Türkologiyaya layiqli töhfə
AMEA-nın müxbir üzvü, filologiya elmləri
doktoru, professor Əbülfəz Quliyev türk dünyası və
türkoloji təhsil üçün töhfə olan yeni bir
kitab nəşr etdirib. "Qədim uyğur türkləri:
abidələr, dil, ədəbiyyat" adlı əsər
monoqrafik xarakterli dərs vəsaiti kimi təqdim olunub.
Kitabın elmi redaktoru akademik Nizami Cəfərovdur.
Təqdim olunan bu kitabda VIII-XIII əsrlər
arasında qələmə alınmış qədim
uyğur yazılı abidələri haqqında ümumiləşdirmələr
aparmaqla, oxucuda bu abidələrin məzmunu, linqvo-kulturoloji məziyyətləri,
ədəbi-bədii xüsusiyyət və əhəmiyyəti
haqqında təsəvvür yaradılıb. "Elm və təhsil"
nəşriyyatında işıq üzü görən bu əsər
344 səhifədən, beş bölmədən ibarətdir.
"Qədim uyğur tarixi haqqında ümumi məlumat"
adını daşıyan ilk bölmədə uyğur
etnoniminin yaranmasından və qədim uyğurların
qısa tarixindən bəhs olunur. Uyğurlar qədim türk
xalqlarının mühüm bir qolu olub. Burada göstərilir
ki, uyğurlar Göytürk dövləti ilə mübarizə
şəraitində yaşamış, nəhayət, 745-ci ildə
Uyğur Xaqanlığını qurmağa müvəffəq
olmuşlar. 840-cı ildə Uyğur Xaqanlığı
süquta uğradıqdan sonra onlar Şərqi
Türküstanda Turfan vadisində yeni dövlət qurdular. Bu
türk dövləti XIII əsrədək mövcud olub.
Burada meydana gələn mədəni irs sonrakı türk
dövlətlər üçün örnək, zəngin mənbə
oldu. Nəticədə, uyğurlar qədim türk
xalqlarının arasında həm dövlətçilik ənənəsi,
həm də zəngin mədəni irs baxımından önəmli
yer tuturlar. Müəllif çox doğru olaraq qeyd edir ki,
Uyğurların irsi türk dünyasında mədəniyyətin
formalaşması və yazılı ədəbiyyatın
inkişafında xüsusi rol oynayıb.
Kitabın ikinci bölməsi "Qədim uyğur ədəbi
dili və abidələri" adlanır. Bu bölmədə
qədim uyğurların ədəbi dili və abidələri
haqqında məlumat verilir. Professor Əbülfəz Quliyevin
fikrincə, Qədim Uyğur ədəbi dili iki dövrə
bölünür: run əlifbası ilə yazılan abidələr
və manixey, uyğur, brahmi, ərəb əlifbaları ilə
yazılan abidələr. Əvvəlcə uyğurlar Orxon
türkləri ilə birlikdə göy türk ədəbi
dilindən istifadə etmiş, lakin run əlifbası ilə
yazılmış abidələrdə özünəməxsus
xüsusiyyətlər yaranıb. 840-cı ildən sonra Şərqi
Türküstanda məskunlaşan uyğurlar vahid ədəbi
dildən istifadə etmişlər. Run əlifbası ilə
yazılmış abidələr əsasən dini və rəsmi
sənəd xarakteri daşıyırdı. Lakin arxaik run əlifbası
və ədəbi dil yeni dövrün tələblərinə
cavab vermirdi və bunun nəticəsində yeni, xalq tərəfindən
asan başa düşülən ədəbi dil
formalaşdı. Bu dilin quruluşunda əsasən oğuz əsası
qorunub saxlanıldı, dil həm alınma sözlərlə
zənginləşdirildi, həm də yerli materialdan istifadə
edildi. Ədəbi nümunələr "Altun Yaruk",
"Maytrısimit", "Kuanşi-im Pusar" kimi dini-fəlsəfi
əsərlər, həmçinin "İki qardaş hekayəsi",
"Süan-Tszyanın bioqrafiyası" kimi nəsr və
poeziya nümunələri idi. Uyğur ədəbi dilinin elmi
üslubu təbabət və astronomiya sahələrində
yazılmış əsərlərlə də
tanınırdı. Qədim uyğur dili yazı dili kimi fəaliyyət
göstərmiş, şifahi ünsiyyət üçün
isə daha sadə dialektlərdən istifadə olunurdu. Bu dil əski
türk dillərinin təsiri ilə formalaşmış və
orta əsr türk ədəbi dillərinin - qaraxanlı, Xarəzm
və cağatay türkcələrinin inkişafında
körpü rolunu oynamışdı. Azərbaycan ədəbi
dilinin formalaşmasında da əski uyğur ədəbi
dilinin müəyyən təsiri olub. Həmin bölmə
daxilində Avropada uyğurşünaslıq, Rusiyada
uyğurşünaslıq, Türkiyədə və Azərbaycanda
uyğurşünaslıq üzrə aparılan tədqiqatlardan
da bəhs edilir. Burada göstərilir ki, türkologiyada
Göytürk abidələri tədqiq olunduqdan sonra
uyğurşünaslıq dövrü başlayır.
Tekstoloji material o qədər çox idi ki, bu sahədə
beynəlxalq miqyasda uyğurşünaslıq mərkəzləri
formalaşmışdı. Dünyanın məşhur filoloq
alimləri Şərqi Türküstanda, xüsusən indiki
Çin xalq Respublikasının Turfan vadisi və Dunxan
bölgəsində qədim uyğur əlyazmaları və mədəni
irsi üzərində geniş tədqiqatlar aparıblar. Görkəmli
şərqşünas Mirzə Kazım bəy uyğurlar
haqqında ilk elmi əsərlərdən birini yazıb. Alman əsilli
akademik V.Radloff qədim uyğur dilinin və əlyazmalarının
araşdırılmasına xüsusilə böyük
töhfə verib, "Kutadqu bilik" poemasının
uyğur versiyasını və digər əhəmiyyətli əsərlərin
nəşrini həyata keçirib.
Qeyd etmək lazımdır ki, müstəqillik illərində
Azərbaycanda Qədim uyğur ədəbiyyatı və
hüquq sənədlərinin araşdırılması
istiqamətində bir sıra əhəmiyyətli işlər
görülüb. Belə ki, akademik N.Cəfərov, müxbir
üzv Əbülfəz Quliyev, professor Əlisa
Şükürov və professor Əbülfəz Rəcəblinin
Azərbaycan uyğurşünaslığının
formalaşmasında müəyyən xidmətləri olub.
Akademik N.Cəfərovun dördcildlik "Türk xalqları ədəbiyyatı"
əsəri qədim türk ədəbiyyatını, o
cümlədən uyğur mədəniyyəti və dini təsəvvürlərini
əhatə edir. Mətn qədim türk ədəbiyyatının
əsas mövzularını, dini inanclarını
(maniçilik, buddizm, sufizm), epik və poetik xüsusiyyətlərini,
həmçinin qədim türk nəsrinin xüsusiyyətlərini
ümumiləşdirir.
III bölmədə Qədim Uyğur ədəbiyyatı
və abidələri haqqında məlumat verilib. Qədim
Uyğurların ədəbiyyatı əsasən Manixey və
Buddizm dini təsirləri altında inkişaf edib. XII əsrə
qədər Manixey, XIII əsrdən sonra isə islamlaşan
Koço bölgəsi ilə yanaşı, Çinin indiki
Qansu əyalətində sarı Uyğurlar arasında Buddizm ədəbiyyatı
da inkişaf etmişdi. Uyğur ədəbiyyatı Orxon
türklərinin ədəbiyyatından fərqli olaraq yeni
ruh, məzmun və dil xüsusiyyətləri
daşıyırdı və tərcümə əsərlərinin
yayılması ilə zənginləşmişdi. Əski
Uyğur ədəbiyyatı əsasən nəsr və nəzm
janrlarında formalaşmış, dram janrı istisna olmaqla
inkişaf edib.
Buddizm ədəbiyyatında "Altun yaruk",
"İki qardaş hekayəsi" kimi əsərlər
xüsusilə məşhurdur. Uyğur buddistləri tərəfindən
qələmə alınmış bu ədəbiyyat türk ədəbiyyatında
mühüm yer tutur. Kitabda verilmiş şeir nümunələri
əsasən Çin Türküstanındakı Turfan
bölgəsində tapılmış əlyazmalardan
götürülüb. Bu şeirlər ilk dəfə
professor A.Lekok tərəfindən alman dilinə tərcümə
edilərək 1919-cu ildə nəşr olunub. Daha sonra
türk alimi Rəşid Arat uzun illər bu əsərləri
tədqiq edərək qədim türk poeziyasını və
manixey şeirlərini dünya elminə təqdim edib. Onun
1965-ci ildə Türkiyədə çap olunan "Əski
türk şeiri" kitabı bu tədqiqatların əsas mənbəyidir.
Şeirlərdə səs ahəngi və intonasiya
mühüm rol oynayır, bəzi misralar təkrar edilərək
xüsusi təsir yaradılır. Kitabda həmçinin qədim
uyğur manixey şeirləri və Aprınçor teginin
lirik əsərləri yer alır. Manixey poeziyasında həm
dini məzmun, həm də buddizm təsirləri
müşahidə olunur. Ümumilikdə, bu əsərlər
qədim türk ədəbiyyatının inkişafı və
dini təsəvvürləri haqqında dəyərli məlumatlar
verir.
Yuxarıda qeyd etdiyimiz kimi, 4-cü bölmədə
600-ə qədər mətni əhatə edən qədim
uyğur hüquq sənədləri haqqında məlumat və
bu abidələrə aid nümunələr verilir.
Kitabın sonunda, beşinci bölmədə qədim
uyğur yazılı abidələrində işlənmiş, əsasən
müasir dilimiz üçün arxaikləşmiş sözlərin
geniş lüğəti yer alıb. Əbülfəz
Quliyevin "Qədim uyğur türkləri: abidələr,
dil, ədəbiyyat" adlı dərs vəsaiti türkoloji
elminə, xüsusən də uyğurşünaslıq sahəsinə
mühüm töhfədir. Əsər qədim uyğur
türklərinin tarixi, dil, ədəbiyyat və hüquq
sistemi ilə bağlı geniş və sistemli məlumat təqdim
etməklə yanaşı, bu irsin ümumtürk mədəniyyəti
və yazılı ədəbiyyatındakı yerini də
elmi əsaslarla müəyyənləşdirir.
"Qədim uyğur türkləri: abidələr,
dil, ədəbiyyat" adlı kitabda VIII-XIII əsrlərə
aid yazılı abidələrin məzmun və forma
baxımından təhlili, onların linqvistik və kulturoloji
xüsusiyyətlərinin araşdırılması
aparılır. Uyğurların dövlətçilik ənənəsi,
dini-mədəni dünyagörüşü və yazı
sistemlərindən istifadəsi əsasında onların
yüksək sivilizasiyaya malik bir xalq olduğu aydın şəkildə
sübut olunur. Əsərdə müxtəlif dövrlərdə
uyğur ədəbi dili və onun fonetik, morfoloji, sintaktik
xüsusiyyətləri, eləcə də qədim hüquq sənədlərinin
dili araşdırılıb, geniş lüğət
materialı və ədəbi nümunələr təqdim
olunub. Uyğur ədəbiyyatının Manixey və Buddizm
dini təsiri ilə zənginləşməsi, həm nəzm,
həm də nəsr janrlarında inkişafı və bu sahədəki
tanınmış ədiblər haqqında məlumat kitabın
əhəmiyyətini daha da artırır. Kitabda Avropa, Rusiya,
Türkiyə və Azərbaycanda aparılan
uyğurşünaslıq araşdırmaları haqqında
verilən məlumatlar bu sahənin beynəlxalq elmi ənənələr
içərisindəki yerini də göstərir.
Professor Əbülfəz Quliyevin təqdim olunan
monoqrafik xarakterli bu dərs vəsaiti həm türkoloji təhsildə
istifadə üçün qiymətli qaynaq, həm də qədim
türk yazılı irsinin qorunması və öyrənilməsi
baxımından nümunəvi elmi əsərdir. Nəticə
etibarilə, bu kitab qədim uyğur mədəni irsinin
sistemli və geniş miqyaslı təqdimatı ilə
seçilir və türk dünyasının ortaq dəyərlərinin
tədqiqi sahəsində mühüm mərhələ təşkil
edir. Bu kitab Azərbaycan dilçiliyində
uyğurşünaslığın tədqiqi
üçün çox vacib sayılır. Dərs vəsaiti
gənc nəsil, ali məktəblərin humanitar fakültələrinin
magistratura səviyyəsi tələbələri
üçün mühüm əhəmiyyət kəsb edir və
türkologiya elminə layiqli bir töhfədir.
Ülviyyə ASLANOVA
AMEA Naxçıvan Bölməsinin əməkdaşı
525-ci qəzet .- 2025.- 20 noyabr (№211).- S.14.