Bakı gözəl
şəhər... - Amma romansız, hekayəsiz...
Esse
Küləklər şəhərinin tarixi, lap qədim
tarixi həmişə mənə maraqlı gəlib. Elə
bir tarix ki, onda adamlar hələ təzə-təzə
küləyə, dənizə, qağayılara ad verirlərmiş.
Bax bir də o yaşlarında tanımaq istəyirəm
Bakını. Mənim gördüyüm ən qədim liman
şəklində iki tacir və taxta gəmi var idi. Qədim
Bakı mənim üçün o gəmidən ibarət
oldu. Nə "Qız qalası", nə də Badü-Kubə
ifadəsi o gəmini mənim düşüncəmdəki
şəkildən çıxara bildi. Sirli bir keçmişi
var bu şəhərin, bilirəm. Mənə elə gəlir,
dənizin altından çıxıb bu şəhər. Bütün
divarları mavi olub. Qumu səma rəngində imiş.
Adamları balığa oxşayıb. Öz təsəvvürlərim
var Bakı haqqında. Nə əzan, nə muğam, nə
qavaldaşın səsi, nə də dənizlə küləyin
dueti məni öz təsəvvürlərimdən
ayırır. "Gecəni axtaranlar" romanımda
Bakının küçələrini təsvir edərkən
də pəncərədən baxdığım şəhərdən
yox, küləkdən, Xəzərdən ilham
almışdım. Pamuk İstanbulu, Dostoyevski Sankt-Peterburqu,
Coys Dublini, Dikkens Londonu, Drayzer Amerikanın "çəhrayi
sənaye şəhərlərini" təsvir edib,
dünyaya bu şəhərləri bir az da özləri xəyal
etdikləri kimi tanıtdılar. Bəs Bakı haqqında belə
romanlar varmı? Yoxdursa, yazmaq doğrudanmı bu qədər
müşküldür? Ümumiyyətlə, Azərbaycan ədəbiyyatı
niyə insanı şəhərdə təsvir etməkdən
çəkinir? Bu sualın cavabını başqa bir
yazıda axtararıq. İndi isə Azərbaycan ədəbiyyatından
və Bakının təsvirindən danışmaq istəyirəm.
Azərbaycan ədəbiyyatında şəhər
mövzusu, xüsusilə Bakı şəhəri, nisbətən
az işlənmiş sahələrdən biridir. XIX və XX əsr
Azərbaycan ədəbiyyatında kənd həyatının
təsviri geniş yer tutmuş, şəhər və urban həyatla
bağlı mövzular isə daha məhdud şəkildə
üzə çıxmışdır. Kənd mövzusu,
milli adət-ənənələrin, ailə münasibətlərinin
və ictimai həyatın əks olunması üçün əlverişli
hesab edilmişdir. Şəhər isə həm sosial, həm
iqtisadi, həm də mədəni baxımdan sürətlə
dəyişən bir məkan olduğundan
yazıçılar üçün mürəkkəb və
çətin işlənilən mövzu olmuşdur.
XIX əsr Azərbaycan ədəbiyyatında şəhər
həyatına toxunulsa da, Bakı şəhərinin konkret təsviri
çox məhdud olmuşdur. Mirzə Fətəli Axundzadənin
"Hekayəti-Müsyö Jordan" əsərində urban
sosial mühitin konturları görünməkdədir, lakin əsərdə
Bakı bir məkan kimi konkret təqdim edilmir.
Yazıçılar daha çox kənd həyatını və
milli adət-ənənələri işləməyi
üstün tutmuşlar. Bu dövrdə oxucu kütləsi kənd
həyatına daha çox maraq göstərdiyindən, şəhər
mövzusu nisbətən az diqqət çəkmişdir.
XX əsrdə Bakı mövzusu müəyyən mənada
işıqlandırılmışdır. Məsələn,
Əhməd Cavadın və Məhəmməd Əmin Rəsulzadənin
əsərlərində Bakı şəhəri siyasi və
sosial kontekstdə görünür. Neft sənayesi, şəhərin
sürətlə inkişaf edən infrastrukturu və onun əhalinin
həyatına təsiri bəzi əsərlərdə əks
olunur. 1920-1930-cu illərdə yazılan əsərlərdə
Bakı həm işçi sinfi, həm də sosial
transformasiya prosesi ilə bağlı simvolik məkan kimi təqdim
edilir. Lakin bu nümunələr istisna xarakteri
daşıyır; ümumi olaraq ədəbiyyatda şəhər
mövzusu geniş yayılmayıb.
Bakı mövzusunun az işlənməsinin bir
neçə səbəbi vardır:
XIX və XX əsr Azərbaycan ədəbiyyatında
kənd həyatı oxucu kütləsi tərəfindən
daha çox maraqla qarşılanıb. Kənd həyatının
təsviri yazıçılar üçün daha
tanış və işlənilməsi asan mövzu olub. Şəhər
həyatı isə sürətlə dəyişən,
müxtəlif sosial təbəqələrin bir-birinə
qarışdığı, kompleks problemlərin mövcud
olduğu bir məkan olduğundan, yazıçılar
üçün çətin və mürəkkəb
mövzu hesab edilib.
Sovet dövründə şəhər mövzusu
müəyyən ideoloji məhdudiyyətlərlə
qarşılaşıb. Bakı şəhəri, xüsusilə
neft sənayesi və strateji əhəmiyyəti ilə
seçildiyindən, yazıçılar daha çox kənd
həyatını təsvir etməyə yönəlib. Urban həyatın
təsviri isə bəzən ideoloji baxımdan problemli və
ya qeyri-kafi hesab olunurdu.
Bir çox yazıçı kənd həyatına,
milli adət-ənənələrə diqqət yetirmiş,
urban həyatın müxtəlif aspektlərini işləməkdən
çəkinib. Məsələn, Cəlil Məmmədquluzadə
"Ölülər" və "Poçt qutusu" əsərlərində
kənd və şəhər həyatının
qarşılaşmasını göstərsə də,
Bakı xüsusi mərkəz kimi yox, ümumi urban məkan
kimi təsvir edilib.
XXI əsr Azərbaycan ədəbiyyatında Bakı
mövzusu daha geniş işlənməyə başladı.
Müasir yazıçılar şəhərin sosial, mədəni
və iqtisadi həyatını təsvir etməklə
yanaşı, urban mühitdə insan münasibətlərini,
modern həyatın problemlərini və şəhər
ritmini oxucuya çatdırırlar.
Məsələn, Anarın əsərlərində
Bakı şəhərinin müasir
görünüşü və şəhər həyatının
müxtəlif qatları təsvir olunur. Müasir povest və
romanlarda Bakı yalnız fiziki məkan kimi deyil, həm də
insan psixologiyası və sosial dinamikanın əks olunduğu
mədəni simvol kimi təqdim edilir. Gənc yazarlar şəhəri
postmodern eksperiment vasitəsi kimi istifadə edərək, urban
həyatın fərqli təbəqələrini oxucuya
çatdırırlar.
Bundan əlavə, Bakı mövzusunun işlənməsi
mədəniyyət, memarlıq və tarixi baxımdan da
maraqlı sahələr yaradır. Məsələn,
müasir romanlarda şəhərin tarixi məhəllələri,
köhnə və yeni memarlıq nümunələri, sosial dəyişikliklər
və urban konfliktlər geniş şəkildə işlənir.
Bu isə Bakı mövzusunun ədəbiyyatda əhəmiyyətini
artırır. İlqar Fəhminin "Bakı tarixindən
kollaj" romanı, Həmid Piriyevin Bakı kəndlərini mərkəzə
qoyan hekayələri və Cavid Ramazanovun "Amanabənd"
romanı hazırda yadıma düşənlərdi. 2000-lərdən
sonra poeziyanın sürətlə "yayılması"
Bakını şeiriyyatda daha da məşhurlaşdırdı.
Bakı romanlardan, hekayələrdən daha çox şeirlərdə
yaşamağa başladı.
İlqar Fəhminin romanı şəhərin
keçmişi və inkişafını təsvir edir. Əsərdə
Bakının müxtəlif dövrlərdəki həyatı,
sakinlərin gündəlik fəaliyyəti və mədəni
ənənələri göstərilir. Müəllif tarixi
faktları bədii təsvirlərlə birləşdirərək
oxucuya şəhərin keçmişi ilə indisini
müqayisə etmək imkanı verir. Roman həm şəhərin
sosial-mədəni həyatını, həm də insan və
şəhər arasında olan bağlılığı
vurğulayır. Sadə və təsirli dili sayəsində əsər
gənclər və tarix həvəskarları
üçün maraqlı və faydalı bir qaynaqdır.
Roman oxucunu şəhərin zəngin tarixini öyrənməyə
və onun mədəni dəyərlərini anlamağa dəvət
edir.
Həmid Piriyevin hekayələrində Bakı kəndlərinin
mənzərəsi yaradılıb. İnsanların gündəlik
həyatı və münasibətləri ilə birlikdə təsvir
olunub. Müəllif şəhərin sosial və mədəni
həyatını sadə və təbii dildə oxucuya
urbandan uzaq bir atmosferdə çatdırır. Hekayələrdə
şəhərin keçmişi və indisi arasında incə
əlaqələr göstərilir. Piriyevin Bakı hekayələri
oxucunu şəhərin həyatını göydələnlərlə,
tıxaclarla deyil, daha dərindən, daha təbii şəkildə
anlamağa dəvət edir.
"Amanabənd" "Sovetski"nin bütün
mahiyyətini və bunun bərabərində əsl
Bakının şəklini çəkir. Ümumiyyətlə,
"Amanabənd" Cavid Ramazanovun identifikasiya
axtarışını və keçmişi xatırlama vərdişini
ədəbiyyatda ifadə edən önəmli bir əsərdir.
Bir ailənin, bir evin timsalında Bakıdakı münasibətləri
incələyir. Müəllif "Sovetski"
camaatının taleyi ilə məşum məkanın sirli
taleyini bir-birinə hörüb çağdaş prinsiplərdə
bir roman verib ixtiyarımıza. Kifayət qədər cəsarətli,
eyni zamanda da pafossuz siyasi dünyagörüş,
yazıçı intuisiyası, obrazların rəngarəng
psixologiyası və nəhayət, sona qədər bizi
arxasınca aparan sevgi hekayəsi. "Amanabənd" həm
siyasi, həm sevgi, həm də bir şəhərin taleyini
soyuqqanlılıqla danışan romandır. Son illərdə
yazılan ən uğurlu romanlardan biri olan "Amanabənd"
bədii nümunə kimi də dəyərlidir.
Yeni ədəbi nəsil Bakının təsvirinə
daha çox yer verməkdədir. Yeni dünyanın əsas
missiyalarından biri də kəndlərlə şəhərlər
arasındakı bütün sərhədləri
qaldırmaqdır. Ədəbiyyat buna razı olacaqmı -
zaman göstərəcək.
Rəvan CAVİD
525-ci qəzet . 2025.- 22 noyabr (№213).- S.17.