"Azərbaycanda peşə təhsilinə
maraq davamlı şəkildə artır"
"BU, TƏKCƏ ALTERNATİV DEYİL, ƏMƏK
BAZARININ TƏLƏBLƏRİNƏ CAVAB VERƏN ƏSAS
TƏHSİL FORMALARINDAN BİRİDİR"
Peşə təhsili üzrə müvafiq ixtisaslara qəbul
olunanların sayı 2011-ci ildən bəri 113 faiz artıb.
2025-2026-cı tədris ilində 27 mindən çox tələbə
peşə təhsilinə qəbul olunub. Bu da göstərir
ki, peşə təhsilinə maraq artmaqdadır. 2027-2030-cu illərdə
peşə təhsilinin genişlənməsi və əmək
bazarında tələbatın artacağı nəzərə
alınaraq peşə təhsilinə tələbatın daha
da artacağı proqnozlaşdırılır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
(BŞTİ) müdir müavini Anar Qədiməliyev deyir ki,
peşə təhsilinə maraq davamlı şəkildə
artır: "Eyni zamanda məktəblərdə peşəyönümlü
siniflərin yaradılması dövlətin bu sahənin
inkişafına verdiyi böyük önəmi göstərir.
Həmin siniflərdə təhsil alanlar zamanın tələbinə
uyğun şəkildə yetişdirilir və
formalaşdırılır. Süni intellektin sürətli
inkişafı nəticəsində aparılan
araşdırmalar göstərir ki, növbəti on il ərzində
bizi tamamilə yeni peşələr gözləyir. Bu dəyişikliklər
fonunda hər birimizin bir neçə sahə üzrə
bacarıq qazanması gələcək həyatımız
üçün son dərəcə önəmlidir. Bu
baxımdan, peşə təhsili bizə geniş imkanlar
yaradır. Bütün məktəb və şagirdləri bu
imkanlardan düzgün istifadə etməyə, öyrənməyə
və inkişaf etməyə dəvət edirəm".
İnformasiyanın son dərəcə çox
olduğu bir dövrdə peşə seçimi getdikcə
çətinləşir. Peşəni doğru seçmək
üçün həm ailə, həm də məktəblərin
daha məlumatlı olması üçün imkanlar
yaratmalıyıq. Bu məqsədlə peşəyönümlü
işləri məktəblərdə daha keyfiyyətli şəkildə
aparmaq vacibdir. Vətəndaşlara və şagirdlərə
peşələr haqqında məlumat daha əlçatan
olmalıdır. Valideynlər övladlarına seçim etməyə
şərait yaratmalıdır. İndiki dövrdə
şagirdlər texnologiyaya yönəldikləri
üçün valideyn və müəllimlər bu prosesdə
iştirak etməsələr də, internetdən ixtisaslar
haqqında məlumat əldə edə bilirlər. Peşə
təhsili müəssisələrindən istəyimiz odur ki,
uşaqlar yalnız eşitməsin, eyni zamanda, görsünlər.
Məsələn, qaynaqçı işinin əhəmiyyətini
bəzən başa düşmürük. Ancaq ətrafımıza
baxanda hər sahədə qaynaq işinin yerini görmək
olur. Şagirdlərə peşələrin əhəmiyyətini
göstərə bilmədiyimiz üçün cəmiyyət
olaraq bunu daha geniş şəkildə təqdim etməliyik.
Uğur hekayələrini cəmiyyətə çatdırmaq
da vacibdir. Hər hansı bir peşə olsun, əgər o sahəyə
maraq varsa və sevərək işləyirsənsə, həyatda
uğur qura bilərsən. Bu proses həm ailə, həm məktəb,
həm də cəmiyyət tərəfindən dəstəklənməlidir.
Təhsil müəssisələrində doğru sistemli
maarifləndirmə və peşəyönümlü işlər,
ailələrdə isə övladlara peşələr
haqqında məlumat vermək düzgün seçim etməyə
kömək edir. Gənclər daha çox ürəklərinin
səsini dinləyərək düşüncələrinə
əsasən qərar verməlidir. Bu prosesdə onlara şərait
yaradılmalıdır.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov
deyir ki, peşə təhsili təkcə bir alternativ deyil, əmək
bazarının strateji tələblərinə cavab verən əsas
təhsil formalarından biridir. Bu sahəyə yatırılan
investisiya, yalnız fərdi inkişaf deyil, eyni zamanda ölkənin
iqtisadi və sosial sabitliyi üçün vacib
addımdır: "Gələcəyin texniki və peşəkar
işçi qüvvəsinin yetişməsi üçün
peşə təhsilinə olan baxış dəyişməli,
bu sahəyə cəmiyyət tərəfindən daha
artıq dəyər verilməlidir.
Professora görə, peşə təhsili ölkənin
iqtisadi inkişafı və işsizliyin azaldılması
baxımından əsas alətlərdən biridir. Bu sistem gənclərin
vaxt itirmədən əmək bazarına
çıxışını təmin edir və onları
real bacarıqlarla silahlandırır: "Peşə təhsili
konkret sahələr üzrə praktik bilik verir, bu da onu
bazarın tələblərinə daha yaxın edir. Sənaye,
tikinti, kənd təsərrüfatı və xidmət sahələrində
peşəkar texniki kadrlara ciddi ehtiyac var. Bu ehtiyacı
yalnız peşə təhsili qarşılayır.
İxtisaslı işçi qüvvəsi iqtisadiyyatın
sürətli inkişafı və istehsalatın artımı
üçün əsas faktordur. Peşə təhsili,
xüsusilə region gənclərinin erkən yaşda işə
başlamasına, ailələrinə və cəmiyyətə
töhfə verməsinə şərait yaradır. Peşə
təhsili bir seçim deyil, zərurətdir. Əgər bu
sahəyə kifayət qədər diqqət yetirilsə,
ölkədə nə işsizlik, nə də kadr
çatışmazlığı problemi qalar".
Şahlar Əsgərov bildirib ki, ələcəyin
uğurlu insanı təkcə diplom sahibi deyil, bacarıq
sahibi olacaq. Peşə təhsili isə bu bacarığın
təməlini qoyan ən güclü vasitədir:
"Texnologiyanın sürətli inkişafı fonunda bir
çox ənənəvi ixtisaslar ya dəyişir, ya da
tamamilə sıradan çıxır. Gələcəyin əmək
bazarında bacarıq əsaslı, çevik və praktik
biliklərə sahib insanlara ehtiyac artacaq. Bu baxımdan, peşə
təhsili gələcəyin əsas təhsil forması
olacaq. Peşə təhsili qısa müddətdə spesifik
bacarıqlar qazandırır. Bu, sürətlə dəyişən
bazarda çevik cavab vermək üçün əvəzsizdir.
Yeni texnologiyalar bəzi peşələri sıradan
çıxarsa da, texniki servis, mexanika, proqram təminatı dəstəyi
kimi sahələrdə bacarıqlı kadrlara tələbat
artacaq. Peşə təhsilindən keçmiş şəxslər
yalnız işçi yox, öz işini qura biləcək fərdlər
kimi yetişir. Bu isə ölkənin kiçik və orta
biznes sahəsinin inkişafına güclü təkan
verir".
Cəmiyyətin peşə təhsilinə münasibəti
də dəyişməkdədir. Artıq gənclər
yalnız ali təhsil deyil, həm də praktik bacarıq
qazandıran, əmək bazarında rəqabət
üstünlüyü verən peşə təhsilini real
alternativ kimi görürlər. Gələcəkdə bu
baxış daha da güclənəcək və peşə təhsili
sosial nüfuz baxımından da yüksələcək.
Qloballaşma və əmək miqrasiyası fonunda beynəlxalq
standartlara uyğun peşə təhsili vacib olacaq. Avropa və
digər regionlarla uyğun sertifikatlaşdırma, dil
hazırlığı, və universal bacarıqlar kimi sahələr
önə çıxacaq. Bu da məzunlara xarici ölkələrdə
işləmək imkanları yaradacaq.
Peşə təhsili təkcə əmək
bazarının tələbini ödəyən mexanizm deyil, həm
də gənclərə layiqli həyat qurmaq üçün
real fürsətlər təqdim edən mühüm bir
platformadır. Texnologiyanın sürətli inkişafı,
ekoloji çağırışlar və dəyişən
iqtisadi reallıqlar fonunda bu sahənin gələcək
perspektivləri kifayət qədər geniş və dinamikdir.
Təhsil eksperti Kamran Əsədov bildirib ki,
hazırda ölkədə iqtisadiyyatın, o cümlədən
sənayenin və kənd təsərrüfatının hərtərəfli
inkişaf etdirilməsində kadrlara böyük ehtiyac var. Bu
ehtiyacı ödəmək üçün regionlarda mərkəzləşdirilmiş
peşə təhsili müəssisələri
yaradılır, amma bu sahələr üzrə kadrlar da
hazırlanmalıdır. Bu sahələr üzrə peşələrin
inkişafı və ixtisaslı kadrların hazırlanması
iqtisadiyyatın inkişafına təkan verəcək.
İxtisaslı mütəxəssislər ilk peşə təhsili
üzrə aldıqları bilikləri praktikada tətbiq edəcək
və bunun nəticəsində əkin sahələri
genişlənəcək. O cümlədən, qeyri-neft sektoru
hesabına ölkə iqtisadiyyatı yüksələcək:
"Halbuki müasir əmək bazarı daim dəyişir və
hər il yeni peşələr yaranır. İnformasiya
texnologiyaları, turizm, logistika, enerji, kənd təsərrüfatı
və xidmət sahələri üzrə çoxlu yeni
ixtisaslar peşə məktəblərində tədris
olunmalıdır. Burada dövlətin güzəşt siyasəti
mühüm rol oynaya bilər".
Təhsili üzrə ekspert Elçin Süleymanov
deyir ki, cəmiyyətin inkişafı ilə yeni ixtisaslar və
peşələrə ehtiyac artır. Bu isə təkcə
ali təhsilli mütəxəssislərlə deyil, həm də
subbakalavr və peşə təhsili alan kadrlarla təmin
olunmalıdır: "Peşə təhsili gələcəkdə
iş tapmaq və karyera baxımından əhəmiyyətlidir.
Cəmiyyət inkişaf edir, yeni sahələr
formalaşır və bu dəyişikliklərə
uyğunlaşmaq üçün peşə
bacarıqları vacibdir".
Elçin Süleymanov qeyd edib ki, əvvəlki illərdə
müəyyən tənəzzül müşahidə olunsa
da, son illər bu sahədə ciddi canlanma var: "Peşə
məktəbləri müasirləşdirilir, tədris
proqramları yenilənir, məzunların daha aktual ixtisaslara
yönləndirilməsi həyata keçirilir. Bu prosesdə
Peşə Təhsili üzrə Dövlət Agentliyi və
müxtəlif nazirliklərlə yanaşı, Türkiyə,
Koreya və digər ölkələrin dəstəyi ilə
yaradılan peşə mərkəzləri də mühüm
rol oynayır".
Ekspertin sözlərinə görə, xüsusilə
Qarabağda tikinti və bərpa işlərinin getdiyi bu
dövrdə peşə təhsilli kadrlara böyük ehtiyac
yaranıb: "Qaynaqçı, dülgər, rəngsaz kimi
sahələrdə peşə bilikləri olan şəxslər
tikinti-quraşdırma işlərinə cəlb olunur.
"Ağıllı şəhər" və
"Ağıllı kənd" layihələrində, eləcə
də alternativ və bərpa olunan enerji, aqrar sektor üzrə
mütəxəssislərə də ciddi tələbat var.
Yeni texnologiyaların yayılması ilə bağlı olaraq,
müəyyən sahələrdə təmirçi və
texniki kadrlara ehtiyac daha da artır. Hər üç gələn
avtomobildən biri elektriklidir. Bu isə həmin sahəyə
uyğun peşəkarların, məsələn, elektrikli
avtomobillərinin təmirçisi, xidmət mütəxəssisi
və digərlərinin hazırlanmasını tələb
edir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 20 noyabr (№211).- S.12.