Birgə məsuliyyət
ANA DİLİMİZİN SAFLIĞINI QORUMAQ
VƏTƏNDAŞ KİMİ HƏR BİRİMİZİN
VƏZİFƏSİDİR
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev Azərbaycan Milli Elmlər
Akademiyasının 80 illik yubileyindəki
çıxışında bildirdi ki: "Hər bir millət,
hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin
əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar,
bütün ictimaiyyət bir nöqtəyə
vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm,
50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir
və xarici kəlmələrə ehtiyac da yoxdur.
Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu
leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində
əzəli bir kəlmə varsa, başqa dildən kəlməni
gətirib əvəzləmək nə məqsəd
daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər
ikisi də qəbuledilməzdir".
İldə müxtəlif münasibətlərlə
bir neçə dəfə Bakı şəhərində
oluram. Hər gəlişim-gedişim də 3-4 gün çəkir.
Son səfərim bir neçə gün artıq çəkdi.
Fürsətdən istifadə edib, bir vaxtlar çox gəzib-dolaşdığım
gözəlim küçələri bir daha gəzmək
könlümdən keçdi. Gəzib dolandıqca bir daha
Bakının çox inkişaf etdiyinin, xeyli gözəlləşdiyinin
şahidi oldum. Buna çox sevindim.
Əvvəl elə bildim ki, hansısa xarici ölkədəyəm.
Amma yanımdan ötüb-keçənlərin çoxunun
şirin-şəkər ana dilimdə
danışdıqlarını eşidib ayıldım.
Ayıldım və düzü, bir az dilxor oldum: mənim
Bakım az qala xarici dillərin "işğalına" məruz
qalıb.
Həmvətənlərimin bir qisminin öz
aralarında rusca danışmaları, şəhərin
küçə və meydanlarındakı lövhələrdə,
məkanların adlarında, reklam və elan mətnlərində Azərbaycan dilinin küncə
sıxışdırılması, Azərbaycan əlifbasına
və orfoqrafiyasına olan biganəlik, xalqımın milli
qürurunun və milli varlığının nişanəsinin
nüfuzdan salınması məni xeyli pərişan etdi.
Akademik Tofiq Hacıyevin haqlı olaraq, bir vaxtlar
yazdığı sözlər yadıma düşdü. O
deyirdi ki, "çox ölkələr gəzmişəm,
amma dünyanın heç bir ölkəsində dilə
qarşı bu qədər hörmətsizlik görməmişəm".
Şübhə etmirəm ki, Bakıdakı qəribə
və "gözə dürtülən", adları əcnəbi
dillərdə olan (əsasən ingilis və rus illərində)
reklam lövhələri, təşkilat, restoran, şadlıq
sarayları, gözəllik salonları, mebel evləri və
müxtəlif mağazalara sizlər də çox rast gəlmisiniz
(Fakt tələb edənlər özləri şəhərə
çıxıb öz gözləri ilə də görə
bilərlər). Hətta iş o yerə çatıb ki,
bapbalaca gül dükanını "Flovers House", avtoyuma
qarajını "Evro yuma" adlandırıblar.
Apardığımız bir neçə sorğu göstərdi
ki, obyektlərin işçilərinin özlərinin
çoxu belə bu adların mənasını bilmirlər.
Görünür, dilimizin təəssübkeşlərindən
biri, görkəmli şairimiz B.Vahabzadə məhz bu cür
halları nəzərdə tutaraq yazıbmış:
Bir vaxt rusca idi bütün reklamlar.
İndi ingiliscə dürtülür gözə.
İtin də dilinə hörmətimiz var,
Təkcə öz dilimiz yaramır bizə.
Bakıda qəribə adda obyektlər onlarladır
(Artıq ölkənin digər iri şəhərlərində
və rayonlarında da belə halların sayı
artmaqdadır). İndi siz deyin: bu, Bakının xarici dillərin
"işğalına" məruz qalması deyil, bəs nədir?!
Niyə həmin adların altında onların dilimizdəki mənası
oxunması mümkün olmayacaq dərəcədə
kiçik yazılır? Bu, məlum tamaşada Balaşın
öz valideynlərini qonaq qabağına çıxarmaqdan
"utanmasını" və bir otağa qapamasını
xatırladır mənə.
Xatırlatmaq yerinə düşər ki, "Dil
haqqında" Qanunun 17-ci maddəsinə əsasən,
hüquqi şəxslərin, onların nümayəndəliklərinin,
filiallarının və idarələrinin adları Azərbaycan
dilinin normalarına uyğun yazılmalıdır. Hələ
2011-ci ildə monitorinqə cəlb
olunan reklam lövhələri və xidmət obyektləri
adlarının ümumilikdə 92 faizinin əcnəbi dildə
və ya dil normalarının pozulmasıyla
yazıldığı müəyyənləşmişdi.
Bundan cəmi iki il sonra isə monitorinqə cəlb edilən
reklam lövhələrinin 82.8, xidmət obyektlərinin
adlarının isə 67.5 faizinin əcnəbi dildə və
ya dövlət dili normalarının və orfoqrafiya
qaydalarının pozulması ilə yazıldığı
aşkar olmuşdu. Bugünkü vəziyyət də
çox fərqli deyil.
"Reklam haqqında" Qanuna görə də
reklamda dövlət dili işlənilir və bu zaman hər
şey dövlət dilinin normalarına uyğun olaraq tətbiq
edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə
yanaşı, digər dillər də istifadə oluna bilər.
Lakin onların tutduğu sahə Azərbaycan dilindəki
qarşılığının tutduğu sahədən
böyük olmamalı və Azərbaycan dilindəki
yazıdan sonra gəlməlidir.
Bu qanunların tələbi həm yerli, həm də
xarici iş adamları üçün məcburidir. Amma
bunlara nə qədər əməl olunur? Demək olar ki,
yaxşı əməl olunmur, həm də bu işlərə
zəif nəzarət edilir. Məncə, əsas günahkarlar
həmin obyektlərin açılmasına rüsxət verən
dövlət qurumları və onların məmurları, bu
işlərin monitorinqini aparan qurumlar, reklam şirkətləri,
həmçinin həmin obyektlərin sahibləridir.
Təəssüf ki, ingilis dilində bir kəlmə
bilməyən sahibkarlar belə öz dükanlarının,
ofislərinin və istehsal etdikləri bəzi məhsulların
adlarını ancaq əcnəbi dillərdə yazırlar.
Acınacaqlısı odur ki, yuxarıda da dediyimiz kimi,
bunların içərisində çoxlu
"ziyalı"lar da var.
Vaxtı ilə "Molla Nəsrəddin"in səhifələrində
amansız tənqid olunan bu "obrazovonlulara" Ulu öndərin
bir öyüdünü xatırlatmaq istərdik: "Öz
dilinizi unutmayın və öz ana dilinizi heç bir başqa
dilə dəyişməyin".
Bizim
"obrazovonlular" anlamalıdırlar ki, dil hər bir
kəsin özünə məxsus əşya deyil. Ana dili millətimizin
namusudur. Namus isə paltar deyil ki, onu havaya və fəslə
görə dəyişəsən. Bu dil bizi dünyaya gətirən
anamızın dilidir. Atalar demişdir: "Dilini bilməyən
anasını tanımaz". Böyük Üzeyir bəy ana
dilini bilməyənləri "zavallı", Ulu öndərimiz
Heydər Əliyev isə "şikəst adamlar"
adlandırırdı. Nə qədər haqlı və sərrast
deyilmişdir!
Kimsə deyə bilər ki, belə şeyləri
böyütmək lazım deyil, bu, bizim sahibkarların fəaliyyətinə
mane ola bilər. Səhv düşüncədir. İş
adamlarımızın (onların çoxu ziyalılardır)
özləri dilimizin təəssübkeşi olmalı,
müştəriləri obyektlərin adları ilə deyil,
oradakı xidmətin yüksək səviyyəsi, malların
qiyməti və keyfiyyəti ilə cəlb etməlidirlər.
Bir də ki, o obyektlərin bir çoxuna, bəlkə də,
aylarla əcnəbi müştəri gəlmir.
Əlbəttə, xarici dilləri öyrənmək,
ondan istifadə etmək zamanın tələbidir. Artıq
qloballaşan dünyada çoxdillilik zərurətə
çevrilmişdir. Yer üzündə hakim dilə ehtiyac
gündən-günə artmaqdadır. Belə bir dil isə
ingilis dilidir. İngilis dili indi "lingua franca"
statusundadır. Bu dildə, yaxud başqa dillərdə
danışmaq yüksək bacarıqdır, aqillikdir. Bir
neçə dildə danışan insanlar həm şəxsi,
həm də professional həyatda daha geniş ünsiyyət
dairəsinə malik olurlar. Çoxdilli insan əmək
bazarında üstünlüyə, dünya ölkələrinə
sərbəst səyahət imkanlarına, texnologiyanın
imkanlarından yüksək səviyyədə istifadə etmək
bacarığına malik olur.
Bir daha təkrar edirik ki, çox dil bilmək, bir
neçə xarici dildə danışmaq aqillikdir. Ancaq ana
dilini bilməmək, ona xor baxmaq əsl nadanlıqdır.
Hörmətli Prezidentimiz İlham Əliyevin də dediyi kimi,
"Düzdür, beynəlxalq leksikon var və hər birimiz
bu leksikondan istifadə edirik". Amma xarici dillər ana dilinin
nüfuzuna xələl gətirmədən, onun
coğrafiyasını məhdudlaşdırmadan istifadə
olunmalı, ölkə daxilində heç bir sahədə
praktiki olaraq ana dilindən üstün tutulmamalıdır.
Unutmaq lazım deyil ki, dil yalnız ünsiyyət yaratmır,
xalqın tarixini, mədəniyyətini, milli əxlaqını
və soykökünü təyin edir. Xarici dil bilmək
xoşbəxtlikdirsə, ana dilini bilməmək bədbəxtlikdir.
Ana dilini bilməyən lap beş xarici dil bilsə də, ondan
xalqa, Vətənə xeyir gəlməz.
Azərbaycan dili Azərbaycan xalqının
yaratdığı ən möhtəşəm əsərdir.
Xalqımızın ən müqəddəs və ən qiymətli
milli sərvətidir. Hər kəlməsi, hər
sözü, adicə intonasiya və vurğuları minillik
tarixə malikdir.
Dövlət xadimi və şair Şah İsmayıl
Xətai hələ əsrlər öncə deyirdi ki:
"Ərənlərimiz bizə üç əmanət
qoyub getmişlər: dilimiz, torpağımız və qeyrətimiz".
Dilimizi yaşatmaq, inkişaf etdirmək və onun
saflığını qorumaq hər bir vətən
övladının qeyrət və namus borcudur.
Torpağımız kimi ana dilimizi də işğaldan
qorumalı və gələcək nəsillərə ərməğan
etməliyik.
Əgər biz dilimizin həmişə var
olmasını istəyiriksə, M.Ə.Rəsulzadənin
dediyi kimi, "...onu cameiyyəti - milliyyəmizdə ən
mühüm bir ittihad və tərəqqi amili ədd (hesab)
etməliyik".
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev AMEA-nın 80 illik yubileyindəki
çıxışının davamında dedi ki: "Azərbaycan
dilinin saflığının qorunması hər bir Azərbaycan
vətəndaşının işi olmalıdır. Yəni
dövlət, alimlər, dilçilər,
yazıçılar, şairlər, jurnalistlər, siyasətlə
məşğul olanlar bu məsələyə çox
böyük diqqət verməlidirlər. Yenə də deyirəm,
10 il bundan əvvəl mən bu məsələni
qaldırmışdım. Çünki bu, məni narahat
edirdi. On il ərzində lazımi tədbirlər
görüldü ki, biz dilimizi kənar kəlmələrdən
qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, -
həm televiziyalarda, həm yazılı mediada, həm bəzi
insanların çıxışlarında, - buna heç bir
gərək yoxdur. Yəni biz xalq kimi, millət kimi öz
dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də
sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər
kəsə çatacaq və özüm də daim bu məsələ
ilə bağlı məşğul olacağam, izləyəcəyəm,
lazımi tədbirlər görəcəyəm. Azərbaycan
alimlərindən də bax, bu məsələyə də
öz münasibətini və dəstəyini göstərmək
çağırışını edirəm".
Prezidentimizin sözləri ana dilimizə, onun yad təsirlərdən
qorunmasına və inkişafına dövlət səviyyəsində
göstərilən çox böyük diqqət və
qayğıdır.
Amma gəlin unutmayaq ki, Azərbaycan dilinə dövlət
səviyyəsində diqqət və qayğı göstərilməsi
dilin qorunmasının bir tərəfidir. Digər tərəfi
isə, dil daşıyıcılarının özlərinin
dil siyasətinin həyata keçirilməsinə təkan verməsidir.
Dilin qorunması dövlətin dil siyasəti ilə
başlayır və dil daşıyıcılarının
ona riayət etməsi ilə tamamlanır. Dilin qorunması, zənginləşdirilməsi
və inkişaf etdirilməsi mövqeyindən, peşə və
ixtisasından, vəzifəsindən asılı olmayaraq
hamının və hər kəsin işidir. M.Ə.Rəsulzadə
yazırdı ki, "Bu qədər bir əhəmiyyətə
malik olan dilin mühafizəsi bittəb (təbii) dil sahiblərinə
ən çox lazım olan şeylərdən biri, bəlkə
də, birincisidir". Ümummilli liderimiz H.Əliyev isə
deyirdi: "Xalqın, millətin, insanın öz ana dilindən
əziz heç bir şeyi ola bilməz. Azərbaycan dilini daha
da zənginləşdirmək, daha da inkişaf etdirmək
sizin ən müqəddəs borcunuzdur".
Gəlin, borcumuzu layiqincə yerinə yetirək! Unutmayaq
ki:
Bu dil tanıtmış bizə bu dünyada hər
şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 18 noyabr (№ 209).- S.11.