Yaponiya - böyük transformasiyalar
ölkəsi
(Əvvəli ötən şənbə
sayımızda)
1852-ci ildə kommodor Metyu Perrinin komandanlığı
altında amerikan gəmiləri Yaponiyaya gəldi və top atəşilə
qorxudaraq, syoqunu Amerika ilə ticarətə və digər
kommersiya əlaqələrinə girməyə məcbur etdi.
Hakimiyyətdə olan syoqun yadelliyə güzəştə
getdi, lakin bu, izolyasiya tərəfdarları olan samurayların
hiddətinə səbəb oldu və onlar qiyam
qaldırdılar. Syoqun hakimiyyətdən
uzaqlaşdırıldı və 1868-ci ilin
başlanğıcında gənc imperator Mutsihito, Meydzi
("İşıqlanmış idarəetmə") adı
altında ölkənin idarəetməyə başladı.
Bu, Meydzi Bərpası adlanan prosesin başlanması kimi
tanınır. Meydzi Bərpası heç də sadəcə
dövlət çevrilişi deyildi, Yaponiyanın siyasi,
iqtisadi, sosial həyatının ciddi dəyişikliklərə
məruz qalması kimi inqilabi xarakter daşıyan geniş bir
proses idi. 16 yaşlı imperator və onun ətrafındakılar
Yaponiyanın dünyanın qabaqcıl dövlətlərindən
xeyli geri qaldığını görüb, ciddi tədbirlərə
əl atdılar. Yaponiya, onu uzun müddətli böhranda
saxlayan feodalizm prinsiplərinə son qoydu və Qərb
dövlətlərinin modelinə əsaslanaraq, ölkəni
yeni inkişaf relsi üzərinə keçirdi. Qısa
müddətdə bütün sahələrdə nəzərə
çarpan böyük dəyişikliklər baş verdi.
Metamorfozalar bütövlükdə ölkə və xalq həyatını
bürüdü. Yeniliklər müxtəlif sahələrdə
həyata keçirilirdi və öz uğurlu gedişini
sürətlə nümayiş etdirirdi.
Ölkədə sənaye müəssisələri
şəbəkəsi, qısa müddətdə köhnələrin
modernləşdirilməsi və yenilərin qurulması hesabına
yaradıldı. Hərbi sahəyə diqqət
artırıldı, ordu Qərbdən alınmış
müasir silahlarla silahlandırıldı. Onu Qərb mütəxəssisləri
məşq etdirirdilər. Okeanın sahilindəki adalarda yerləşən
dövlət özünə güclü hərbi dəniz
donanması yaratmaq qayğısına da qaldı, bu sahədə
qüdrətli dövlətə çevrilmək işinə
start götürdü. Militarizm dövlətin başlıca
siyasətinə çevrildi, bunda özünü Qərbin
müdaxiləsindən qorumaqla yanaşı, imperialist niyyətlər
də başlıca yer tuturdu.
Qərbin təsiri, təkcə iqtisadiyyatın
görünməmiş sürətlə inkişafına səbəb
olmadı, həm də Qərb imperializmini təqlid etmək
istəyi də meydana gəldi və Yaponiya üç
qonşu dövlətlə hərbi münaqişəyə
daxil oldu. Xüsusən Rusiya donanmasını Susima
boğazında 1905-ci ildə darmadağın etməsi,
dünyanın təəccübünə səbəb oldu,
axı Rusiya imperiyası güclü hərbi dövlət
kimi qiymətləndirilirdi. Ordu ilə yanaşı, hərbi-sənaye
kompleksi də inkişaf etdirildi və militarizm dövlətin
başlıca qayğı obyektinə çevrildi.
Yaponiya II Dünya müharibəsinə daxil olduğu
ilk dövrlərdə, öz qələbələri ilə
öyünürdü və bunun davam edəcəyinə bel
bağlayırdı. Lakin Yaponiya siyasi və hərbi rəhbərliyi
vəziyyətin analizində ciddi səhvə yol vermişdi.
Yaponiya təbii sərvətlərə malik deyildi, xammalı
və yanacağı başqa dövlətlərdən
alırdı, onlara embarqo qoyulması və ya qiymətlərinin
xeyli artması, onu ağır vəziyyətə sala bilərdi.
ABŞ isə böyük iqtisadi gücə malik idi və I
Dünya müharibəsində Antantanın qələbəsinə
mühüm kömək göstərməklə, müharibədən
ilk fövqəldövlət kimi çıxmışdı.
Ona görə də, Birləşmiş Ştatların nəhəng
gücü qarşısında Yaponiya olduqca zəif idi və
müharibənin sonrakı illərində Birləşmiş
Ştatların real üstünlüyü özünü
açıq şəkildə göstərdi. Yaponiyanın
iki şəhərinə atom bombasının atılması,
imperatorun qeyd-şərtsiz təslim olmağa razılıq
verməsinə səbəb oldu. O, 14 avqust 1945-ci ildə radio
ilə xalqa müraciət edib bildirdi ki, amerikalıların tələbinə
əməl edilməməsi, ölkənin və yapon
xalqının məhvinə səbəb ola bilər.
Xilasın yeganə yolu, qeyd-şərtsiz təslim
olmaqdır. 2 sentyabrda amerikanların "Missuri" hərbi gəmisində
Yaponiya xarici işlər naziri belə ağır təslim
aktını imzalamaqla, II Dünya müharibəsi Asiyada da
başa çatmaqla, sona yetdi.
Ordunun yüksək zabitləri bu qərarla
razılaşmadıqlarından, ölkədə
özünü intihar seriyası baş verdi, generallar da
özlərini samuraylar kimi aparırdılar. Silahın
amerikanlara təhvil verilməsi səhnəsi də, yaponlar
üçün olduqca dəhşətli bir mənzərə
idi.
Yaponiyanı, qalib Birləşmiş Ştatların
generalı Duqlas Makirtur idarə edirdi.
İmperator Hirohito da marionetkaya çevrilib, onun
bütün göstərişlərinə əməl edirdi.
Xalqın və dövlətin birlik simvolu kimi Hirohitoya güzəşt
edildi. Hakimiyyət səlahiyyətlərindən və ilahi mənşəyə
mənsubluqdan məhrum olsa da, bu formal vəzifəni əlində
saxladı. Baş nazir, general Todzio mühakimə edilib, edam
edilsə də, müharibənin başlanmasında və
aparılmasında başlıca rol oynayan Hirohitoya
toxunulmadı. Makartur ona güzəştə getdi,
çünki o, mühakimə edilsəydi, qeyd-şərtsiz
təslim olma barədəki onun qərarı da hüquqi
qüvvəsini itirəcəkdi. İmperator isə Makartura nəinki
maneçilik törədirdi, əksinə, onun hər bir istəyini
qulluq göstərməklə, həyata keçirirdi.
Lakin Yaponiyanın işğalı Hitler
Almaniyasının işğalından fərqli idi.
Almaniyada Berlini tutmaq üçün qızğın
döyüşlər getdi, ölkə geniş miqyaslı
vuruşla bütünlüklə işğal edildi. ABŞ isə
Okinavadan başqa Yaponiya ərazisində quru qüvvələrin
iştirak etdiyi döyüşlər aparmadı. I Dünya
müharibəsinin sonunda Almaniya ordusu salamat qaldığı
kimi, Yaponiya ordusu da sonrakı Dünya müharibəsində
ciddi zərbəyə məruz qalmadı. Amerikan ordusu, yapon əsgər
və zabitlərini böyük miqdarda əsir götürməsi
ilə də öyünə bilməzdi, yalnız Okinavada 7
min yapon əsir götürülmüşdü. Sovet ordusu isə
1943-cü ilin fevralından başlayaraq yüz minlərlə
alman hərbçisini əsir götürmüşdü.
Lakin dünya buna inanmaq istəmirdi, belə xəbərlərə
şübhə ilə yanaşırdı. Ona görə də,
Stalinin göstərişi ilə 1944-cü ilin iyulunda Moskva
küçələrindən alman əsirlərinin
keçirildiyi təhqiramiz bir səhnə kinolentə
alındı. Dünyada bu kadrlar göstərildikdən sonra, əvvəlki
şübhələr yoxa çıxdı.
1941-ci ilin dekabrında Hitler Qızıl Meydanda alman
ordusunun hərbi paradını keçirməyi
planlaşdırmışdı. Onun Moskvanı işğal
etmək niyyəti və parad keçirmək arzusu baş
tutmadı, əvəzində üç ilə yaxın
müddətdən sonra 60 min alman əsgəri və zabiti
parad geyimində deyil, əsir paltarında Moskvanın
küçələrindən addımlamaqla, alman ordusu barədə
məğlubedilməzlik mifinin bütünlüklə
ifşa edilməsini sübut etdi. Paradda almanlar qürur və
sevinc ifadəsi kimi vals oynamağa bərabər bir səhnə
göstərməli idilər. Ona görə də,
amerikanların böyük Avstriya bəstəkarı, ölməz
valsların müəllifi, İohann Ştrausun şərəfinə
çəkdiyi filmin adından götürülməklə,
alman əsirlərinin Moskva küçələrini sərgərdan
kimi dolaşmaları "Böyük vals"
adlandırılmışdı. Ştrausun böyük
valsı əvəzinə, bu daha çox, alman hərbçilərinin
bədbəxt görkəmdəki, alçaldılmış
və tövbə xarakterli matəm rəqsinə bənzəyirdi.
Vaxtilə dünyada ağalıq etmək eşqi ilə
yaşayan, kiçik istisna ilə Avropanı işğal etmələri
ilə fəxr edən bu adamlar, artıq əsir kimi, bu vaxt,
öz dəhşətli vəziyyətlərini nümayiş
etdirməli olmuşdular. Amerikanlar isə müharibədə
çox sayda yapon əsiri götürmədiklərindən,
Tokioda belə ibrətamiz səhnə yarada bilməzdilər.
Axı Okinavada olduğu kimi,
yaponların əksəriyyəti əsir düşməkdənsə,
həlak olmaq sonluğu ilə razılaşırdılar.
"Yapon iqtisadi möcüzəsi"
Müharibədən sonrakı illərdə yaponlar gərgin
əməklə məşğul olub, yaraları
sağaltmaqla, ölkəni əsaslı qaydada bərpa etməklə
məşğul idilər.
Məğlubiyyətdən bir neçə il sonra
Yaponiya öz iqtisadi dayaqları üzərində qamətini
düzəltmişdi. 1960-cı illərdə isə
dünyada "yapon möcüzəsi" kimi tanınan hadisə
baş verdi. Ümumi daxili məhsul istehsalının illik
artım səviyyəsinə görə Yaponiya dünyada
birinci yerə keçdi və az sonra dünyanın iqtisadi cəhətdən
ən qüdrətli dövlətlərindən birinə
çevrildi. Yaponiyanın minik avtomobilləri və elektrik məişət
texnikası dünya bazarını zəbt etdi, çünki
onlar keyfiyyətinə və ucuzluğuna görə rəqabətdə
qalib gəlməyi bacarırdı. Bir vaxtlar Sovet
İttifaqında yapon qol saatları, rəngli televizorlar,
videomaqnitofonlar və videokameralar, ən böyük tələbata
yiyələnən və əsasən gizli ələ
keçirilən əmtəə hesab olunurdu.
Lakin sonradan yüksək iqtisadi tempi müşayiət
edən "köpük", XVII əsr Fransasında
olduğu kimi, burada da öz mənfi rolunu oynadı və
Yaponiyanın iqtisadi artım sürəti xeyli zəiflədi.
XXI əsrin başlanğıcında isə Çin, ildə
7-8 faiz həcmində artıma malik olmaqla, dünyada
ABŞ-dan sonra ikinci qüdrətli dövlətə
çevrildi. Den Syao-punun iqtisadi siyasətinin həyata
keçirilməsində Birləşmiş Ştatların və
Yaponiyanın Çinə maliyyə və iqtisadi
investisiyaları mühüm rol oynadı. Yaponiya müharibədən
sonra ona kömək edənə minnətdarlıq hissi bəslədiyi
kimi, qonşu Çinə də iqtisadi kömək göstərməyi
özü üçün vacib vəzifə hesab etdi.
Çin isə inkişafında arzuladıqlarının
hamısını uğurla həll etdi, dünyanı istehlak
malları ilə təchiz edən nəhəng bir fabrikaya
çevrildi.
2020-ci ildə 1,4 milyard əhalisi olan bu ölkə
yoxsulluqla vidalaşmağı bacardı. 2025-ci ilin 3
sentyabrında II Dünya müharibəsinin qələbəsinin
80 illiyini Pekinin Tyanenmen meydanında hərbi paradla qeyd edən
Çin, sənayenin bütün sahələrində,
texnologiyada, hətta hərbi quruculuqda və kosmosun tətbiqində
böyük nailiyyətlər qazandığını
nümayiş etdirdi. Yapon möcüzəsi, yeni əsrdə,
Çin möcüzəsi ilə əvəz olunmağa
başladı.
Lakin Yaponiya sənayesinin və texnologiyasının zəifləməyə
uğradığını güman etmək də səhv
fikirdir, o, yenə də iqtisadi cəhətdən qüdrətli
dövlət olaraq qalır. Yapon xalqı dünya iqtisadi
yarışında cəsarətlə addımlamaqda yenə də
davam edir.
Yaponiya haqqında ümumi təsəvvür
Yaponiya dağlıq ölkədir, ərazisində
çox sayda zəlzələlər baş verir, həm də
burada vulkan aktivliyi mövcuddur. Dağlar ölkə ərazisinin
85 faizi qədərini tutur, bu cəhətdən yalnız
Tibetdən, Nepaldan və Tacikistandan geridə qalır. Çaylar əsasən sürətli
axına malikdir və onların vadiləri çay
terrasları ilə seçilir. Ölkədə
dağların çoxluğuna baxmayaraq, Rusiyada və ya
Avropadakı kimi burada silsilələr yoxdur. Dağ
yamacları aşağı endikcə düzənlik sahələrə
çevrilir. Dağlardan axan çaylar allüvial tipli torpaq əmələ
gətirir. Düzənliklər isə əsasən
aşağı ərazilərdədir.
Odlu Qövsə daxil olan Yaponiya həqiqətən
vulkanlar diyarıdır, burada 40 aktiv vulkan mövcuddur. İsti
bulaqların, qeyzerlərin də bolluğu əsasən vulkan
mənşəli olması ilə izah edilir. Vulkanların əksəriyyətinin
görünüşü, Fudziyamada (Fudzi-sanda) olduğu kimi
konus şəklindədir.
Yaponiyanın iqliminə onun uzun şaquli meyillilik məsafəsində
yerləşməsi öz təsirini göstərir. Burada
iqlim müxtəlifliyi həm də relyef cəhətləri
ilə əlaqədardır.
Qışda Şərqi Sibir zonasının təzyiqi,
aşağı zonalarda isə Qərbi Sakit okeanın təsiri
özünü büruzə verir. Musson
yağışları və ya qar Qərbi Yaponiyada rütubət
əməl gətirir, Şərqə isə təbiət
küləkli və quru hava bəxş edir.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet . 2025.- 22 noyabr (№213).- S.22.