Dastanın yaranma yolu
Elxan Məmmədlinin əziz
xatirəsinə
2006-cı ildə əziz dostumuz, tanınmış
folklorşünas Elxan Məmmədlinin 60 illiyi münasibətilə
ayrıca kitab çap olunub. Məqalələr və xatirələrdən
ibarət olan o kitabda mənim də yazım var. Vəfatından
sonra - Elxan Məmmədli barədə söz deməyə
daxili ehtiyac duyulduğu bir vaxtda həmin kitabdakı
yazımdan bir parçanı xatırlatmağı və
söhbəti o parça üzərində qurmağı
vacib sayıram. Təzədən yada salıb diqqətə
çatdırmaq istədiyim parça Elxan Məmmədlinin
ustad folklorşünas kimi toplayıcılıq fəaliyyəti
ilə bağlıdır:
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitunda işlədiyimiz vaxt - 1986-cı ilin yayında
Elxan Məmmədli ilə bir yerdə Göyçəyə
folklor nümunələri toplamağa getdik. Elxan Məmmədlinin
aşıq yaradıcılığına, müasir
aşıq mühitinə çox yaxşı bələd
olması mənə qabaqcadan bəlli idi. Bilirdim ki, Elxan Məmmədli
radio və televiziyada aşıq sənəti ilə
bağlı çıxışlar edir, aşıq
yaradıcılığından söhbət gedən mötəbər
məclislərə dəvət olunur, Ədəbiyyat
İnstitutunda aşıq ədəbiyyatına dair mübahisələrə
aydınlıq gətirmək lazım gələndə Elxan Məmmədlinin
fikri nəzərə alınır. Onu da bilirdim ki,
aşıq ədəbiyyatına aid neçə-neçə
elmi yazının müəllifi olan bu adam biz
yoldaşlarından fərqli olaraq, elmlər namizədi (fəlsəfə
doktoru) olmağa o qədər də həvəs göstərmir.
Bu barədə yoldaşlar arasında söz düşəndə
mən zarafatla deyirdim: "Savadsız namizədlərin
günü-gündən artmağı müdafiə məsələsini
Elxanın gözündən salıb". Zarafat zarafat yerində,
amma namizədlik məsələsinə Elxan Məmmədlinin
adi bir şey kimi baxmağında, bəlkə dünya yola
salmış aşıq şeirinin özündən gələn
bir fəlsəfə vardı. Hadisələrə yumorla
yanaşmağı bacaran Elxan Məmmədli hər xırda
şeyi özünə dərd eləmək istəmir, hər
xırda uğurla qürrələnməyi uşaq işi
sayırdı.
Göyçə səfəri ərəfəsində
Elxan Məmmədli barədə təsəvvürüm belə
idi və bu təsəvvür səfər müddətində
daha da dolğunlaşdı və mən qardaşımla yol
yoldaşı olub onu bir az da yaxından tanıdım. Məsələn,
bir daha inandım ki, Elxan Məmmədli aşıq aləminə,
doğrudan da, çox yaxşı bələddir və bu aləmdə
o, özünü çox sərbəst, lap dəryada
balıq kimi hiss edir. Bir daha inandım ki, aşıq sənətinə
yaxşı bələd olmaqdan əlavə, həm də
aşıq "tayfa"sının xasiyyətini
yaxşı bilən Elxan Məmmədli kimliyindən
asılı olmayaraq, ayrı-ayrı aşıqlarla asanca dil
tapa bilir. Aşıqlarla dil tapmağın o qədər də
asan olmadığını mən öz təcrübəmdə
görmüşdüm: o səfərdən bir-iki il qabaq Gədəbəydə
Şair Vəlidən qoşma-gəraylı yazıya almaq uzun
xahiş-minnətdən, aşığın oğlu işə
qarışandan sonra mümkün olmuşdu.
Göyçədə Elxan Məmmədlinin sayəsində
xüsusi mehribanlıqla qarşılandığımız
ilk ev Aşıq Ələsgər ocağı oldu.
Böyük sənətkarın nəvəsi - Göyçə
didərgin düşəndən sonra Folklor İnstitutunda
bizim iş yoldaşımız olacaq İslam Ələsgər
qardaşı Haqverdi müəllimi və Növrəs
İmanın bacısı oğlu İsmixan müəllimi də
evinə dəvət elədi və mən aşıq sənətinin
bu xiridarları ilə Elxan Məmmədlinin professional söhbətindən
sadəcə olaraq ləzzət aldım.
Göyçə səfərində Elxan Məmmədli
ilə aşıqlar, yaxud bu sənətə bağlı olan
başqa adamlar arasında məhrəmanə münasibət təkcə
professionallıq hesabına yaranmırdı. Bu məhrəmanə
münasibətin bir səbəbi də Elxan Məmmədlinin
istiqanlılığı idi. İstiqanlılıq
olmasaydı, ortada səmimi münasibət əmələ gəlməsəydi,
Göyçənin İnəkdağı kəndində
yarıbükülü şikəst barmaqlarını pərdələr
üstdə ağır-ağır gəzdirib böyük bir
şövqlə bizə saz çalıb-oxuyan Aşıq Qənbər
söhbət zamanı övladlarının xasiyyəti barədə
danışmağı artıq bilərdi, yersiz sayardı.
Elxan Məmmədlinin dərdə aşina bir adam olmasına əmin
olmasaydı, Aşıq Fəzail öz oğlunun ağır
xəstələnməsini bütün təfsilatilə bizə
danışmaz, başına gələn bu müsibəti
"çıraq kimi alışıb yanan" təzə
"Niva" alıb bədnəzərə gəlməsi ilə
əlaqələndirməyi sadəlövhlük
sayardı".
Niyə mən Elxan Məmmədli haqda söhbətə
əziz dostumuzun toplayıcılıq fəaliyyəti ilə
bağlı xatirələrdən başladım? Ona görə
ki, peşəkar toplayıcılıq folklorşünasın
səviyyəsini göstərən ən mühüm amillərdən
biridir. Folklor daşıyıcıları ilə ünsiyyət
qurmağı bacarmayan, bu ünsiyyətə həvəs
göstərib can atmayan tədqiqatçının əsl
folklorşünas kimi ortaya çıxması
müşkül məsələdir. Elxan Məmmədlinin
taleyi elə gətirib ki, dünyaya göz
açdığı Borçalıda ağlı kəsəndən
saz-söz məclislərinin iştirakçısı olub,
Aşıq Əmrah, Aşıq Kamandar, Aşıq Hüseyn
Saraclı kimi ustad sənətkarlar görüb, onların həmsöhbəti
ola bilib. Borçalı folklor mühiti, bu mühiti yaradan və
yaşadan sənətkarlar Elxan Məmmədlinin
folklorşünas kimi yetişməyində əvəzsiz rol
oynayıb. Aşıq sənəti ilə bağlı
yaddaqalan məqalələri yazmaqda, "Təcnis sənətkarlığı"
adlı qiymətli monoqrafiyanı - fəlsəfə
doktorluğu dissertasiyası kimi çox yüksək səviyyədə
müdafiə edilən və Azərbaycan
folklorşünaslığında xüsusi yer tutan bir əsəri
ərsəyə gətirməkdə Elxan Məmmədliyə
elmi qaynaqlar nə qədər gərək olubsa, onun ustad
aşıqlarla ünsiyyətdən əxz etdikləri də
bir o qədər gərək olub.
2011-ci ildə mən AMEA Folklor İnstitutuna direktor təyin
olunandan sonra İnstitutda Folklorun toplanması və sistemləşdirilməsi
şöbəsi yaratdıq və Akademiyanın o vaxtkı rəhbətliyinin
maddi və mənəvi dəstəyi ilə geniş
miqyaslı folklor ekspedisiyalarına başladıq, folklorun
toplanması ilə bağlı xüsusi layihələr
üzərində çalışdıq. Bu çətin
işdə Foklor İnstitutunda səsimizə səs verən
təcrübəli folklorşünaslardan biri Elxan Məmmədli
oldu. Elxan Məmmədli dalbadal
Borçalıya səfər etdi, doğma eldə günlərlə
toplama işi apardı, Borçalı folklor örnəklərindən
ibarət bir neçə kitabı təkbaşına
hazırlayıb ortaya qoydu. Foklorumuzun müxtəlif
janrlarını əhatə edən o kitabların ikisi
başdan-başa dastanlar əsasında tərtib edildi və
Elxan Məmmədli bu janrın nəzəri baxımdan öyrənilməsi
kimi dünya miqyaslı bir işə öz töhfəsini
verdi.
Məlumdur ki, dastan janrının dünyada yenidən
araşdırılıb öyrənilməsində Milman Perri
və Albert Lord kimi Amerika folklorşünaslarının
xüsusi xidmətləri var. Bu xidmətlərdən ən
mühümü və bizim folklorşünaslıq
üçün də çox aktual olanı şifahi və
yazılı epos əlaqələrinə aydınlıq gətirməkdən
ibarət idi. "İliada" və "Odisseya" üzərində
araşdırma aparan M.Perri bu dastanların yazılı yox,
şifahi ənənə əsasında
yarandığını əsaslandırmaq üçün mətn
boyu təkrarlanan ifadələri, o cümlədən qəhrəmanlara
aid epitetləri diqqət mərkəzinə çəkirdi,
formullara dastanı yadda saxlayıb məclislərdə
söyləməyin və ifa etməyin başlıca vastəsi
kimi baxırdı. A.Lord öz müəllimi M.Perrinin
"formulyar struktura söykənən şifahi
ifaçılıq" konsepsiyasını Balkanlarda el sənətkarlarının
canlı ifa prosesini dərindən-dərinə izləməklə
inkişaf etdirdi və bütün dünya eposları
üçün keçərli olacaq bir qənaət irəli
sürdü: şifahi ənənə əsasında ərsəyə
gələn epos ustad sənətkarın ifa prosesində yenidən
yaranır.
Bəs Azərbaycan eposşünaslığında vəziyyət
necədir və Elxan Məmmədlinin bir folklorşünas
kimi eposşünaslığa töhfəsi nədən ibarətdir?
Azərbaycan eposşünaslığında eposu
yazılı sənətə bağlamaq, bu janrın strukturu
və poetik sistemini yazılı sənət meyarları ilə
qiymətləndirmək meyli 50-60 il əvvəl
özünü necə göstərirdisə, bu gün də
o cür göstərməkdə davam edir. Adlı-sanlı bir
ədəbiyyatşünas 3-4 il əvvəl çap
olunmuş monoqrafiyasında "Dədə Qorqud" dastanını
Dədə Qorqud adlı müəllifin əsəri
sayırsa və bu cür yanaşma ilə Azərbaycan
yazılı ədəbiyyatının tarixini qədim
çağlara apardığını düşünüb
məmnunluq hissi keçirirsə, bu yerdə, el dili ilə desəm,
at qaçır, örkəni aparır, yəni dastan
janrına məxsus yaranma qanunauyğunluğundan əsər-əlamət
qalmır. Bu qanunauyğunluq dastanın məhz şifahi ənənə
əsasında yaranması qanunauyğunluğudur. Bu həmin
qanunauyğunluqdur ki, Elxan Məmmədlinin dastan
toplularından, o toplulardakı tərtib prinsipləri və
elmi izahlardan ana xətt kimi keçir. Yaxından
tanıyıb illər uzunu sıx ünsiyyətdə
olduğu Aşıq Aslan Kosalıdan Borçalıda 10 dastan
yazıya alması Elxan Məmmədliyə bu janrın necə
yaranıb yayılması barədə inandırıcı
söz demək, elmi fikir irəli sürmək imkanı verir.
Elxan Məmmədli müxtəlif vaxtlarda, xüsusən
2012-ci il ekspedisiyaları zamanı Aşıq Aslan Kosalıdan
lentə aldığı dastanlar içərisində
"Koroğlu"nun "Ağcaquzu" qolu üzərində
ayrıca dayanır. Məlumdur ki, "Ağcaquzu" qolu ilk
dəfə 1935-ci ildə Qobu kəndində Cəlil Murad
oğlu adlı bir şəxsin dilindən yazıya
alınıb. Kim tərəfindən qeydə
alındığı bilinməyən, amma əlyazma şəklində
qorunub saxlanan "Ağcaquzu"nun arxiv variantı Elxan Məmmədli
üçün çıxış nöqtəsinə
çevrilir. "Ağcaquzu" sorağına düşən
Elxan Məmmədli Borçalıda və Bakıda
Aşıq Aslan Kosalıdan həmin qolu nə az, nə
çox, düz 3 dəfə - 1989, 1999 və 2012-ci illərdə
lentə alır. Toplanan materiallar imkan verir ki, həm Cəlil
Murad oğlu variantı ilə müqayisələr
aparılsın, həm də Aşıq Aslan Kosalının
müxtəlif vaxtlarda söyləyib ifa etdiyi nüsxələr
bir-biri ilə tutuşdurulsun. Hərtərəfli
tutuşdurmalar sayəsində Elxan Məmmədli nəinki Cəlil
Murad oğlu varianti ilə Aşıq Aslan Kosalı
variantları arasında, eləcə də Aşıq Aslan
Kosalının dilindən yazıya alınmış mətnlər
arasında xeyli miqdarda məzmun və forma fərqləri
aşkara çıxarır. Elxan Məmmədli müxtəlif
vaxtlarda Aslan Kosalıdan topladığı
"Ağcaquzu" mətnləri barədə yazır:
"Təqdim etdiyimiz hər üç variantda, eyni
aşıqdan yazıya almağımıza baxmayaraq, istər
poetik nümunələrdə, istər süjet xəttində,
istərsə də təhkiyə üslubunda müəyyən
fərqlər mövcuddur". Aslan Kosalıdan
topladığı "Ağcaquzu" mətnlərini
"variant" adlandırmasından aydın
görünür ki, Elxan Məmmədli hər ifanı məhz
yenidən yaratma prosesi kimi qiymətləndirir. Elxan Məmmədlinin
bu cür mətn incələmələri dünya
eposşünaslığının gəldiyi elmi qənaəti
bir daha təsdiq etmiş olur: şifahi ənənənin məhsulu
olan dastanın sonralar ifa prosesində ustad sənətkar tərəfindən
"yeni" dastan kimi yaranması məlum söz, cümlə,
epizod, süjet-kompozisiya formulları əsasında
mümkün olur.
Elxan Məmmədli yazı mədəniyyətinin
dastan yaradıcılığındakı rolunu - dünya
folklorşünaslığında mübahisə doğurmaqda
olan bir problemi heç də diqqətdən kənarda
saxlamır, əksinə, Borçalı toplularından birini
müəllifli dastanlara həsr etməklə bu mübahisəli
məsələyə aydın münasibət bildirir. Elxan Məmmədlinin
müəllifli dastanlara münasibətində iki əsas qənaət
özünü göstərir: 1) Şair Nəbi, Ağacan
Cabbarlı, Şair Novruz, Aşıq Alxan Qarayazılı,
Aşıq Məhəmməd Sadaxlı və başqa sənətkarlar
"Mehdi bəy", "Cahangir - Mələksuma",
"İsmayıl - Qızyetər", "Səlim bəy",
"Pəri - Huri", "Qul Əhməd", "Yetim
oğlu Məhəmməd", "Mehralı bəy",
"Qaçaq İsaxan", "Qaçaq Mahmud" və
s. kimi dastanları bu janra məxsus məlum süjet və
kompozisiya qəlibləri əsasında yaradıblar; 2)
adları çəkilən müəllifli dastanlar
Aşıq Hüseyn Saraclı, Aşıq Əmrah,
Aşıq Aslan Kosalı kimi ustad aşıqların
ifasında, janrın uzaq keçmişlərdən gələn
qayda-qanununa uyğun olaraq, əsaslı dəyişiklikliyə
uğrayır və yenidən yaranma prosesinin məhsulu kimi
ortaya çıxır. Beləliklə, aydın olur ki, dastan
mətninin yazılı şəkildə oxucuya təqdim
olunması həmin dastanın ifa prosesində ustad sənətkar
improvizatorluğu və nisbi sərbəstliyinin
qarşısını heç cür ala bilmir.
İfa prosesində dastanın yenidən yaranması,
heç şübhəsiz, sazdan - dastan boyu səslənən
aşıq havalarından xeyli dərəcədə
asılıdır. Başqa aşıqlar tərəfindən
dəfələrlə söylənmiş hər hansı bir
dastanın ifası zamanı ustad aşıq müəyyən
məqamlarda havacatı dəyişirsə, tutalım,
"Qaraçı" yerinə "Naxçıvani"
çalmağa qərar verirsə, bu dəyişmə, təbii
ki, dastanın mətnində məzmun dəyişməsinə
səbəb olur. Elxan Məmmədli sazla sözün bu
cür ayrılmazlığını dərindən bilən
tək-tük folklorşünaslarımızdan biri idi. Uzun illər
radioda "Sarıtel", televiziyada "Ustadnamə" verilişlərinin
aparıcısı olmuş Elxan Məmmədli aşıq
musiqisi sahəsində də xüsusi söz sahibi idi.
Elxan Məmmədli - tanınmış
folklorşünas və unudulmaz dost bu gün cismən
aramızda yoxdur. Amma elmi araşdırmaları və
toplayıb tərtib etdiyi folklor topluları onu mənəvi cəhətdən
yaşatmaqda davam edir. Mənən bizimlə bir yerdə olan
Elxan Məmmədli öz əsərləri ilə bu gün də
söz sahibi olaraq qalır.
Muxtar KAZIMOĞLU
525-ci qəzet .- 2025.- 22 noyabr (№ 213). - S.20;21.