Elxan Məmmədlinin söz
dünyası
Bu gün cismən aramızda olmasa da, onu sevənlərin
qəlbində yaşayan Elxan Məmmədli Azərbaycanda və
onun hüdudlarından kənarda - doğulub boya-başa
çatdığı Borçalıda, Türkiyədə,
Cənubi Azərbaycanda, Dəmirqapı Dərbənddə, Kərkükdə,
bir sözlə, sazın səsi duyulan hər yerdə əsasən
görkəmli folklorşünas alim, aşıq sənətinin
bilicisi, tədqiqatçısı və yorulmaz təbliğatçısı
kimi tanınıb. Onun səsi hələ sərhədlərin
bağlı olduğu vaxtlarda - sovetlər dönəmində
Azərbaycan radiosu və televiziyasında apardığı
verilişlər sayəsində sərhədləri aşaraq
hər yana yayılıb. Müəllifi və
aparıcısı olduğu
"Bulaq", "Sazın-sözün sehrində",
"Gözəlləmə", "Ustadnamə",
"Sarıtel" verilişləri bu gün də o
taylı-bu taylı Azərbaycanda, Türkiyədə,
Borçalıda, Dərbənddə, Kərkükdə... sənətsevərlər
tərəfindən minnətdarlıqla xatırlanır.
Elxan Məmmədli görkəmli folklor
araşdırıcısı olmaqla yanaşı, professor
Mahmud Allahmanlının dediyi kimi, özü də
folklorlaşmışdı: müdrik söhbətləri,
xalqımızın adət-ənənəsinə dərindən
bələd olması və söhbətlərində tez-tez tarixi
keçmişimizə, ulularımızın sözünə-söhbətinə
istinad etməsi ilə. Özünəməxsus şux
zarafatları, duzlu-məzəli söhbətləri isə bu
gün könüloxaşayan folklor nümunəsinə
çevrilib.
Bütün bunlarla yanaşı, Elxan Məmmədli həm
də şair idi. Baxmayaraq ki, yazdıqlarını çap
etdirməkdə o qədər də həvəsli olmayıb,
ilk şeirlər kitabı yalnız dostlarının təkidi
ilə 2006-cı ildə işıq
üzü görüb. Yazılarının birində
özü bu barədə belə deyir: "Şairlik
iddiasında olmasam da, uşaq və yeniyetməlik
çağlarımdan şeir yazmağa başlamışam.
Yazıqlar olsun ki, yazdıqlarımı çap etdirməyə
heç vaxt tələsməmişəm. Vaxtilə
yazdığım şeirlərin çoxusu vərəqlərdə,
dəftərlərdə, dost saxlanclarında qalıb. Orta məktəb
illərində, tələbəlik çağlarında, əsgərlik
həyatında qələmə aldığım onlarla
şeirlərimin çoxusu it-bata düşüb. Ancaq əldə
qalanları da, küncdə-bucaqda gizlənənləri də
olub. Parakəndə şəkildə dəftərlər və
kitablar arasında "gizlənən" bu şeirlər uzun
illər diqqətdən yayınsa da, nəhayət, 60
yaşım ərəfəsində boy göstərməyə
başladı".
İlk şeirlər kitabı 2006-cı ildə - 60
illik yubileyi ərəfəsində işıq üzü
görsə də, ilk şeiri bu kitabdan az qala əlli il
öncə - 1958-ci ildə Yeni il bayramı ərəfəsində
əmisi, dövrünün tanınmış şairi Əli
Səngərlinin xeyir-duası ilə o vaxtlar Bolnisi rayonunda
çıxan "Al bayraq" qəzetində (bu qəzet
sonralar "Qələbə bayrağı", 1990-cı ildən
isə bir neçə il "Bolnisi" adı ilə nəşr
olunub) çap olunub. Onda Elxan Məmmədli orta məktəbin
beşinci sinfində oxuyurdu...
Şeirlərinin çap olunmasında o qədər də
həvəsli olmamasını, nəhayət, 60 yaşında
kitab çap etdirmək qərarına gəlməsini isə
Elxan müəllim belə izah edirdi: "Yazılarımı
ayrıca bir kitab şəklində sizlərə
çatdırmağımın bir zərurəti də ordan
doğdu ki, vaxtilə öz əlimlə yazıb tanış
və dostlarıma, aşıq və xanəndələrə
verdiyim bir çox gəraylı, qoşma və təcnislərim
bəziləri tərəfindən öz adına
çıxılır, başqalarının adına oxunurdu.
Son vaxtlar bu hal mütəmadi xarakter aldığından, qərara
aldım ki, öz şeirlərimi öz imzamla nəşr
etdirim və bununla da adımı və imzamı qoruya
bilim".
Elxan Məmmədliyə görə, "şair,
Allahla bəndənin, Yerlə Göyün ünsiyyətini bədii
sözün gücü ilə cəmiyyətə ilahi sənətkarlıqla
çatdıran vergili bir bəndə, xeyirin şər,
işığın qaranlıq, haqqın nahaqq, mərdin namərd,
doğrunun əyri üzərində qələbəsini bədii
dillə təcəssüm etdirən qeyri-adi bir
varlıqdır". Özü təvazökarlıq edib,
"heç vaxt şairlik iddiasında olmamışam", mən
"sadəcə olaraq sözü sözə, qafiyəni
qafiyəyə, bəndi bəndə bağlamağı
bacarıram", desə də, Elxan Məmmədli fitrətən
şair idi, sazlı-sözlü bir mühitdə
böyümüşdü.
Və təkcə "sözü sözə, qafiyəni
qafiyəyə" bağlamırdı, özünün də
dediyi kimi, şeirin texnikasına, qafiyə quruluşuna, məna
yükünə bir ədəbiyyatşünas kimi,
yaxşı bələd idi, onun nəzəri əsaslarını
pis bilmirdi. Onun təcnislə bağlı apardığı
elmi araşdırmaları və bu araşdrımaların nəticəsi
olaraq "Təcnis sənətkarlığı" adlı
çox dəyərli bir elmi kitab yazması da bunun əyani
sübutudur.
Elxan Məmmədli təbiətlə cəmiyyətin
harmoniyasını duyur, təbiətin dilini bilir və bunu
poeziyaya gətirməyi bacarırdı. Şeirdə
sözün bəzəyinə yox, özəyinə, mahiyyətinə
üstünlük verirdi.
Onun qəlbi daim sazla döyünürdü, sazsız
bircə günü yox idi. Şeirləri də sazla ürəyin
birləşməsindən, bir olmasından yaranır,
sazın bağrından qopub gəlirdi. Bu səbəbdən də
bu gün də aşıqların repertuarında əsas yer
tutur bu şeirlər.
Xalq şairi Zəlimxan Yaqub şairi "Haqqın
dili" adlandırır və deyirdi ki, "gərək
Haqqı siyasət bazarına çıxarmayasan, sənətdən
umacağın, təmənnan olmasın. Yaddaşa hopan, tarixə
yazılan siyasət deyil, səmimiyyətdir, həqiqətdir.
Siyasət gəldi-gedərdir. Sənətin canı həqiqətsə,
əbədidir".
Bu sözlər sanki Elxan Məmmədli
poeziyasının boyuna biçilib. Onun hər şeirində
biz səmimiyyət və həqiqət, eyni zamanda təmənnasızlıq
görürük. Hansı mövzuda yazmasından
asılı olmayaraq, səmimi yazır, onu
düşündürən mövzulara toxunur və oxucunu da
düşündürə bilir. Sözün gücünə,
qüdrətinə inanır və bütün şeirlərini
də bu inamla, yaradıcılıq eşqi ilə yazır,
insanları saflığa, duruluğa, halallığa, səmimiyyətə
çağırırdı. Çünki yaxşı bilirdi
ki, Zəlimxan Yaqub demiş:
Nə ordu, nə silah, nə bir qəhrəman,
Sözün gücü qədər sərhədlər
aşmır.
Dünyanın işləri çətin olacaq,
Dünya nə qədər ki, Mövlanalaşmır!
Elxan Məmmədlinin şeirlərində biz
insanın böyüklüyünü, şəxsiyyətin
kamilliyini görürük. Bu şeirlər eyni zamanda
insanın dünyaya baxışını
formalaşdırır.
Onun şeirləri həm də ona görə sevilir
ki, mayasında Türkün şəriksiz musiqi aləti olan
saz durur, kökü minilliklərə söykənən
folklorumuzdan güc alır.
Elxan Məmmədlinin yaradıcılığında
ithaf, elegiya və epitafi şeirləri də mühüm yer
tutur. Bu da ondan irəli gəlir ki, Elxan Məmmədli alim və
şairlikdən öncə, sözün əsl mənasında
müdrik el adamı idi, hər yerdə hörmət və izzətlə
qarşılandığı kimi, özü də insanlara
qiymət verməyi bacarırdı. Başqalarının
sevincinə şərik olur, ağrı-acılarını
bölüşür, çox zaman da bunu şeirlə ifadə
edirdi.
İthaf şeirlərinin əksəriyyətinin
saz-söz və elm-sənət adamlarına həsr
olunması isə, yenə də onun aşıq sənətinə,
xalqımızın milli-mədəni sərvətlərinə
bağlılığından irəli gəlir ki, sənət
adamlarına qiymət verməyi özünün mənəvi
borcu sayıb həmişə. Biz bu şeirlərdə sadəcə
tərif yox, həm də bir sənət fəadisinin
yanğısını, elmi məqalə və müsahibələrində
olduğu kimi, aşıq sənətinin bu günü ilə
bağlı düşüncələrini, sabahına
inamını görürük.
Təəssüf ki, bu gün Elxan Məmmədli
aramızda yoxdur, biz onun kimi böyük bir alimi, qüdrətli
qələm sahibini vaxtsız itirdik. Ancaq nə qədər
ki, qədirbilən xalqımız var, saza-sözə dəyər
verənlər, onu yaşadanlar var, xalqın yaddaşında
alim Elxan Məmmədli ilə qoşa bir şair Elxan Məmmədli
də yaşayacaq.
Musa NƏBİOĞLU
Əməkdar mədəniyyət işçisi
525-ci qəzet.- 2025.- 19 noyabr (№210).- S.14.