Məktəblərdə
korrupsiya əleyhinə tədbirlərin keçirilməsi nə
dərəcədə effektlidir?
Son zamanlar ölkənin orta ümumtəhsil məktəblərində
"Korrupsiyaya qarşı mübarizə", "Korrupsiyaya
stop", "Korrupsiyaya yox deyək" və s. buna bənzər
mövzularda tədbirlərin keçirilməsi hallarına
tez-tez rast gəlinir. Şagirdlərin iştirakı ilə
keçirilən bu tədbirlərin əsas məqsədinin
onların hüquqi savadlılığınin
artırılması, şəffaflıq mədəniyyətinin
formalaşdırılması kimi izah olunur.
Mütəxəssislərin fikrincə, yetkinlərin
belə çətinliklə anladığı korrupsiya kimi
ağır mövzuların məktəb yaşlı
uşaqlar arasında təbliği qənaətbəxş
deyil. Bu tədbirlərin məqsədi şagirdlərdə
düzgün davranış formalaşdırmaq və ictimai məsuliyyəti
artırmaq olsa da, psixoloji baxımdan müəyyən risklər
yarada bilər. Şagirdlərə erkən yaşda korrupsiya,
rüşvət kimi neqativ davranış formalarının təsviri,
izahı onlarda psixoloji gərginlik yaratmaqla yanaşı, buna
qarşı maraq da oyada bilər.
Həssas psixikaya malik uşaqlar üçün
böyük risk
Psixoloq Afaq Məmmədova deyir ki, yaşa uyğun
olmayan mövzular barədə söhbətlər uşaqlarda
müəyyən psixoloji yükün yaranmasına gətirib
çıxarır: "Bəzi mövzular var ki, biz onları
uşaqlarla müzakirə etmirik. Düşünürük
ki, tezdir. Müəyyən yaşda onlarla bu barədə
danışmaq, söhbət etmək daha doğrudur. İndi
informasiya bolluğu var. Amma təəssüf ki, bütün
uşaqlar onlara verilən informasiyanı eyni cür qəbul edə
bilmirlər. Bəzən ağır sosial problemlərin
izahı həssas, iradəsi zəif, xüsusən də
yeniyetməlik dövrü yaşayan uşaqlarda emosional gərginliyə
səbəb olur. Mövzunun uşaqların yaşına və
xüsusiyyətlərinə uyğun izah edilməsi isə
neqativ davranışa maraq yaradır. Uşaq
danışılan mövzu barədə axtarışlara
başlayır, doğru-düzgün olmayan məlumatlar əldə
edir. Bəzən bütün bunlar onun yanlış istiqamətlərə
yönəlməsinə gətirib çıxarır.
Mövzu ağır təqdim edildikdə və yaşa
uyğunlaşdırılmadıqda bu, uşaqların
psixologiyasına ciddi təsir göstərir və onlarda
informasiyanı həzm edə bilməmə, qorxu,
etimadsızlıq kimi hisslərin baş qaldırmasına səbəb
olur. Ümumi təhlükə və narahatlıq hissi
formalaşdırır. Bu, xüsusilə həssas psixikaya
malik uşaqlar üçün böyük risk deməkdir.
Yaxşı olar ki, bu kimi mövzular universitetlərdə, tələbələr
arasında müzakirə olunsun. Çünki tələbə
belə mövzuların mahiyyətini doğru dərk edir və
aparılan söhbətlərdən özünün xeyrinə
nəticə çıxara bilər. Məktəblər korrupsiya kimi ağır
mövzuların müzakirə olunacağı məkan
deyil".
Uşaqları neqativ nümunələrlə yükləmək
olmaz
Azərbaycandan fərqli olaraq dünya ölkələrinin
təhsil ocaqlarında neqativ nümunələri geniş
göstərən tədbirlər keçirilmir. Mövcud
qanunların aliliyi, dürüstlük, şəffaflıq,
etimad kimi anlayışlar şagirdlərə
aşılanır.
Sinqapur, Yaponiya, Cənubi Koreya, Kanada kimi ölkələrin
təhsil sistemlərində uşaqları psixoloji yükdən
qorumaq üçün dərs proqramından kənar heç
bir əlavə mövzulara toxunulmur. Hər hansı bir
ağır mövzu barədə müzakirələr
aparılmır. Şagirdlərə mütəmadi olaraq
vicdanlı davranmaq, qanuna hörmət, insan hüquqları barədə
məlumatlar verilir. Hesab edilir ki, uşaqları ağır
mövzular, neqativ nümunələrlə yükləmək
olmaz.
7-8-ci sinidə oxuyan şagirdə korrupsiya nümunələri
göstərmək doğru deyil
Təhsil eksperti Məzahir Məmmədli hesab edir
ki, şagirdlərə korrupsiya
haqqında ətraflı danışmaq əvəzinə,
onlarda dürüstlük və ədalət kimi baza dəyərləri
formalaşdırmaq daha doğru olar: "Hesab edirəm ki,
7-8-ci sinidə oxuyan şagirdə korrupsiya nümunələri
göstərmək və ya onu dərin izah etmək doğru
yanaşma deyil. Bunun əvəzinə, bu anlayışın təməlini
təşkil edən düzgünlük, məsuliyyət, ədalət,
qaydalara riayət kimi dəyərlərin aşılanması
daha effektivdir. Bu yanaşma həm şagirdin yaş xüsusiyyətlərinə
uyğundur, həm də gələcəkdə onların
sağlam vətəndaş mövqeyi
formalaşdırmasına zəmin yaradır. Dünya
görüşü, həyata baxışı tam formalaşmayan
şagirdə korrusiya barədə danışmaq, onun mahiyyətini
izah etmək şagirdə heç nə verməyəcək.
Çünki 7-8-ci sinif şagirdi bunu tam anlaya, dərk edə
bilmir axı. Çünki bu onlar üçün
ağır mövzudur. Bu mövzunun
məktəblərdə, şagirdlər səviyyəsində
müzakirəsi onların psixologiyasına mənfi təsir
göstərər".
Bu format psixoloji cəhətdən daha təhlükəsizdir
Elm və Təhsil Nazirliyi yanında İctimai
Şuranın katibi Günay Əkbərova deyir ki, məktəblərdə
uşaqlarla "Korrupsiyaya stop" kimi mövzularda tədbirlərin
keçirilməsi bəzən mübahisələrə səbəb
olur: "Məncə, məsələ bu mövzunun
keçirilib-keçirilməməsində deyil, uşaqlara
necə təqdim olunmasındadır. Uşaqlar hələ mənzərəni
bütöv anlamayan yaşdadırlar və çox sərt,
faktdolu izahlar onlarda qorxu, güvənsizlik və ya neqativ
emosiyalar yarada bilər. Ona görə də belə
mövzular birbaşa "korrupsiya" adı ilə yox, daha
yumşaq və sağlam formada - "düzgünlük",
"ədalət", "şəffaflıq", "vətəndaş
məsuliyyəti", "dürüst qərar vermək"
kimi dəyər yönümlü anlayışlarla təbliğ
edilməlidir".
Onun sözlərinə görə, dünyanın bir
çox ölkələri bunun məhz bu şəkildə
edildiyini sübut edir: "Finlandiya, Estoniya və Kanada məktəblərində
oxşar mövzular etik davranış və şəxsiyyətin
formalaşması çərçivəsində keçir,
uşaqlar isə ağır terminlərlə deyil, həyat dəyərləri
ilə tanış olur. Bizdə də bu mövzunun
aparılma formatını dəyişməklə həm
uşaqları qorumuş, həm də onların düzgün
həyat yanaşması formalaşdırmış olarıq.
Müəllimlər "korrupsiyaya yox deyək" kimi çətin
başlıqlar əvəzinə, mövzunu dəyər
yönümlü fəaliyyətlərlə çatdıra
bilərlər. Məsələn, qısa situasiya məşqləri,
rollu oyunlar, "doğru seçim nədir?" tipli dialoqlar,
kiçik hekayələrin müzakirəsi, gündəlik həyatdan
pozitiv nümunələr uşaqlarda həm maraq yaradır, həm
də mövzunun mahiyyətini daha sağlam şəkildə
anlamağa kömək edir. Yəni burada məqsəd
uşaqları problemə fokuslatmaq deyil, öz
davranışları ilə nümunə olan dürüst və
məsuliyyətli vətəndaş
formalaşdırmaqdır. Bu format həm psixoloji cəhətdən
daha təhlükəsizdir, həm də beynəlxalq təcrübə
ilə tam üst-üstə düşür. Mən
müsahibədə də qeyd edirəm ki, belə həssas
mövzular müəllimlər tərəfindən
"problemi danışmaq" deyil, "dəyəri öyrətmək"
yanaşması ilə təqdim olunsa, həm məktəb
mühitinə uyğun olar, həm də uşaqlarda pozitiv nəticələr
verər".
Formal xarakterli tədbirlər effektli olmur
Təhsil eksperti Elşən Qafarovun sözlərinə
görə, korrupsiya və bu səpkili mövzulara aid tədbirlər
məktəblərdə əsasən Qeyri-Hökumət Təşkilatları
tərəfindən keçirilir: "Təşkilatlar
udduqları qrant layihəsinə uyğun olaraq tədbirlər
təşkil edirlər. Belə tədbirlər də əsasən
məktəblərdə keçirilir. Korrupsiyaya qarşı
mübarizə ilə bağlı məsələlərin məktəblərə,
şagirdlərə heç bir aidiyyəti yoxdur.
Çünki orada təhsil alan 12, 13, 16 yaşlı
şagirdlər bu mövzunun mahiyyəti, korrupsiya barədə
məlumatı qəbul edəcək yaşda deyillər. Bu,
onları doğru olmayan istiqamətə yönəldə bilərlər.
Yalançı və formal xarakterli tədbirlərin heç
bir əhəmiyyəti yoxdur. Uşaqlarla yaşlarına
uyğun və anlaya biləcəkləri mövzularda
danışmaq lazımdır. Kiminsə layihəsini icra edib gəlir
əldə etmək üçün keçirdiyi tədbirlərdə
şagirdlərin iştirakı onlara heç nə verməyəcək.
Yaxşı olar ki, belə mövzular ali və orta ixtisas təhsili,
peşə təhsili müəssisələrində
müzakirə olunsun. Korrupsiya barədə məlumatlar 18 və
daha yuxarı yaşlı gənclərə
çatdırılmalıdır. Təbii ki, doğru bir
şəkildə və bu sahəni yaxşı bilən
mütəxəssislər tərəfindən".
"Təmiz Dünya" İctimai Birliyinin sədri
Mehriban Zeynalovanın dediyinə görə, bəzi
mövzular var ki, zamanından əvvəl bu barədə
uşaqlarla danışmaq, müzakirə aparmaq doğru deyil:
"İnsanlar korrupsiya barədə məlumatlandırılmalıdır.
Lakin bu proses yaşa uyğun, düzgün psixoloji və
pedaqoji yanaşma ilə aparılmalıdır. Sözügedən
mövzuda şagirdlərə onların anlaya biləcəkləri,
yüngül formada məlumat vermək olar. Ancaq bir neçə
saat bu barədə danışmaq, müzakirələr aparmaq
doğru deyil. Bu kimi mövzuların müzakirə yeri
universitetlərdir, məktəblər deyil. Əgər gəncləri
mövzu ilə bağlı maarifləndirmək istəyiriksə
bunu doğru ünvanlarda, uyğun insanlar arasında etməliyik".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 21 noyabr (№212).- S.8.