Qadın
yazıçıların birliyi niyə vacibdir?
Ədəbi mühitdə zaman-zaman səslənən,
amma heç vaxt tam müzakirə olunmayan bir sual var: Niyə
kişi yazıçılar daha çox qruplaşır,
bir-birini müdafiə edir, bir-birini yüksəldirlər, amma
qadın yazıçıların belə bir birliyi yoxdur? Niyə
kişilərin ədəbi masaları daha geniş,
qadınların ədəbi dairələri isə daha səssiz,
daha tənhadır? Bu sual səslənəndə çox
zaman məişət problemləri ön plana çəkilir
və qadınların məişətin qurbanı
olduqları deyilir. Amma məncə, bu cür ciddi bir sualın
cavabı yalnız "məişətin qurbanı olublar"
kimi sadə və emosional bir səbəblə izah oluna bilməz.
Burada həm tarix var, həm sosial kodlar, həm psixoloji
faktorlar, həm də qadının özünün
özünə münasibəti.
Bu məsələ təkcə bizim cəmiyyətimizdə
deyil, dünyanın demək olar ki, bütün ədəbi
coğrafiyalarında oxşar şəkildə yaddaşa
hopub. Amma Şərq mədəniyyətində, xüsusən
bizə yaxın mentalitetlərdə bu problem daha kəskindir,
daha çox görünəndir, daha üzdədir.
Kişi yazıçıların bir araya gəlişi
heç vaxt təsadüfi olmayıb. Bu həm psixoloji, həm
sosial, həm də tarixi faktorlardan ibarət çoxqatlı
bir düzəndir. Ədəbi mühitlər, dərnəklər,
redaksiyalar, çayxana masaları, yazıçı evləri,
uzun illər boyu kişilərin formalaşdırdığı
bir "qardaşlıq sistemi"nin tərkib hissəsidir. Bu
sistem özlüyündə sanki qeyri-rəsmi bir institutdur.
Bir-birini təqdim edirlər, tədbirlərə, konfranslara, ədəbi
görüşlərə cəlb edirlər, bir-birini
çap edirlər, almanaxlara, antologiyalara daxil edirlər,
bir-birinin əsərlərini oxuculara "tövsiyə edirlər",
mükafatlara namizədlikdə dəstəkləyirlər, əsərlərini
tərcümə edir, yaxud etdirirlər və sair.
Bu, "sənət" dostlarının "bizimkilər"
prinsipinə uyğun yazdığı rəylərdə də
özünü büruzə verir, sosial şəbəkədə
edilən qarşılıqlı paylaşımlarda da, oxucu
auditoriyasının yönləndirilməsində də.
Əlbəttə, burada qəbahət bir şey yoxdur. Lap
düz edirlər, hətta "əcəb edirlər".
Amma burada bir problem odur ki, qadın
yazıçılar hələ də bu instituta eyni
intensivlikdə daxil ola bilmirlər. Deyə bilmərik ki,
onların belə qapıları yoxdur. Əlbəttə, var,
amma etiraf edək ki, kişi çevrələri qədər
sistemli və qənaətcil deyil.
"Məişətin qurbanı olublar" ifadəsi
bəzən dar mənada başa düşülür, sanki
qadın yazıçıların problemi yalnız ev işi və
ailə qayğılarıdır. Halbuki məsələnin
kökü daha dərindir. Bu, daha çox qadının
özünü suçlama mexanizmi ilə bağlıdır.
Qadın yazarın yazmaq üçün çəkdiyi
daxili mübarizə kişi yazara nisbətən qat-qat
ağırdır. O, yazanda vicdanına həmişə bir
"günahkar səs" çökür: "Axşama
yemək hazırlamışammı?", "Evi təmizləmişəmmi?"
və sair.
Cəmiyyət qadının
yaradıcılığını onun işi, peşəsi
kimi yox, çox vaxt əlavə məşğuliyyət kimi
görür. Ailədə qadının
yazdıqlarının "dəyəri" kişi qələm
sahiblərininki qədər qəbul olunmur. Qadın
özünə (oxu: yaradıcılığına!)
ayırdığı hər dəqiqəyə görə
içində bir günahkarlıq hissi yaşayır. Bu
psixoloji yük qadını təkliyə sürükləyir.
O, ədəbi çevrələrin "sosiallıq tələb
edən" fəaliyyətlərində, məsələn, ədəbi
görüşlərdə, tədbirlərdə, müzakirələr
istədiyi kimi iştirak edə bilmir. Hələ, əlavə
olaraq, o, başqa bir yerdə işləyirsə, vəziyyət
daha da çətinləşir, bəzən 24 saat
qadının hələ günlük fəaliyyətinə
belə kifayət etmir. Bu isə onun həmrəylik şəbəkələrinə
daxil olmaq imkanını azaldır.
Qadın yazıçılar arasındakı ən
böyük problemlərdən biri də rəqabətin
yanlış yönlənməsidir. Bu, bir-birinə
qarşı qısqanclıq, ya da hörmətsizlik deyil, daha
çox "özünü təsdiqləmək uğrunda təkbaşına
mübarizə"nin yaratdığı gərginlikdir.
Çünki ədəbi mühitdə bir qadın yazar
uğur qazananda ona qarşı fərqli, daha çox
şübhəli baxışlar formalaşır, mütləq
arxasında kimsə, nəsə axtarılır, əlavə
dəstəyin olduğu və bu dəstəyi hansı yolla
qazandığı şübhə altına alınır.
Bu tip qərəzli yanaşmalar qadının öz
uğurunu açıq şəkildə bölüşməkdən
çəkinməsinə səbəb olur. Digər qadın
yazarlara dəstək vermək isə sanki bu ittihamları
gücləndirəcəkmiş kimi görünür. Yəni
qadın yazıçılar bir-birini dəstəkləməyəndə,
çox vaxt bunun səbəbi aralarındakı rəqabət
deyil, cəmiyyətin onlara yüklədiyi yanlış
gözləntilərdir.
Qadın yazıçı özünə
qarşı daha sərt, daha tələbkardır. O, tənqidi
kişidən fərqli şəkildə qəbul edir. Yəni
daha çox tənqidi şəxsiyyətinə yönəlmiş
kimi hiss edir, həssas yanaşır. Bu həssaslıq hətta
bəzən onu yazmaqdan, davam etməkdən də çəkindirir,
"məndə heç nə alınmır,
alınmayacaq" fikrini formalaşdırır.
Kişilər arasında tənqid çox vaxt
"yaradıcılıq meydanı"nda bir cəng kimi qəbul
edilir. Onlar bir-birini tənqid etdikcə daha da
yaxınlaşırlar. Qadınlarda isə bu proses daha fərqlidir.
Tənqid onları həm özündən, həm işindən,
həm də qarşı tərəfdən
uzaqlaşdırır.
Beləliklə, kişi yazıçılar
arasında "debata əsaslanan həmrəylik" var,
qadınlarda isə "sakitlik və çəkilmə
üzərində formalaşan məsafə".
Ədəbi mühitdə oxucu auditoriyasının, tənqidçilərin,
jurnallarda, qəzetlərdə qərar verənlərin
çoxu kişilərdir. Bu da onların daha yaxşı
başa düşdüyü mətnləri dəstəkləməsinə
gətirib çıxarır.
Qadın yazar üçün özünü
tanıtmaq daha çətindir. O, özünü reklam etməyi,
öz yazısını öyməyi "ayıb"
sayır. Kişi yazarlar isə özünü
tanıtmağı yaradıcılığın tərkib
hissəsi kimi qəbul edirlər.
Qadın yaradıcılığının
mövzuları çox vaxt "şəxsi" kimi etiketlənir.
Yəni yazdığın bir şeirin, bir hekayənin
arxasında mütləq öz şəxsi həyatından
nüanslar axtarılır. Olmasa belə, "düzüb-qoşulur".
19 yaşımda yazdığım bir povest haqqında hələ
də eyni sualları eşidirəm: "Sən uşaq evində
böyümüsən?", "Səni zorla ərə
veriblər?", "Sən boşanmısan?" və sair.
Halbuki o povestdə, sonradan yazdığım şeirlərin,
hekayələrin əksəriyyətində məndən olan
tək şey duyğular və təxəyyüldür.
Kişi müəlliflərin "yazıçı təxəyyülü"
sorğusuz-sualsız qəbul olunduğu halda, qadın
yazarların təxəyyülü hər zaman şübhə
altına alınır. Bu isə əsərlərin dəyərini
aşağı salırmış kimi görünür.
Halbuki bütün dünya ədəbiyyatını dəyişən
qadın yazıçılar - Virciniya Vulf, Silviya Plaft, Anna
Axmatova məhz müşahidə, təxəyyül və
ümumiləşdirmə ilə şedevrlər
yaratmışdılar.
Qadın yazıçılar üçün "ədəbi
mentor" azdır. Kişilər bir-birinə müəllimlik
edir. Qadınlar isə həm aqressiv təftişdən, həm
də "yanlış anlaşılma" qorxusundan mentorluq əlaqələri
qurmaqda çətinlik çəkirlər.
Bəs qadın yazıçılar arasında birlik
niyə yaranmır?
Çünki qadınlar "birlik" deyəndə
emosional yaxınlıq düşünür, kişilər isə
"məqsədyönlü nəticə". Kişilərin
ədəbi birliyi çox vaxt birgə layihəyə, birgə
kitab təqdimatına, bir-birini "prosesə daxil etmək"yə
əsaslanır.
Qadınların birliyi isə daha çox empatiya, dərdləşmək,
ruh paylaşımı, anlaşmaq ehtiyacına əsaslanır.
Beləcə, iki müxtəlif yanaşma iki fərqli nəticəyə
gətirib çıxarır.
Bütün bu çətinliklərə baxmayaraq,
qadın yazıçılar son 10-15 ildə daha çox
görünməyə, daha çox söz deməyə
başlayıblar. Lakin bu görünmə onların ədəbi
çevrəsini heç də genişləndirməyə
xidmət etmir. Qadın yazıçının mübarizəsi
daha səssiz, daha fərdi, daha könüldən olur. Kişi
yazıçıların yaratdığı "kollektiv
aura" qadınlarda eyni şəkildə formalaşmır,
çünki onların yaradıcılığı da fərqli
təbiətlidir, bir növ daha dərindir. Bu səssiz inqilab
hələ davam edir və nəticələri tədricən
görünür.
Əlbəttə, bütün bunlar heç də
"qadınlar ədəbi həmrəyliyə nail ola bilməz"
fikrini qüvvətləndirmir. Onlar arasında da bu həmrəylik
mümkündür. Amma bunun üçün əvvəlcə
bəzi miflərdən azad olmaq lazımdır:
Məsələn,
- Qadın yazıçı qadına rəqib deyil, əksinə,
ona güzgüdür.
- Qadın özünü tanıtmaqdan, təqdim etməkdən
utanmamalıdır.
- Qadının yazısı "evdə, mətbəxdə
yazıldığı üçün" ikinci dərəcəli
ola bilməz.
- Qadın yazıçılar bir-birinin uğurunu
"şəxsi uğursuzluq" kimi qəbul etməməlidirlər.
- Ədəbi həmrəylik emosional yox, praktiki fəaliyyət
tələb edir.
Ən önəmlisi isə qadınların
özünü ədəbiyyatda yan masa yox, əsas masa sahibi
kimi görməsidir. Əgər onların özlərinə,
öz yazdıqlarına olan bu baxışı dəyişsə,
onda hər şey də yaxşıya doğru dəyişə
bilər.
Məncə, qadınlar yazıçılar gələcəkdə
öz aralarında birliyə nail olsalar, onda bu birlik kişi
yazıçılarınkı kimi formal deyil, daha poetik, daha
yumşaq, amma daha davamlı ola bilər. Qadın yazarların ədəbi
klubları, gənc qadın yazarlara dəstək platformalar
yaradıla bilər, qadın yazarlar bir-birinin əsərlərini
təqdim və təbliğ edə bilərlər. Bu
addımlar yaradıcı həmrəyliyi artıracaq, "tək
yazan qadın" stereotipini dağıdacaq.
Bəs niyə bizə, cəmiyyətə, ədəbiyyata
qadın yazıçıların birliyi vacibdir?
Çünki qadının sözü dünyanı dəyişmək
gücünə malikdir. Qadın yazıçının əsərlərində
evin qoxusu, ananın nəfəsi, qız
uşağının qorxusu, qadının daxili həyatının
dərinliyi var. Bu, ədəbiyyatın ən güclü
damarlarından biridir. Amma bu dərinlik daha çox fərq
olunmalıdır.
Kişi yazarlar artıq yüzillərdir ki, öz ədəbi
institutlarını qurublar. Qadın yazıçı isə
hələ sözün içində öz evini tikir. Bu ev tək-tük
otaqlardan ibarət olsa da, poetik nurla doludur. Bu nur birləşsə,
böyük bir ədəbi səma yarana bilər. Bəlkə
də ədəbiyyatın tarazlığı məhz o zaman
tamamlanacaq.
Şahanə MÜŞFİQ
525-ci qəzet . 2025.- 22 noyabr (№213).- S.19.