Azadlığın 5
ili: Ağdam
20 noyabr 2020-ci il Azərbaycan üçün
mühüm əhəmiyyət kəsb edən bir tarixdir. Məhz
bu gün Ağdam rayonunun işğalına son qoyuldu.
Artıq beş ildir ki, Ağdam öz sahiblərinə
qovuşub. “Qafqazın Xirosima”sı, “Ruhlar şəhəri” də
adlandırılan Ağdam 27 il 4 ay işğal altında olub.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam
edən Vətən müharibəsində Ermənistan
ağır məğlubiyyətə uğradı və
kaputulyasiya aktına imza atmağa məcbur oldu. Ağdam rayonu
həmin il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata
uyğun olaraq noyabrın 20-də Azərbaycana
qaytarıldı. Prezidentin 2023-cü il iyulun 31-də
imzaladığı sərəncama əsasən Ağdam
şəhərinin işğaldan azad edildiyi 20 noyabr tarixi
Ağdam Şəhəri Günü kimi qeyd olunur.
Prezident İlham Əliyev 23 noyabr 2020-ci ildə azad
edilmiş Ağdam şəhərində səfərdə
olub və Azərbaycanın üçrəngli
bayrağını qaldırıb.
İşğal müddətində erməni
vandalizminə ən çox məruz qalan ərazilərimizdən
biri məhz Ağdam olub. Ermənilər rayonu tamamilə dağıdıb,
yerlə-yeksan edib. Hesablamalara görə, rayona 13 milyard 135
milyon ABŞ dolları məbləğində ziyan dəyib.
Prezident İlham Əliyev MDB Dövlət
Başçıları Şurasının 18 dekabr 2020-ci il
tarixli iclasında çıxışı zamanı bu məqama
toxunaraq deyib: “Ağdam şəhəri yoxdur, o,
dağıdılıb. Ağdam şəhərində qismən
dağıdılmış bir məscid qalıb. Biz
maraqlananda ki, bütün başqa məscidlər kimi onu nə
üçün dağıtmayıblar, bizə dedilər ki,
bu, bir növ oriyentir idi, ərazidə səmti müəyyənləşdirmək
üçün idi ki, əgər Azərbaycan Ordusu bu istiqamətdə
hücuma keçərsə, artilleriyaya hücumun dəqiq
oriyentirlərini verə bilsinlər”.
İşğalçı erməni silahlı birləşmələri
digər ərazilərimizdə olduğu kimi, Ağdamda da qədim
keçmişin şahidi olan çox sayda tarixi abidələri,
mədəni irsi, memarlıq nümunələrini,
keçmiş SSRİ-də birinci, dünyada ikinci olan
Çörək Muzeyini vəhşicəsinə
dağıtdılar, insanların əmlaklarını qarət
åtdilər. Bundan əlavə, dini ibadətgahları, şəhərinin
mərkəzində yerləşən qədim memarlıq abidəsi
sayılan məscid və onun minarələrini də
uçurub, dağıdıblar.
Bu gün isə artıq Azərbaycanın
işğaldan azad olunmuş ərazilərində, o cümlədən,
Ağdamda böyük bərpa-quruculuq işləri
aparılır. Ağdama yeni nəfəs, yeni həyat
qayıdır.
Prezident İlham Əliyevin söylədiyi “Biz
Ağdam şəhərini bərpa edəcəyik,
bütün kəndləri bərpa edəcəyik. Heç
kimdə bu haqda şübhə olmasın. Bu, böyük
iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət
tələb edəcək”, fikirləri qısa müddət ərzində
artıq reallaşmağa başladı. Azərbaycan öz
gücünə nəhəng işlərə start verdi.
Sıfırdan bərpa-quruculuq işlərinə
başladı.
2021-ci il mayın 28-də növbəti səfər
zamanı dövlət başçısına Ağdam şəhərinin
Baş Planı təqdim olunub. Prezident Ağdam şəhərinin
bərpasının təməl daşını, Ağdam
şəhər 1 saylı məktəbin yeni binasının təməlini
qoyub və Ağdam ictimaiyyətinin nümayəndələri
ilə görüşüb. Eyni zamanda İlham Əliyev Bərdə-Ağdam
avtomobil yolunun, Sənaye Parkının, şəhər ərazisində
inşa olunan ilk yaşayış binasının təməlqoyma
mərasimində və Ağdam şəhər meşə-parkında
dağdağan ağaclarının əkilməsi mərasimində
iştirak edib, Qarabağ xanlığının banisi Pənahəli
xanın sarayının yerləşdiyi imarət kompleksində,
Qiyaslı məscidində, Şahbulaq qalasında olub.
Dövlət başçısı mütəmadi
olaraq Ağdama və digər azad olunmuş ərazilərə
səfərlər edir, görülən işlərlə
yerində tanış olur, yeni tikililərin təməlini
qoyur, açılış mərasimlərində iştirak
edir.
Ağdamda “ağıllı şəhər”
konsepsiyasına uyğun müasir infrastruktur qurulur. Bu il 10 may
tarixli səfəri zamanı dövlət
başçısı Ağdam Dəmir Yolu və
Avtovağzal Kompleksinin açılışında iştirak
edib. Qeyd edək ki, işğaldan azad olunmuş
rayonlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq
işlərinin tərkib hissəsi kimi bu ərazilərimizdə
mühüm yol-nəqliyyat layihələrinin icrasına da
xüsusi diqqət yetirilir. Ağdam Dəmir Yolu və
Avtovağzal Kompleksi bölgədə ictimai nəqliyyatın əlçatanlığını
artırmaqla yanaşı, rayonun sosial-iqtisadi dirçəlişinə
və regionlararası əlaqələrin genişlənməsinə
mühüm töhfə verəcək, öz ata-baba
yurdlarına qayıdan soydaşlarımızın digər
şəhər və rayonlara rahat şəkildə səfər
etməsində böyük rol oynayacaq, ümumilikdə Azərbaycanın
nəqliyyat potensialının genişlənməsinə xidmət
edəcək. Eyni zamanda, bu cür mühüm infrastruktur layihəsinin
həyata keçirilməsi Şərq-Qərb və
Şimal-Cənub dəhlizlərinin kəsişməsində
yerləşən ölkəmizdə nəqliyyat sahəsində
görülən işlərin ardıcıl və yüksək
keyfiyyətlə davam etdiyinin bariz nümunəsidir.
Həmin vaxt açılışı olan Ağdam
Muğam Mərkəzi də Qarabağ bölgəsində
muğam sənətinin təbliğində mühüm rol
oynayacaq.
Dövlət başçısı Ağdam rayonunun Kəngərli
kəndinin birinci mərhələsinin
açılışında, Kəngərli kənd tam orta məktəbinin
binasının açılışında da iştirak edib.
Bu kəndə köçən sakinlərlə
görüşüb, onlara evlərin açarlarını təqdim
edib.
Bu il iyulun 18-də dövlət
başçısı bu rayonda olarkən “Tabaterra” MMC-nin
Ağdam Sənaye Parkındakı tütün məmulatlarının
istehsalı müəssisəsinin, 960 şagird yerlik Ağdam
şəhər 1 nömrəli tam orta məktəbinin, 160
yerlik 1 nömrəli körpələr evi-uşaq
bağçasının, həmçinin Ermənistan
silahlı qüvvələri tərəfindən
işğalı zamanı mal-qara tövləsi kimi istifadə
edilən Ağdamın Qiyaslı kəndindəki tarixi məscidin
bərpadan sonra açılışlarında iştirak edib.
Qeyd edək ki, Qiyaslı məscidi də Qarabağda erməni
vandalizminə məruz qalan tarixi-dini abidələrimizdən
idi. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri
tərəfindən işğalı zamanı mal-qara tövləsi
kimi istifadə edilən məscid binası ciddi
dağıntılara məruz qalıb, dam örtüyü və
günbəzlər tamamilə dağıdılıb.
Ağdam rayonu erməni işğalından azad edildikdən
sonra 2022-ci ildən Qiyaslı məscidində bərpa işlərinə
başlanılıb. Məscidin bərpası işləri
Heydər Əliyev Fondu tərəfindən aparılıb. Bərpa
layihəsi hazırlanarkən məscidin ilkin görkəmini
qorumaq məqsədilə arxiv materiallarından və
videoqrafik mənbələrdən istifadə olunub. Qiyaslı
məscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
ilə 2001-ci ildən yerli əhəmiyyətli daşınmaz
tarixi və mədəniyyət abidələri
siyahısındadır.
Artıq Ağdam Sənaye Parkı da fəaliyyət
göstərir ki, bu da həm rayonda iqtisadiyyatın, yerli
istehsalın inkişafını stimullaşdırır, həm
də məşğulluğun təmini, regiona investisiya cəlb
edilməsini, ixrac imkanlarını artırır. Prezident
İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən
yaradılan sənaye parkı 190 hektar ərazini əhatə
edir. Parkın yaradılmasında məqsəd işğaldan
azad edilən ərazilərin dirçəldilməsi,
Qarabağın sənaye potensialının
reallaşdırılması, sahibkarlığın dəstəklənməsi,
əhalinin istehsal sahəsində məşğulluğunun
artırılmasıdır.
Ağdam Sənaye Parkı rezident sayına görə
Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən
böyük sənaye parkıdır. Parkda ümumi
investisiyalarının həcmi 260 milyon manatdan çox olan 28
sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə
qeyri-rezidentlik statusu verilib. Ağdam Sənaye Parkında
hazırda 9 müəssisə fəaliyyət göstərir,
5-dən çox müəssisənin tikintisi isə davam
etdirilir. Sahibkarlar tərəfindən görülən
işlərə 115 milyon manatdan çox investisiya
yatırılıb, 938 nəfər daimi işlə təmin
edilib.
Bu gün Ağdam öz doğma sakinlərinin nəfəsi
ilə isinir. Hazırda Ağdam rayonunun Sarıcalı, Kəngərli
və Xıdırlı kəndlərində sakinlər məskunlaşıb.
Burada onların rahat yaşayışı üçün
bütün şərait yaradılıb. Böyük
Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində
Ağdam rayonunda ümumilikdə 944 ailə, 3 min 818 nəfər
sakin məskunlaşıb. Həmçinin Ağdam şəhərinin
özündə də tikinti işləri davam edir.
Böyük Qayıdışa dair I Dövlət Proqramına
uyğun olaraq Ağdam şəhərində 5
yaşayış məhəlləsi tikiləcək.
Hazırda ikinci yaşayış məhəlləsi üzrə
11 kvartalda tikinti işləri davam edir və 66 çoxmənzilli
bina tikilir. Onlardan 60-ı yaşayış, 6-sı isə
qeyri-yaşayış binalarıdır. İkinci
yaşayış məhəlləsinə Ağdam sakinlərinin
geri qayıdışı bu ilin sonuna kimi reallaşacaq. Eyni
zamanda, Ağdam rayonunun Baş Qərvənd kəndində,
Eyvazxanbəyli kəndində genişmiqyaslı tikinti işlərinə
başlanılıb və onların gələn ilin sonuna
yekunlaşması nəzərdə tutulur. Bundan sonra sakinlərin
köçü planlaşdırılır.
Ağdam tariximizə həm də qəhrəman şəhər
adı ilə həkk olunub. Birinci Qarabağ müharibəsində
ağdamlılar sonadək qəhrəmancasına
vuruşublar, Ağdam 6 mindən çox şəhid verib,
onlardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanıdır.
Bu gün Ağdam sürətlə tikilir, qurulur və
heç şübhəsiz ki, yaxın gələcəkdə
regionun ən cazibədar, göz oxşayan mərkəzlərindən
birinə çevriləcək.
Pərvanə
525-ci qəzet .- 2025.- 20 noyabr (¹211).- S.5.