Azərbaycanın böyük zəfəri Almaniyada
qeyd olunub
Azərbaycanın Almaniyadakı səfirliyi
Vətən müharibəsində şanlı Zəfərin
5-ci ildönümü və dahi bəstəkar Üzeyir
Hacıbəylinin anadan olmasının 140 illik yubileyi
münasibətilə Berlindəki Azərbaycan Mədəniyyət
Mərkəzində “Sülh və birgəyaşayış”
adlı geniş tədbir təşkil edib.
Tədbirdə 400-dək qonaq, o cümlədən
Almaniyanın dövlət qurumlarının təmsilçiləri,
xarici ölkələrin səfirləri, hərbi attaşeləri,
media nümayəndələri, elm və mədəniyyət
xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan,
türk və digər icmaların üzvləri iştirak
edib.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad olunub.
Sonra 8 Noyabr - Zəfər Gününə və
Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan filmlər
nümayiş etdirilib.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi
Ağayev çıxış edərək, tədbirdə Azərbaycan
tarixinin və mədəniyyətinin iki mühüm hadisəsinin
qeyd olunduğunu vurğulayıb.
Vətən müharibəsində Azərbaycan
xalqının Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında sarsılmaz həmrəylik
və qətiyyət nümayiş etdirdiyini deyən səfir
bu çətin dövrdə dost dövlətlərin,
xüsusilə qardaş Türkiyənin fəal siyasi və mənəvi
dəstəyini xüsusi vurğulayıb. Diplomat bir neçə
gün əvvəl Türkiyəyə məxsus hərbi təyyarənin
qəzaya uğraması nəticəsində 20 hərbçinin
şəhid olmasının xalqımız tərəfindən
dərin hüznlə qarşılandığını qeyd
edərək, başsağlığını ifadə edib.
Səfir Azərbaycan ilə Ermənistan arasında
sülhün artıq əldə olunduğunu diqqətə
çatdıraraq, bölgəmizin sabitlik və əməkdaşlıq
dövrünə qədəm qoyduğunu qeyd edib. Bu
baxımdan Azərbaycanın Ermənistana göndərilən
mallara tətbiq olunan tranzit məhdudiyyətlərini ləğv
etməsi, Rusiya və Qazaxıstandan tonlarla buğdanın Azərbaycan
ərazisindən Ermənistana çatdırılması
sülhün praktik təzahürü və
qarşılıqlı etimadın inkişaf edə biləcəyinin
bariz göstəricisi olduğu bildirilib. “Sülh yalnız hər
iki ölkəyə fayda vermir, həm də dünyaya
güclü mesaj göndərərək ən çətin
münaqişələrin belə dialoq, cəsarət və
kompromis yolu ilə həll oluna biləcəyini sübut edir”,
- deyə Nəsimi Ağayev bildirib.
Çıxışında Üzeyir Hacıbəylinin
140 illik yubileyinin Azərbaycanda və ölkəmizdən kənarda
silsilə tədbirlərlə qeyd olunduğunu vurğulayan səfir
bildirib ki, Üzeyir Hacıbəyli bütün müsəlman
dünyasında ilk operanın yaradıcısıdır.
Diplomat Üzeyir Hacıbəylinin doğma şəhəri
Şuşanın öz azadlığına
qovuşmasının bu gün dərin rəmzi məna
daşıdığını qeyd edib. Bildirib ki, 8 Noyabr
xalqımızın cəsarətini, qəhrəmanlığını
və sarsılmaz qətiyyətini, Üzeyir Hacıbəylinin
adı isə musiqinin qəlbləri fəth edən və
xalqları birləşdirən ecazkar gücünü ifadə
edir.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
Xalq artisti, professor Firəngiz Əlizadə
çıxışında Zəfər Gününün Azərbaycan
xalqının tarixində suverenliyin və ərazi
bütövlüyünün bərpası günü, eləcə
də milli birliyin rəmzi kimi xüsusi yer tutduğunu
vurğulayıb. Professor milli bəstəkarlıq məktəbinin
formalaşması və inkişafında, eləcə də
Azərbaycan musiqişünaslarının fəaliyyətində
Üzeyir Hacıbəylinin
yaradıcılığının müstəsna rol
oynadığını qeyd edib.
Çıxışlardan sonra konsert proqramı təqdim
olunub. Konsertdə Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrının baş dirijoru Əyyub Quliyevin rəhbərliyi
ilə Əməkdar artistlər Ramil Qasımov və İnarə
Babayeva, tarzən Səxavət Məmmədov Üzeyir
Hacıbəylinin, Fikrət Əmirovun və klassik Avropa bəstəkarlarının
əsərlərini ifa ediblər. Musiqiçilərimizi
tanınmış Berlin Filarmonik Kamera Orkestri müşayiət
edib. Maraqlı konsert proqramı Müslüm Maqomayevin “Azərbaycan”
mahnısının ifası ilə başa çatıb.
Konsert tamaşaçıların hərarətli
alqışları ilə qarşılanıb.
525-ci qəzet .- 2025.- 19 noyabr(¹210).-S.10.