Qarabağ mövzulu əsərlər:
ədəbi tənqidin gözü ilə
Ədəbiyyatşünas alim Vaqif Yusiflinin
"Qarabağ şeirimizdə, nəsrimizdə" kitabı
Qarabağ problemini, Qarabağ kədərini və Qarabağ
sevdasını özündə əbədiləşdirən
söz-sənət salnaməsidir desək, yanılmarıq.
Sözün layiqli dəyərini verən müəllif
adıçəkilən əsərində: "Ədəbiyyat
zaman qarşısındakı sınaqdan neçə qiymətlə
çıxdı? Ümumiyyətlə çıxa
bildimi?" kimi sualları cavablandırır. Bəxtiyar
Vahabzadənin, Xəlil Rza Ulutürkün, İsmayıl
Şıxlının, Yusif Səmədoğlunun, Sabir
Rüstəmxanlının, eləcə də başqa
şair və yazarların meydan hərəkatında milyonlarla
insanı sözün arxasınca apara bilməsini ədəbiyyatın
öz missiyasını yerinə yetirməsi kimi dəyərləndirir.
Onun fikrincə, xalqı müstəqilliyə və qələbəyə
aparan yol həm də ədəbiyyatdan keçirdi. Əgər
Qarabağ ədəbiyyatda bir vaxtlar "Külli
Qarabağın abi həyatı, Nərmü nazik
bayatıdır, bayatı", - deyən Vidadinin, yaxud Mir
Möhsün Nəvvabın, Molla Pənah Vaqifin qələmi
ilə vəsf və tərənnüm olunurdusa,
başının üstünü qara duman alanda onun tarixindən,
keçmişindən danışılır, qarı
düşməndən müdafiə və himayəsi barədə
düşünülürdü. Qarabağın qara günlərində
şeirin intonasiyası da, temp və tonu da dəyişir,
nidaların sayı artırdı. Məmməd Araz
"Ayağa dur, Azərbaycan!", Zəlimxan Yaqub "Dur
ayağa, məmləkətim!" deyirdi. 30 illik poeziya tarixində
bu dəyişən, gah çağırışa, haraya, səfərbərliyə,
gah ağıya, mərsiyəyə, bayatıya çevrilən
nidaları izləyən müəllif elə şairlərin
özü qədər həyəcanlanır, onları qəlbən
hiss edir, həmin ağrıları öz içindən də
keçirir. Vətənin ağrıları övladların
sinəsində də hiss olunur.
Nidaların içində İsa İsmayılzadənin
bir övlad qayğıkeşliyi ilə səslənən
"Haran ağrıyır, Vətən?" - sualı
eşidilir. Ələmdar Quluzadənin "Qadan mənə,
Qarabağ!" xitabının sədası dalğalanır.
Bu o zaman idi ki, ədəbiyyatşünaslıq Yaşar
Qarayevin qələmi ilə Vətənin ağrılı
yerini düzgün təsbit edirdi: "Taledə, milli qismətdə
infarktın tarixi vətəninə, ürəkdə
eksperimental cərahiyyə poliqonuna Azərbaycan sonralar da
çevrildi. Axırıncı infarkt Qarabağda baş verdi.
Dünya bizim üçün bu dəfə Şuşada məhvərindən
çıxdı. Hamlet demişkən, zamanın
bağları Qarabağda qırıldı. O vaxtdan
Şuşasız (məhvərsiz) dünyada
yaşayırıq. Əli xaç nişanlı,
bıçaqlı yad cərrah bu dəfə də zərbənin
ən dəqiq ünvanını - Vətənin
bağrını seçdi".
Ədəbiyyatşünaslığın dəqiq
diaqnoz qoyduğu Vətən ağrılarına qələm əhli
sözlə məlhəm çəkməyə
başladı.
"Haçansa, televiziya kanallarından birində kimsə
deyirdi ki, son illər Qarabağ mövzusunda əsərlərimiz
yoxdur. Amma görünür, o adamın bu mövzuda yazılan
əsərlərdən xəbəri yoxdur", - deyən
Vaqif Yusifli "Qarabağ şeirimizdə, nəsrimizdə"
kitabında xalqımızın 1990-2020-ci illərdə
Qarabağ hadisələrinin hər məqamı haqqında
yazılmış əsərlərdən bəhs edir. Bu həm
də yarım əsrdən bəri fəaliyyəti bədii
yaradıcılıq mühiti ilə qovuşaraq irəliləyən
görkəmli ədəbi tənqidçimizin möhtəşəm
qələbəmizin beş illik tarixinə ədəbiyyatşünaslıq
hesabatıdır. Kitabda Qanlı Yanvar və Xocalı faciələrindən
başlayaraq tarixi hadisələrin təqdim olunduğu bədii
nümunələrin ardıcıllıqla verilməsi baş
verən olayların xalqımızın iç
dünyasında yaşanma tərzinin əks-sədasıdır.
Həmin dövrün bədii əsərlərində
yüksək vətənpərvərlik hissləri
aparıcı motiv idi. Şairlər kiçik bir dövlətin
xam xəyallarına qol-qanad verən güclü dövlətləri
kəskin qınağa çəkir, köməksiz
qalmış vətən oğullarına: "Ümid sənədir
ancaq, Azərbaycan əsgəri" (Qabil), - deyə üz
tuturdular. V.Yusifli poeziyanın ən səciyyəvi nümunələrində
qanlı vuruşların məğlubiyyət
acılarını yaşayanlara: "Qeyrət, a vətəndaşlar,
Hümmət, a vətəndaşlar" (Qabil), - deyə təpər
verən şeirlərin ardınca:
Barışqanlıq cinayətdir,
Alışqanlıq cinayətdir,
Çadırlara alışmayın! -
kimi poetik nidaların zamanın əzablı, xəcalətli
səsi, harayı kimi yaddaşlara
yazıldığını xatırladır. İsa
İsmayılzadənin kövrək, həssas duyğularla
dolu çox təsirli "Haran ağrıyır, Vətən?!"
poemasının da məhz o günlərdə
yarandığını nəzərə
çatdırır.
Kitabı oxuduqca xalqın otuz ildən bəri iç
dünyasında yaşananları milli yaddaşda əbədiləşdirən
şairlərimizi ehtiramla yad etməklə bərabər, həm
də tariximizin çox ağrılı dönəminin bədii
səlnaməsini hazırlayanların zəhmətinə
yüksək dəyər verildiyini görürük.
Bu şeirlər elə bir ardıcıllıqla təhlilə
cəlb olunur ki, sanki xalqın 30 ildən bəri Qarabağ
yaşantılarının poetik kardeoqrammasını izləyirik.
Şeir sərrafı Vaqif Yusifli ötəri
yazdığı bir qeydi ilə əsərlərindən bəhs
etmədiyi şairlərə də sözünü deyir:
"...əksər şeir nümunələri üzərində
dayanmaq istəmirik, çünki başqa mövzularda
olduğu kimi burada da xaltura çoxdur". Yaxud: "Ona
görə poetik yanğı deyirəm ki, bu gün
Qarabağdan söz açan şairlərin çoxunda məhz
bu yanğı görünmür. İstəməzdim ki, dərdli
Qarabağa dərdsiz ürəklərin sönük
işartısı qarışsın".
Vaqif müəllim ömrü qələbəni
görməyə vəfa etməyən şair və ədiblərimizi
də ehtiramla yad edir. "Doğrudur, indi üstündən
illər keçib, o dövr şairlərinin bir çoxu
dünyasını dəyişiblər, amma yazdıqları
şeirlər Qarabağın yaxın tarixinin lirik dastanı
olaraq qalır".
O, Cabir Novruzun "Azərbaycan" poemasında
xalqın qeyrətli oğullarının məğlubiyyətlə
barışmadıqlarını, mübarizə əzmlərinin
çox kəskin hissiyyatla qələmə
alındığını vurğulayır:
Düz on ildir, nə gecəm,
Nə gündüzüm yox.
Düz on ildir, el içində
görünməyə bir üzüm yox.
...qovruluram, odlanıram, hayqırırıam,
Düz on ildir, "Şuşa!" - deyib
qışqırıram...
Düz on ildir, göz yaşları ürəyimə
Gildir-gildir axır mənim.
Kitabda Qarabağ bədii salnaməsinin yeni bir
yarpağı kimi Əşrəf Veysəllidən də
nümunə verilir:
Gözəl Qarabağın acı həsrəti
Ömrümü talayır, könlümü didir.
Orda uşaqlığım əsirlikdədir,
Burda qocalığım xəcalət çəkir.
Yaradıcılığını müasir
dövrün "Qarağnamə"si
adlandırdığı Ələmdar Quluzadənin:
Dünyada kişi varsa,
Dünya gədənin deyil...
Bu alova bürünüb,
Bu inamla yanıram,
O gün dan yerindədir -
O günə inanıram -
səpkili, sabaha ümid və inam aşılayan
şeirləri təhlilə cəlb edilir, onun əsərləri
müharibə dövrünün ictimai-siyasi, mənəvi
ab-havasının, həqiqətlərin poetik əksini
tapdığı nümunələr kimi təqdim olunur.
Tədqiqatçı alim 90-cı illərdə
yaranmış poeziyanı ümumiləşdirərkən belə
bir arzusunu ifadə edib: "Atəşkəs rəsmi şəkildə
elan edilsə də, poeziyamızda atəşkəs
olmasın". Vaqif müəllim bilirdi ki, sərhəddə,
cəbhədə atəşkəs ola bilər. Amma humanitar təfəkkürdə,
ədəbiyyat və mədəniyyətdə atəşkəsin
olması yaddaşın öləziməsinə,
manqurtluğa qədər gətirib çıxara bilər.
Yaddaşın zəifləməsi isə tarixin uduzması demək
idi, coğrafiyanın uduzması demək idi. Qabil atəşkəs
elan olduğu vaxtlarda:
Tayfa deyil, millətik biz.
Bir evik, bir kütləyik biz,
Saraylara şöhrətik biz,
Çadırlara alışmayın -
deyə həyəcan təbili çalırdı.
Dövrün poeziyasında məhəbbət, təbiət,
dostluq mövzularına az təsadüf edilirdi. Şeirin ana
mövzusu Qarabağ idi. Sanki qələm adamları
Qarabağdan başqa mövzuda yazmağı özlərinə
yasaq bilirdilər, az yazdıqları üçün özlərini
ittiham edirdilər. Rizvan Nəsiboğludan verilən nümunədə
oxuyuruq:
Gündə bir az unuduruq Qarabağı,
Hər gün bir az unudulur o dağ, o daş.
Unuduruq kitab-kitab, unuduruq yaddaş-yaddaş...
Şair özü unutmamağın yolunu öyrədir:
Yurd yerinə yürüş eylə,
Dizin-dizin öp torpağı.
Bələkdəki çağana da,
- Yatanda da "Qarabağ" de!
Duranda da "Qarabağ" de!
Əsir düşsən, girov düşsən -
Qarı düşmən
Dizlərini qıranda da,
"Qarabağ" de!"
"Qarabağ dərdini poeziya dərdinə
çevirənlər"in hamısı - Hüseyn
Kürdoğlu, Fikrət Qoca, Əbülfət Məmmədoğlu,
Əli Mahmud, Mətləb Misir, Elçin İsgəndərzadə
və digər söz adamlarının yaratdığı
nümunələrin əksəriyyəti haqqında
danışdığımız kitabda təhlilə cəlb
olunub.
Kitabda təkcə poeziya deyil, həm də müharibədən
bəhs olunan nəsr əsərlərindən bəhs olunur. Tənqidçi
1990-2010-cu illərdə nəsrdə Qarabağ mövzusunda
yazan təcrübəli tanınmış
yazıçıların roman və povestlərinin təhlili
ilə yanaşı, nisbətən gənc
yazıçıların da əsərlərinə müraciət
edir. Aqil Abbasın, Elçinin bu mövzuya gətirdikləri
yeni süjetlərdən bəhs edən V.Yusifli Mustafa Çəmənlinin,
Səyyad Aranın, Elçin Hüseynbəylinin, Sevinc
Nuruqızının, Vüsal Nurunun müəllifi
olduqları povest və romanların müstəqillik dövrü
nəsrimizdəki tutduqları mövqedən söz
açır.
Qəribə bir tarixi dövr yaşadıq və
xalqımızın tarix boyu can atdığı milli müstəqilliyimizə
qovuşduq; igid oğullarımızın sayəsində
gözəl torpaqlarımızı geri qaytardıq, ədəbiyyat
müqəddəs ideal naminə yazıldı-yaradıldı.
İndi beş illiyini qeyd etdiyimiz şanlı zəfərin,
qələbənin müəlliflərindən biri də məhz
ədəbiyyatdır, yaddaşı oyaq və diri saxlayan ədəbiyyat.
Sözün estetik tutumu, fəlsəfi yükü tarixi
torpaqlarımızın azad olunmasında silah qədər fəal
oldu. Biz köksümüzü qabardan qələbəmizi
qılıncın və qələmin birgə gücüylə
əldə etdik. İndi ədəbiyyatdan qələbəmzin,
zəfərimizin doğurduğu böyük sevincin vəsfini
gözləyirik. Məşhur bir fikirdə deyildiyi kimi:
müharibədən, zəfərdən ən yaxşı əsərlər
müharibədən çox sonralar yazılır.
Safurə QULİYEVA,
Aygün BAĞIRLI
525-ci qəzet.- 2025.- 19 noyabr (№210).- S.12.