü
intensivləşdirilməsi, hər iki dövlətin ortaq mətbuat
orqanına çevrilməsi üçün ilkin addımlar
atılmışdır. Sovet rejiminin reklasasiya dövründə
qəzetin adının üç əlifba ilə (kiril,
latın və ərəb qrafikası ilə) yazılması
və ilk saylarının böyük tirajla nəşr edilməsi
irəli sürülən mülahizələri isbatlayan
arqumentlərdir. "Dədəm Qorqud" adı türk
xalqlarının qədim və ortaq abidəsi olmaqla bərabər,
eyni kökə, genə, dilə, dinə və mədəniyyətə
mənsub olan millətlərin birlik, dostluq, qardaşlıq rəmzi
olaraq seçilmişdir.
"Dədəm Qorqud" qəzeti 1993-cü ildə
fəaliyyətini dayandırdıqdan sonra Əhməd Elbrus
yaxın məsləkdaşları Xəlil Rza Ulutürk və
Rəfiq Zəka Xəndan ilə müştərək
"Qorqud" adlı özəl nəşriyyat
yaratmış, bu yönümdə fəaliyyətini
genişləndirmiş, sovet ideologiyasının təsir dairəsindən
azad, istiqlalına qovuşmuş mübariz ruhlu xalqın milli
mənafeyi, dövrün, zamanın mənəvi ehtiyacları
nəzərə alınaraq, elmi, ictimai-siyasi, ədəbi-bədii
ədəbiyyat nümunələrinin nəşrinə rəvac
vermiş, kitab mədəniyyəti sahəsində
böyük əhəmiyyət kəsb edən xidmətlər
göstərmişdilər. 1990-cı illərin mürəkkəb
dönəmində "Qorqud" nəşriyyatının
Ulu öndərə həsr etdiyi "Heydər Əliyev
sülhün carçısıdır" (Bakı: Qorqud,
1999, 336 s.). monumental əsəri zamanında
hazırlanmış, Atatürk Beynəlxalq Sülh
Mükafatı Komitəsinin və Türkiyə
Cümhurbaşqanının qərarı ilə Azərbaycan
Prezidentinin "Atatürk Sülh Mükafatı"na layiq
görülməsi münasibətilə nəşr
edilmişdir. Bu poliqrafiya müəssisəsi müəyyən
müddət ərzində sanballı ictimai-siyasi, ədəbi-bədii
nəşrləri ilə Azərbaycanın kitab mədəniyyətinə
dəyərli töhfələr vermişdir.
Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi
nümayəndə heyətinin tərkibində Əhməd
Elbrus 1994-cü ildə Çin Xalq Respublikasına, 1995-ci ildə
Böyük Britaniyaya və Fransaya rəsmi səfərlərdə
iştirak etmişdir.
Əhməd Elbrus 2006-cı il 12 dekabr tarixində
dünyasını dəyişmiş, doğma yurdu Ağcabədi
rayonunun Salmanbəyli kəndində dəfn olunmuşdur.
Bədii yaradıcılığa 1960-cı illərin
əvvəllərindən başlayan, lirik şeirləri mərkəzi
qəzet və jurnallarda çap olunan Əhməd Elbrusun
bir-birinin ardınca "Uçun, durnalar" (1966),
"Etibarım" (1971), "Üçüncü
addım" (1974), "Günəş nəğmələri"
(1977), "Ömür yolu" (1979), "İnsan əfsanəsi"
(1982) və "Ölməzlik" (1992) adlı şeir
kitablarının nəşri qədim və zəngin
poeziyamıza, ədəbi mühitə yeni nəfəs, milli
çalar, aktual ictimai mövzular gətirmişdir. O, təbiət,
stixiya etibarilə hürriyyətsevər, müstəqil,
xeyirxah, dostlara, yaxınlara qarşı istiqanlı və
humanist şəxs idi. Əsərlərində vətən
sevgisi, azadlıq arzuları, milli ruh, güclüdür.
Şair bəzən sözün kəsərini, qüdrətini
poetik misralarda təcəssüm etdirir, insan üçün müqəddəs
vətəni qəfəsə, həbsxanaya çevirən
siyasi rejimi məzəmmət, qınaq, ironiya hədəfinə
çevirməkdən çəkinmirdi. Şairin yaxın
dostlarından tənqidçi, ədəbiyyatşünas-alim
Qurban Bayramov həmkarının cəsarətini
vurğulayaraq yazırdı: "Elbrusun "dimdiyindən qan
iyi gələn" bir şeirini də xatırlayıram,
dördcə misradır... O vaxtlar ürək istəyirdi, cəsarət
tələb edirdi özün "Elm" nəşriyyatının
baş redaktoru ola-ola belə şeirlər yazasan:
Qəfəssiz bircə gün yaşaya bilməz,
Sızlar "Vətən" deyə,
bülbülün səsi!
Vətəni özünə qəfəs olan kəs
Məcburdu qəfəsə "Vətənim"
desin!"
Əhməd Elbrusun "Qəfəs
bülbülü" (1981) adlı şeirində vətən
və azadlıq anlayışları haqqında fərqli,
obrazlı düşüncələrinin zamanında
orijinallığı, yeniliyi, bənzərsizliyi ilə bəyənilmiş,
seçilmiş və müəllifinə şöhrət gətirmiş,
uğurlar qazandırmışdır. Burada ironik aspektdə təqdim
olunmuş müqayisə obyektləri arasındakı incə
bir məqama da diqqət yetirmək zəruridir; qəfəs
bülbülün cəh-cəh vurması, yaşaması və
təhlükəsizliyi üçün təminat məkanı,
vətən - "Vətəni özünə qəfəs
olan kəs"lər üçün qəfəsdir! Vətəni
qəfəsə - qəfəsi vətənə çevirənlər
arasındakı fərq daimi olaraq Əhməd Elbrus
yaradıcılığının aparıcı amili
olmuşdur.
Onun "Gənc şairin ilk kitabı"
seriyasından 1966-cı ildə çap etdirdiyi
"Uçun, durnalar" adlı şeirlər toplusu "Vətənim"
əsəri ilə açılır. Ə.Elbrusun bədii
yaradıcılığını bütövlükdə nəzərdən
keçirdikdə vətən, zaman və insan məfhumlarının
fəlsəfi fikir qatlarına istinadların mütəmadiliyi,
diqqət mərkəzinə çəkilməsi,
öyülməsi və poetik dəyərləndirilmə təşəbbüsləri
bədii düşüncə müstəvisində daha
aydın müşahidə olunmaqdadır.
Sən elə varlıqsan - ölməz, kiçilməz,
Sən elə nemətsən - qıyıb keçilməz,
Vətənim, Vətənim!
Sən elə arzusan - müqəddəs, əziz,
Sən elə aynasan - ləkəsiz, təmiz,
Vətənim, Vətənim!
Gənc şairin qəlbinin dərinliklərindən
boy göstərən, təmkinlə, titrəyişlə tərənnüm
etdiyi, həzin və ülvi duyğularla söylədiyi
"Vətən" andı, "Vətən" duası
onun bitib-tükənməz sevgi nəğməsinə, məhəbbət
simfoniyasına, ömür yolunun, yaradıcılıq
amalının leytimotivinə çevrildi. Ə.Elbrusun vətən
anlayışı "Ağcabədi" şeirində daha
da konkretləşir, ünvanlaşır, müqəddəsləşir.
Vətən yalnız maddi nemətləri, sərvətləri
ilə deyil, mənəvi mahiyyəti, sirli-sehrli hikməti, əzəməti,
qüdrəti, ilahi cazibədarlığı ilə də
müqəddəs və əzizdir.
Beşiyimi burda qoyub getmişəm,
İlk eşqimi burda duyub getmişəm,
Mən şöhrətə, ada uyub getmişəm...
Fəqət... sənə qayıdacaq son anım!
İnsan oğlu sədaqətlə sınanıb!
Yaşamarıq, yaşatmasaq sədaqəti,
Ağcabədi, Ağcabədi!
Beşik deyiləndə yaranan assosiativ duyğular nəticəsində
göz önündə ilk növbədə körpəsinə
laylay söyləyən ana obrazı canlanır. Müqəddəs
bir varlığın - ananın beşik başında oxuduğu
laylay ilk tərbiyə nümunəsi, insanlıq himnidir.
Uşağın öz qanına, ruhuna sədaqət hissi ana
laylasından - insanlıq məfkurəsindən keçir.
Əhməd Elbrus poeziyasının nəbzində
döyünən səmimiyyət, sədaqət, həqiqət,
ülviyyət cazibəsi, məsuliyyət energetikası bəzən
onun beşik məkanından bəşəriyyətin taleyinə
cavabdehlik öhdəliyinə qədər böyüyür,
ucalır.
Görkəmli ədəbiyyatşünas, tənqidçi,
AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayev
Ə.Elbrus yaradıcılığının poetik
xüsusiyyətlərindən bəhs edərək
yazırdı: "Elbrusun fərdi üslub ədasını
fərqləndirən digər cəhət də var:
açıq ironiya, yaxud pafos və patetika onun ən
yaxşı şeirlərində adi publisist, ritorik qat olub
qalmır, estetik təsirin, müəllif mövqeyinin fəallığını
ifadə edən poetik münasibət səviyyəsinə qalxır
və çox zaman onun əsasında canlı detallar, həyati
təfsilat və konkret məişət özü durur".
Professor Y.Qarayevin vurğuladığı kimi
"canlı detallar, həyati təfsilat"ların yer
aldığı bədii nümunələrdən biri də
şairin ilk mətbu şeiri olan, 1962-ci ildə qələmə
aldığı "Yanğın" adlı əsəridir.
Ədəbiyyata "Yanğın"la gələn şairin
bütün yaradıcılığında dünyaya, vətənə,
insana, sözə yanğılı, odlu-alovlu, hərarətli
sevgisi duyulmaqda və düşündürməkdədir.
Ə.Elbrusun "Yanğın" şeirini insanlara və
insanlığa çağırış, bəşəri fəlakətlərdən
qorunmaq üçün xəbərdarlıq kimi qəbul etmək
olar. Hər bir insan öz həyatında müxtəlif
miqyaslı yanğınlara rast gəlir, adi
ehtiyatsızlıq, diqqətsizlik adlandıraraq hadisədən
ötüb-keçir, uzaqlaşırlar. Şair isə
"qığılcımdan alov törər" - deyiminə
köklənir, qlobal təhlükəsizlik problemini
vurğulamaqla fəlsəfi məntiqə diqqəti yönəldir:
Körpədir baisi bu fəlakətin;
Körpə dərk etməyib yandırdı
neçin
öz evlərini?
Evin daşları da qara kül olur,
Yanğına baxdıqca gözlərim dolur,
ürəyim yanır.
Yanğına baxdıqca alışıram mən,
Məsum bir uşağın əlindən düşən,
adicə çınqı.
Bir ev yandırırsa, düşünün bir an,
Atom yanğısında nə olar cahan?!
Əhməd Elbrus "Yanğın" şeiri ilə
diqqəti ayıq-sayıq olmağa, məsum körpələrimizi,
günü-gündən atom, nüvə silahları ilə
yüklənən dünyamızı, aydan-aya, ildən-ilə
çiçəklənən, laləzara, gülüstana
çevrilən vətənimizi, qəhrəman oğullar, mərd,
müdrik insanlar yetirən xalqımızı - Azərbaycanımızı
hər bir bəladan qorumağa, hifz etməyə yönəlmiş
açıq çağırışları dövrün,
zamanın narahat problemləri ilə yaxından səsləşirdi.
Şairin beşlik biçimində yazdığı on
altı hecalı "Azərbaycan" adlı şeirində
doğma vətənin, onun cəsur oğullarının,
böyük söz ustadlarının, təbiətinin və
şöhrətinin tərənnümü orkestrin
müşayiəti ilə səsləndirilən simfonik əsərin
yaratdığı əhval-ruhiyyəni xatırladır.
Sərt düşməndən qisas üçün
Vurğunumun sözü getdi,
Üzeyirin "Koroğlu"su, Mehdi, Qafur, Həzi
getdi!
Şahinlərin qanad açdı,
Bülbülünün səsi getdi,
Döyüşlərdə ad qazandın, zəfər
yollu Azərbaycan!
Qoçaq elli, igid qızlı, mərd oğullu Azərbaycan!
Taleyinə ağ gün yazan azadlığın
timsalısan!
Başdan-başa laləzarsan, abadlığın
timsalısan!
Qoşqar, Kəpəz vüqarlısan, gözəl
Göy-göl həyalısan.
Araz qollu, Kür qollusan, köksü Xəzər Azərbaycan!
Şan-şöhrətin dünyamızı nurla bəzər,
Azərbaycan!
Cümhuriyyət dövründən
çağımızadək "Azərbaycan" adı ilə
çoxsaylı şeirlər, poemalar, dəyərli sənət
əsərləri qələmə alınmış,
azadlığına, istiqlalına qovuşan
xalqımızın keçdiyi tarixi
mübarizə yolları, qəhrəmanlıq səhifələri
vəsf olunmuş, gözəl təbiəti, böyük
şəxsiyyətləri, dahi insanları tərənnüm
edilmişdir. Əhməd Elbrusun eyniadlı şeirinin
yazıldığı tarixdən onilliklər öncə
Cümhuriyyət şairlərindən Hacı Kərim
Sanılının "Azərbaycan", Əli Abbas
Müznibin "Azərbaycan", Əli Şövqi
Şeyxzamanlının "Azərbaycan", Məhəmməd
Ümid Gəncəlinin "Azərbaycan - Vətənim"
şərqisi və s. poeziya nümunələri ilə ruhi
yaxınlığı, həmahəngliyi, məzmun
uyarlığı, müasir ədəbi mühitdə
müstəsna aktuallıq kəsb etməsi şairin məxfi
mühafizə dolablarında saxlanılan mətbu nümunələr
ilə aşinalığından, məlumatlı olmasından
xəbər verir. Şair haqlı olaraq "Döyüşlərdə
ad qazandın, zəfər yollu Azərbaycan" - deyərək
Vətənin dünənki qələbələri,
uğurları ilə iftixar hissini, fəxarət duyğusunu
yaşamaqla yanaşı, "Taleyinə ağ gün yazan
azadlığın timsalısan" - poetik şüarında
xalqının, millətinin hürriyyət gününün,
müstəqilliyinin yaxında olduğunu duyurdu və görürdü.
Ə.Elbrus poeziyasında xarakterik özəllikləri
ilə fərqlənən, süni intellektə xas bəzi
xüsusiyyətləri, keyfiyyətləri yarım əsr
önləyərək beyinəqoşulmalar adlı silsilə
şeirləri ədəbiyyatımızda yeni ədəbi
hadisə effekti yaratmışdır. Onun M.Füzuli, M.Ə.Sabir,
Nazim Hikmət, Rəsul Rza, B.Vahabzadə, F.Qoca, F.Mehdi,
M.İsmayıl, İ.İsmayılzadə, N.Həsənzadə
və b. görkəmli şairlərin poetik düşüncələrinin
davamı, görünməyən məqamlar anlamına gələn
"beyinəqoşulmalar" tarixi-fəlsəfi müstəvidə
boy göstərən yeni poeziya nümunələridir.
Ə.Elbrus bəzən diqqətçəkən şeirlərin
"ipucundan" yapışaraq məna dərinliklərinə
işıq salır, örtülü mətləblərin
qabardılmasına rəvac verir, bəzən də tənqidi-yumoristik
düşüncələrinin odunu, közünü kül
altında pərdələyərək təqdim edir. O, Söhrab
Tahirin məşhur: "İki bölünməkdən elə
qorxmuşam, Çöpü də ikiyə bölmərəm
daha" - beytindəki son sözü rədifə çevirərək
poetik məcranın qarşı sahilini nişan verir:
Qılınca qın etdi Xətai, dərdi,
Birlik nübarını Xətai dərdi.
Qanıma qarışıb Xətai dərdi,
Vətən birləşincə ölmərəm
daha.
Şair həmkarının ümummilli dərdini duyur
və ona qəhmar çıxır, yalnız "daha" kəlməsindən
yapışsa da, dərdin dərinliklərinə təcnisin
çırağı ilə pillə-pillə enir, eyni
sözün təkrir kodları ilə Xətai dövrü -
"Birlik nübarının dərildiyi" zaman örnək
olaraq yada salınır... Əhməd Elbrus bir xalqın ikiyə
"bölünmə" faciəsinin əlacını
yaralanmış, parçalanmış vətənin birləşməsinə
qədər "Xətai dərdi"nin ürəkdə,
qanda yaşadılmasında görürdü.
Azərbaycan Dövlət müstəqilliyini bərpa
etdikdən və planetar miqyaslı siyasətçi,
Ümummilli lider Heydər Əliyev Respublika Prezidenti
seçildikdən sonra ədəbiyyat adamlarına, mədəniyyət
və incəsənət işçilərinə diqqət və
qayğı artırıldı. Dövlət
başçısının 1994-cü il 22-25 fevral tarixində
Böyük Britaniyaya ilk rəsmi səfəri zamanı
nümayəndə heyətinin tərkibinə
tanınmış jurnalistlər, görkəmli ədəbiyyat
və incəsənət xadimləri ilə yanaşı,
şair Əhməd Elbrus da dəvət edilmişdir. Londona bu
böyük tarixi səfərdən on gün sonra - 1994-cü
il 7-9 mart tarixində Prezident Heydər Əliyevin rəhbərlik
etdiyi dövlət nümayəndə heyətinin tərkibində
şair Əhməd Elbrus Çin Xalq Respublikasına rəsmi
səfərdə olmuşdur. Azərbaycan nümayəndə
heyəti mart ayının 9-da Şanxay şəhərinə
gəlmiş, Böyük Çin Səddinə səfər
etmişdir. Həmin gün nümayəndə heyətinin
üzvü, şair Əhməd Elbrus Böyük Çin səddindən
Ulu öndər haqqında yeni yazdığı "Zəfər
marşı" adlı şeirini dünyanın bu yüksək
söz kürsüsündən Azərbaycan Televiziyası
vasitəsilə poeziyasevərlərə yüksək emosiya,
həyəcan və əzmkarlıqla çatdırmışdır.
Haydı! Cavanşirin ruhuna sarı!
Dardadı Babəkin kəsik qolları!
Hanı Şah İsmayıl? Kəssin yolları!
Koroğlu haylasın: - bizimdir zəfər!
Heydərin ardınca! Heydərdi rəhbər!
Allahın adıyla! Allahu-Əkbər!
Gəlsin Cavad xanım! Qacar da gəlsin!
Gəlsin Qaçaq Nəbi! Həcər də gəlsin!
Nalbənd də, misgər də, tüccar da gəlsin!
Hər kişi qeyrəti - yenilməz bir ər!
Heydərin ardınca! Heydərdi rəhbər!
Allahın adıyla! Allahu-Əkbər!
Təbrizim bayrağı ucalı gəlsin!
Dərbəndim - Ulutürk mahalı gəlsin!
Ağır elləriylə Borçalı gəlsin!
Gəlsin Zəngəzurdan Göyçəyə qədər!
Heydərin ardınca! Heydərdi rəhbər!
Allahın adıyla! Allahu-Əkbər!
Ə.Elbrus "Zəfər marşı"nı
yazanda erməni işğalçılarına qarşı
Qarabağda ağır, şiddətli döyüşlər
gedirdi. Heydər Əliyev bir neçə ay idi ki, Azərbaycanın
Prezidenti, xalqın rəhbəri seçilmişdir. O, bir əlində
xəritə, o biri əlində çubuq Paris, London, Pekin, Vaşinqton
şəhərlərinə rəsmi səfərlər edərək
münaqişənin tarixi səbəbləri, təcavüzkar
Ermənistanın ərazi iddiaları, etnik təmizləmə,
Xocalı soyqırımı, Qarabağın və ətraf
yeddi rayonun işğalı haqqında əsl həqiqətləri
iri dövlət başçılarına birbaşa
çatdırmaqla yanaşı, bir tərəfdən ölkəmizə
qarşı aparılan ədalətsiz, şər-böhtan
kampaniyalarının qarşısını almaq, ideoloji
hücumları neytrallaşdırmaq üçün ikitərəfli
beynəlxalq əlaqələri aktivləşdirir, digər tərəfdən
Ali Baş Komandan olaraq nizami ordu quruculuğunu gücləndirir,
ön cəbhəyə, döyüş səngərlərinə
baş çəkərək hərbi durumu təhlil edir və
dəyərləndirirdi.
Qarabağ müharibəsinin şiddətləndiyi bir
zamanda şair Əhməd Elbrusun "Zəfər
marşı" insanlarda qələbəyə və Ali
Baş Komandana sarsılmaz inam aşılayan, birliyə, səfərbərliyə
səsləyən, mübariz əhval-ruhiyyəli və
zamanında yazılmış dəyərli sənət əsəridir.
Marşda sabaha inam və iman hissi, Ali Baş Komandan ətrafında
sıx birliyə açıq çağırış vətənsevər
gəncləri işğalçılara qarşı
mübarizəyə, döyüşə
ruhlandırmışdır. Əsərin poetik pafosu, yüksək
intonasiyası, dolğun diksiya dürüstlüyü, mükəmməl
müraciət məcrası, ruhi-mənəvi harmoniyası,
siqləti və səmimiyyəti bədii nümunəni
arzuların həsrətini çəkdiyi milli-məfkurəvi
Zəfər marşına çevirmişdir.
Əhməd Elbrusun poetik yaradıcılığında
poema janrı mühüm yer tutur. Onun müxtəlif illərdə
yazdığı "Qocanın dastanı" (1977-1978),
"İnsan əfsanəsi" (1980-1981), "Köhlən"
(1986), "Ayrılığın üç günü"
(1985), "İlanlı duyğular" (1986), "Ölməzlik
(Tarixi dramatik dastan)" (1985-1988) və b. əsərlərində
tarixi mövzulara meyillilik, bədii-fəlsəfi sanbalın
prioritetliyi, zaman və insan, sənət və əbədiyyət
xeyir və şər dilemmalarına ən doğru seçim
axtarışları öz əksini tapmışdır.
Əhməd Elbrusun poeziyası Azərbaycan ədəbiyyatı
tarixində əhəmiyyətli yer tutmaqla yanaşı,
milliliyi, yeniliyi, fərqliliyi, fəlsəfiliyi ilə
seçilən, məğrurluğa, cəsarətə, həqiqətə,
mərhəmətə söykənən, insanlara inam,
ümid, xeyirxahlıq aşılayan danılmaz və zəngin
mənəviyyat xəzinəsidir.
Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor
525-ci qəzet .- 2025.- 18 noyabr (№ 209).- S.12-13.