Qərbi Azərbaycanın musiqi
irsinin izi ilə
Hər uğurlu kitab bir tarixdir. Tariximizi əks etdirən
uğurlu kitab isə tarixlə bərabər, ədəbiyyat,
milli-mənəvi dəyərləri yaşadan, inkişaf
etdirən bədii abidədir: Fəridə Mirişovanin yeni
çapdan çıxmış "Çoban Məhəmməd
və Səlvi Xuraman dastanı" kimi.
Müəllif Qərbi Azərbaycan musiqi irsinin izinə
düşərək oxucuları ilə bir daha
görüşə gəlib. Niyə bir daha? Çünki bu
nəşr peşəkar musiqişünas, eyni zamanda
istedadlı qələm sahibi Fəridə Mirişovanin Qərbi
Azərbaycan musiqisinə həsr etdiyi, peşəkar
aşıqların, sadə camaatın dilində əzbər
olaraq yayılan, indi həsrət qaldığımız
doğma obalarımızın bayram, el-oba şənliklərini
və toy mağarlarını bəzəyən el
havalarını, folklor nümunələrini toplayaraq üzə
çıxardığı ikinci kitabdır. Azərbaycan
Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət
İnstitutunun Elmi Şurasının qərarı ilə təsdiqlənmiş
kitabın redaktoru sənətşünaslıq üzrə
elmlər doktoru, professor İradə Köçərli, rəyçilər
sənətşünaslıq üzrə fəlsəfə
doktorları, dosentlər Bənövşə Rzayeva və Kəmalə
Atakişiyevadır.
Atatürk Mərkəzində təqdimatına gələnlərin
sayı dairəvi masanı doldurmağa yetərli qədər
olsa da, kitabın əhəmiyyətini, dəyərini
heç də adamlarla dolu, səslü-küylü salonlarla
müqayisə etmədən, vurğulamaq lazımdır ki, bu
tədbirə qatılanlar mövzu ilə sırf maraqlananlar
idilər və ürəklərinin səsi ilə nəyə
və niyə gəldiklərini gümanlı təşrif
buyurmuşdular, yanılmadılar da! Bu mənada, müəllifi
və yaradıcı heyəti təbrik etmək olar.
Tədbiri giriş sözü ilə açan müəllif
dastanların əsrlər boyu xalq
yaradıcılığının ən dəyərli sahələrindən
biri olduğuna eyham vuraraq, təqdim olunan şifahi folklor
nümunəsinin məhz Qərbi Azərbaycan aşıq
mühitinə məxsus olduğunu bildirdi. Bu kitabın gələcək
tədqiqatlar üçün də geniş meydan
açacağına inamını ifadə edən Fəridə
Mirişova toplaşanları açıq müzakirəyə
dəvət etdi və qeyd edək ki, söylənən fikirlər,
təklif və rəylər görülən işin, sərf
olunan vaxtın və enerjinin hədər getmədiyinə əsas
verirdi.
Mətbuata açıqlamalarının birində
"Məqsədim bütün Qərbi Azərbaycandakı
türk izlərini pasportlaşdırmaqdır" - deyən
tanınmış tədqiqatçı, jurnalist və
yazıçı Nazir Əhmədli elə tədbir
zamanı vərəqlədiyi kitabdan nəinki dastan barədə
fikirlərini bir daha dəqiqləşdirdiyinə, yeni faktlar və
maraqlı epizodlara görə müəllifə dərin minnətdarlığını
bildirdi.
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent Kəmalə Atakişiyeva "Çoban Məhəmməd
və Səlvi Xuraman" dastanının təkcə nəzm
və poetik mətnini deyil, həm də ifa olunan havaların
nota alınmasını xüsusi qeyd etdi və bunun Qərbi
Azərbaycan musiqi irsinin qorunması baxımından
böyük əhəmiyyət
daşıdığını vurğuladı.
"Aşıq Ələsgər Ocağı"
İctimai Birliyinin sədri Xətai Ələsgərli
Aşıq Əısəsgərin qardaşı olan
Çoban Məhəmməd haqqında bəzi bilgilər
verdi və məhz bu dastana müraciət etdikləri
üçün müəllifə təşəkkür
etdi.
"Vətəndaşların sosial rifahı naminə"
İctimai Birliyinin sədri İradə Rzazadə isə qeyd
etdi ki, bu kitab Qərbi Azərbaycan mədəni irsinin yaşadılmasında xüsusi yer
tutur və həm Azərbaycan, həm də ingilis dillərində
nəşr edilməsi sayəsində mövzu beynəlxalq
müstəvidə də tanıdılmağa töhfə verəcək.
Yeni nəşrin maraqlı tərtib sistemi də diqqətəlayiqdir.
Müəllif Azərbaycan dastançılıq ənənələrinə,
elmi-nəzəri əsaslarına, tarixi köklərinə və
inkişafına elmi-texniki tərəqqi, islam mədəniyyəti
prizmalarından yanaşaraq bu janrın struktur və poetik
xüsusiyyətlərini oxucuya bir daha tanıdır.
Aşıq Fətulla Göyçəlinin və Aşıq
Saleh Tağıyevin ifalarında yazıya alınmış
"Çoban Məhəmməd və Səlvi Xuraman"
dastanına yeni həyat verən Fəridə Mirişova
xalqın dilində əzbər olmuş aşıq
havalarını da unutmur. Xalq yaradıcılığı
nümunələrinin nota salınması Fəridə
xanımın bu sahəyə ürəkdən
bağlandığına, xüsusilə dövrümüzdə
daha aktual olan Qərbi Azərbaycan musiqisini tədqiq etmək,
yaşatmaq və gələcək nəsillərə
çatdırmaq üçün səylərini əsirgəmədiyinə
dəlalət edir. Bu yolda ona uğurlar diləyirik.
Mahir CAVADLI,
AMEA Folklor İnstitutunun elmi işçisi
525-ci qəzet.- 2025.- 19 noyabr (№210).- S.14.