Ədəbiyyatda uşaq
hüquqları: öyrətmək və qorumaq naminə
"Uşaq hüquqları"
anlayışının terminoloji və normativ çərçivəsi
BMT-nin 1989-cu ildə qəbul etdiyi "Uşaq hüquqları
haqqında Konvensiya" ilə rəsmən müəyyənləşdirilib.
Ədəbiyyatda bu hüquqlar bədii dillə, simvolik və
ya birbaşa formada təbliğ olunur. Yazıçılar
uşaqların dünyasını, onların
qarşılaşdığı ədalətsizlikləri,
zorakılığı və ya xoşbəxtliyi təsvir etməklə
cəmiyyətin vicdanına toxunur. Bununla yanaşı,
uşaqları öz yaşıdlarının simasında
maarifləndirməyə, doğru yol göstərməyə,
daha diqqətli olmağa səsləyirlər ki, elə bu da bədii
ədəbiyyatın ən əsas vəzifələrindən
biri hesab olunur ? oxucusuna təsir etməklə ona doğru yol
göstərmək.
"Ədəbiyyatda uşaq hüququ"
anlayışı uşağın bədii ədəbiyyatda
subyekt kimi qəbul edilməsini, onun azadlıq, şəxsiyyət
və mənəvi dəyərlər baxımından
tanınmasını nəzərdə tutur. Ədəbiyyat bu
hüquqları həm öyrədir, həm də qoruyur.
Doğrudur, ədəbi əsər hüquqi və ya
rəsmi sənəd deyil. Ancaq zənnimizcə, ən az elə
bu sənədlər qədər vacibdir. Çünki ədəbiyyat
hüquq və hüquqların qorunması barədə
şüurun mədəni yolla formalaşmasında
mühüm rol oynayır. Belə ki, bu qəbil əsərlər
vasitəsilə cəmiyyətdə uşaqlara göstərilən
münasibət yaxşılığa doğru dəyişir,
zorakılıq və ayrı-seçkiliyə qarşı
empatiya yaranır, uşağın şəxsiyyət kimi
tanınması tərənnüm edilir. Bununla da ədəbiyyat
uşaq hüquqlarının təkcə qanunlarda deyil, həm
də mədəni yaddaşda qorunmasını təmin
etmiş olur.
Uşaqlar malik olduqları hüquqları anlamaq,
onlardan düzgün istifadə etməyi bacarmaq
üçün maarifləndirilməli, sözügedən
hüquqlar onlara yaşlarına uyğun forma və dildə həm
təqdim, həm də izah edilməlidir. Bu yolda uzun-uzadı,
cansıxıcı söhbətlər əvəzinə,
maraqlı əhvalat, nağıl, hekayə və rəvayətlər
vasitəsilə onlara həm tərbiyəvi, həm də
öyrədici təsir göstərmək, nəzərdə
tutulanı daha sadə yolla təlqin etmək faydalı və
məqsədəuyğundur.
Ədəbiyyatın özündə təcəssüm
etdirdiyi uşaq hüquqları anlayışını şərti
olaraq iki yerə ayırmaq mümkündür: uşaq
hüquqları uşaqlar üçün olan ədəbiyyatda
və uşaq hüquqları böyüklər
üçün ədəbiyyatda. Haqqında
danışdığımız hüquqlar və onların
müdafiəsi uşaq ədəbiyyatında daha
anlaşıqlı və sadə dildə öz əksini
tapır. Burada azyaşlı oxucular malik olduqları ailə, təhsil,
istirahət, oyun, müalicə almaq və digər
hüquqları haqqında məlumatı müxtəlif həyat
hadisələrinin təsvir olunduğu əsərlər vasitəsilə
əldə edirlər.
Lakin uşaq hüquqları anlayışı
böyüklər üçün nəzərdə
tutulmuş ədəbiyyatda bir qədər ayrı mahiyyət
daşıyır. Belə ki, burada uşaq əməyinin
istismar edilməsi, zorakılıq, uşaqların
hüquqlarının pozulması, onların məruz
qaldığı qaçqın həyatı və sair
mühüm məsələlərə toxunulur, bu səpkidə
olan mövzular ictimai, mənəvi və hüquqi aspektdən
araşdırılır.
Qısacası, haqqında
danışdığımız uşaq hüquqları məfhumu
azyaşlılar üçün nəzərdə tutulmuş
ədəbiyyatda məlumatlanma və özünümüdafiə
xarakteri daşıyırsa, böyüklər
üçün olan ədəbiyyatda oxucuları
başqalarının hüquqlarına hörmətlə
yanaşmağa təşviq edir.
Uşaq qəhrəmanlarının
hüquqlarının pozulması və uşaqların
qarşılaşdığı haqsızlıqlardan bəhs
edən əsərlər sırasında Süleyman Sani
Axundovun "Qaraca qız" povesti, Tağı Şahbazi
Simurğun "Qayçı" hekayəsi, dünya ədəbiyyatı
nümunələrindən Viktor Hüqonun "Səfillər"
roman-epopeyası, Mark Tvenin "Tom Soyerin macəraları"
romanı xüsusilə qeyd edilməyə layiqdir.
Çarlz Dikkensin "Oliver Tvist" romanında da
uşaq əməyinin istismarı, zorakılıq və
hüquqsuzluq kimi mövzular aydın şəkildə işlənmişdir.
Antuan de Sent-Ekzüperi "Balaca Şahzadə" alleqorik
hekayəsində uşağın dünyanı saf, təmiz
baxışlarla dərk etməsi və böyüklərin bu
baxışı "öldürməsi" məsələsini
rəmzi mənada uşaqlıq hüquqlarının itirilməsi
kimi göstərmişdir.
Çağdaş dövr uşaq ədəbiyyatının
görkəmli nümayəndələrindən olan Qəşəm
İsabəyli öz yaradıcılığında tez-tez
sözügedən mövzuya toxunaraq, uşaqların sevilmək,
təhlükəsizlik, ünsiyyət, ailə
qayğısı kimi mühüm hüquqları olduğunu
xatırladır. Müəllif, xüsusən, "Tənha
uşaq", "Məktub", "Qorxan uşaq",
"Dünyanın ən xoşbəxt uşağı" adlı
şeirlərində bu motivi böyük ustalıq və dərin
həssaslıqla işləyib.
Sevimli uşaq yazıçısı Sevinc
Nuruqızı "Melisa" nağıl-povestində də
ailə münaqişələrinin, valideyn məsuliyyətsizliyinin
və cəmiyyətin laqeyd münasibətinin qurbanı olan
uşağın sevgi, diqqət və qayğıdan məhrum
olduğu üçün həm mənəvi, həm də
fiziki zorakılığa məruz qaldığını
göstərir. S.Nuruqızı Gəncə terrorunun
azyaşlı qurbanlarına həsr etdiyi
"Pıçıltı" əsərində isə bu
qanlı hadisəyə etiraz edir, uşaq
hüquqlarının pozulması haqqında heyvanların dili
ilə balaca oxuculara şüuraltı mesajlar
ötürür.
Böyüklər üçün yazılmış
bu və ya digər ədəbi nümunədə uşaq
hüquqlarının pozulması müxtəlif tərəflərdən
işıqlandırılır.
Mirzə İbrahimovun "Gələcək
gün" romanında savaş dövründə
uşaqların aclıq, səfalət, valideynlərdən
ayrı düşmək kimi faciələrlə üzləşməsi
öz əksini tapıb.
Elçin Əfəndiyevin "Ağ dəvə"
romanında da müharibə və yoxsulluq şəraitində
uşaqların aldığı psixoloji travmalara toxunulub,
uşaq hüquqlarının pozulması motivi dolayısı
ilə, ancaq təsirli bir şəkildə ifadə olunub.
Əbdürrəhim bəy Haqverdiyev "Dağılan
Tifaq" faciəsində uşaqların ailə
münaqişələrinin qurbanına çevrilməsini,
valideynlər arasındakı münasibətin onda qorxu, tənhalıq,
psixoloji travma yaratdığını aydın şəkildə
göstərib.
Dünya ədəbiyyatının bir çox qiymətli
nümunələrində də bu mövzuya rast gəlmək
mümkündür. Fyodor Dostoyevskinin "Cinayət və cəza"
romanında Katerina İvanovnanın uşaqlarının
acınacaqlı vəziyyəti sosial ədalətsizliyin və
uşaq hüquqlarının pozulmasının simvoluna
çevrilib. Çingiz Aytmatovun "Əlvida,
Gülsarı" povestində
uşaqların mənəvi aləminin pozulması, ata-anadan
uzaq düşməsi kimi mövzular uşaq hüquqları
kontekstində təqdim olunur.
Yuxarıda adları çəkilən əsərlərin
də daxil olduğu bu siyahını istənilən qədər
uzatmaq mümkündür. Göründüyü kimi, uşaq
hüquqlarının bədii ədəbiyyatda təsvir və
tərənnümü daim aktual mövzulardan olmuş, həm
yerli, həm də əcnəbi yazarları, mütəfəkkirləri
narahat edən, düşündürən məsələlər
sırasında yer alıb.
Arzu edirik ki, bu dünya uşaqların sağlam və
sabitlik içində yaşadığı,
hüquqlarının pozulmadığı bir yer olsun! Və gələcək
zaman içərisində yaranacaq əsərlərdə
uşaq hüquqlarına yalnız maarifləndirmə məqsədilə
toxunulsun!
Rəhilə SADIQOVA
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin "Doktorantura və təhsil" şöbəsinin
elmi işçisi
525-ci qəzet .- 2025.- 22 noyabr (№ 213). - S.21.