Həyat fəlsəfəsi
Sədətqulunun Qacarlar nəslinə mənsub
olduqları ehtimal edilən ulu babaları Zəngilanın Vejnəli
kəndinə Cənubi Azərbaycandan gəlib. Atası Cəfərqulu
kişi qədim Vejnəli kəndinin köklü sakinlərindən
idi. Bu kənddə həyatın yenidən canlanması onun
babalarının adı ilə bağlıdı. Bu nəsil nənki
Vejnəli kəndinin, həm də qonşu kəndlərin əhalisi
üçün də güvənc yeri idi. Bu, ruhun eyniliyinə
görə beləydi və bu eynilik tarixi gerçəkliyin təzahürü
kimi yaşadılacaqdı...
1922-ci ildə dünyaya göz açan Sədətqulu
ailənin üçüncü övladı idi. Adi olmayan
iradəsi ilə seçilirdi. Atası onu təsərrüfat
işlərinə cəlb eləməzdi, ona elə gəlirdi
ki, Sədətqulunu əməyə cəlb eləsə, oxuya
bilməyəcək. Bunu isə qətiyyən
arzulamırdı. Oğlunu oxutmaq istəyirdi. İstəyirdi
ki, Sədətqulu da digərləri kimi təhsil alsın,
"əli quru, ayağı quru" güzəran
yaşasın. "Biz oxuya bilmədik, eldən-elə
köçə-köçə, ocaq dəyişə-dəyişə
illər yormuşuq. Barı balalarımız bir gün
görsünlər...", - dünənlərə təəssüflə,
sabahlara istəklərlə göy üzünə
baxardı...
Sədətqulu oxudu. Özünün də təhsilə
böyük həvəsi vardı. Atasının niyyətini
də başa düşürdü. O illərdə təhsilli
oğul atası olmaq hər ataya nəsib olmurdu.
Vejnəli kəndində ibtidai məktəbdə,
sonra 14-15 kilometr aralıda Bartaz kəndindəki məktəbdə
oxudu. Tay-tuşlarından təhsilə həvəsi ilə fərqlənirdi.
11 yaşlı uşaq piyada necə gedib-gələydi,
dağları necə aşaydı, meşələri necə
keçəydi... Cəfərqulu kişi düşünclərini
bir yana çıxarda bilmirdi. "At alacam. Qoy məktəbə
atla gedib-gəlsin", - qərara aldı. Çəkinmədən
bu yaşda uşağa at etibar elədi. Qarda-çovğunda
da, istidə-bürküdə də Sədətqulu məktəbə
atla gedib-gəlirdi. Göy atla ağ günlərin
işığına tələsirdi Sədətqulu. Ata
süvar olanda elə bilirdi ki, dünya onundu, Göy at onu sonuncu
sinifə çatdıracaq. 1937-ci ildə, 7-ci sinfi bitirdikdən
sonra rayon mərkəzindəki Pircivan kənd orta məktəbində
oxudu. Dərs günlərində göy atın
qantarğasından bərk-bərk yapışardı, göy
at onun niyyətini duyardı. Hərdən zarafatla deyərdi:
"Koroğlunun Qıratı olub, Qaçaq Nəbinin Boz
atı, mənim Göy atım var..."
Orta məktəbi bitirdi...
İkinci Dünya müharibəsi başladı.
Müharibənin qara əlləri Zəngilana, Vejnəliyə
də çatdı. Kənddən neçələri
getmişdi davaya. Hamı qəhərini kirmişcə çəkirdi.
Onu da, böyük qardaşı Rzaqulunu da müharibəyə
çağırdılar.
Zəngilan rayon hərbi komissarı demişdi ki, cəbhəyə
hər ailədən bir nəfər aparılır. Neçələri
bundan çarəsiz təsəlli tapmışdı. Ailədən
biri müharibəyə göndəriləndə yaşı
döyüşçü yaşına çatan o birisi
müharibəyə aparılmırdı, arxa cəbhədə
xidmət edirdi.
Rzaqulunu müharibəyə apardılar, Sədətqulu
hərbiləşdirilmiş Culfa-Mincivan dəmiryoluna gözətçi
göndərildi. Təhsil ala bilməyəcəkdi. Müharibə
onun oxumaq arzusunu ürəyində qoydu. 1941-1946-cı illərdə
Culfa-Mincivan dəmiryolu sahəsində gözətçi
işlədi, yaxşı işinə görə 1942-ci ildə
partiya sıralarına qəbul edildi...
İllər belə keçdi...
Müharibə başa çatdı... Sədətqulu
1946-1947-ci illərdə Ordubad stansiyası ərazisində yol
briqadiri işlədi. 1947-ci ilin sonlarında Ağbənd dəmiryolu
stansiyasında stansiya növbətçisi vəzifəsinə
təyin edildi. Bir sıra təmir-bərpa və
yaşıllaşdırma işləri apardıqdan sonra Sədətqulunun
təşəbbüsü, kollektivin gücü ilə kohnə
yarımuçuq stansiya binasının yerində yeni bina
tikildi. Rəhbərlik bu fədakarlığı dəyərləndirdi,
kollektiv pul mükafatına layiq görüldü, Sədətqulu
isə "Əla hərəkətçi" döş
nişanı ilə təltif edildi.
Sədətqulu 1948-ci ildə isə Ağbənd dəmiryolu
stansiyasına stansiya rəisi təyin olundu. Bu vəzifə dəmiryol
idarəsində böyük və məsul vəzifə hesab
edilirdi. Azərbaycan Dəmir Yol İdarəsinin Ələt
şöbəsinin rəisi Ağbəndə gəlmişdi,
Sədətqulunu kollektivə təqdim etmişdi.
Müharibəyə görə təhsil ala bilməmişdi.
Şəraitə görə istəyinin
işığına getməmişdi, zamanını gözləmişdi.
Ağbənd stansiyasının rəisi vəzifəsində
işləyəndə Tbilisidə iki aylıq
ixtisaslaşdırılmış kurs bitirmişdi. Mütəxəssis
idi...
Yaxşı iş işıq kimidi - uzaqlardan da
görünür, duru ömür uzaqlardan da duyulur; Sədətqulu
1953-cü ildə Mincivan qovşaq dəmiryol stansiyasına
stansiya rəisinin müavini təyin olundu. 1942-ci ildən Sov.
İKP üzvü olan Sədətqulu Rzaquliyev 1954-cü ilin
oktyabrında Qafan-Ağbənd-Həkəri, sonralar isə
Füzuli rayonu ərazisindəki Bəhmənli dəmiryol
stansiyasınadək olan ərazidəki 15 stansiyanı və
300-dən çox kommunisti özündə birləşdirən
Mincivan Qovşaq partiya komitəsinin
katibi seçildi. 1959-1964-cü illərdə Bakı Ali
Partiya Məktəbində qiyabi təhsil aldı. Partiya komitəsinin
fəalyyətinin yaxşılaşdırılması istiqamətində
apardığı səmərəli işin uğurlu nəticələri
nəzərə alınaraq 1960-cı ildə Zəngilan rayon
Partiya Komitəsində təlimatçı vəzifəsinə
irəli çəkildi. Həmin il Rayon Partiya Komitəsi
bürosunun qərarı ilə Vejnəli Geoloji -
Axtarış Dəstəsinə rəis müavini göndərildi.
1961-ci ildə rayonun iri təsərrüfatlarından biri olan
"Bakı fəhləsi" kolxozu partiya komitəsinin katibi
vəzifəsində işlədi. 1972-ci ilin noyabrında yenidən
Mincivan Qovşaq Partiya Komitəsinə katib seçildi. 1988-ci
ilin aprelinə kimi həmin vəzifədə işlədi. Təqaüdə
çıxdı...
Təqaüddəydi. Həmin vaxtlarda azərbaycanlılar
Ermənistandan deportasiya edilirdi, doğma yurdlarından
qovulurdu. Ondan qalıb işləməsini xahiş etmişdilər,
"Gənclər işləsin, onlara kömək eləməyə,
təcrübəmi aşılamağa hazıram...", -
demişdi. Bu, böyük ürək yiyəsi olan ağsaqqal
sözü idi.
1988-ci illərdə Ermənistandan
çıxarılan azərbaycanlıları Mincivan qəsəbə
dəmiryol vağzalında yaradılmış xüsusu
komissiyanın üzvləri qarşılayırdı,
ev-eşiyini tərk etməyə məcbur olanlara ilkin
yardım göstərildikdən sonra respublikamızın digər
bölgələrinə göndərilirdi. Bu müddətdə
Mincivan stansiyasına sərnişin qatarları gələndə
Sədətqulu Rzaquliyev əvvəlki vaxtlarda olduğu kimi
stansiyada insanların arasında olardı. Onun gəlişi,
işə müdaxiləsi ruhən ağır, mənən
çətin işin nizamlı təşkilində
böyük rol oynayardı. Ağsaqqal kimi söhbətləri,
böyük nüfuzu hadisələrin məcrasından
çıxmasına imkan vermirdi...
Sədətqulu Rzaquliyevin qardaşı Qurbanın
oğlu, ehtiyatda olan mayor,müharibə veteranı,
istedadlı yazıçı-publisist Əli Rzaquliyevin bir
xatırlaması bir insan xarakteri haqqında könül
söhbətidi: "Ordu sıralarından tərxis
olunmuşdum. İşləmək istəyirdim. Əmimdən
işə düzəlməyimə kömək etməsini xahiş
etdim. Ertəsi gün Azərbaycan Dəmir Yolu İdarəsinə
getdik. Eşitdilər ki, Rzaquliyev gəlib, idarə rəisinin
müavini İslam Əfəndiyev, Mehdi Musayev və
adlarını bilmədiyim digər şöbə müdirləri
əmimi dəhlizdə dövrəyə aldılar. Belə
mehribançılığı görəndə fikirləşdim
ki, əmimə yox deyilməyəcək. Sonra İslam Əfəndiyevin
iş otağına keçdik. Xeyli müddət söhbətləşdilər.
Mən ha gözlədim ki, əmim indicə mənim iş məsələmin
üstünə gələcək, belə olmadı. Əmim
bu haqda heç nə demədi, sağollaşdı.
Yolda əmim halımı duyunca dedi:
- Bilirsən, qardaş oğlu, bacarmadım, dilim
çönmədi. Axı mən indiyədək heç kimdən
heç vaxt bir nəfər də olsun qohumumun işini
xahiş etməmişəm.
Heç bir söz demədim. Əmimin mərdliyinə,
şəxsiyyətinə daha dərindən vuruldum..."
Mən Zəngilan rayon komsomol, partiya-sovet
orqanlarında işlədiyim, Zəngilan rayon ərazi
ozünümüdafiə taborunun komandiri, alay komandirinin
müavini olduğum müddətdə Sədətqulu
Rzaquliyevlə də sıx təmasda olurdum. Onu yüksək
intizamlı, məsuliyyətli, nəfsitox, mərd, alicənab,
xeyirxah, qayğıkeş bir insan kimi tanımışam. Uzun
illər Zəngilan rayon partiya komitəsinin büru
üzvü kimi onlarca gənc ziyalının partiya
sıralarına qəbul edilməsində səmimi köməyini
əsirgəməmişdi. Mincivan qəsəbə və Zəngilan
rayon sovetinin deputatı kimi seçicilərin
qaldırdığı məsələlərə həssaslıqla
yanaşardı, onların həyata keçirilməsinə
köməklik göstərərdi.
Çalışdığı bütün vəzifələrdə qüsursuz işçi imicini
qazanmışdı. Sadələyinə, nümunəvi rəftarına,
dürüstluyünə və mənəvi
saflığına görə hamı ona isti münasibət
göstərirdı. Sədətqulu Rzaquliyev bu isti münasibətlərdən
səmimiyyətlə istifadə edib rəhbərlik etdiyi
kollektivlərin problemlərini həll etməyə nail olurdu.
İşlədiyi kollektivlərdə həmişə
yüksək hörmət sahibi olmuşdu. Partiya komitəsində
katib işləyəndə əhatəsində olan kommunistlərə
layiqincə rəhbərlik etmiş, onların ideya-siyasi
dünyagörüşlərinin yüksəlməsinə və
qarşıya qoyulan vəzifələrin vaxtında və
keyfiyyətlə yerinə yeririlməsinə
çalışmışdı. Gənclərlə
yaxından ideoloji iş aparırdı, komunistlərin sıralarının
layiqli gənclərlə artmasının cəfakeşi idi...
Sədətqulu Rzaquliyevin zəhməti həmişə
yuksək qiymətləndirilmişdi. SSRİ Ali Soveti Rəyasət
Heyətinin 6 iyun 1945-ci tarixli sərəncamı ilə
"1941-1945-ci illərdə arxa cəbhədə rəşadətli
əməyə görə" medalı, 1952-ci ilin
yekunlarına görə "Əla hərəkətçı"
döş nişanı, SSRİ Ali Soveti Rəyasət Heyətinin
19 dekabr 1953-cü il tarixli qərarı ilə "Əməkdə
fərqlənməyə görə" medalı, İkinci
Dünya müharibəsində qələbənin 30, 40 və
50 illik yubiley medalları, SSRİ Dövlət Təhlükəsizlik
Komitəsi Sərhəd Qoşunlarının
"Əlaçı sərhədçi" döş
nişanları ilə təltif olunmuşdu, 1 avqust 1982-ci ildə
"Əmək veteranı" medalına layiq
görülmüşdü. Dəfələrlə fəxri fərmanlar
və pul mükafatları ilə
mükafatlandırılmışdı.
Azərbaycan Dovlət Dəmir Yolu İdarəsi rəisinin
2002-ci il 8 may tarixli əmrinə əsasən dəmir yol nəqliyyatında
uzun muddətli səmərəli əmək fəaliyyətinə,
vəzifə borcunu layiqincə yerinə yetirdiyinə gorə
"Fəxri dəmiryolçu" döş nişanı ilə
təltif olunmuşdu...
2004-cü il oktyabrın 11-də haqq dünyasına
qovuşan Sədətqulu Rzaquliyev xatirələrdə gözəl
insan kimi yaşayacaq. Bu, həyat fəlsəfəsidi...
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 21 noyabr (№212).- S.15.