Azərbaycan-ABŞ:
Razılaşmalar praktiki mərhələdə
Deputat Arzuxan Əlizadə:
"ABŞ-ın Azərbaycana yönəlik siyasətində
çox ciddi inkişaf var"
Son günlər ABŞ - Azərbaycan münasibətlərində
müsbət dinamika özünü göstərir. İki
ölkə arasında dialoq intensivləşib,
qarşılıqlı səfərlər həyata
keçirilir, əməkdaşlığın güclənməsi
istiqamətində praktiki addımlar atılır. Prezident
İlham Əliyevin avqust ayında Vaşinqtona səfəri və
ABŞ lideri Donald Trampla görüşü, əldə edilən
razılaşmalar ikitərəfli münasibətlərdə
dönüş nöqtəsi olmaqla, yeni bir səhifə
açdı. Əvvəlki administrasiyanın dönəmində
mövcud olan böhran vəziyyəti artıq keçmişdə
qalıb. ABŞ-ın yeni administrasiyası Azərbaycanın əhəmiyyətini,
regional rolunu düzgün qiymətləndirərək ölkəmizlə
daha geniş sahələrdə əməkdaşlıq
imkanlarını nəzərdən keçirir.
Avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlər
eyni zamanda regionda sülhə, əmin-amanlığa xidmət
edir. Artıq Cənubi Qafqazda sülh bərqərar olub, Azərbaycan-Ermənistan
normallaşma prosesi davam edir, “Beynəlxalq Sülh və Rifah
naminə Tramp Marşrutu” - TRIPP (Zəngəzur dəhlizinin)
reallaşdırılır. Azərbaycan ilə ABŞ
arasında xüsusi işçi qrupun yaradılması da əlaqələrin
yeni strateji mərhələyə yüksəlməsini təmin
edir.
Bu günlərdə Bakıda keçirilən Azərbaycan-ABŞ
Beyin Mərkəzlərinin Birinci Forumunda aparıcı
düşüncə mərkəzlərinin analitikləri də
ölkəmizin əhəmiyyətini, ABŞ-Azərbaycan əməkdaşlığının
önəmini vurğuladılar.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
İdarə Heyətinin sədri Fərid Şəfiyev hesab
edir ki, avqustun 8-dən sonra Azərbaycan-ABŞ əlaqələrində
yeni mərhələ başlayıb. Onun sözlərinə
görə, həmin gün imzalanan sənədlərin
üç əsas istiqaməti var: “Birincisi, Ermənistan və
Azərbaycan arasında normallaşma və sülh prosesi.
İkincisi, ABŞ və Azərbaycan arasında əlaqələrin
inkişafı, o cümlədən strateji tərəfdaşlıq
sənədinin imzalanması. Üçüncüsü isə
əvvəlki iki istiqamətdən irəli gələn məqsəd,
Cənubi Qafqazda sülhün bərqərar olunması, əməkdaşlığın
genişlənməsi, nəqliyyat yollarının
inşası və digər məsələlər. Ümumiyyətlə,
hesab edirəm ki, hazırda Amerikanın regiona marağında
yenidən canlanma var. Təbii ki, bundan istifadə etmək istərdik
və nəticə etibarilə həm Azərbaycan, həm də
ABŞ üçün burada müvafiq siyasi və iqtisadi
imkanlar mövcuddur”.
Azərbaycan Milli Məclisinin deputatları ABŞ-a səfər
edib, bir sıra görüşlər keçirərək
münasibətlərin cari vəziyyətini və inkişaf
perspektivlərini müzakirə ediblər.
Eyni zamanda, ABŞ dövlət katibinin siyasi məsələlər
üzrə müavini Ellison Hukker Azərbaycana səfər
edib. Hukker bildirib ki, regiona ilk səfəri avqust
razılaşmasının irəlilədilməsi üzrə
mühüm mərhələ ilə üst-üstə
düşür və bu səfər həmin
razılaşmanın həyata keçirilməsi
üçün praktiki addımların müzakirəsinə
yönəlib – ticarət və enerji əməkdaşlığından
tutmuş regional əlaqələrin və təhlükəsizliyin
gücləndirilməsinədək.
Bu danışıqları davam etdirəcək
işçi qrupu da artıq yaradılıb. ABŞ dövlət
katibinin köməkçisinin müavini Sonata Koulterin rəhbərlik
edəcəyi qrupun əsas məqsədi ABŞ və Azərbaycan
arasında Strateji tərəfdaşlıq Xartiyasının
hazırlanması olacaq. Bu təşəbbüs, Azərbaycan
və Ermənistan arasında tamhüquqlu sülh sazişinin
imzalanmasına doğru irəliləyişlə birlikdə,
ikitərəfli münasibətləri və tərəfdaşlığı
daha da dərinləşdirəcək, həmçinin Cənubi
Qafqazın mühüm ticarət dəhlizi kimi
potensialını üzə çıxarmağa imkan verəcək.
Milli Məclisin deputatı Arzuxan Əlizadə “525”ə
şərhində deyib ki, Azərbaycan 2020-ci ildə əldə
etdiyi möhtəşəm qələbə ilə regionun tam
olaraq xətirəsini dəyişib: "Faktiki olaraq Azərbaycan
regionun əsas dövləti statusunu qazanıb. Bu regionda istənilən
layihənin gerçəkləşməsi Azərbaycanın
iştirakı olmadan mümkün deyil. Bunu artıq
böyük dövlətlər, o cümlədən
dünyanın aparıcı dövləti olan ABŞ da qəbul
edib. Bu kontekstdə təbii ki, Azərbaycana yönəlik
münasibət, eyni zamanda, maraq kifayət qədər
artıb. Xüsusilə də Prezident İlham Əliyevin
xarici siyasəti Azərbaycanın önəmini dəfələrlə
artırıb. Bu mənada təbii ki, Azərbaycan-ABŞ
münasibətləri də yeni mərhələyə qədəm
qoyub. Onu da xüsusi olaraq qeyd edim ki,
respublikaçıların hakimiyyəti dönəmində
ABŞ-Azərbaycan münasibətləri hər zaman
yaxşı olub. Demokratların dönəmində isə gərginliklər
yaşanıb. Biz bundan əvvəlki administrasiyanın -
Baydenin Azərbaycana ədalətsiz yanaşmasına
şahidlik edirdik. Buna cavab olaraq Azərbaycan da ciddi şəkildə
bir mövqe nümayiş etdirmişdir. Bayden administrasiyası
tərəfindən geriçəkilmələr də oldu,
amma Tramp dönəmində tam fərqli bir yanaşmanın
şahidi oluruq. Müxtəlif proseslərdə birgə
iştirak, eləcə də Zəngəzur
dəhlizi ilə bağlı razılaşmanın əldə
edilməsi, 8 avqust görüşündə üçtərəfli
razılaşmanın imzalanması, regionda davamlı sülh
prosesinin təmin olunmasına imkan verəcək
addımların atılması və növbəti digər
layihələrdə də Azərbaycanın
iştirakının vacibliyinin Tramp tərəfindən
vurğulanması bir daha onu göstərir ki, münasibətlər
müsbət məcrada artan dinamika ilə inkişaf edir”.
Deputat bu günlərdə keçirilən C5+1
formatında – Mərkəzi Asiya ölkələri liderləri
ilə görüşdə Prezident Donald Trampın növbəti
dəfə Azərbaycanın önəminə toxunduğunu,
eyni zamanda, bu prosesdə ölkəmizin iştirakının
vacibliyini vurğuladığına diqqət çəkib:
“Bu layihələr, bütün kommunikasiya qovşaqları Azərbaycanın
üzərindən reallaşır deyə ölkəmizin
önəmi artıb. Məlum olduğu kimi, C5+1 artıq 6
ölkənin formatına çevrilib. Azərbaycan da bu prosedə
iştirak edir. Gələcəkdə də istər
Şimal-Cənub, istər Şərq-Qərb, eləcə də
Orta Dəhliz, həmçinin reallaşması gözlənilən
Zəngəzur dəhlizi, yaxud Tramp yolu, yəni necə
adlandırılmasından asılı olmayaraq kommunikasiya qovşağı
Azərbaycan üzərindən keçəcək deyə
ölkəmizin önəmi artır və bu kontekstdə də
ABŞ-ın Azərbaycana yönəlik siyasətində
çox ciddi inkişaf var. Bütün bunlar bir daha qeyd edirəm
ki, ölkəmizin formalaşdırdığı mövcud
reallıqlar fonunda Azərbaycanın önəminin
artığını göstərir. ABŞ-Azərbaycan
münasibətləri də bu bu formatda daha uğurlu
inkişaf yoluna qədəm qoyub”.
A.Əlizadə bildirib ki, 2020-ci ildə Azərbaycanın
şanlı qələbəsindən sonra Zəngəzur dəhlizi
Prezident İlham Əliyev tərəfindən gündəmə
gətirildi. Dövət başçısı bildirdi ki, Zəngəzur
dəhlizi mütləq açılacaq: “Azərbaycan artıq
dəhlizlə bağı öz ərazisində görülən
işləri başa çatdırmaq üzrədir. Növbəti
ilin ortalarına tam olaraq həm avtomobil, həm dəmir yolu
istifadəyə veriləcək. Eyni zamanda da, ABŞ şirkəti
ilə Ermənistan arasında müqavilənin imzalanması
gözlənilir. Bu da artıq bir reallıqdır. “Tramp
marşrutu”nun Amerikaya 49 və yaxud 99 ilə icarəyə
verilməsi məsələsi nəzərdən
keçirilir. Artıq bununla bağlı danışıqlara
başlanılıb. 8 avqust razılaşması onu deməyə
əsas verir ki, Ermənistanın geriyə addım atmaq və
yaxud bu prosesi saxlamaq imkanları yoxdur. Amma onu da qeyd etmək
lazımdır ki, Ermənistan özü də bu prosesdən,
dəhlizin açılmasından çox böyük
iqtisadi, eləcə də siyasi dividendlər əldə edəcək.
Faktiki olaraq suverenlik qazanmış olacaq. Çünki
xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycan
suverenliyini, ərazi bütövlüyünü bərpa etməklə
Ermənistana da bir şans yaradıb ki, öz suverenliyini bərqərar
etsin, Rusiyadan asılılıqdan nəhayət ki, qurtulsun. Bu
dəhlizin açılması Ermənistana həm də o mənada
daha böyük imkanlar yaradacaq
ki, ölkə 30 il ərzində
işğalçılıq siyasəti apararaq faktiki
özünü dalan dövlətə çevirib. Bu yolun
açılması ilə tranzit ölkəyə
çevrilmiş olacaq. Yəni artıq
geridönüşü olmayan proses başlayıb, layihələr
nə qədər tez reallaşacaqsa, bir o qədər
yaxşıdır. Azərbaycan lideri açıqlamasında
bildirib ki, Zəngəzur dəhlizi 2028-ci ilin sonunadək
istifadəyə verilə bilər. Gələn ildən yəqin
ki, ABŞ şirkətinin investisiyası ilə Ermənistan ərazisindəki
inşa işlərinə başlanacaq. Prosesin daha da tezləşməsi
üçün Azərbaycan da orada iştirak edə bilər.
Amma istənilən halda artıq hər hansı bir müqavimət
və ya prosesin dayandırılması mümkün deyil. Zəngəzur
dəhizi, yaxud Tramp yolu mütləq açılacaq”.
Pərvanə
525-ci qəzet .- 2025.- 21 noyabr (¹212).- S.5.