“Beş”dən “altı”ya: Azərbaycan Mərkəzi Asiya Platformasında

 

 

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə bu formata tamhüquqlu iştirakçı qismində qoşulması mühüm əhəmiyyət kəsb edir. Bu, vahid platforma iştirakçıları olaraq həm tərəflər arasında həmrəyliyi, əməkdaşlıq imkanlarını gücləndirəcək, eyni zamanda, qarşılıqlı fayda gətirəcək.

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər prioritet təşkil edir. Xüsusilə, son illərdə bu regionla əməkdaşlıq artan dinamika ilə inkişaf edir, dövlət başçıları mütəmadi olaraq səfərlər həyata keçirir, müxtəlif platformalarda ardıcıl təmaslar, müzakirələr aparılır. Bu görüşlər həm də konkret nəticələrlə, əməkdaşlıq sənədlərinin imzalanması ilə müşayiət olunur.

Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qoşulması ölkəmizə bu regionda verilən önəmin göstəricisi, etibarlı tərəfdaş statusuna malik olduğunu bir daha nümayiş etdirir.

Qeyd edək ki, Məşvərət Görüşü formatına 2017-ci ildə start verilib. Uzun illərdən sonra həmin vaxt region liderləri xarici vasitəçilik olmadan sistemli və müntəzəm dialoqa başlayıblar, nəticədə bir sıra ziddiyyətlər həllini tapıb, həqiqi əməkdaşlıq qurulub.

Regional əməkdaşlığın yeni mərhələsinin ən vacib nailiyyətlərindən biri sərhəd məsələlərinin yekun həlli olub. 2025-ci ilin mart ayında Tacikistan prezidenti Emoməli Rəhmon, Özbəkistanın lideri Şavkat Mirziyoyev və Qırğızıstan prezidenti Sadır Japarov Xucənd şəhərində keçirilən birinci üçtərəfli sammitin yekunlarına dair üç ölkənin dövlət sərhədlərinin qovşağına dair sənədi, eləcə də əbədi dostluq haqqında Xucənd bəyannaməsini imzalayıblar.

Danışıqlardan sonra liderlər bəyan ediblər ki, bundan sonra da Qırğızıstan-Tacikistan dövlət sərhədi iki qardaş ölkə və xalq arasında əbədi dostluq sərhədi olaraq qalacaq. Regionun müstəqillik tarixində ilk dəfə olaraq qarşılıqlı sərhədlərin bütün perimetri hüquqi cəhətdən rəsmiləşdirilərək, onilliklər ərzində gərginlik mənbəyi olan məsələ həllini tapıb. Oktyabr ayında keçirilən Fərqanə Sülh Forumu ölkələrin Fərqanə Vadisində sülh və harmoniyanın möhkəmləndirilməsinə qarşılıqlı sadiqliyinin bariz nümayişi oldu. Əvvəllər kəskin fikir ayrılıqlarına və münaqişələrə səbəb olan su və enerji sektorunda da əsaslı müsbət dəyişikliklər baş verib. Əməkdaşlığın bariz nümunəsi olaraq Özbəkistan, Qazaxıstan və Qırğızıstan arasında “Kambarata Su Elektrik Stansiyası-1” layihəsinin birgə həyata keçirilməsinə dair saziş imzalanıb ki, bu da regionun su və enerji ehtiyatlarından birgə istifadədə yeni səhifə açır.  Başqa bir nümunə Daşkəndlə Bişkek arasında Çaşma bulağından birgə istifadəyə dair sazişi göstərmək olar. Digər qarşılıqlı razılaşmaları da sadalamaq mümkündür. Görünən odur ki, Məşvərət Görüşlərində konkret nəticələr əldə olunub və bu, işlək və lazmlı bir mexanizmdir.

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Daşkənd sammiti ərəfəsində “Mərkəzi Asiya yeni dövrün balanğıcında” adlı məqaləsində əldə edilmiş nailiyyətlərin etimada, qarşılıqlı faydaya, ortaq resurslara, ədalətli yanaşmaya əsaslanan yeni tərəfdaşlıq ruhunu inkişaf etdirdiyini bildirib. Onun sözlərinə görə, bu cür layihələr iqtisadi fəaliyyətin dəstəklənməsi və regionun enerji təhlükəsizliyinin gücləndirilməsi üçün yeni imkanlar yaradır. Dövlətlərin birgə səyləri nəticəsində regionda yeni iqtisadi reallıq yaranır. Bu yaxınlara qədər xəyal kimi görünənlər – sərbəst hərəkət, qarşılıqlı hörmət, yaxınlıq və etimad hissi – reallığa çevrilir.

Məlumdur ki, bir çox “Mərkəzi Asiya plyus” əməkdaşlıq formatları fəaliyyət göstərir və bunlar regionu aparıcı qlobal dövlətlər və birliklərlə əlaqələndirir. Təkcə bu il "Mərkəzi Asiya-Aİ", "Mərkəzi Asiya-Çin", "Mərkəzi Asiya-Rusiya" və "Mərkəzi Asiya-ABŞ" sammitləri keçirilib. Bütün bunlar regionun artan əhəmiyyətini göstərir.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qoşulması əlbəttə ki, ölkəmizin həm nüfuzundan, həm əhəmiyyətindən, eləcə də region dövlətləri ilə dostluq münasibətlərindən irəli gəlir. Tarixi bağlar da burada mühüm rol oynayır. Azərbaycan və Mərkəzi Asiya ölkələrini ortaq dəyərlər, ortaq tarix birləşdirir.

Milli Məclisin deputatı Azər Allahverənov hesab edir ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qoşulması, ölkəmiz üçün yeni bir dövrün başlanğıcıdır. Bu addım yalnız diplomatik və siyasi qərar deyil, eyni zamanda bu, tarixi, mədəni, mənəvi bağların siyasi və iqtisadi müstəviyə daşınmasıdır. Onun sözlərinə görə, artıq Mərkəzi Asiya yalnız beş dövlətin təşəbbüsü ilə müəyyən olunan məkan deyil, Azərbaycan da bu regionun ayrılmaz və tamhüquqlu iştirakçısıdır. Bu status Azərbaycanın regional siyasətdə mövqeyini gücləndirir, onun strateji əhəmiyyətini artırır və Avrasiya coğrafiyasında yeni siyasi və iqtisadi mərkəzin formalaşmasına imkan yaradır: “Ölkəmiz, eyni zamanda, həm Cənubi Qafqaz platformasında fəal iştirak edir, həm də Mərkəzi Asiya istiqamətində əlaqələrini genişləndirir. Bu paralel fəaliyyət Azərbaycanın həm regional, həm də qlobal strateji baxışının göstəricisidir. Cənubi Qafqazda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr, o cümlədən nəqliyyat-logistika, enerji və tranzit layihələri bölgənin iqtisadi və siyasi sabitliyinə böyük töhfə verir. Eyni zamanda, Mərkəzi Asiya ilə əməkdaşlığın genişlənməsi Azərbaycanın strateji mövqeyini həm Avrasiya, həm də dünya səviyyəsində möhkəmləndirir. Mərkəzi Asiya coğrafi mövqeyinə görə, Avrasiyanın strateji mərkəzlərindən biridir. Azərbaycanın tamhüquqlu iştirakı bu məkanda onun mövqeyini daha da gücləndirir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Xəzər dənizi yalnız regional deyil, qlobal miqyasda da birləşdirici element rolunu oynayır. Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələri və Xəzər hövzəsi dövlətləri arasında inteqrasiyanın real bir nümunəsini yaradır. Beləliklə, Xəzər hövzəsi yalnız təbii sərvətlər mənbəyi deyil, həm də strateji, iqtisadi və tranzit baxımından regionun birləşdirici mərkəzinə çevrilir”.

A.Allahverənov Azərbaycanın Mərkəzi Asiyada tamhüquqlu iştirakçılıq statusunun vacibliyinə diqqət çəkib: “Bu uğur həm də region dövlətləri arasında strateji tərəfdaşlığın və hətta müttəfiqlik münasibətlərinin dərinləşməsinin göstəricisidir. Bu, yalnız siyasi dialoqun intensivləşməsi deyil, eyni zamanda, iqtisadi və enerji sahəsində böyük perspektivlərin açılması deməkdir. Nəqliyyat-logistika dəhlizləri, beynəlxalq yükdaşımaları, enerji daşıyıcılarının ötürülməsi, yaşıl enerji ixracı, rəqəmsallaşma və süni intellekt kimi sahələrdə yeni imkanlar yaranır. Azərbaycan artıq regionda tranzit və nəqliyyat baxımından əsas mərkəzlərdən biri kimi çıxış edir. Bu baxımdan ölkəmizin rolu yalnız regional deyil, qlobal səviyyədə də əhəmiyyətli hala gəlir. Həmçinin rəqəmsal transformasiya və süni intellekt sahəsində Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı geniş perspektivlər açır. Bu əməkdaşlıq dövlətlərin rəqəmsal iqtisadiyyatlarını inkişaf etdirməyə, kibertəhlükəsizlik və innovativ texnologiyaların tətbiqini genişləndirməyə imkan verir. Həm dövlət qurumları, həm də özəl sektor bu yeni platformalardan faydalana bilər. Belə əməkdaşlıq, eyni zamanda, regionda innovasiya ekosisteminin qurulmasına şərait yaradır və dövlətlərarası texnologiya mübadiləsini sürətləndirir”.

Deputat əlavə edib ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qoşulması, həm ölkəmiz, həm region, həm də bütövlükdə Avrasiya üçün yeni siyasi, iqtisadi və geostrateji imkanlar yaradır. Bu addım inteqrasiya meyllərini gücləndirir, strateji əməkdaşlığı dərinləşdirir və qarşıdakı illərdə region xalqlarının inkişafına töhfə verəcək böyük və uzunmüddətli layihələrin reallaşmasına şərait yaradır: “Azərbaycan həm qlobal enerji və nəqliyyat xəritəsində, həm də Türk dünyası ilə inteqrasiya prosesində lider rolunu daha da möhkəmləndirmiş olur. Bu, yalnız Azərbaycan üçün deyil, həm də region ölkələri və beynəlxalq aktorlar üçün yeni əməkdaşlıq perspektivləri açan tarixi bir qərardır”.

 

Pərvanə  

525-ci qəzet .- 2025.- 19 noyabr(¹210).-S.5.