Sevgisizlik adamı dəli edər
Yazıçı Əyyub Qiyasın kitabı
haqqında
Yazıçılar ən doğruçu və ən
yalançı adamlardı. Biz həqiqəti həyatın
içindən oyub-oyub heykəl kimi obrazlaşdıra bilərik,
ya da öz xəyal gücümüzlə yeni bir həqiqət
yarada bilərik. İkisi də inandırıcı olar. Bir gecəyə
oxuyub bitirdiyim "Qara işıq" adlanan romanda da
yazıçı Əyyub Qiyas eynən belə edib.
Hallüsinasiyaları elə bir gerçəklik kimi yazıb
ki, sən bunun sayıqlama, xəyal olduğunu bildiyin halda
kitabı əlindən qoya bilmirsən. Rəyçilərdən
birinin, alman tənqidçisi Marsel Rayx-Raniskinin fikrini
kitabı bitirəndən sonra oxudum və nə gizlədim,
ona bənzər fikirlər mənim də ağlıma gəlirdi.
O yazıb: "Müəllifin psixi durumuna şübhə
edirdim. İçimdə belə bir hiss vardı: Müəllifi
alman klinikalarından birinə yatırmaq lazımdı. Lakin əsərin
dinamikası, peşəkar təsvirindən bilinir ki, o, insan
psixologiyasına dərindən bələddi. Freydin mühazirələrini
yaxşı mənimsəyib".
Mənimsə ağlımda bu sual var-gəl edirdi: Belə
necə yazmaq olar? Bu sayıqlama, bu qaranlıq, bu şizofrenik fikir axını niyə
roman - ədəbiyyat olsun ki? İntəhası var, Eyyub bəy
insanın psixiatrik sarsıntılarını, mənəvi
ağrısını elə ustaca bədii mətnə
çevirib və elə bir süjet hörüb ki, mətndən
qopa bilmirsən. Oxuyanda beynim yandı, nə yalan deyim, amma
obrazın iç yanğısını da çox aydın
hiss etdim. Bəlkə də yazıçı olduğum
üçün bu sayıqlamanı çox yaxşı
başa düşür, hardan gəldiyini, necə
yaşandığını, necə yazıldığını
bilirdim. "Qadın peyğəmbər" romanımda mənim
də belə nevrotik hissələrim və ayrıca
hallüsinasiya şeirlərim var - o ruhu tanıyırdım.
Və uzun illərdir ailə zorakılıqlarını,
insestləri, qadın problemini araşdırdığım
üçün hekayənin bu tərəfi də mənim
üçün tam real, "doğma" idi. Əsərin qəhrəmanı
dəli olur. Atasından qalma dəftəri oxuduqca, oradakı
qarışıq hadisələr, ürküdücü
insanlar və talelər onun əsəblərini oynadır. Amma
ağlını itirməsinə əsas səbəb bu deyil.
Oğlanı sevmədiyi qızla evlənməyə məcbur
edirlər. O isə başqa bir qıza vurulur və sevmədiyi
qadınla yaşamağın əzabı sevdiyi qadının
intiharı ilə güclənib onu havalandırır, Rüfət
ağlını itirir. O, hər yerdə Könülü
görür, onunla danışır, onu qucaqlayır. Rüfət
əsər boyu özünü bircə dəfə xoşbəxt
hiss edir - ölmüş sevgilisinin xəyalı gözünə
görünüb başını onun sinəsinə
qoyduğu, ona sığındığı anlarda, vəssalam.
Sevgi belə bir hissdi. Sevgilinin xəyalı ilə
qucaqlaşmaq da səni xoşbəxt edə bilər. Rüfət
arvadı ilə xoş davranır, dost da olurlar,
bölüşür də, hətta atasından qalma dəftərdəki
məhrəm hekayəni ona da oxuyur, amma onu sevmir və bu
Rüfəti inanılmaz mutsuz edir. Bunu ondan gizlətmir də...
Qəlbinin dərinliyində Rüfət o qadından övlad
da istəmir, qız da ana ola bilmir. Süjeti tamamilə
açmaq istəmirəm, Oxumaq istəyən
üçün maraq qalsın. Həyatında bircə dəfə
də olsa həqiqətən sevən, sevməyin nə
olduğunu bilən adam Rüfəti çox yaxşı
anlayar. Çünki sevdiyindən ayrılıb başına
hava gələn, əsəbləri pozulan, heç vaxt
içdən gülə bilməyən, hətta canına
qıyan saysız insan olub. Düzdü, zamanla insanlar buna
öyrəşib yaşayırlar, amma soruşsan "buna
yaşamaq demək olmaz" söyləyərlər. Bir
qadının fikri yadıma düşür: "Sevdiyindən
uzaq olmaq, sevmədiyinlə yaşamaqdan daha asandı".
Romanda işıqlı, ümidli, qutsal heç nə yoxdur.
Sevginin təsviri belə yoxdur. Amma yazıçı
romanı elə professionalca, elə ədəbiyyatca yazıb
ki, sən özün usta oxucu olub o işığı da,
sevgini də, qutsalı da tapmalı olursan. "Qara
işıq" müasir
romançılığımızda layiqli yer tutacaq əsərdi.
Və məncə, əsas mesajı budur: Sevgisizlik adamı bədbəxt,
hətta dəli edə bilər...
Aysel ƏLİZADƏ
525-ci qəzet .- 2025.- 18 noyabr (№ 209).- S.10.