Tbilisidə Milli
Dirçəliş Gününə həsr olunmuş konsert
təşkil olunub
Noyabrın 17-də Tbilisidə Azərbaycanın Milli
Dirçəliş Gününə həsr olunmuş konsert
təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir M.F.Axundzadə
adına Azərbaycan Mədəniyyəti Muzeyinin və
Xırdalan Musiqi Məktəbinin birgə təşəbbüsü,
Azərbaycanın Gürcüstandakı səfirliyinin və
Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə
baş tutub.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət
işçisi Leyla Əliyeva bildirib ki, konsertin təşkilində
məqsəd Azərbaycan mədəniyyətini, incəsənətini
və musiqisini təbliğ etmək, eyni zamanda, Azərbaycan-Gürcüstan
mədəni əlaqələrini daha da möhkəmləndirməkdir.
Azərbaycanın Gürcüstandakı səfirliyinin
birinci katibi Ramiz Hacızadə çıxışında
qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində
ölkəmizdə və onun hüdudlarından kənarda
silsilə tədbirlər keçirilir. Bu tədbir də
onlardan biridir.
O deyib ki, bu il, xüsusən də noyabr ayında
Gürcüstanda şanlı Zəfərimizin beşillik
yubileyi, Bayraq Günü ilə əlaqədar müxtəlif
tədbirlər keçirilib. Milli Dirçəliş
Gününə həsr olunmuş bu konsert proqramı da
soydaşlarımıza daha bir sevinc yaşadıb.
R.Hacızadə 2020-ci ildə parlaq Qələbənin
əldə olunmasında Gürcüstanda yaşayan
soydaşlarımızın rolunu xüsusi qeyd edib.
“Vətən sevgisi sərhəd tanımır və
soydaşlarımız bunu öz əməlləri ilə
sübut etdilər”, – deyə diplomat vurğulayıb.
R.Hacızadə belə bir tədbirin Gürcüstan
paytaxtında keçirilməsinin iki dost və qardaş
ölkə arasında mədəni əlaqələrin
inkişafına töhfə verdiyini xüsusi qeyd edib.
Sonra məktəbin kollektivi maraqlı konsert
proqramı ilə çıxış edib. Onların ifa
etdikləri xalq və bəstəkar mahnıları, milli rəqslərimiz
tamaşaçılara xoş ovqat bəxş edib.
525-ci qəzet .- 2025.- 19 noyabr(¹210).-S.10.