"Qaraqaşlı": Qarabağ
həqiqətlərinin uğurlu bədii salnaməsi
Çağdaş ədəbiyyatımızın
tanınmış nümayəndəsi Vüsal Nurunun -
haqqında söz açacağım
"Qaraqaşlı" əsərindən əvvəl -
"Yağış damlasıyam", "Eybəcərlər
adası", "999", "Prezident qızı",
"Dorantağ" adlı romanları çap olunub. Hekayə
və şeirləri ölkə hüdudlarını
aşaraq xarici dillərdə də dərc edilib. Ümumilikdə
isə Vüsal Nuru daim axtarışda olan yaradıcı
şəxsdir desək, yanılmarıq.
Mənim əlimdə olan nümunə Vüsal Nurunun
2020-ci ildə "Mücrü" nəşriyyatının
"Proza" seriyasında nəşr etdiyi, 264 səhifəlik
"Qaraqaşlı" kitabıdır. Romanın təhlilinə
keçməzdən əvvəl bunu qeyd edim ki, naşiri
Müşfiq Xan, redaktoru Südabə Ağabalayeva olan kitab hər
cəhətdən yüksək səviyyə və keyfiyyətlə
çap edilib. Odur ki, kitabın belə nəfis şəkildə
ərsəyə gəlməsində böyük əməyi
olan hər üç şəxsi təbrik edirəm.
Əslən Ağdamdan olan yazıçı, publisist
və ssenarist Vüsal Nurunun uşaqlıq illəri Qarabağ
savaşının tüğyan etdiyi dövrdə keçib,
doğma şəhərinin necə odlara qalanmasına, külə
dönməsinə canlı şahid olub. Onun bu acı xatirələri
sonralar bədii yaradıcılığında əsas
mövzuya çevrilib, "Qaraqaşlı" romanında isə
özünün ən bitkin ifadəsini tapıb.
Yazıçı özünün və bütövlükdə
xalqımızın yaddaşında dərin iz buraxmış
müharibə illərini, insan talelərini, Vətən
sevgisini və milli qüruru ədəbi obrazlar vasitəsilə
ustalıqla canlandırıb.
Düz bir qərinə əvvəl Vətən
torpağı ağrı-acı içində inləyirdi. Hər
qarışında qan, hər nəfəsində kədər,
üzüntü vardı. Qarabağ torpağı öz
doğmalarını gözləyir, tapdaq altında
qalmış yurd yerləri qəribsəyirdi. Azərbaycan ədəbiyyatının
son illərdə yetişdirdiyi istedadlı
yazıçılardan biri olan Vüsal Nuru
"Qaraqaşlı" romanında xalqımızın ən
ağrılı tarixini - 1988-1990-cı illərdən
başlayan Qarabağ faciəsini, onun kökündə duran xəyanəti,
vətənpərvərliyi və milli yaddaşın
sarsılmazlığını bədii güc və emosional
təsir vasitəsilə oxucuya təqdim edir. Əsər, sadəcə
bir ailənin, bir kəndin, bir tüfəngin hekayəsi deyil -
milli yaddaşın, torpaq sevgisinin, namus və qeyrət
anlayışının bədii manifestidir. Vüsal Nurunun
"Qaraqaşlı" romanı məhz həmin
dövrün qanlı, faciəvi mənzərəsini bədii
sözün gücü ilə yaşadan, oxucunu həm o illərin
ağrılarına, həm də xalqın sınmaz ruhuna
qaytaran qiymətli ədəbi nümunədir.
Peşəkar yazıçımızın romanı
başladığı: "Dağlardan əsən meh
Dağdağan ağacının budaqlarına
bağlanmış rəngli parçaları əsdirirdi..."
ilk cümləsi oxucunu dərhal xalq inancları, torpaq və təbiət
kultu ilə dolu bir mühitə aparır. Müəllif
"şalın yeləni", "bir şivrim" kimi az
işlədilən, lakin doğma ruh daşıyan ifadələrlə
Azərbaycan dilinin zənginliyini və əlvan söz
palitrasını ustalıqla göstərir. Bu təsvirlər
həm də xalqın köklərinə
bağlılığının, torpağa sədaqətinin
rəmzidir.
Romanın mərkəzində yaxın qonşunun,
doğma dostun xəyanəti dayanır. Milisin xocavəndli
Mövsüm kişinin "Qaraqaşlı" adlı
tüfəngini əlindən alması və sonra həmin
silahın erməni Arakelin evindən çıxması əsərin
əsas metaforik xəttini yaradır. Bu detal təkcə
silahın deyil, milli etibarın, dostluğun və insani dəyərlərin
oğurlanmasının simvoludur.
Romanın simvolik başlanğıcı -
Dağdağan ağacı motivi əsərin əsas mənəvi
sütunlarından biridir. Müəllif bu ağacı həm
inancın, həm də ana torpağın müqəddəsliyinin
rəmzi kimi təqdim edir. Qadınların onun budaqlarına
dilək tutub, parça bağlaması, Tanrıya
yalvarması xalqın sarsılmaz imanını, sülh və
ədalət arzusunu ifadə edir. Lakin bu diləklərin yerinə
yetməsi üçün hələ çox qan, çox
göz yaşı axmalı idi.
Əsərin mərkəzində İbad obrazı
dayanır. Orta səviyyəli oxucuya (bu dildə oxuyub-anlayan
Türk dünyasına) məlumdur ki, İbad
obrazınının prototipi real şəxs - Vətən
yolunda canını fəda etməyə hazır, qorxmaz və
mərd bir döyüşçü, Azərbaycanın Milli
Qəhrəmanı İbad Hüseynovdur. O, xalqın
içindən çıxmış qəhrəmandır. Hələ
Milli Ordunun tam formalaşmadığı bir zamanda
könüllüləri başına toplayıb doğma
yurdun müdafiəsinə qalxan bu igid obrazında müəllif
bütöv bir xalqın iradəsini, azadlıq əzmini
simvollaşdırır. İbad və silahdaşlarının
düşmənlə ölüm-dirim savaşında göstərdiyi
qəhrəmanlıq səhnələri romanın ən təsirli
məqamlarındandır. Vüsal Nuru sanki döyüş
meydanında hadisələrin içindədir, hər səhnəni
canlı şahid kimi təsvir edir.
Haşiyə: Vüsal Nurunun bu əsəri hansı mənbə
və məlumatlar əsasında, hansı şəraitdə
yazdığı mənə məlum olmasa da, məzmunun, demək
olar ki, həmin dövrü olduğu kimi əks etdirdiyini təsdiq
edə bilərəm. Tale elə gətirib ki, Xocavəndin
Muğanlı kəndində hadisələrin
başlandığı ilk gündən mən də bu hadisələrin
şahidi olmuşam. Demək olar ki, Muğanlıdan Ağdama
gəlib gedən zabit və əsgərlərin əksəriyyətinin
qısamüddətli dayanacaq yeri bizim evimiz (Ağdam rayonu,
Yusifcanlı kəndi) olub. Hətta uşaqların
(könüllü zabit və əsgərlərin) Xocavənddə
çəkdirdikləri, Ağdamda çıxardılan
bütün fotolara da onlardan əvvəl Yusifcanlıda
böyük maraqla mən baxırdım. Hadisələr
başlayandan 1993-cü ilin aprelin 4-nə qədər
İbadın onlara necə təlim keçməyindən
tutmuş digər ən maraqlı söhbətlərəcən
hamısından xəbərdaram.
Yazıçı İbad obrazında həm döyüşçü
cəsarətini, həm də daxili yanğı və intiqam
hissini birləşdirib. Onun sözləri bu gün də
aktual səslənir:
"Torpaq mənim, rayon mənim, amma idarələrin
rəhbəri erməni. Biz
öz torpağımızda əsir
düşmüşük, xəbərimiz yoxdu".
Vüsal Nuru romanın dilinə xüsusi diqqət
yetirir. "Ətrafa kəpənək tozuna
qarışmış sükut çökdü",
"Hamının ağzında loxması
böyüdü", "Sabir o baxışların səsini
eşitdi" kimi poetik ifadələr xalq
danışığının bədii gücünü
ortaya qoyur. Bu qəbildən olan, xalq dilindən gəlmiş
uğurlu təsvirlər içində ən çox
xoşuma gələni "O, sözünü yerə çəliklə
möhürlədi" cümləsidir. Bu cümlələrdə
həm sadəlik, həm də təsirli məna qatları
hiss olunur.
Bəlkə də, eyni dövrdə, eyni bölgədə
böyüdüyümə görədir, ya hansısa
başqa səbəbdənsə əsərdə
"Dağadağan" ağacı ilə
başlamasından tutmuş, ta sona qədər tamam başqa
bir aura, axıcılıq, yüngünlük (hadisələrin
dramatikliyinə baxmayaraq), xüsusi doğmalıq hiss etdim.
Yazıçının təbiət təsvirlərindəki
rəssamlıq qabiliyyəti oxucunu hadisələrin
ağır yükündən azacıq qurtarır, nəfəs
almağa imkan yaradır. Bu poetik lövhələr torpaqla
insan arasındakı mistik bağın bədii təcəssümüdür.
Romanın adı ilə eyniləşən
"Qaraqaşlı" tüfəngi isə bədii simvol
kimi bütün əsərə mənəvi yük verir, dəyər
qazandırır. Bu silah yalnız bir döyüş aləti
deyil, həm də azərbaycanlı kişisinin qürurunun,
şərəfinin, əyilməzliyinin təcəssümüdür.
Onun yenidən sahibinə - Mövsüm kişiyə
qaytarılması sanki xalqın itirilmiş heysiyyətinin,
milli ləyaqətinin bərpasını təcəssüm
etdirir (yazıçı burada gələcək Zəfərdən
xəbər verir). "Qaraqaşlı" - sadəcə bir
tüfəngin deyil, bir xalqın şərəfinin,
sarsılmaz yaddaşının adıdır.
Vüsal Nurunun "Qaraqaşlı" romanı
reallığın içində simvolu, simvolun içində
reallığı yaşadan bədii bir mozaikadır. Bu əsər
həm müharibənin faciəsini, həm insanın mənəvi
sınmasını, həm də xalq yaddaşının dirənişini
birləşdirir. Yazıçı nəyi təsvir edirsə,
onu sözlə deyil, ruhla danışdırır.
"Qaraqaşlı" romanı bir daha sübut edir
ki, Vüsal Nuru Azərbaycan ədəbiyyatında
sözün səsi ilə insanın səsini eyni ahəngdə
çatdıran nadir yazarlardandır.
Romanın sonunda "Qaraqaşlı" tüfənginin
geri alınması, əslində, torpaqlarımızın azad
olunmasının, haqqın bərpasının rəmzi kimi təqdim
edilir. Bu mənada əsər mübarizə tariximizin ədəbi-bədii
salnaməsi rolunu oynayır. Onu da qeyd edim ki,
yazıçı sanki 44-günlük zəfəri duyaraq əsərin
sonunu bu təsvirlə bitirib: "...Pöhrələnmiş
Dağdağan ağacının yamyaşıl yarpaqarı
titrəyir, dualı dil kimi göylərə yalvarırdı.
Kimsə uzun, mavi şivrimi təzə pöhrənin
boğazına bağlamışdı".
44 günlük Vətən müharibəsi ilə Azərbaycanın
qazandığı Zəfər bu romanın ideya xəttini
tamamlayır. Əsərin sonunda oxucu artıq bilir ki, o illərin
göz yaşları hədər axmayıb. Qələbə,
azadlıq və doğma yurdun dirçəlişi indi
reallığa çevrilib. Yazıçı Vüsal Nuru bu əsəri
ilə təkcə bədii bir roman yazmayıb - o, xalqın
dözümünü, mübarizə ruhunu, azadlıq sevgisini
əbədiləşdirib.
"Qaraqaşlı" romanı - Vətən,
müharibə və insanlıq mövzusunu bədii təfəkkürün
ən yüksək səviyyəsində ifadə edən,
oxucunu həm düşündürən, həm də
qürurlandıran bir əsərdir. Bu roman təkcə ədəbiyyat
faktı deyil, həm də milli yaddaşın, azərbaycançılıq
ideyasının sarsılmaz təntənəsidir.
Yuxarıda qeyd etdiyim kimi, romanda bəhs olunan hadisələrin
böyük əksəriyyətinə şahid olsam da, bu
yazımı yazarkən ancaq romanın mətninə əsaslanmağa
çalışdım. Öz gördüklərimdən,
bildiklərimdən sadəcə "ürəyimdə
düzdür" demək üçün bəhrələndim.
Onu da bildirim ki, "Qaraqaşlı" haqqında bu
günə qədər yazmış dəyərli qələm
dostlarımız Zemfira Məhərrəmli, Əkbər
Əlioğlu, Tahir Taisoğlu və Nərgiz
Cabbarlının əsər barədə maraqlı fikirləri
ilə tanışam. Ancaq zənnimcə,
"Qaraqaşlı"nın daha geniş təhlili və təbliği
vacibdir. Bu roman əsasında gözəl, baxımlı bir
tarixi film çəkilə bilər.
Vüsal Nurunun bu kitabının hərbi hissələrin
kitabxanalarında, məktəb kitabxanalarında olması
vacibdir. Əlaqədar qurumları bu işdə diqqətli
olmağa dəvət edir, yazıçı Vüsal Nuruya
yeni yaradıcılıq uğurları arzulayıram
Xankəndi - Bakı, 2025.
Zaur USTAC
525-ci qəzet .- 2025.- 19 noyabr(№210).-S.11.