Ramiz Qusarçaylı poeziyası:
estetik dəyər və mənəvi güc vəhdətdə
İnsanı formalaşdıran ən böyük
qüvvələrdən biri sözdür. Söz insanın
düşüncəsini oyadır, mənəviyyatını
saflaşdırır, davranışını yönləndirir.
Ədəbiyyat təkcə bədii ifadə vasitəsi deyil,
həm də insanın mənəvi təkamülünün
güzgüsüdür: orada xalqın yaddaşı, dəyərləri
və əxlaqi idealları yaşayır. Xüsusilə
poeziya bu mənəvi missiyanı ən zərif və təsirli
şəkildə daşıya bilir. Azərbaycan
poeziyasında sözə, dilə və mənəvi dəyərlərə
yüksək mövqedən yanaşma hər zaman mövcud
olub. Bu böyük ənənəni müasir dövrdə
uğurla davam etdirən şairlərdən biri də Ramiz
Qusarçaylıdır. Onun poeziyasında sözün estetik
dəyəri ilə mənəvi gücü bir-birini
tamamlayır. O, poeziyanı mənəviyyat məktəbinə
çevirir və bu xüsusiyyət onun
yaradıcılığını həm ədəbi, həm
də pedaqoji baxımdan dəyərli edir.
Ramiz Qusarçaylının poetik-mənəvi
mövqeyi
Ramiz Qusarçaylı müasir Azərbaycan
poeziyasında xalq ruhunu, milli dəyərləri və mənəvi
saflığı poeziyanın əsas mövzusuna çevirən
sənətkarlardandır. Onun şeirlərində dil səmimi,
obrazlar aydın, fikir isə həmişə insana, onun ruhuna
yönəlib. Şair üçün söz sadəcə bədii
ifadə vasitəsi deyil, məsuliyyətdir, borcdur, mənəvi
missiyadır. O, oxucusuna nəsihət vermir, onunla bərabər
düşünür, hiss edir, yaşadır. Şeirlərində
təmtəraqlı ifadələr yox, ruhun səsi, həyatın
reallığı var. Elə buna görə də onun
misraları sadə, amma təsirlidir, sakit, amma dərin mənalıdır.
Şairin yaradıcılığında vətən,
insan, dil və vicdan anlayışları bir-birindən
ayrılmazdır. O bu mövzuları təkcə poeziyanın
mövzusu kimi deyil, həm də mənəvi tərbiyə
vasitəsi kimi təqdim edir.
Ramiz Qusarçaylı poeziyanı insanın daxili
dünyası ilə millətin yaddaşı arasında
körpü kimi dəyərləndirir. Onun üçün
dil milli kimliyin qorunması deməkdir, söz isə mənəvi
bütövlüyün əsas şərtidir. Bu baxımdan
onun yaradıcılığı həm ədəbiyyat, həm
də pedaqogika müstəvisində dəyər kəsb edir,
çünki o, poetik obrazlarla tərbiyə ideyasını
birləşdirə bilən nadir şairlərdəndir.
Onun "Azərbaycan bayrağı", "Vətən",
"Yaxşı ki, yaxşını pis tanımadım"
kimi şeirləri təkcə ədəbi nümunə deyil,
vətənpərvərlik, əxlaq və insanlıq dərsləridir.
Bu əsərlərdəki fikirlər klassik maarifçilik
ideyaları ilə səsləşir, oxucuda milli qürur,
dürüstlük, insanpərvərlik kimi dəyərləri
möhkəmləndirir.
Ramiz Qusarçaylı poeziyada dilin tərbiyəedici
funksiyasını bədii-estetik səviyyəyə
qaldırır. Onun şeirlərindəki hər söz
düşünülərək seçilib, hər ifadə mənəvi
mesaj daşıyır. Sanki o, hər misra ilə oxucuya
"düz danış, düz yaşa, düz
düşün" deyir, amma bunu didaktik tonda yox, poetik zərifliklə
çatdırır. Bu baxımdan Ramiz
Qusarçaylının yaradıcılığı tərbiyə
və ədəbiyyatın qovuşduğu məkandır. O,
sözü vasitə yox, dəyər kimi yaşadır;
poeziyanı isə tərbiyə məktəbinə
çevirir.
Pedaqoji dəyərlər və nümunələr
Ramiz Qusarçaylı poeziyası təkcə hissin
deyil, həm də fikrin və mənəviyyatın
poeziyasıdır. Onun şeirlərindəki hər misra bir tərbiyə
mesajı, bir mənəvi çağırış
daşıyır. Şair oxucusuna açıq dərs
keçmir, amma onun misraları insanı düşünməyə,
düz yaşamağa, doğru davranmağa sövq edir.
Bu pedaqoji dəyərləri Ramiz
Qusarçaylının yaradıcılığında
aşağıdakı istiqamətlərdə izləmək
mümkündür: vətənpərvərlik və tarixi
yaddaş, mənəvi-əxlaqi dəyərlər, estetik tərbiyə
və sair.
Vətənpərvərlik poeziyanın tərbiyə
dili kimi
R.Qusarçaylının
yaradıcılığı üçün vətən
mövzusu sadəcə bir ideya deyil, daxili inam və şəxsiyyət
mövqeyidir. O, vətənpərvərliyi qürur və
sevgi ilə ifadə edir. Buna görə də şeirlərində
Vətən anlayışı həm mənəvi dayaq, həm
də insanın özünü dərk etdiyi məkandır.
Xüsusilə "Azərbaycan bayrağı"
şeiri bu baxımdan Ramiz Qusarçaylı poeziyasının
zirvələrindəndir. Şair burada bayrağı yalnız
milli rəmz kimi deyil, mənəvi bütövlüyün,
azadlıq ruhunun və şəhidlik andının simvolu kimi
təqdim edir:
Şənini vəsf etməyə yetər, qüdrətim
yetər,
Ulduzunu, ayını göydə mələklər
ötər,
Hər rəngində "ya qazi, ya şəhid"
bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət
sancağı -
Azərbaycan bayrağı!
Bu misralarda təkcə bir bayrağın deyil, bir
xalqın ruhunun diriliyi duyulur. "Ya qazi, ya şəhid bir mən
bitər" ifadəsi milli kimliyi, azadlıq uğrunda fədakarlığı
tərbiyəvi bir dəyərə çevirir. Burada Ramiz
Qusarçaylı bayrağa sevgi ilə yanaşmağı,
onu qorumağı və yaşatmağı mənəvi məsuliyyət
kimi təqdim edir.
Şairin bu şeirindəki poetik baxış klassik
maarifçilik ənənəsi ilə səsləşir: vətən
sevgisi-tərbiyənin mənəvi dayağıdır.
"Azərbaycan bayrağı" şeirindəki təsvirlər
və emosional ahəng oxucuda vətənpərvərlik, fədakarlıq
və kimlik duyğularını gücləndirir. Hər bənd
sanki bir dərsdir: dil dərsi, qürur dərsi, vətən
dərsi.
Ramiz Qusarçaylının "Vətən"
poemasında isə bu hiss daha geniş poetik çərçivədə
təqdim olunur. Poema xalqın keçmişi ilə bu
gününü birləşdirir, tarixi yaddaşın
qorunması və milli birliyin möhkəmləndirilməsi
ideyasını daşıyır. Şair burada Vətəni
torpaq kimi deyil, mənəvi varlıq kimi təsvir edir - onun
yaddaşı, dərdi, sevinci, tarixi və dili ilə birlikdə.
Ramiz Qusarçaylı "Vətən"
poemasında oxucunu bir ideala səsləyir: Vətəni sevmək
kifayət deyil, onu tanımaq, onu dərk etmək
lazımdır.
Onun bu poetik fəlsəfəsi tərbiyə
baxımından böyük əhəmiyyət
daşıyır: gənclərdə milli kimlik, məsuliyyət,
hörmət və azadlıq duyğularını
formalaşdırır.
Şairin vətən mövzusuna yanaşması həm
də tarixi yaddaşın diriliyinə
çağırışdır. O, xalqın
keçmişini tərənnüm etməklə kifayətlənmir,
bu yaddaşın bugünkü insanın mənəviyyatında
yaşaması üçün sözün gücündən
istifadə edir.
Mənəvi-əxlaqi dəyərlər
Ramiz Qusarçaylının poeziyasında insanın
vicdanı, dürüstlüyü, mərhəməti və əqidəsi
əsas mövzulardandır. O, insanın daxili aləmini sadə
sözlərlə, amma dərin təsir gücü ilə
açır. "Yaxşı ki, yaxşını pis
tanımadım" şeirində o, cəmiyyətin mənəvi
dilemmasını - yaxşılıq və pisliyin sərhədlərini-poetik
dillə təqdim edir. Burada vicdanın səsi ən
güclü müəllimə çevrilir. Şair oxucusuna
yaxşılıq etməyi əmr etmir, sadəcə onun mənəvi
dəyərlərini oyadır.
Bu, klassik pedaqogikada "daxili tərbiyə"
adlanır - insanın davranışını xarici nəzarətlə
deyil, öz vicdanı ilə tənzimləməsi. Məhz bu
cür dəyərlər Ramiz Qusarçaylının
poeziyasının əsas ruhunu təşkil edir.
Estetik tərbiyə
Ramiz Qusarçaylının poeziyası həm də
gözəlliyi duymaq və dəyərləndirmək məktəbidir.
Onun misralarında təbiət, insan və söz arasında
daxili harmoniya var. Şairin dilindəki səliqə, ahəng və
ritm gənc oxucuda poetik zövq və estetik hiss
formalaşdırır.
Bu, pedaqogikanın estetik tərbiyə istiqaməti ilə
səsləşir: gözəlliyin dərk edilməsi
insanın davranışını və düşüncəsini
də saflaşdırır.
Ramiz Qusarçaylının şeirlərində bu dəyərlər
bir-birindən ayrılmır. O, vətənpərvərliyi əxlaqla,
tarixi yaddaşı estetik duyğularla birləşdirir. Buna
görə də onun poeziyası həm milli ruhun, həm də
mənəvi tərbiyənin daşıyıcısı kimi
dəyərlidir.
Klassik pedaqoji ideyalarla səsləşmək
Ramiz Qusarçaylının
yaradıcılığı poeziyanın tərbiyəvi və
mənəvi funksiyasına yeni baxış gətirir. O,
sözün gücünü insanı anlamaq, dəyərləri
dərk etdirmək və düşüncəni
formalaşdırmaq vasitəsinə çevirir. Onun
poeziyasında tərbiyə prosesi təbii və təsirli
şəkildə - hiss, düşüncə və dəyərlərin
harmoniyası ilə təqdim olunur.
Bu yanaşma bir çox klassik pedaqoqların
ideyaları ilə səsləşir.
Suxomlinski insan tərbiyəsini qəlbin
işığı adlandırırdı; Jan Jak Russo tərbiyəni
azad düşüncə və təbiilik üzərində
qururdu; Uşinski milli ruh və dilin tərbiyədə əsas
rolunu vurğulayırdı; Yan Amos Komenski isə ağıl,
duyğu və iradənin vəhdətini tərbiyənin əsası
sayırdı.
Ramiz Qusarçaylının poetik dünyasında bu
prinsiplər bədii formada təcəssüm tapır. Onun
sözü həm maarifləndirir, həm
düşündürür, həm də ruhlandırır.
Şair poeziyada insanın daxili dünyasını tərbiyənin
başlanğıc nöqtəsi kimi qəbul edir. O, insanı
dəyişdirməyə deyil, özünü dərk etməyə
sövq edən bir tərbiyə fəlsəfəsi
yaradır. Bu baxımdan Ramiz Qusarçaylının
poeziyası klassik pedaqoqların ideyalarını müasir bədii
təfəkkürlə birləşdirir və onları
sözün estetik gücü ilə yaşadır.
Ramiz Qusarçaylının
yaradıcılığı Azərbaycan poeziyasının mənəvi
dəyərlərlə yoğrulmuş müasir mərhələsini
təmsil edir. Onun şeirləri göstərir ki, söz
yalnız sənət deyil, həm də tərbiyədir; dil
yalnız ünsiyyət vasitəsi deyil, həm də şəxsiyyətin
aynasıdır.
Şairin poeziyası gənc nəsli düşünməyə,
öz köklərini tanımağa, vicdanla yaşamağa və
Vətənə bağlı qalmağa
çağırır. O, oxucuya "necə
yaşamalı?" sualını nəsihətlə deyil,
misranın gücü ilə verir. Bu, əsl pedaqoji təsirdir
- çünki insanı dəyişdirən, ona yol göstərən
tərbiyə forması sözün ruhundan gəlir.
Ramiz Qusarçaylı öz poeziyasında vətənpərvərlik,
əxlaq və estetik duyumu bir bütöv dəyərlər
sistemi kimi təqdim edir. O, klassik pedaqoji ideyaları milli poeziya
dili ilə birləşdirərək, müasir insanın mənəvi
inkişafına işıq salır. Onun əsərləri
oxucuya həm düşünmək, həm duymaq, həm də
doğru davranmaq öyrədir.
Bu mənada Ramiz Qusarçaylının
yaradıcılığı təkcə ədəbiyyat
faktı deyil, həm də mənəvi-pedaqoji hadisədir. O,
şeirləri ilə insan qəlbinə yol tapmağı
bacaran, sözə tərbiyə gücü verən sənətkardır.
Onun misraları oxucuda estetik zövq, mənəvi rahatlıq və
milli qürur oyadır. Hər bir şeiri bir dərs kimidir-dil
dərsi, vətən dərsi, insanlıq dərsi.
Bu səbəbdən Ramiz Qusarçaylının əsərləri
məktəbdə, universitetdə, ailədə və
ümumilikdə cəmiyyətdə mənəvi tərbiyə
mənbəyi kimi dəyərləndirilməlidir.
Çünki onun poeziyasında tərbiyə sözlə,
söz isə sevgi ilə verilir. Bu həm dilə, həm
insana, həm də Vətənə sevgidir.
Pərvanə RZAYEVA
Pedaqogika üzrə fəlsəfə doktoru, ADPU Quba
filialının şöbə müdiri
525-ci qəzet .- 2025.- 22 noyabr (№ 213). - S.18.