“Huma Quşu” Təhsilə Yardım
Fondunun xeyriyyə gecəsi
Noyabrın
16-da Bakı Musiqi Akademiyasının nəzdində Opera
Studiyasında “Huma Quşu” Təhsilə Yardım Fondu tərəfindən
“Səsimiz Səsindir, Humay” adlı xeyriyyə gecəsi
keçirilib.
525.az
Modern.az-a istinadən xəbər verir ki, rəsm əsərlərinin
sərgisi ilə başlayan və “Huma Quşu” Fondunun
prezidenti Şəhla Vəzirovanın
çıxışı ilə davam edən tədbirdə
dövlət və ictimai qurumların rəhbərləri, elm
və mədəniyyət xadimləri, incəsənət
ustaları, magistr və tələbələr, Fondun
dostları, tərəfdaşları və media nümayəndələri
iştirak edib, milli musiqi nümunələrindən ibarət
proqram təqdim olunub.
Fondun
prezidenti Şəhla Vəzirova tədbirdə
çıxış edərək qonaqlara təşəkkürünü
bildirib:
“Hər
birinizə bu axşam burada olub “Huma Quşu” Fonduna dəstək
göstərdiyiniz üçün dərin minnətdarlığımı
çatdırmaq istəyirəm. “Huma Quşu” Fondu artıq
üç ildir fəaliyyət göstərir. Keçən
il, dekabrın 7-də Beynəlxalq Muğam Mərkəzində
“Huma quşu - xeyirxahlıq və cəsarət bələdçisi”
adlı xeyriyyə axşamı təşkil etdik. Rəsm əsərlərinin
satış sərgisi və gözəl caz konserti baş
tutdu, həmin konsertə görkəmli cazmen Salman Qəmbərov
rəhbərlik edirdi.
O
zaman çıxışımda qeyd etmişdim ki, fond iki il ərzində
müxtəlif təqaüd proqramlarına 120 min manat
ayırıb. Üzərindən bir il keçib və
artıq həmin rəqəm 209 min manata çatıb. Bu
müddət ərzində biz 45 tələbəyə dəstək
olmuşuq, bəziləri ardıcıl olaraq bir neçə
dəfə təqaüd qazanıb. Bu günə qədər
doqquz fərqli təqaüd proqramı həyata
keçirmişik və bu proqramlar hər il avtomatik təkrar
olunmur”.
Şəhla
Vəzirova fondun son təşəbbüsləri barədə
də məlumat verib:
“Bu
yaxınlarda Azercell-in dəstəyi ilə “Qızların
STEM-də yüksəlişi” təqaüd proqramını həyata
keçirdik. Texniki sahələrdə inkişaf etmək istəyən
qızlara dəstək verməyi planlaşdırırdıq.
Siyahıya əsasən, beş nəfəri seçməli
idik. Lakin müraciət edən 113 qızın hər biri son
dərəcə istedadlı idi. Buna görə qərara gəldik
ki, niyə yalnız beş nəfər? Biz bu rəqəmi 10
qıza çatdırdıq”.
Onun
sözlərinə görə, bu təşəbbüs daha
geniş xeyirxahlıq zəncirinə çevrilib:
“Elan
yayılandan sonra “Div Akademiyası”nın direktoru Aygün
xanım bizimlə əlaqə saxladı və bildirdi ki, bir və
ya iki valideynini itirmiş qızlara ödənişsiz təhsil
verməyə hazırdırlar. Biz siyahını təqdim
etdik. Bu təşəbbüs genişləndi, davam etdi”.
Fond
prezidenti, həmçinin mentorluq proqramının əhəmiyyətinə
toxunub:
“Biz
mentorluq proqramına da start verdik. Mentorluq - təcrübəli
bir şəxsin bir gəncə yol göstərməsi, ona dəstək
olması deməkdir. Dünyada bu model geniş yayılıb.
Qərbdə buna “mentorluq” deyirlər, amma bizdə həmişə
olub – usta–şagird ənənəsi. Biz həmin ənənəni
müasir formada tətbiq edirik. Mentorlarımız öz sahələrində
çox savadlı, uğurlu insanlardır. Dünyanın
müxtəlif ölkələrində çalışan azərbaycanlı
mütəxəssisləri bu prosesə cəlb edirik.
Çünki bəzən bir düzgün məsləhət
milyonlarla pula bərabər olur”.
Şəhla
Vəzirova əlavə edib ki, fond yalnız maliyyə dəstəyi
vermir:
“Onlayn
seminarlar, maliyyə savadlılığı üzrə təlimlər
də keçirmişik. Çünki təkcə pul vermək
kifayət etmir, həm də həmin vəsaiti düzgün
idarə etməyi öyrətmək lazımdır”.
Fondun
xüsusi proqramlarından biri – “Humayın təhsil ADAsı” təqaüdü
barədə danışan Vəzirova deyib:
“Bu
il ADA Universitetində təhsil almaq istəyən üç
tələbəmiz bu təqaüdə layiq
görüldü. Onlardan ikisi kənd məktəblərində
müəllim işləyir – biri fizika, biri kimya müəllimidir.
Artıq təqaüdün faydasını görür və
uğurla təhsil alırlar”.
Yeni
qəbul elanları haqqında məlumat verən prezident
bildirib:
“Noyabrın
1-dən etibarən “Humayın xəyaldan gerçəyə”
təqaüd proqramına müraciətlər açıq
elan edilib. Proqramı sosial şəbəkələrdə və
media platformalarında paylaşırıq.
Ətrafınızda uyğun namizədlər varsa, onlara bu
imkanı çatdırmağınızı xahiş edirik”.
Şəhla
Vəzirova fondun fəaliyyətinin könüllülük
üzərində qurulduğunu vurğulayıb:
“Bizim
komandamız dostluq, könüllülük və hörmət
əsasında çalışır. Əvvəllər
komanda yalnız Humayın yaxınlarından ibarət idisə,
bu gün daha böyük bir ailəyə çevrilib.
Artıq fondu dəstəkləmiş keçmiş təqaüdçülər
də könüllü olaraq bizə qoşulur”.
Ötən
ilin nəticələrindən danışan fond rəhbəri
deyib:
“Keçən
il təşkil etdiyimiz tədbirdən 8500 manat vəsait
toplandı və bir qəpiyinə qədər tələbələrə
təqaüd kimi verildi. İl ərzində fond 59 min manat
qrant və ianə alıb. Bu dəstəkdə hər kəsin
payı var. Bu il də həmin ilhamla yenidən konsert təşkil
etdik. Təklifi Fərhad Bədəlbəliyə bildirdikdə
o, bizə bu zalı pulsuz təqdim etdi. Səhnəyə
çıxacaq bütün ifaçılar da heç bir
ödəniş almadan burada iştirak edirlər”.
Qeyd
edək ki, xeyriyyə gecəsində bilet və rəsm əsərlərinin
satışı, eləcə də ianələrdən
toplanan vəsait aztəminatlı ailələrdən olan gənclərin
Fondun doqquz aktiv proqramı çərçivəsində dəstəklənməsinə
yönləndiriləcək. “Huma Quşu” Təhsilə
Yardım Fondunun tədbirində Anar Qəmbərli, Ayten
Qocayeva, Eldar Babazada, Könül Hüseynzada, İlham
Anveroğlu, Nərminə Rəsizadə, Orxan Hüseynov, Pari
Miniatür, Röya Həsən, Səkinə Cəfərli
Musa, Zöhrab və Şəlalə Salamzadələr, Tatyana
Quliyeva və Töre Ağabayevayanın əsərləri sərgilənib.
Arifə
Kərimzadə
525-ci
qəzet .- 2025.- 20 noyabr (¹211).- S.10.