Ordubad - qoruq şəhər
"Ordubad" Dövlət Tarix-Mədəniyyət
Qoruğunun yaradılması haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2024-cü il 21 fevral tarixli Sərəncamında
deyilir: "Ordubad rayonu Azərbaycanın qədim
yaşayış məskənlərindəndir. Ümummilli
lider Heydər Əliyevin "Azərbaycanın incisi"
adlandırdığı Ordubadın adına ilk dəfə V
əsrin yazılı mənbələrində rast gəlinir.
Rayonun ərazisi Qədim Daş dövründən
başlayaraq Son Orta əsrlərə qədərki dövrə
aid abidələrlə zəngindir. Tivi və Nəsirvaz kəndlərindən
şimal-şərqdə, Qapıcıq dağının cənub-şərq
yamacındakı Qaranquş yaylağında Tunc və İlk
Dəmir dövrlərinə aid edilən, üzərində
ov və rəqs səhnələri, müxtəlif işarələr
və damğalar olan qaya parçaları aşkar
edilmişdir ki, bu da əcdadlarımızın həyat tərzini,
dünyagörüşünü, adət-ənənələrini
izləməyə imkan verir. Rayonun ərazisindəki Xaraba
Gilan şəhər yeri Orta əsrlər dövrünün
şəhər həyatını, təsərrüfatını,
sənətkarlığını, müdafiə sistemini, su təchizatını
və memarlığını tədqiq etmək üçün
unikal arxeoloji abidədir".
Ordubadı, nə deyim, vəsfi gülüstanə dəyər
Əzəmətli dağların dövrələdiyi
qədim Ordubadda dağ əzəməti var. Əzəmətinə
güvənərək bu şəhər əsrlərdir ki,
sinəsində daş yaddaşını qoruya bilib. Buzxana,
Qeysəriyyə, hamam, mədrəsə, məscidlər, qədim
məhəllələr, kəhrizlər, yaşı 200-ü
ötmüş evlər. Daha nələr-nələr. Ordubad
təpədən-dırnağa tarixdir - oxunmalı, sevilməli,
qorunmalı şəhər - qoruq şəhər!
Tarixi mənbələr göstərir ki, I Şah Təhmasib
dövrün mahir rəssam və nəqqaşlarına Qəzvində
Çehelsütun şah sarayının böyük
salonlarının divarlarında Ordubad mənzərələrini
təsvir etmək göstərişi vermişdi. Səfəvi
hökmdarları Ordubad şəhərini həmişə
diqqətdə saxlamışlar. 1604-cü ildə I Şah
Abbasın xüsusi fərmanı ilə şəhər əhalisi
xəzinəyə veriləcək bir sıra vergilərdən
azad edilmişdir. Bu fərman daş abidə kimi indi də
Cümə məscidinin divarında əks olunub.
"Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər
üçün Dövlət Proqramı"nda
tarix-memarlıq abidələrinin mövcud vəziyyətinin
qiymətləndirilməsi, bərpa layihələrinin
hazırlanması, tarixi eksponatların qorunması, arxeoloji
araşdırmalar aparılması institusional inkişafın
mühüm tərkib hissəsi kimi müəyyənləşdirilib.
Bu baxımdan, şəhərin baş meydanında yerləşən,
onun arxitekturasına xüsusi görkəm bəxş edən
Cümə məscidinin tarixiliyi qorunmaqla bərpasına diqqət
yetirilmiş, bu ilin mart ayının 18-də təmir-bərpadan
sonra bina istifadəyə verilmişdir. Sənətkarlığın
bir neçə növünü özündə birləşdirən
və XVII əsrə aid olan görkəmli memarlıq abidəsinin
bərpası tarixi və dini dəyərlərə sahiblik
hissinin bariz nümunəsi kimi mühüm əhəmiyyət
kəsb edir.
Bənzəri olmayan qədim məhəllələr
Şəhərin küçə şəbəkəsi
Cümə məscidinin yerləşdiyi mərkəzi meydandan
şüa şəklində şaxələnərək
müxtəlif məhəllələrin əsasını təşkil
edir. Tarixi mənbələrdə yazılır: "...1752-ci
ildən sonra Naxçıvan xanlığında iki şəhər
- Naxçıvan və Ordubad şəhərləri siyasi və
iqtisadi baxımdan böyük əhəmiyyət kəsb
edirdi. Xanlığın ikinci şəhəri Ordubad idi. Bu
şəhər iki dağ arasında yerləşirdi. Ordubad
şəhəri inzibati cəhətdən 5 məhəlləyə
bölünmüşdü: Sərşəhər, Kürdətal,
Anbaras, Mingiz, Üçtürləngə". Həmin məhəllələrə
nisbətən kiçik məhəllələr də var:
"Qarahovuz", "Qaraçanaq", "Dilbər",
"Əngəş", "Əsgərxan",
"Varsan", "Musa təngi"
məhəllələri kimi.
Məhəllələr Ordubadın tarixi qədər
qədimdir. Sovet dövründə məhəllələrin
adı dəyişdirilsə də, əhali məhəllələrin
tarixi adlarını yaşadıb. Hər addımında tarix
qoxan, vaxtilə geniş şəkildə yayılmış sənətkarlıqdan
xəbər verən Ordubadın altı da, üstü də
bir sərvətdir. Bu sərvətə nələr daxil deyil?
Qədim küçələr, özünəməxsus
arxitekturası ilə diqqətçəkən
yaşayış evləri, şəbəkə sənətinin
geniş tətbiq olunduğu məscidlər, yayın
cırhacırında ürəyə sərinlik gətirən
kəhrizlər və nəhayət, qocaman çinarlar. XX əsrin
əvvəllərində bu gözəl yurdu ziyarət
etmiş Nefodov adlı bir səyyah yazıb: "Ordubad öz
daş-qaşı ilə parıldayan qənirsiz gözələ
bənzəyir. Ordubad çinarları təbiət
tamaşası, el yaraşığıdır. Bu yurdun
çinarları da torpağı kimi qədimdir".
Yaşı 200-ü ötmüş evlər...
Yaşı əsri ötmüş evlər, ilk olaraq,
taqqılbablı, zəncilbablı qapıları ilə diqqət
çəkir. Giriş səkkizguşəli ulduz
formasındadır. Bir neçə istiqamətdə
çıxışlar qoyulub. Bəzisi həyətə, bəzisi
evə və ya zirzəmiyədir. Hələ də qorunmaqda
olan belə evlər muzeyi xatırladır, divarların
qalınlığını önə çıxaran iri pəncərələrdən
sanki keçmişə boylanırsan. Nənələrimizin
şirin laylasını, babaların öyüd-nəsihətini
pıçıldayır bu divarlar. Qədim evlərdə sənətkarların
əl işləri - misgərlik, dəmirçilik,
dulusçuluq, nəqqaşlığı özündə əks
etdirən məişət əşyaları da qorunub
saxlanılır. Bu qabların bəzilərindən indi də
məişətdə istifadə olunur.
Ağırlığı və qalınlığı, nəqşləri
ilə diqqətçəkən mis məcmeyilərdə indi
də təndir və kürə paxlavaları bişirilir. Sənətlə
kulinariya bir vəhdət təşkil edir. İllərdir ki,
su kimi saf, çinar kimi uzunömürlü, din-iman sahibi
mehriban ordubadlıların sayəsində nəinki məhəllələrin
meydanlarında, eləcə də yaşayış evlərinin
həyətində "unikal" hidrotexniki qurğulara malik kəhrizlər
göz bəbəyi kimi qorunur, istifadə olunur. Tarixçilərin
dediyinə görə, vaxtilə Ordubadda 100-dən çox
çeşmə, kəhriz olub. Bu gün 34 belə su mənbəyindən
istifadə edilir. Bu kəhrizlərin adı da var: "Hacı
Tağı", "Ambaras", "Cəyənni
göl", "Hüseyn bəy", "Qızlar",
"Hamam", "Qırxayaq", "Şai",
"Şıxəli xan", "Meyrəmçə",
"Hacı Fəttah", "Nəhər" və sair.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı
ilə yaradılan "Ordubad" Dövlət Tarix-Mədəniyyət
Qoruğunun sərhədləri də artıq müəyyənləşdirilib.
Qoruq tarix və mədəniyyət üçün xüsusi
əhəmiyyət kəsb edən, Ordubadın Şərq
memarlıq ənənələrini özündə yaşadan,
zəngin milli ornamenti, özünəməxsus memarlıq
üslubu ilə seçilən abidələrinin, arxeoloji
obyektlərinin və etnoqrafik materiallarının kompleks şəkildə
cəmləşdiyi və dövlət tərəfindən
mühafizə edilən ərazidir. Qoruğun sərhədlərinin
və mühafizə zonasının döngə nöqtələrinin
koordinatları müəyyən edilərək xəritədə
təsviri hazırlanıb. Ordubad şəhərinin
yerquruluşu planı və şəhərin ünvan xəritəsi
əsasında qoruğun sərhədləri 2 400 693 kvadratmetr müəyyən
edilib. Qoruğun mühafizə zonasının uzunluğu 9,79
kilometr, ərazisi 11,81 hektarda qərarlaşdırılıb.
"Ordubad" Dövlət Tarix-Mədəniyyət
Qoruğunun mühafizə zonası ilə birlikdə ümumi
sahəsi 2 518 710 kvadratmetr
(251,87 ha) təşkil edib. Bildirək ki, qoruq ərazisində
1-i dünya, 1-i ölkə, 218-i yerli əhəmiyyətli
olmaqla, ümumilikdə, 220 daşınmaz tarix və
memarlıq abidəsi mövcuddur.
"Ərbabın iş yeri" yenidən canlanacaq
"Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər
üçün Dövlət Proqramı" çərçivəsində
Ordubad şəhərinin Baş planına əsasən bu ilin
sentyabr ayından bərpasına başlanılan abidələrdən
biri də "Ərbabın iş yeri" kimi tanınan
tarixi binadır.
"Ərbab" ləqəbi ilə tanınan Rzaqulu
Rzayev ipək fabriki yaratmış və onun ilk direktoru
olmuşdur. Ərbabın yaşadığı və fəaliyyət
göstərdiyi ərazi məşhur tarixi mədrəsə
binasına bitişik idi. Mənbələrə əsasən
Ərbab evinin aşağı mərtəbəsi barama
yığımı, ikinci mərtəbəsi isə ipək
sarınması üçün istifadə olunurdu. Bu evin digər
xarakterik xüsusiyyətlərindən biri də divarların
enli və qalın olması, çatma tağlarla işlənməsidir.
Hazırda binada tikinti-bərpa işləri gedir. Qəzalı
vəziyyətdə olan arakəsmələr
sökülüb, suvaq qaşınıb, dam örtüyü
yenilənir. Tarixi tikili
qoruğun inzibati binası üçün nəzərdə
tutulub. Bununla da həm tarixi bina qorunmuş olacaq, həm də
iş yeri olaraq yenidən canlanacaqdır. Tarixi məqamları
özündə yaşadan bina istisna deyil ki, turistlərin də
diqqətini cəlb edəcəkdir.
Cümə məscidindən bir qədər
yuxarıda yerləşən "Ərbabın iş
yeri"nə bitişik tarixi bina da bərpa olunacaq. Günümüzədək
gəlib çatmış XVIII əsrə aid bu abidə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli Qərarı
ilə ölkə əhəmiyyətli daşınmaz tarix və
mədəniyyət abidəsi kimi qeydə
alınmışdır. Özündə böyük tarixi
dövrü hifz edən mədrəsə binasının bərpası
uşaqların təhsil alması uğrunda şövq və
cəsarət nümunəsi göstərmiş başda Məhəmmədtağı
Sidqi olmaqla burada çalışan bütün
ziyalıların ruhuna hörmət və fədakarlığa
verilən qiymətin təzahürü olacaqdır.
Sərşəhər məscidi və meydanı bərpa
olunacaq
XVIII əsrə aid Sərşəhər məscidinin
də bərpası üçün layihələndirmə
işləri artıq yekunlaşıb. Layihəyə əsasən Sərşəhər
məscidi, Sərşəhər meydanına giriş baş
tağlarının bərpası və meydanın
abadlaşdırılması işləri həyata
keçiriləcək. Xatırladaq ki, meydanda hər il milli adət-ənənələrimizin
daşıyıcısı olan Novruz bayramı təntənə
ilə qeyd olunur və bu el şənliyinə muxtar
respublikanın digər bölgələrindən də
qatılırlar. Digər məscidlərdə olduğu kimi, Sərşəhər
məscidi də çinar və kəhriz komponenti ilə
tamamlanıb. Sərşəhər meydanının bərpası
burada mədəni-kütləvi tədbirlərin keçirilməsi
üçün də yeni imkanlar açacaq.
Görkəmli yazıçı Məmməd Səid
Ordubadinin, kimyaçı alim Yusif Məmmədəliyevin,
maarifçi pedaqoq Məhəmmədtağı Sidqinin
doğulduğu bu şəhərin tarixi barədə XVII əsrə
dair Qeysəriyyə binasında yerləşən
Tarix-Diyarşünaslıq muzeyindən daha ətraflı məlumat
almaq mümkündür. Qədim dövrlərdən
başlamış müasir dövrədək minlərlə
eksponatı hifz və nümayiş etdirən muzey Ordubadın
zəngin tarixindən, qədim sənətkarlıq ənənələrindən,
ədəbiyyatından, mədəniyyətindən,
bütün bu zəngin irsin formalaşmasında xidmətləri
olan şəxsiyyətlərindən sənə xəbər
verəcəkdir.
Ordubad Dövlət Tarix-Mədəniyyət
Qoruğunun yaradılması haqqında ölkə
başçısının 2024-cü il 21 fevral tarixli Sərəncamı
Ordubad şəhərinin ərazisində yerləşən
abidələrin daha yaxşı qorunması, təbliği
işinə öz mühüm töhfəsini verəcəkdir.
Qoruğun idarə olunmasının təkmilləşdirilməsi
əraziyə daha çox turistin cəlb olunmasına rəvac
verəcək, sənətkarlıq sahələrinin dirçəldilməsinə,
əhalinin məşğulluğunun təmin olunmasına,
yerli məhsul istehsalının artımına da, təbii ki,
təsir göstərəcəkdir.
Ruhiyyə RƏSULOVA
"Şərq qapısı" qəzetinin məsul
katibi
525-ci qəzet .- 2025.- 21 noyabr (¹212).- S.11.