Demoqrafik proseslər
haqqında mühüm tədqiqat əsəri
Hər bir ölkənin sosial-iqtisadi siyasətində
demoqrafik məsələlər mühüm yer tutur. Demoqrafik
prosesləri öyrənmədən səmərəli
sosial-iqtisadi siyasət aparmaq mümkün deyil. Bu proseslərin
öyrənilməsi hər zaman aktual olub. Xüsusilə də,
müasir dövrdə, yəni dünya əhalisinin tərkibində
qocalmanın getdiyi vaxtda, demoqrafik proseslərin tənzimlənməsi
xüsusi aktuallıq daşıyır. Ümummilli lider Heydər
Əliyev demoqrafik proseslərin öyrənilməsinin əhəmiyyəti
ilə bağlı deyirdi: "Biz, respublikanın demoqrafik
inkişafı və əhalinin işlə daha səmərəli
təmin olunması üçün elmi surətdə əsaslandırılmış
uzunmüddətli konsepsiyaya malik olmalıyıq".
Bu baxımdan, Azərbaycan Respublikası Elm və Təhsil
Nazirliyi İqtisadiyyat İnstitutunun "Demoqrafiya və iş
qüvvəsinin təkrar istehsalı problemləri"
şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor
Şahbaz Muradovun "Azərbaycan Respublikasının demoqrafik
inkişafı: tarixi dəyişikliklər, yeni meyllər,
problemlər (1828-2020-ci illər)" kitabı ciddi maraq kəsb
edir. İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı
ilə nəşr edilmiş kitabın elmi redaktoru
İnstitutun böyük elmi işçisi, iqtisadçı
demoqraf Çingiz Baxış, rəyçiləri iqtisad elmləri
doktoru, professor Gülənbər Əzizova və iqtisad
üzrə fəlsəfə doktoru, dosent Rüfət Əfəndiyevdir.
Monoqrafiya müasir şəraitdə ölkəmizdə
demoqrafik proseslərin öyrənilməsi nöqteyi-nəzərindən
əsaslı əhəmiyyətə malikdir. Müəllif
"Giriş"də mövzunun aktuallığı ilə
bağlı yazır: "Müasir dövrdə bəşəriyyəti
narahat edən qlobal problemlər arasında dünya əhalisinin
sürətli artımı və demoqrafik proseslərdə
baş verən kəskin dəyişikliklərlə
bağlı məsələlər mühüm yer tutur. Təsadüfi
deyil ki, dünya əhalisinin sürətli artımı və
demoqrafik proseslərdə baş verən dəyişikliklər
indi ayrı-ayrı dövlətlərin ölkə daxilində
və beynəlxalq aləmdə yeritdiyi siyasətə daha
çox təsir göstərir və bu problemlərə
"demoqrafik aspekt" verərək, onların qoyuluşu və
həllinə yeni mövqelərdən
yanaşılmasını tələb edir".
Kitab statistik və taixi materiallarla zəngindir. Belə
ki, monoqrafiyada uzunmüddətli dövr - 1828-2020-ci illərdə
baş verən demoqrafik dəyişikliklər təhlil edilib.
3 fəsildən və əlavələr bölməsindən
ibarət kitabın I fəsli "Böyük Oktyabr Sosialist
İnqilabınadək olan dövrdə Şimali Azərbaycanın
və Xalq Cümhuriyyəti dövründə Azərbaycan
Respublikasının demoqrafik vəziyyətində baş
vermiş dəyişikliklər və onlara təsir etmiş
amillər" adlanır. Bu fəsildə Çar Rusiyası
dövründə Şimali Azərbaycanın demoqrafik vəziyyətində
baş vermiş dəyişikliklər və onların əsas
səbəbləri araşdırılıb. Müəllif,
burada əvvəlcə Azərbaycanın qədim tarixinə nəzər
salır. Ş.M.Muradov əhalinin ilk uçota alınması
ilə bağlı yazır: "Lap qədim zamanlarda da
dünyanın başqa ölkələrində olduğu kimi,
Azərbaycanın ərazisində də əhalinin sayı və
tərkibinin müəyyənləşdirilməsinə
böyük maraq göstərilmiş və arabir onun
uçota alınmasına cəhd edilmişdir. Ancaq həmin
dövrlərdə əhalinin uçota alınması
çox primitiv xarakter daşımış və burada əsas
məqsəd dövləti hərbi, fiskal və inzibati fəaliyyətini
həyata keçirmək üçün ölkədə
mövcud olan əhalinin sayı və tərkibi haqqında ən
elementar məlumatlarla təmin etməkdən ibarət
olmuşdur".
Monoqrafiya ilə tanışlıq əhalinin ilk
siyahıya alınması ilə bağlı məlumat
almağa da imkan verir: "Şimali Azərbaycanın ərazisinin
də daxil olduğu Rusiya İmperiyasında isə əhalinin
sayı və tərkibini özündə az-çox
düzgün əks etdirən ilk rəsmi dövlət sənədi
isə 1897-ci ildə burada keçirilmiş əhalinin Birinci
Ümumi siyahıya alınması materialları hesab
edilir".
Kitabın maraqlı cəhətlərindən biri də
odur ki, müəllif demoqrafik prosesləri tarixi hadisələrin
fonunda, elmi mənbələrə əsaslanaraq öyrənir.
Təbii ki, tarixi hadisələr, müharibələr,
soyqırımlar, siyasi dəyişikliklər və sair
demoqrafik proseslərə təsirsiz ötüşmür. Odur
ki, bu proseslərin qarşılıqlı şəkildə
öyrənilməsi demoqrafik vəziyyətin düzgün
qiymətləndirilməsi nöqteyi-nəzərindən
mühümdür.
Müəllif doğma Azərbaycan torpaqları
olmuş İrəvan xanlığı barədə bildirir
ki, həmin torpaqlar Çar Rusiyası tərəfindən
işğal edilənədək orada yaşayanların tam əksəriyyəti
azərbaycanlılar olub və sonralar rusların və erməni
şovinistlərinin təsirinə məruz qalıblar. Bu səbəbdən
də get-gedə orada yaşamış azərbaycanlıların
sayı azalmağa başlayıb və xarici ölkələrdən
bu ərazilərə köçürülmüş ermənilərin
hesabına ərazilərin demoqrafik vəziyyəti və əhalinin
etnodemoqrafik quruluşu ermənilərin xeyrinə dəyişdirilib.
Monoqrafiyada Xalq Cümhuriyyəti dövründə Azərbaycan
Respublikasının demoqrafik vəziyyəti, baş verən dəyişikliklərin
əsas səbəbləri ətraflı təhlil olunub.
Müəllif qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyətinin
mövcudluğunun 23 aylıq tarixi boyu erməni silahlı
quldur dəstələri İrəvan, Naxçıvan və
Qarabağ bölgələrində dinc azərbaycanlılara
divan tutur, yerli azərbaycanlıların sayını süni
surətdə azaltmaq üçün hər vasitəyə əl
atırdılar.
Kitabın II fəsli "Sovet hakimiyyəti illərində
Azərbaycan SSR-nin demoqrafik vəziyyətində baş
vermiş əsas dəyişikliklər və onlara təsir
etmiş amillər"ə həsr olunub. Bu fəsildə əhalinin
dinamikasında və quruluşunda, milli tərkibində, təbii
təkrar istehsal göstəricilərində, nikah və
boşanmalarda, əhalinin sağlamlığında, miqrasiya
proseslərində (o cümlədən beynəlxalq miqrasiyada)
baş vermiş dəyişikliklər və onların əhalinin
hərəkət dinamikasına təsiri məsələlərinə
geniş yer verilib.
Müəllif göstərir ki, "Azərbaycanda
Sovet hakimiyyəti qurulduqdan sonra ölkə həyatında
baş vermiş bir sıra köklü ictimai-siyasi,
sosial-iqtisadi, mədəni, etnodemoqrafik və sair xarakterli dəyişikliklərin
nəticəsində ilk vaxtlardan etibarən burada əhalinin
sayı əvvəlki illərlə müqayisədə nisbətən
sürətlə çoxalmağa; onun cins-yaş, sosial və
sinfi quruluşu dəyişməyə; xəstəlik və
ölüm halları kəskin surətdə azalmağa,
ömür müddəti uzanmağa, əmək fəallığı,
təhsil və mədəni inkişaf səviyyəsi yüksəlməyə
başlamışdır".
Bu fəsildə 1940-1950-ci illərdə SSRİ-nin
müttəfiq respublikalarının əhalisinin
sayının dinamikası verilib. Azərbaycan Respublikasında
əhalinin 1926-cı ildən 1991-ci ilədək olan dövrdə
cins tərkibinin, 1959-1980-ci illərdə əmək
quruluşunun dəyişilməsi, Sovet hakimiyyəti illərində
yaş və cins quruluşunun dinamikası təhlil edilib.
Müəllif, I fəsildə olduğu kimi, bu fəsildə
də demoqrafik proseslərdə baş verən dəyişiklikləri
tarixi aspektdən açıqlayır. Tədqiqatçı
göstərir ki, 40-cı və 50-ci illərdə Ermənistandan
azərbaycanlıların zorla
çıxarılmasının nəticəsində Azərbaycan
əhalisinin sayı xeyli çoxalsa da, 1941-1945-ci illər
müharibəsindəki itkilər, həmçinin də
30-40-cı illərin repressiyaları demoqrafik proseslərə
mənfi təsir göstərib. Müharibədən
sonrakı illərdə, daha doğrusu, 1948-1953-cü illərdə
SSRİ-nin bütün başqa müttəfiq
respublikalarından və xalqlarından fərqli olaraq, Azərbaycan
xalqının daha ağır zərbələrə məruz
qaldığını və həmin dövrün Azərbaycanın
siyasi və demoqrafik inkişaf tarixinə bir qara səhifə
kimi yazıldığını vurğulayan müəllif,
tarixi faktlara istinadən, sovet hakimiyyəti dövründə
azərbaycanlıların zorakılıqla dədə-baba
yurdlarından köçürülməsi məsələlərini
şərh edir.
Kitabın III fəsli "Müstəqillik illərində
Azərbaycan Respublikasının demoqrafik inkişaf vəziyyətində
baş vermiş dəyişikliklər, yeni meyllər və
onlara təsir edən amillərin qiymətləndirilməsi və
nizamlanması istiqamətləri" adlanır. Bu fəsildə
isə müstəqilliyimizi bərpa etdikdən sonrakı illərdə
Azərbaycan Respublikası əhalisinin quruluşunda, təbii
təkrar istehsalı göstəricilərində, nikah və
boşanmalarda, miqrasiya proseslərində baş vermiş əsas
dəyişikliklər təhlil edilir. Müəllif, demoqrafik
prosesləri təkcə tarixi aspektdən təhlil etməklə
kifayətlənmir, eyni zamanda ölkədə demoqrafik proseslərin
tənzimlənməsi istiqamətlərini də göstərir.
Fikrimizcə, monoqrafiya müasir sosial-iqtisadi dəyişikliklər
kontekstində demoqrafik proseslərin tənzimlənməsində
mühüm rol oynaya bilər. Bu baxımdan, Ş.M.Muradovun
"Azərbaycan Respublikasının demoqrafik inkişafı:
tarixi dəyişikliklər, yeni meyllər, problemlər
(1828-2020-ci illər)" kitabı demoqrafiya elmi
üçün mühüm töhfədir.
Rəsmiyyə SABİR (ABDULLAYEVA)
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
İqtisadiyyat İnstitutunun "İnklüziv sosial
inkişaf" şöbəsinin müdiri,
iqtisad elmləri doktoru,
professor
525-ci qəzet .- 2025.- 21 noyabr (№212).- S.12.