Səfir:"Çətin dövrlərə
baxmayaraq, Fransa ilə Azərbaycan hər zaman yüksək səviyyəli
dialoqu saxlayıb"
– Xanım səfir, 16
oktyabr tarixində Prezident İlham Əliyevə etimadnamənizi
təqdim edərkən, Azərbaycan dövlət
başçısı Kopenhagendə Fransa Prezidenti Emmanuel
Makronla görüşünü xatırladaraq bildirdi ki, həmin
görüş nəticəsində ölkələrimiz
arasında anlaşılmazlığa səbəb olmuş məsələlər
artıq arxada qalıb. Bizə Sizin baxışınız da
maraqlıdır. Ölkələrimiz arasındakı
münasibətlərin hazırkı vəziyyətini necə
qiymətləndirirsiniz?
– Prezidentlər İlham Əliyev və Emmanuel Makron həqiqətən
də, Fransa ilə Azərbaycan arasında müsbət istiqamət
müəyyən ediblər. Son həftələrdə
müxtəlif azərbaycanlı tərəfdaşlarla
söhbətlərim bu istiqamətdə əlaqələri
gücləndirmək və bu məqsədlə konkret
addımları müzakirə etmək iradəsinin
paylaşıldığını təsdiq edib.
Çətin dövrlərə baxmayaraq, biz hər
zaman yüksək səviyyəli dialoqu və təhsildən
tutmuş iqtisadi sahələrə qədər fəal əməkdaşlığı
saxlamışıq. Bu yeni ümidverici dinamika müxtəlif əməkdaşlıq
proqramlarının yenidən başlanması və yeni tərəfdaşlıqların
araşdırılması üçün zəmin yaradır.
Qarşımdakı “yol xəritəsi” də məhz budur və
mən bunu azərbaycanlı tərəfdaşlarla birlikdə
həyata keçirməyi səbirsizliklə gözləyirəm.
Hər iki ölkə daha güclü əməkdaşlıq
arzusunu açıq şəkildə ifadə edib
– Fransa münasibətləri əvvəlki səviyyəsinə
qaytarmaq və ikitərəfli əlaqələri gücləndirmək
üçün hansı prioritetləri müəyyən
edib?
– Hər iki ölkə daha güclü əməkdaşlıq
arzusunu açıq şəkildə ifadə edib. Bu əməkdaşlıq
uzun illər boyu bir çox sahədə qurulmuş münasibətlərə
əsaslana bilər.
2026-cı ildə Fransız–Azərbaycan Universitetinin
10 illiyi qeyd olunacaq və biz təhsil sahəsində tərəfdaşlığımızı
gücləndirərək Azərbaycan gənclərinə
Fransada təhsil almaq, yaxud Fransız İnstitutunda və yerli
məktəb, yaxud universitetlərdə fransız dilini öyrənmək
üçün daha çox imkan yaratmaq istəyirik.
Biz eyni zamanda, iqtisadi əlaqələri və
qarşılıqlı investisiyaları inkişaf etdirməyin
yollarını araşdırırıq. Enerji və nəqliyyat
uzun müddətdir əlaqəlilik baxımından əsas
sahələrdir. “Yaşıl” keçidi dəstəkləmək
– xüsusilə bərpaolunan enerji və dayanıqlı şəhərsalma
vasitəsilə aqrobiznes sektorunun modernləşdirilməsi və
turizmin inkişaf potensialı həm ikitərəfli
münasibətlərin gücləndirilməsi, həm də
Azərbaycanın iqtisadi diversifikasiyası baxımından
maraqlı perspektivlər yaradır.
Bundan başqa, terrorizm və narkotik
qaçaqmalçılığı kimi qlobal təhdidlərin
qarşısını daha yaxşı almaq, regional sülh və
sabitliyə töhfə vermək üçün təhlükəsizlik
sahəsində əməkdaşlığımızı da
yeniləməliyik.
Fransa sülh prosesini və Bakı ilə İrəvan
arasında münasibətlərin
normallaşdırılmasını daim və tam şəkildə
dəstəkləyib
– Fransa Azərbaycan və Ermənistan arasında davam
edən danışıqlara necə yanaşır?
– İllərdir davam edən münaqişədən
sonra Azərbaycanla Ermənistan arasında davam edən sülh
prosesinin şahidi olmaqdan çox məmnunam. Fransa sülh
prosesini və Bakı ilə İrəvan arasında
münasibətlərin normallaşdırılmasını
daim və tam şəkildə dəstəkləyib. 8 avqustda
Vaşinqtonda keçirilmiş görüş bu prosesə həlledici
impuls verib. 1991-ci il Almatı Bəyannaməsinə əsaslanan
qarşılıqlı şəkildə ərazi
bütövlüyünün tanınması Fransanın hər
zaman vurğuladığı əsas məqamlardan biridir.
Sülh danışıqları artıq hər iki
ölkəyə birbaşa fayda verəcək konkret
addımlarla öz nəticəsini göstərir. Məsələn,
taxıl nəqlinə qoyulan məhdudiyyətlərin Azərbaycan
üzərindən Ermənistan üçün aradan
qaldırılması kimi.
Biz ümid edirik ki, sülh müqaviləsinin
imzalanması bu müsbət prosesin tez zamanda
yekunlaşmasına və sərhədlərin
açılması vasitəsilə regional əməkdaşlıq
və əlaqəliliyin dərinləşməsinə imkan
verəcək.
“Tramp marşrutu” həm Azərbaycanın, həm də
Ermənistanın maraqlarına cavab verir
– “Tramp marşrutu”nun əhəmiyyəti barədə
fikirləriniz necədir?
– TRIPP layihəsi Cənubi Qafqazda əlaqəliliyin
inkişafında həlledici rol oynaya biləcək potensiala
malikdir və həm Azərbaycanın, həm də Ermənistanın
maraqlarına cavab verir.
Bu layihə Avropa ilə Asiya arasında əlavə
bir marşrutun açılması baxımından da bizim
maraqlarımıza uyğundur və bundan hamı faydalana bilər.
Avropa İttifaqı ilə birlikdə biz TRIPP layihəsini daha
geniş regionla əlaqələndirən bu əlaqəlilik
gündəmini dəstəkləməyə hazırıq.
Layihənin detallarının yekunlaşdırılması belə
bir əməkdaşlığın tezliklə başlaya bilməsinə
imkan verəcək.
– Azərbaycan–Ermənistan münasibətlərinin
normallaşması kontekstində Fransanın Cənubi Qafqaz
siyasətində hansı dəyişiklikləri gözləmək
olar?
– Sülh prosesindəki irəliləyişlər
regional sabitlik və əməkdaşlıq üçün
yeni imkanlar açır. Biz bu pozitiv dinamikanı möhkəmləndirmək
və Cənubi Qafqaz xalqlarına konkret faydalar gətirmək
üçün yaranmış fürsəti dəyərləndirmək
istəyirik.
Bakı ilə İrəvan arasında yüksək səviyyəli
görüşlər bu gün daha tez-tez keçirilir və
real nəticələr verir
– Normallaşmadan danışarkən, ATƏT-in Minsk
prosesi üzrə strukturlar 1 dekabr tarixinədək fəaliyyətini
dayandıracaq. Fransa Minsk qrupunun həmsədrlərindən
biri kimi uzun müddət bu prosesdə iştirak edib. Parisin
Minsk prosesinin başa çatdırılması ilə
bağlı rəsmi mövqeyi nədir?
– 8 avqust Vaşinqton görüşündə Ermənistan
və Azərbaycan arasında sülh müqaviləsinin ilkin
razılaşdırılmasından sonra biz dərhal Minsk
Qrupunun fəaliyyətinə son qoyulması qərarını
dəstəklədik.
Beynəlxalq vasitəçiliyin məqsədi tərəfləri
birbaşa dialoqa gətirməkdir və biz məmnunluqla
görürük ki, Bakı ilə İrəvan arasında
yüksək səviyyəli görüşlər bu gün
daha tez-tez keçirilir və real nəticələr verir.
Biz regional sülh gündəmini irəli aparmaq
üçün bu prosesi tərəfdaş kimi dəstəkləməyə
davam edəcəyik.
Fransız şirkətləri Azərbaycanda uzun
müddətdir fəaliyyət göstərir
– Xanım Səfir, etimadnamənizi Azərbaycan
Prezidentinə təqdim edərkən biznes nümayəndə
heyətlərinin qarşılıqlı səfərləri
və fransız şirkətlərinin müxtəlif layihələrdə
iştirakı məsələləri də müzakirə
olunmuşdu. Fransız şirkətləri Azərbaycanın
işğaldan azad edilmiş ərazilərinin bərpasında
iştirak üçün hər hansı təklif irəli
sürüb?
– Fransız şirkətləri Azərbaycanda uzun
müddətdir ki, fəaliyyət göstərir və
neft-qaz, aviasiya, kosmos, dəmir yolu nəqliyyatı kimi strateji
sahələrdə təcrübəyə malikdir. Regionun
sabitləşməsi və əlaqəlilik
çağırışları fransız şirkətlərində
böyük maraq doğurur və onların bir çoxunun Azərbaycan
üçün faydalı ola biləcək geniş
ekspertizası var. Şərait formalaşdıqda, mən
biznes nümayəndə heyətlərinin Azərbaycana səfərlərini
təşviq etməyi və qarşılıqlı investisiya
imkanlarını araşdırmağı ümid edirəm.
Fransa Azərbaycanla minatəmizləmə sahəsində
səmərəli əməkdaşlıq həyata
keçirib
– Fransa Azərbaycana minatəmizləmə prosesində
dəstək göstərməyə davam edirmi?
– Fransa Azərbaycanla minatəmizləmə sahəsində
səmərəli əməkdaşlıq həyata
keçirib və Azərbaycan tərəfi belə bir dəstəyə
ehtiyac duyarsa, hər zaman yardım göstərməyə
hazır olduğunu ifadə edib.
– Münasibətlərdəki gərginlik fonunda
Fransanın Azərbaycana birbaşa investisiyaları azalıb?
– Qeyd etdiyim kimi, fransız şirkətləri uzunmüddətli
və etibarlı tərəfdaşlardır. Onlar sadəcə
avadanlıq tədarükü üçün kommersiya
müqavilələri bağlamaqla kifayətlənməyib, Azərbaycana
real investisiya yatırıb, burada daimi təmsilçilik
formalaşdırıblar və insan kapitalına da sərmayə
qoyurlar – xüsusilə də mühəndis və yüksək
ixtisaslı texniklər üçün təqaüd və təlim
proqramları vasitəsilə.
Nəticə etibarilə, fransız şirkətləri
Azərbaycanın strateji prioritetlərini – enerji
resurslarının səmərəli istifadəsi, iqtisadi
artımın diversifikasiyası və infrastrukturun modernləşdirilməsi
kimi sahələri dəstəkləməyə davam ediblər.
Avropa İttifaqı regionun sabitləşdirilməsi və
əlaqəlilik baxımından strateji tərəfdaşdır
– Avropa İttifaqının aparıcı dövlətlərindən
biri kimi, Fransa Azərbaycan–Aİ münasibətlərinin
gücləndirilməsinə, o cümlədən Azərbaycan
ilə Aİ arasında yeni saziş üzrə
danışıqların tezliklə başa
çatdırılmasına hansı töhfəni verə bilər?
– Biz Azərbaycan ilə Avropa İttifaqı
arasındakı əlaqələrin gücləndirilməsini
dəstəkləyirik. Bu əlaqələr artıq bir
çox sahələrdə yüksək səviyyədə
inkişaf edib. Mən şəxsən iki son Avropa tədbirində
– “Avropanın dadı” və “Avropada təhsil” proqramlarında
iştirak etdim və bu tədbirlər azərbaycanlılar,
xüsusilə də gənclər arasında böyük
marağa səbəb oldu.
Avropa İttifaqı regionun sabitləşdirilməsi və
əlaqəlilik baxımından strateji tərəfdaşdır.
Mən ümid edirəm ki, bu ambisiya konkret layihələr və
imkanlarla öz real ifadəsini tapacaq.
525-ci qəzet .- 2025.- 19 noyabr(¹210).-S.6.