İnsan - yarımçıq rəsm
kimi
Esse
Son ucu görünməyən kətandır insan. Hər
birimizin içində gizli bir eskiz var: uşaq ikən çəkdiyimiz
ala-bula xətlər, gənclikdə etdiyimiz yanlış
kölgələndirmələr, illər keçdikcə dərinləşən
tonlar, qaralan künclər, aydınlaşan boşluqlar...
Bütün bunların fonunda həyat bizə dönə-dönə
sübut edir ki, insan heç zaman tamamlanmayan rəsmdir.
İlk nəfəs ilk xətdir. Hələ əlin
titrəyir, çünki hara gedəcəyini bilmirsən.
Sonra ailə, məktəb, oxuduğun kitablar,
gördüyün küçələr, qırılan
ümidlər, qurulan arzular fırçana rəng verir. Amma bu
rənglərin heç biri son deyil. Yağış
yağanda solur, gün çıxanda parlayır, zaman
keçdikcə qarışır, dəyişir, heç
zaman isə itmir.
İncəsənət tarixində bitməyən rəsmlər
var. Diqqətlə baxanda görürsən ki, bəzi
fiqurların yalnız konturu var, bəzi detallar hələ
tamamlanmayıb. İnsan da belədir: qəlbimizdəki bəzi
xəyallar sadəcə kontur olaraq qalır. Bəzi
arzuların yalnız eskizi var, ömür boyunca rəngə
çevrilə bilmir. Amma elə bu yarımçıq
kölgələr, bitməyən eskizlər bizi bütöv
göstərir. Bitmiş rəsmə hansısa müdaxilə,
nəsə dəyişiklik edəndə onun
tamlığı pozula bilir. İnsan isə hər gün dəyişir,
bir rəngdən başqa rəngə düşür, gah
solur, gah parlayır.
Bəzən bizim rəsmlərimizə də
müdaxilə olunur. Özünü rəssam sayan həyat nəyisə
dəyişmək, nəyisə silmək üçün fırçasını
işə salır. Onda gəlir xəstəliklər,
ayrılıqlar, itkilər. Bununla dəyişir
yaratdığımız rəsm, ya cızılır, ya
cırılır, ya da rənglər bir-birinə
qarışır, heç arzulamadığımız
görüntü yaradır. O anda həvəsdən
düşürük, öz rəsmimizdən soyuyuruq. Amma sənət
tarixində nə çox belə məşhur əsərlər.
Dünyanın ən məşhur rəsmlərindən olan
"Mona Liza" əsəri dəfələrlə muzeydən
oğurlanıb, 1956-cı ildə vandalın biri bu portretə
hücum edərək onun üstünə kimyəvi turşu
atıb. Nəticədə portretin bir hissəsi zədələnib.
Həmin ilin 30 dekabrında əsərə daş
atılması nəticəsində onun sol əli
yaxınlığında bir hissə zədələnib və
sonradan bərpa edilib. Amma bu və bu kimi qəzaların, qəsdlərin
heç biri "Mona Liza"nın dəyərini əskiltməyib,
onun məşhurluğuna kölgə salmayıb. Əksinə,
bu yaralar əsərin tarixidir. İnsan da öz yaraları ilə
tamamlanır.
Bəs biz öz həyat rəsmimizi kimin
üçün çəkirik? Özümüzə görəmi,
başqalarına görəmi? Bəlkə də ən
çətin suallardan biridir bu. Axı bəzən bu həyat
rəsmimizi başqalarının baxışlarına görə
dəyişə bilirik. Cəmiyyətin bizdən gözləntiləri,
ailəmizin istəyi, dostların rəyi seçdiyimiz rəngi,
hətta üslubu belə dəyişdirə bilir. Amma yetkin
insan ən sonunda öz rəngini və öz
işığını tapmağı bacarır.
Sənətşünasların fikrincə, ən dəyərli
əsərlər tam bitməmiş, yarımçıq əsərlərdir.
Onlar daim "yaşayan" əsərlər hesab olunur.
Çünki restavrasiya edilir, təhlil olunur, yenidən kəşf
olunur. İnsan da özünü hər yaşda restavrasiya
edir. 20 yaşda başqa rənglər axtarırıq, 40-da
başqa. 60-da isə palitranın ən sakit tonlarına üz
tuturuq.
Bir də var gözlə görünməyən fon. Rəsm
əsərlərində fon çox şeyi müəyyənləşdirir.
Bizim fonumuz isə keçmişimizdir.
Uşaqlığımız, sevdiklərimiz,
unutduqlarımız, unutmaq istəmədiklərimiz... Ön
planda nəyi çəkirsən çək, arxadakı fon
necəsə mütləq özünü hiss etdirəcək.
Çünki insan keçmişsiz yaşaya bilməz. Fon isə
nə qədər qaralsa da, tablonu həm yaradan, həm də
tamamlayan ünsürdür.
Təsviri sənətdə "yenidən
başlamaq" deyə bir üsul var. Hər şeyi
sıfırlayıb yenidən başlamaq üçün kətanın
üzərinə çəkilən ağ boyadır o.
İnsan da təzədən, sıfırdan
başlamağı bacarmalıdır. Çünki heç
bir yarımçıq hekayə qaranlığa layiq deyil.
Bəlkə də Yaradan bizə öz həyat
fırçamızı verərək öz içimizdəki
rəssamı kəşf etməyimizi istəyib. Axı
özünü çəkməyən özünü
görə bilməz. Özünü görə bilməyən
isə başqasının rənglərini anlamaz.
İnsan yarımçıq rəsmdir. Elə bu
yarımçıqla da gözəldir. Axı bizim hər səhər
yeni bir rəng seçmək şansımız var. Hər
gün öz tablomuzla bağlı daha möhtəşəm qərarlar
vermək...
Bəlkə də həyatın ən böyük
sirri də elə budur: tamamlanmaq üçün yox, davam etmək
üçün yaradılmışıq.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 19 noyabr(№210).-S.9.