Ağdam: Zəfərin
və Böyük Qayıdışın rəmzi
20 noyabr - Ağdam şəhəri günü
işğaldan azad olunmuş Azərbaycan torpaqlarının
dirçəlişi, milli qürur və Zəfər əzminin
təcəssümüdür. Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin “Dağılmış
Ağdam şəhəri erməni vəhşiliyinin
şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik...
Heç kimdə bu haqda şübhə olmasın” fikri bu
tarixi torpağın taleyinə dair dövlət iradəsinin ən
yüksək səviyyədə ifadəsidir. Bu gün
Ağdam artıq təkcə dağıntılar yox, həm də
quruculuq, yenilənmə və tarixi ədalətin bərpası
simvoludur.
“Ağdam” toponimi qədim türk dilindən
qaynaqlanaraq “kiçik qala” anlamını verir. Bu ərazi
minilliklər boyunca türkdilli tayfaların məskəni
olmuş, onların müdafiə məqsədi ilə inşa
etdikləri kiçik qalalar bölgənin
adlandırılmasında mühüm rol oynayıb. XVIII əsrdə
Qarabağ xanlığının banisi Pənahəli xan
burada ağ daşdan saray-imarət tikdirməklə
Ağdamı regionun mühüm siyasi və memarlıq mərkəzinə
çevirib. Bu imarətin günəş şüaları
altında işıqlı görüntüsü şəhərin
“Ağ ev, işıqlı məkan” mənasını daha da
gücləndirib.
Ağdam yalnız siyasi və təsərrüfat həyatı
ilə deyil, həm də arxeoloji zənginliyi ilə
seçilir. XX əsrin ortalarından aparılmış
qazıntılar Üzərriktəpə və digər ərazilərdə
Eneolit dövrünə aid yaşayış məskənlərinin
mövcudluğunu üzə çıxarıb. Burada
tapılan əkinçilik nümunələri, üzüm və
taxıl dənələri əhalinin oturaq həyat
sürdüyünü, yüksək əkinçilik mədəniyyətinə
malik olduğunu təsdiqləyir. Qafqazın ilk şəhər
tipli məskənlərindən birinin məhz Ağdam ərazisində
yerləşməsi bu diyarın qədim sivilizasiya mərkəzlərindən
biri olduğunu sübut edir.
1930-cu ildə yaradılmış Ağdam rayonu 1094
kvadratkilometr əraziyə malik olub Qarabağın mərkəzini
təşkil edirdi. Kür-Araz ovalığının qərbində,
Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində
yerləşməsi rayonu həm strateji, həm də iqtisadi
baxımdan mühüm məkana çevirirdi. XX əsrin
sonlarınadək Ağdam Azərbaycanın sənaye, kənd
təsərrüfatı, mədəniyyət və təhsil
mərkəzlərindən biri kimi tanındı, xüsusən
də kənd təsərrüfatı və çörəkçilik
sahəsində böyük şöhrət qazandı.
Dünyada yeganə Çörək muzeyinin məhz
Ağdamda fəaliyyət göstərməsi bu şəhərin
unikal mədəni simasını formalaşdırırdı.
1993-cü il 23 iyul tarixində Ağdam rayonu ərazisinin
73 faizinin işğalı Azərbaycan tarixinin ən faciəli
hadisələrindən biridir. 128 min insan öz doğma
yurd-yuvasından didərgin düşdü, ərazidəki 90
kənd talan edildi. 6 mindən çox şəhidin qanı bu
torpağa töküldü, minlərlə mülki şəxs
yaralandı. İşğal nəticəsində 38 kolxoz və
çoxsaylı sənaye müəssisələri, 74 məktəb,
271 mədəniyyət ocağı, Çörək Muzeyi,
yüzlərlə tarixi abidə və məscidlər tamamilə
dağıdıldı, talan edildi.
Ermənistan Cenevrə Konvensiyalarının tələblərini
kobud şəkildə pozaraq coğrafi adları dəyişdirdi,
mülki obyektləri yandırdı, mədəni irsi məqsədli
vandalizmə məruz qoydu. Bu əməllər müharibə
cinayətləri olmaqla yanaşı, bölgədə etnik təmizləmə
siyasətinin bariz nümunəsidir. BMT Təhlükəsizlik
Şurasının 853 saylı qətnaməsi Ağdam da daxil
olmaqla işğal olunmuş bütün ərazilərdən
erməni silahlı qüvvələrinin dərhal və
qeyd-şərtsiz çıxarılmasını tələb
etsə də, Ermənistan uzun illər bu tələblərə
məhəl qoymadı.
44 günlük Vətən müharibəsində
qazanılmış Qələbə nəticəsində
imzalanmış 10 noyabr 2020-ci il Bəyanatı Ağdamın
işğaldan dinc yolla azad edilməsini təmin etdi. 20 noyabr
2020-ci ildə şəhər Azərbaycana təhvil verildi və
bununla yüzlərlə hərbçinin və mülki şəxsin
həyatının xilas edilməsi mümkün oldu.
Ağdamın azadlığı Azərbaycan dövlətinin
gücünü, ordumuzun müzəffərliyini və
Prezident cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsini
bütün dünyaya nümayiş etdirdi.
Qələbənin əbədiləşdirilməsi məqsədilə
26 noyabr 2020-ci ildə “Ağdamın azad olunmasına görə”
medalı təsis edildi, 5790 hərbi qulluqçu bu medalla təltif
olundu.
Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il
tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə
şəhər günlərinin təsis edilməsi
böyük dövlətçilik əhəmiyyətinə
malik qərardır. Bu çərçivədə 20 noyabr
Ağdam şəhəri günü elan olundu. Bu, təkcə
tarixi hadisənin xatırladılması deyil, həm də
bölgənin dirçəlişi uğrunda görülən
işlərin gələcək nəsillərə
çatdırılması baxımından mühüm
addımdır.
İşğaldan sonra Ağdam tamamilə yerlə-yeksan
edilmiş şəhər təsiri
bağışlayırdı. Beynəlxalq ekspertlər və
jurnalistlər buranı “Qafqazın Xirosiması”
adlandırırdılar. Lakin bu gün həmin
xarabalıqların yerində yeni, müasir, ağıllı
şəhər konsepsiyasına əsaslanan Ağdam qurulur.
Dövlətimizin həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq
tədbirləri bu diyarın əvvəlki şöhrətinə
qovuşacağına inamı artırır.
Nazirlər Kabinetinin 16 avqust 2022-ci il tarixli qərarı
ilə təsdiq edilən “Ağdam şəhərinin
2040-cı ilədək Baş Planı” işğaldan azad
edilmiş ərazilərin yenidən qurulmasında strateji yol xəritəsidir.
Bu plan işğaldan azad edilmiş rayonlar içində ilk təsdiq
edilən sənəd olmaqla, Ağdamın gələcək
inkişaf perspektivlərini müəyyənləşdirir.
Ağdam Azərbaycanın dördüncü
böyük şəhəri olacaq; burada 100 min nəfərin
yaşayışı nəzərdə tutulur; müasir
yaşayış məhəllələri, sosial infrastruktur, nəqliyyat
şəbəkələri, parklar, sənaye və kənd təsərrüfatı
zonaları yaradılır; “Böyük Qayıdış”
çərçivəsində kəndlərin bərpası,
yolların çəkilişi, su, enerji və rabitə xətlərinin
yenilənməsi sürətlə davam edir.
Artıq yüzlərlə ailə öz doğma evlərinə
qayıtmış, minlərlə insan Ağdamda yeni həyata
başlayıb. 2021-ci ildə Prezident cənab İlham
Əliyevin Fərmanı ilə yaradılan Ağdam Sənaye
Parkı işğaldan azad edilmiş ərazilərin iqtisadi
inkişafında mühüm rola malikdir. 190 hektar ərazini əhatə
edən park 28 rezident və 4 qeyri-rezident şirkətə
malikdir, 260 milyon manatdan çox investisiya cəlb edib, 9 müəssisə
fəaliyyət göstərir, 938 nəfər daimi işlə
təmin olunub. Bu park Qarabağın sənaye
potensialının inkişafında strateji layihə kimi
çıxış edir.
2025-ci ilin may ayında açılan Ağdam Dəmir
Yolu və Avtovağzal Kompleksi bölgənin nəqliyyat
sisteminin əsas qovşağıdır. 8 hektar ərazidə
inşa edilmiş kompleks gündəlik 800-1000 nəfər dəmir
yolu sərnişininə, 1300-1500 nəfər avtovağzal sərnişininə
xidmət göstərə biləcək texniki imkanlara
malikdir. Azərbaycanda ilk qapalı dəmir yolu
platformasının məhz Ağdamda inşa edilməsi şəhərin
strateji əhəmiyyətini bir daha təsdiqləyir.
Muğamın beşiyi olan Qarabağda bu sənətin
bərpasına xüsusi diqqət yetirilir. 2025-ci ildə
açılan Ağdam Muğam Mərkəzi 474 yerlik konsert
zalı, 15 dərs otağı, sərgi və iclas zalları,
615 nəfərlik açıq amfiteatrı ilə Qarabağın musiqi mədəniyyətinin
inkişafında yeni mərhələnin əsasını
qoyur.
Ağdamın azad edilməsindən sonra cənab
İlham Əliyevin rayona 2020-2025-ci illərdə həyata
keçirdiyi çoxsaylı səfərlər bərpa
prosesinə güclü siyasi dəstək verib, onlarca
infrastruktur layihəsinin təməlqoymasına və
açılışına səbəb olub. Bu səfərlər
Ağdamın dirçəlişinə dövlət səviyyəsində
verilən diqqəti aydın şəkildə göstərir.
Ağdamın tarixi taleyi Azərbaycan xalqının
milli yaddaşında həm ağrılı səhifə, həm
də misilsiz qələbə rəmzidir. Bu gün Ağdam
işğalın izlərini silərək yenidən dirçəlir,
iqtisadi, sosial, mədəni potensialını bərpa edir,
müasir şəhər modelinə çevrilir. Prezident cənab
İlham Əliyevin qətiyyətli siyasi iradəsi, dövlətimizin
gücü və xalqımızın birliyi nəticəsində
Ağdamın əvvəlki şöhrəti bərpa olunmaqla
yanaşı, daha da möhtəşəm gələcək
formalaşdırılır.
20 noyabr - Ağdam şəhəri günü bu
dirçəlişin, Böyük Qayıdışın və
tarixi ədalətin təntənəsini ifadə edən
xüsusi tarixi gündür. Bu gün müasir Ağdam
artıq qayıdışın deyil, həm də
inkişafın, yenilənmənin, milli iradənin rəmzidir.
Akif Rəfiyev
Binəqədi rayon Ağsaqqallar Şurasının sədri,
ədliyyə general-mayoru
525-ci qəzet .- 2025.- 19 noyabr(¹210).-S.7.