UNEC-in universitetdaxili qrant müsabiqəsi: yeni
ideyaların təşviqi
Azərbaycan Dövlət İqtisad Universitetində
(UNEC) elmi fəaliyyəti stimullaşdırmaq, elmin cəlbediciliyini
artırmaq, yeni ideyaları təşviq etmək, tədqiqatçıların
potensialını ortaya çıxarmaq və universitet-sənaye
əməkdaşlığını gücləndirmək
üçün artıq 3 ildir ki, universitetdaxili qrant
müsabiqəsi keçirilir. Qrant müsabiqələri
universitetlərdə yaradıcı düşüncəni
stimullaşdıran, elmin cəlbediciliyini artıran və tətbiqyönlü
elmi işlərin inkişafına zəmin yaradan ən
mühüm mexanizmlərdən biridir. UNEC-in III universitetdaxili
qrant müsabiqəsi də yeni ideyaları təşviq etmək,
tədqiqatçıların potensialını ortaya
çıxarmaq və universitet-sənaye əməkdaşlığını
gücləndirmək məqsədilə həyata keçirilir.
UNEC-in büdcəsi hesabına keçirilən qrant
müsabiqəsində bu il 6 layihə qalib elan olunub. Builki
qaliblərdən biri UNEC-in Beynəlxalq Magistratura və
Doktorantura Mərkəzinin direktor müavini, dosent Sevda Sərdarovadır.
Onun rəhbərlik etdiyi "Smart təhsil: Maşın
öyrənməsinə əsaslanan adaptiv təhsilin təşkili"
layihəsi qaliblər sırasına düşüb.
Sevda Sərdarova deyir ki, "Smart təhsil:
Maşın öyrənməsinə əsaslanan adaptiv təhsilin
təşkili" layihəsinin məqsədi tələbələrin
fərdi öyrənmə ehtiyaclarını avtomatik müəyyənləşdirən
və bu ehtiyaclara uyğun tədris məzmunu təqdim edən
adaptiv təhsil sistemi yaratmaqdır. Sadə dillə desək,
hər bir tələbəyə "özünə
uyğun" tədris yolu təqdim edən bir sistem qururuq.
Layihənin hədəf auditoriyasına ali təhsil müəssisələrinin
tələbələri, müəllimlər və təhsil
proqramı tərtibatçıları daxildir: "Smart təhsil
dedikdə, biz süni intellekt, böyük verilənlər
analitikası və maşın öyrənməsi
texnologiyalarından istifadə edən bir modeli nəzərdə
tuturuq. Bu model tələbənin davranış və nəticələrinə
əsasən dərs prosesini dəyişir. Kiminsə öyrənmə
tempi yavaşdırsa, sistem onu nəzərə alır, kiminsə
marağı fərqlidirsə, onu da
uyğunlaşdırır. Beləcə, tədris prosesi həm
interaktiv, həm şəxsi, həm də səmərəli
olur. Təhsil sistemində ən böyük çətinliklərdən
biri fərdiləşmənin az olmasıdır. Hər tələbənin
öyrənmə sürəti, idrak qabiliyyəti,
motivasiyası fərqlidir. Amma ənənəvi təhsil bu fərqləri
nəzərə almır. Biz istəyirik ki, tələbə
mərkəzli yanaşma real şəkildə işləsin,
yalnız nəzəriyyədə qalmasın".
Onun sözlərinə görə, 2020-ci ildən
UNEC-də adaptiv təhsil təcrübəsinin tətbiqinə
başlanıldı. Bu təhsil fərdiləşdirilmiş
tədris proqramı təklif edən, fərdi tyutor effekti verərək
öz biliklərinin fərqində olan, təhsildə əldə
etdiyi bilik və bacarıqlarla bağlı özünə əmin
olan mütəxəssislərin yetişməsinə şərait
yaradan təhsil metodudur. İnkişaf etmiş ölkələrdə
adaptiv təhsil holdinq və şirkətlərin öz
işçilərinin performansını daha da yüksəltmələri
üçün geniş tətbiq olunur. Azərbaycanda da
müəssisələr işçilərinin ixtisasının
artırılması və yenidən ixtisaslaşması
üçün bu sistemin üstünlüklərindən
faydalana bilərlər. Ənənəvi model "hamıya
eyni dərs" prinsipinə əsaslanır. Adaptiv model isə
tələbənin fərdi xüsusiyyətlərinə
görə məzmunu dəyişir. Bu, motivasiyanı və nəticələri
ciddi şəkildə artırır: "Biz adaptiv təhsil
platformasının ilkin versiyasını hazırlayıb,
müəyyən qruplarda sınaqdan keçirəcəyik.
Müəllimlər üçün də rəqəmsal
pedaqogika üzrə təlimlər
planlaşdırmışıq və paralel olaraq, sistemdə
toplanan təhsil məlumatlarını analiz edib elmi nəticələr
çıxaracağıq. "Maşın öyrənməsi"
burada necə işləyəcək və fərdi tədris
planlarını süni intellekt necə quracaq? Sistem tələbələrin
test nəticələrini, vaxt sərfiyyatını, cavab
dinamikasını analiz edir və bu məlumatlar əsasında
onların bilik səviyyəsini müəyyənləşdirir.
Daha sonra sistem hər bir tələbəyə fərdi tədris
məzmunu təklif edir. Hər tələbə haqqında bir
profil yaradılır və bu profil daim yenilənir. Nəticədə
hər kəsin fərdi inkişaf trayektoriyası
formalaşır. Yəni sistem "öyrənərək
öyrədir".
Sevda Sərdarova qeyd edib ki, məlumatların
qorunmasını beynəlxalq standartlara, o cümlədən
GDPR prinsiplərinə uyğun qurulacaq: "Fərdi məlumatlar
şifrələnmiş və anonim şəkildə
saxlanacaq, icazəsiz giriş tam istisna ediləcək. Bu,
ölkəmizdə süni intellekt əsaslı fərdiləşdirilmiş
tədris sisteminin ilk nümunələrindən biri olacaq.
Əslində bu, təkcə təhsil keyfiyyətini
artırmaq deyil, həm də dövlət səviyyəsində
məlumat əsaslı qərarların qəbuluna dəstək
vermək deməkdir. Müəllimlər tələbələrin
inkişafını izləmək üçün yeni analitik
alətlər əldə edəcəklər. Tələbələr
isə öz sürətinə və maraqlarına uyğun dərs
materiallarından yararlana biləcəklər. Bu, öyrənməni
həm rahat, həm də motivasiyaedici edəcək. Platforma
açıq kodlu olacaq, yəni digər universitetlər də
sistemə qoşula biləcək. Bundan başqa, müəllim
və tədqiqatçılar üçün metodik
materiallar hazırlanacaq, sistem isə daimi monitorinq olunacaq.
Süni intellekt və təhsil texnologiyaları sahəsi
çox genişdir. Bu sahədə daim öyrənmək,
araşdırmaq və yaradıcı olmaq çox önəmlidir.
Ən əsası isə, hər bir ideyanın cəmiyyət
üçün fayda gətirə biləcəyinə inanmaq
lazımdır".
Müsabiqənin digər qalibi UNEC-in gənc müəllimi
Həsrəddin Quliyevin rəhbərlik etdiyi "Rəqəmsal
transformasiya üçün biznes diaqnostikası: UNEC İnnovasiya
Modeli" layihəsidir. Layihənin fəlsəfəsi belədir:
"Əvvəlcə doğru diaqnoz, sonra
transformasiya". Rəqəmsal
transformasiya, mənim üçün, yalnız texnologiya
deyil, doğru analiz və düzgün qərarvermə mədəniyyətidir.
Biz müəssisələrdə real "ağrı" və
"qazanc" ("pain/gain") nöqtələrini elmi və
sistemli şəkildə təhlil edərək, problemin
kökünü tapmağa çalışırıq. Bu, hər
hansı bir texnoloji yenilikdən daha vacibdir, çünki
yalnız düzgün diaqnoz qoyulduqda effektiv dəyişiklik
mümkündür. Eyni zamanda
data əsaslı qərarvermə mədəniyyətini qurmaq
üçün ən önəmli addımlardan biridir:
"Model əsasən real sektordakı müxtəlif müəssisələrdə
idarəetmə və qərarvermə proseslərinin problemlərinin
aşkarlanmasına və həllinə yönəlib. Yəni
müəssisələrdə hansı prosesin
"tutmadığını" tapmaq və onu elmi əsaslarla
yaxşılaşdırmaq məqsədi daşıyır.
UNEC üçün isə bu model çoxşaxəli dəyər
yaradır: tətbiqyönlü tədqiqatların güclənməsi,
gənc tədqiqatçıların praktiki bacarıq
qazanması və ən əsası, universitet-sənaye əməkdaşlığının
sistemləşməsi. Uzunmüddətli baxışla bu model
digər müəssisələr üçün də
nümunə olacaq bir "UNEC metodologiyasına"
çevrilə bilər. Biz yalnız nəzəri
yanaşmalarla kifayətlənmirik. Layihə iki əsas nəticə
üzərində qurulub: Birincisi, prioritet bir problem üzrə
işlək texniki model (MVP) hazırlanacaq. İkincisi isə
konseptual, yəni benchmark ola biləcək bir həll
formalaşdıracağıq. Ən maraqlısı budur ki, bu
prosesdə data analitika, maşın öyrənməsi və
süni intellekt vasitələri bir araya gəlir. Bu isə
klassik məsləhətçilikdən fərqli olaraq, daha
dinamik, çevik və gələcəyə yönəlik nəticələr
ortaya qoyur. Layihə 10 aylıq dövrü əhatə edir və
sınaq mərhələsi artıq ilk ayların planına
daxildir. Hal-hazırda biz texniki modelin (MVP) hazırlanması
üzərində işləyirik. Sınaq nəticələri
həm universitet daxilində, həm də seçilmiş
müəssisələrdə təqdim olunacaq. Məncə, ən
həyəcanverici məqam o olacaq ki, biz real nəticələri
rəqəmlərlə göstərə biləcəyik.
Problemi düzgün tərif etmək uğurun
yarısıdır. Gənclərə məsləhətim
odur ki, yalnız nəzəri biliklərlə kifayətlənməsinlər.
Data analitika, maşın öyrənməsi, süni intellekt -
bunlar artıq gələcəyin deyil, bu günün
bacarıqlarıdır. Hər bir problem fərqli
düşüncə tələb edir. Cəsarətli olmaq,
yeni yanaşmalara açıq olmaq isə uğurun əsas
açarıdır".
Onun dediyinə görə, UNEC-də belə
müsabiqələrin keçirilməsi tədqiqatçılara
bir çox üstünlüklər qazandırır: "Bu
müsabiqələr tədqiqatçıları sadəcə
stimullaşdırmır, həm də universitet daxilində
elmi ruhu canlandırır, tətbiqyönlü tədqiqatı
sürətləndirir. Müsabiqələr nəticə
yönümlü düşünməyə, universitet-sənaye
əlaqələrini gücləndirməyə və innovativ
ideyaları reallaşdırmağa təkan verir. Məncə,
bu, UNEC-də elmi atmosferin yeni mərhələyə keçməsidir.
Məqsədimiz yalnız yerli miqyasda qalmaq deyil. Layihənin əsas
üstünlüyü onun təkrarlana bilən və
ölçülə bilən olmasıdır. İlk mərhələdə
yerli müəssisələrdə modelin işləkliyini
sübut etdikdən sonra, regionda və beynəlxalq tərəfdaşlarla
da tətbiqini genişləndirməyi
planlaşdırırıq. UNEC brendinin innovativ ideyalarla beynəlxalq
aləmdə tanınması bizim üçün həm məqsəd,
həm də motivasiyadır".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2025.- 19 noyabr (№210).- S.15.