Oxunmaz əlyazmaların
anlatdığı ibrət
Yaşayan irsi ilə söz tarixində daimi qalmaq
haqqı qazananlardan olan Əbu-l-Ula elə on birinci yüzildə,
hələ həyatdaykən də şöhrəti
çoxuzaqlara yayılmış bir sənətkar idi və Təbrizdə
başbilənlər bilik aşiqi gəncə
"Bütün cavab axtardığın sualların
açarı o ustaddadır" deyincə XətibTəbrizi ləngimədən
doğma şəhərindən Məərrəyə
sarı yönəlmişdi.
Əbu-l-Ula Məərri 973-cü ildə anadan
olmuşdu, 1057-ci ildə dünyadan köçdü. Xətib
Təbrizi Ustadın hüzuruna gəlib çatanda cavan
oğlandı, Əbu-l-Ula Məərri bir ixtiyar.
Əbu-l-Ulanın sinni çox idi, dünyaduymuş bir insan
idi. Ağsaqqal yaşına yetişmiş və zəmanəsinin
böyük alimi və şairi olan ustada, əlbəttə
ki, "dünyagörmüş" sözü daha çox
yaraşardı. Ancaq Əbu-l-Ula Məərri dörd
yaşından dünya işığına həsrət
qalmış bir insan idi. Gözləri görməsə də,
bəsirətli insandı və Xətib Təbrizi ilə
söhbətə başlayınca, onun bu qədər məsafə
qət edib bilik ardınca gəlməsini öyrənincə,
istər-istəməz içərisində bu cavana rəğbət
yaranmışdı və zaman ötdükcə ona daha
artıq isinişmişdi və tədricən bu münasibətata-oğul
istəyi səviyyəsinə qalxmışdı.
Xətib Təbrizi, təbii ki, ustadla görüşən
kimi başına gələn qəziyyəni də ona
nağıl etmişdi. İş ondadır ki, uzun yollardan
pay-piyada keçib gəlirkən Xətib Təbrizinin
çiynindən tər sel kimi gedirmiş. Dayanmadan yol getdiyindən
Xətib bunun fərqində olmamışdı. Fəqət mənzil
başına çatıbəlyazmaları heybədən
çıxaranda görmüşdü ki, hamısı zay
olub. Nəmişlik tərdən islanmış heybənin
içərisinə də keçib, əlyazmaların da
canına hopub, piyada qət edilən uzun yol boyunca onlar tədricən
oxunmaz hala düşüb.
Bu əhvalatın sadəcə şirin bir rəvayət,
uydurma söhbət olmadığını İbn Xəlliqanın
yazdıqları təsdiqləyir. Salnaməçi xəbər
verir ki, Xətib Təbrizi o əlyazmakitabları heybədən
çıxaranda belə təsəvvür yaranırdı ki,
sanki həmin kitablar suya düşüb. Ancaq dərhal da əlavə
edir ki, yox, o kitablar suya düşməmişdi, onları
isladan Xətib Təbrizinin kürəyinin təri idi.
Yaqub Rumi XII əsr müəllifi Əbu Səid Səmaniyə
istinadən son dərəcə maraqlı bir əhvalatı nəql
edir. Bu hekayət dilimizin tarixi və taleyi baxımından
çox diqqətəlayiqdir.
Əbu-l-Ula uşaqlıq çağlarından
dünya işığına həsrət qalaraq ərəb
dünyasında "kor şair" kimi məşhurlaşsa
da, bir tərəfdən alan Allah o biri tərəfdən bu
istedadlı insana digər həssaslıqları - iti yaddaş
və səslərə qarşı həddən ziyadə həssaslıq,
misilsiz eşitmə qabiliyyətini bəxş etmişdi. Lap
uzaqdan pıçıltıyla söylənənləri də
dərhal qulaqları tuturmuş, yanında uzun-uzun söylənən
qəsidələri də anındaca əzbərləyirmiş.
Yaqub Rumi "Nəsəb"
adlı əsərində XII əsr qaynağına istinadən
tarixi bir səhnəni cızır: ustadla şagirdi
qarşı-qarşıya əyləşib, Xətib Təbrizi
ilə Əbu-l-Ula Məərri üz-üzədir. Artıq
iki il imiş ki, Xətib buradaymış.
Və qaynaq Xətibin öz sözlərini
çatdırır ki, mən iki ildi burada bir nəfər də
həmyerlimi görüb kəlmə kəsməmişdim.
Ustadla dərs keçdiyimiz əsnada birdən vaxtilə Təbrizdə
bizimlə qonşu olmuş bir adam məscidə namaz
qılmağa girdi. Onu görüncə sevindim və istər-istəməz
səsimin ahəngi də dəyişdi.
Əbu-l-Ula arif adam idi. Xətibin səsinin dəyişən
ahəngindən hiss edir ki, nəsə oldu. Xətibdən nə
baş verdiyini, əhvalının qəfildən niyə dəyişdiyini
soruşur.
Xətib etiraf edir ki, ustad, mən iki ildir ana dilində
danışmamışam, burada qonşumuz olan bir adamı
gördüm, namaz qılmaqçün məscidə girdi,
icazə versəydiniz, onunla söhbət edərdim.
Əbu-l-Ula etiraz etmir. Xətib qalxır, az sonra on-on
beş addım aralıdakı məsciddən çıxan
keçmiş qonşusuyla görüşüb söhbət
etməyə başlayır.
Xətib bir neçə dəqiqə ötüncə
qayıdıb ustadının qarşısında əyləşəndə
Əbu-l-Ula Məərri onu heyrətdə qoyur -
başlayır Xətibin Təbrizdən gəlmiş
keçmiş qonşusuyla olan söhbətini sözbəsöz
təkrarlmağa.
Bunu da XII əsrin məxəzi təsdiqləyir: Xətib
Təbrizini daha çox mat qoyansa bunca aralıdan onların
astadan danışdıqlarını ustadın necə
eşitməsindən, belə uzun söhbəti dəqiqliyi ilə
yadda saxlamasından daha çox bu olur ki, Əbu-l-Ula Məərri
heç azərbaycanca bilmir.
Əbu-l-Ula soruşur ki, siz hansı dildə
danışırdınız? Xətib qayıdır ki, azərbaycanca
(Mənbədə "azərbaycanca" kəlməsi
işlənməyib, mətn ərəbcə olduğundan
"Azərbi" yazılıb. Bu isə "Azərbaycan"
sözündən yaranan sifətdir, yəni elə "azərbaycanca"
deməkdir).
Əbu-l-Ula deyir ki, mən sizin dili bilmirəm, nə
danışdıqlarınızı da başa düşmədim,
amma bütün söylədikləriniz yadımda qaldı.
Xətib Təbrizinin bu millətə, ədəbiyyatımıza,
elmimizə çox xidmətləri var. Xeylisindən xəbərdarıq,
yaradıcılığının təkinə nüfuz
etdikcədaha yenilərini də kəşf edəcəyik.
Ancaq onun bu xalqa, bu yurda ən vacib xidmətlərindən biri
də elə həyatında baş vermiş həmin hadisə
və o hadisənin tarixi məxəzlərdə əks
olunmasıdır. XII yüzilin inanımlığı əsla
şəkk doğurmayan sanballı tarixi mənbələrində
izi qalan həmin hadisə gözəl dilimizə hələ 9
əsr öncə "azərbaycanca" deyildiyini aşkarca
nişan verir.
Əbu-l-Ula Məərri dövründə ərəb
aləmində adlı-sanlı alimlər də, şairlər
də az deyildi. Ancaq XətibTəbrizinin bəxti həm də
gətirmişdi ki, tale onu məhz bu ustadla qovuşdurmuşdu.
Çünki Əbu-l-Ula Məərri gözəl şair
olmaqdan savayı, həm də sərbəst düşüncəli,
azadfikir bir insandı.
Söyləyirmiş ki, insanlar iki yerə
bölünür: bir qisminin ağlı var, dini yoxdur, bir
qisminin isə dini var, ağlı yoxdur.
Əbu-l-Ula özü də elə dediyiycə
varmış, etiqad məsələsində kifayət qədər
sərbəstmiş.
Bir dəfə, XətibTəbrizini yoxlamaq
üçün, Əbu-l-Ula başladığı uzun
söhbətin sonunda ağlında tutduğu əsas mətləbin
üstünə gələrək soruşur ki, bəzi
insanlar həyat həqiqətlərindən yaxşı
baş çıxarır, nəzəriyyəyə, məntiqə
də yiyələnir, ancaq günlərin birində
mövhumata uyurlar, belə olanda isə onların yiyələndiyi
bilik də, təcrübə də olur heç, onlar
çevrilirlər noxtalanmış ulağa, yaxşı, bəs
sən necə etiqad edirsən?
XətibTəbrizi
ustadının baxışlarına yaxşı bələd
idi və ona görə də birbaşa deyil, dolayı,
diplomatik cavab verir. Deyir, mən hər şeyə şübhə
ilə yanaşıram.
Bu ustaca cavabın bir ucu Məhəmməd Peyğəmbərə
bağlanan hədisə çatır ki, hər şeyə
şübhə ilə yanaş.
Şəkk gətirmək mənasında deyil, daha
çoxunu bilməyə, pərdə ardındakılara daha
artıq vaqif olmağa can atmaq anlamında.
Əbu-l-Ula Məərri beləcə, XətibTəbriziyə
sadəcə ayrı-ayrı elm sahələri haqqında
bilgilər vermirdi, həm də sevimli şagirdinə həyat
elmini öyrədirdi.
Bu illər qənimət illəri idi - Xətib Təbrizi
əyləşmişdi tarixin yanında. Hər gün
Əbu-l-Ula Məərrinin dizinin dibində idi. Hər gün
onun söhbətlərini dinləyirdi, hər gün onun hikmətlərini
eşidib feyziyab olurdu və o nadir adamlardan idi ki, Məərrinin
şeirlərini onun dilindən eşidə, Əbu-l-Ulanın
öz şeirlərinə şərhlərini onun ifasında
dinləyə bilirdi.
Gün keçəcək, o, Əbu-l-Ula Məərrinin
çox şeirlərinə şərhlər yazacaq. Elə
şeirlərə şərhlər yazacaq ki, onlara vaxtilə
Əbu-l-Ula Məərrinin özü də onlarca şərhlər
vermişdi. Ancaq Əbu-l-Ula Məərrinin şeirlərinə
Xətibə qədər də şərhlər yazanlar
olmuşdu, Xətibdən sonra da yeni Əbu-l-Ula şərhçilərigəldi.
Lakin ən vasvası və bilgin mütəxəssislər əldə
olan bütün yozumları - Əbu-l-Ulanın
özünün öz şeirlərinə şərhlərini,
Xətib Təbrizinin o şeirlərə şərhlərini,
digər müəlliflərin Məərri şeirlərinə
şərhlərini yanaşı qoyub tutuşduranda
üstünlüyü Xətib Təbriziyə verəcəklər.
Hətta Xətib Təbrizinin Məərriyə şərhlərində
Əbu-l-Ulanın özününöz şeirlərinə
yazdığı şərhlərdən də üstün
olduğunu etiraf edəcəklər.
Bunlar Azərbaycan ədəbiyyatşünaslığının
da, bütövlükdə müsəlman Şərqi ədəbiyyatı
və elminin də heyrətli və qürur doğuran səhifələridir.
Neyləmək ki, hər xoş günün
haçansa bir acı sonluğa çatması da var. 1057-ci
ildə Əbu-l-Ula vəfat edir və Xətib Təbrizi daha
onsuz Məərrədə qala bilmir. Çoxdan
ayrıldığı, burnunun ucu göynəyən Təbrizə
sarı səmt götürür.
Daha əvvəlki vaxtı deyildi. Müəyyən
imkanları da vardı, piyada gəlmir. Elminin sorağı Təbrizə
özündən əvvəl çatmışdı, ata-baba
yurduna gəlincə ətrafında onun biliklərindən
yararlanmaq istəyən xeyli öyrənci toplaşır.
Fəqət Təbrizdə çox qala bilmir.
Çünki artıq onun miqyasları Təbrizə, Azərbaycana
sığan deyildi. Artıq o, bütün Yaxın-Orta Şərqinki
idi. Ona daha nəhəng meydanlar lazım idi.
1064-cü ildə Xətib Təbrizi artıq Dəməşqdə
idi. Bura yenicə gəldiyi vaxtlardaca zövqü,
baxışları, düşüncə dairəsibaxımından
özünə çox yaxın olan bir insanla tanış
olur. Tezliklə aralarında səmimi dostluq münasibətləri
də yaranır. Bu, çağının tanınmış
alimlərindən olan Xətib Bağdadi idi. Xətib
Bağdadi ilə Xətib Təbrizi arasında yaş fərqi
nəzərəçarpacaq idi. Bizim Xətib 1030-cu ildə
dünyaya gəlmişdisə, bağdadlı Xətib 1002-ci
ildə doğulmuşdu və 1071-də həyata vida etdi.
Ancaq aralarında 30-a yaxın yaş təfavütü
olmasına rəğmən, sözləri də, fikirləri
də tutmuşdu, həmyaşıd kimi olmuşdular. Qələmləri
və düşüncələri ilə onlar elmin eyni fəza
qatında idilər.
Ancaq Xətib Təbrizini yeni yollar, yeni ünvanlar
özünə doğru çəkirdi. Az sonra artıq Misirdə
idi.
Söz Misirin, Suriyanın ətrafında
dolaşmışkənorta çağda, xüsusən X-XIII
əsrlərdə azərbaycanlıların ora çox üz
tutmaları, o çağlarda Bağdadda da, Misirdə də,
Şamda da yetərincə geniş türkdilli şeir
mühitinin olması gerçəyini xatırlamağın
yeri var.
İzzəddin Həsənoğlunun məşhur qəzəlindəki
bu misralar mühüm məlumatı daşımaqdadır:
Şəha, şirin sözün qılar Misirdə
bir zaman kasid
Nə kasid? Kasid-i qiymət, nə qiymət? Qiymət-işəkkər.
Bu misralarda bir nigaranlıq var. Şair narahatdır ki,
ola bilsin, gün gələr, şirin sözləri Misirdə
kasadlığa uğrayar, ana dilindəki bu kəlamların
müştərisi, alıcısı azalar, şəkər
kimi sözlər qiymətdən düşər, türkcə
şeirimiz burada kasadlığa uğrayar. Demək, XIII
yüzildə, İzzəddin Həsənoğlunun bu
misraları yazdığı zamanda onun şirin sözləri
Misirdə dildə-dodaqda dolaşırmış və bu
şeirləri oxuyan, o şeirə müştəri
çıxıb həvəs göstərənlər
çoxmuş. Şairin narahatlığı sabahlardandır,
gələcəkdə də bu münbit mühitin indiki kimi
qalıb-qalmayacağı ilə əlaqədardır.
...Elmin məcazi mənada böyük yoluna ki, elə
sözün birbaşa mənasında, uzun yolu qət edərək
çıxmışdı, yol Xətibin alın yazısına
dönmüş, həyat tərzinə çevrilmişdi. O,
gah Mosuldaydı, gah Dəməşqdə, gah Şamdaydı,
gah Bağdadda və onun sağında-solunda ərəblər,
farslar, digər xalqlardan olan seçmə insanlar, elm
adamları, ilham sahibləri ilə bərabər, Azərbaycandan
gələn, buralarda ad çıxaran soydaşları, həmyerliləri
də az deyildi və bunun da xüsusi mənası vardı. Azərbaycandan
olanlar buradakı qaynar ədəbi-elmi mühitdə
bişirdilər, yetişirdilər və sonra burada
yığdıqları təcrübələri Azərbaycana
daşıyırdılar. Səbəbsiz deyil ki, orta əsrlərdə
Azərbaycanın dörd bucağındakı əsas şəhərlərin
təqribən hamısında elm də, ədəbiyyat da, mədəniyyət
də o çağda durmadan yüksəlişdəydi.
...Xətib onsuz da çox şeir yazmayıb və bu
az şeirinin arasında orta əsrlərin əksər
şairinə xas olan mədhiyyəçilik, hansısa
taxt-tac yiyəsinə, hakimiyyət nərdivanının
yuxarılarında qərar tutanlara həsr edilən tərifnamələr
də yoxdur. Amma Xətibin günümüzədək
yetişən, ayrı-ayrı tarixi mənbələrdə də
rast gəlinən təmtəraqlı bir qəsidəsi hər
halda var. Zahirən bu, əsl mədhiyyədir və hakimiyyət
sırasında hökmdardan sonrakı ikinci adama ithaf edilib.
Yaxşı, Xətib mədhiyyə yazmayan idisə, bu istisna
nədəndir?
Ali məqam sahiblərindən olsa da, rəsmiyyəti
və təkəbbürü özünə yaxın
buraxmayan, Xətib Təbriziyə ən sədaqətli dost və
qədirbilən həmkar kimi yanaşan, Xətibin də qəlbinə
yaxın tutduğu, haqqında mədhiyyə yazmağı da
özünə rəva bildiyi bir könül və məslək
sirdaşı vardı. Baş vəzir olan həmin şəxsiyyəti
Xətib Təbrizi sidq ürəkdən öyüb, hətta
heyifsilənib ki, məmduhunun layiq olduğundan az
çıxdı, istədiyi kimi yaza bilmədi, dilə, qələmə
gətirdiyi təriflər yetərincə deyil.
Xətibin könül bağladığı, xətrini
əziz tutduğu həmin dostu Xacə Nizam əl-Mülk
(1018-1092) idi.
Böyük Səlcuq İmperatorluğunun ikinci
sultanı Alp Arslanın (1029-1072) baş vəziri olmuş Xacə
Nizam əl-Mülk uzaqgörən,
ölçülü-biçili siyasət yürütməyi
bacaran, müdrik dövlət xadimi, mükəmməl ədib
idi. Müasirlərinin heyran öygüləriöz yerində,
əsrlər sonra onun arxada qoyduğu yolu, etdiklərini ələkdən
keçirənlər Nizam əl-Mülkü "siyasət
dahisi" adlandırıblar. Lakin onu tanımış,
görüb müşahidə etmişvə daha dəqiq qiymət
vermək imkanı çox olan müasirləri Xacədəki
incə fəhmə, əhatəli və dərin idraka, məntiqqüdrətinə
məftunluqla onu yalnız "Nizam əl-Mülk" - yəni
"məmləkətə sahman gətirən"
adlandırmamış, həm də xüsusi sayğı ilə
ona "Vəzir-i kəbir" - yəni "Ulu vəzir"
ləqəbini aid etmiş, digər heyranları bu dövlətçilik
şətrəncinin qabil ustasına "Qivam üd-dövlə"
- "Dövlətdə aram yaradan", "Atabək
ül-cüyuş" - "Ordular Atabəyi" kimi ləqəbləri
yaraşdırmışlar.
1160-1233-cü illər arası yaşamış ərəb
tarixçisi İbn əl-Əsir - Əbül-Həsən
İzzəddin Əli ibn Məhəmməd ibn Məhəmməd
əş-Şeybani əl-Cəzəri (1160-1233) ən mötəbər
salnamələrdən sayılan və adının vəd
etdiyi mükəmməlliyə həqiqətən layiq olan
"Əl-kamil fit-tarix" ("Mükəmməl tarix")
əsərində xəbər verir ki, 1072-ci ildə Sultan Alp
Arslan Fars ölkəsindəki qalaların ən
alınmazında gizlənən və itaətsizlik göstərən,
hökumətə vergi ödəməkdən boyun
qaçıran Fəzlunun başına ağıl qoymaq, onu əmrə
tabe olmağa vadar etmək üçün qoşun göndərir
və hücum edən əsgərlərinə də vəziri
Nizam əl-Mülkü başçı təyin edir. Lakin
kifayət qədər çoxsaylı qoşun xeyli müddət
döyüşsə də, qalanı fəth edə bilmir. Vəziyyəti
belə görəndə Nizam əl-Mülk fəndə əl
atır. O, qalaya gedən arxın suyunun
qarşısını bağlatdırır. Mühasirədəkilərə
də xəbər yollayır ki, onsuz da susuzluğa dözməyib
gec-tez təslim olacaqsınız, ancaq bəri başdan
qaladakılardan təslim olub itaət göstərənlərə
aman veriləcək, onlar əfv olunacaqlar.
Nizam əl-Mülkün ağıllı tədbiri bəhrəsini
verir, qala tezliklə alınır, etirazçılar tərksilah
edilir.
Dostu Nizam əl-Mülkün qan tökməklə
alına bilməyən qalanı yaxşı
düşünülmüş əməliyyat nəticəsində
fəth edə bilməsi Xətib Təbrizini riqqətə gətirir
və dərin rəğbətlər bəslədiyi dostu
baş vəzir haqqında sonralar xeyli məşhur olacaq qəsidəsini
qələmə alır.
Amma Xətib Xətibdir. Hətta mədhiyyə
çalarlı qəsidəsində də digər saysız ərəb,
fars, tütkdilli mədhiyyə şeirlərindən fərqli
olaraq, bircə dənə də olsun şit, boğazdan
yuxarı, həqiqətə uyğun olmayan tərifə yer
vermir, elə Nizam əl-Mülkün, doğrudan da, haqq etdiklərini
yazır.
Nizam əl-Mülkün sərkərdə kimi
ağıl işlədərək çətin müharibədə
uğur qazanmasını vəsf edəndən sonra Xətib Təbrizibaş
vəzirdə özünün də bilavasitə şahidi
olduğu və faydasını gördüyü mərd
keyfiyyətləri tərənnüm etməyə
başlayır:
Bir cavan mərddir, onun lütfündən hər kəs
pay umar,
Həm səxavət, həm ləyaqət bəxş
edib Pərvərdigar.
Mən şikayət eyləyirdim dövr
cövründən müdam,
Çıxmayınca bəxtimə yüksək
üfüqlərdən o yar.
Əhdinə sadiq olan Sadiqlə peyman bağlayıb,
Hifz qıldı hər xətərdən
canımı ol lütfkar.
Şövq ilə sərvətlərin bəxşiş
edən bir gənc kimi
Sonrasın fikr eyləməz, seltək səxavət
yağdırar.
Dürrünü qıymaz bu yurdda bircə kəs bir
kimsəyə,
O, səxavət yağmuru - boz torpağı
canlandırar.
Qoruyar xain zamandan, vəd edər xoş günləri,
Nur olub yağdıqca da insanı eylər payidar.
Olmadı tabe sənə cahil, çobanlar
başçısı,
Ol səbəbdən etmədə hey zəncirindən
ah u zar.
Şərqin tarixində qalan çox önəmli, elə
Xətib Təbrizinin də həyatının ən
mühüm tarixçələrindən olan bir gün var -
1067-ci il sentyabr ayının 22-si.
Həmin gün çox keçmədən sədası
oçağkı mədəni aləm boyu yayılacaq və
indiyə də çatacaq ən möhtəşəm təhsil
ocaqlarından, bilik mərkəzlərindən olan Nizamiyyə
Mədrəsəsi qapılarını alimlərin, tələbələrin
üzünə açmışdı və Xətib Təbrizi
də həmin mədrəsədə işləməyə dəvət
olunan ilklərdən idi.
Nizamiyyəyə indiki ölçülərlə gərək
ya "universitet", ya "akademiya" söyləyək.
Bu, əzəmətli səlcuqların Şərqə
və bəşəriyyətə müəzzəm ərməğanıidi.
Səlcuq taxt-tacı həmin mədrəsənin araya-ərsəyə
gəlməsindən ötrü gününə görə
bütöv bir xəzinəyə bərabər - 600.000
qızıl dinar sərf etmişdi.
Çalışmışdılar ki, o
çağlarda Yaxın-Orta Şərqdə məşhur
olan ünlü alimlərin hamısını Nizamiyyə Mədrəsəsinə
cəlb etsinlər. Nizamiyyə Mədrəsəsi adı bəlli
Nizam əl-Mülkün şərəfinə belə
adlandırılmışdı.
Nizamiyyə Mədrəsəsi fəaliyyətə
başlamasıyla gur yanan intibah ocağına çevrildi
(Buradaca vacib və həssas bir məqama diqqət yönəltməyə
gərək var ki, silsilə araşdırmalarda və ən
ciddi elmi dairələrdə Şərq, Qərb intibahı,
Şərq intibahının özünəməxsusluqları
haqqında gedən müzakirələrdə adətən
"müsəlman intibahı" ifadəsi işlədilib,
indi də işlədilməkdədir. Qətiyyən doğru
deyil. Bu intibah nə İslam dininin, nə də ərəblərin
yaratmasıdır. İntibahı intibah edən həmişə
universal zəkalı dahi simalar olub. Araşdıraq
"müsəlman intibahı", "müsəlman
renessansı" kimi nişan verilən yüzillərindahilər
qafiləsini. Bəlli olacaq ki, bərq vuran ulduzların
hamısı əsli-köküylə türklərdir. Yəni
Yaxın və Orta Şərqdəki "müsəlman
intibahı" adlandırılnan oyanış şairindən
tutmuş filosofuna, memarından tutmuş rəssamına,
musiqişünasından tutmuş astronomuna, dilçisindən
tutmuş riyaziyyatçısına, təbibindən tutmuş
salnaməçisinədək öndə dikələn
aşağı-yuxarı bütün zirvə şəxsiyyətləri
ilə əslində türk intibahıdır ki, var. Və Xətib
Təbrizi də həmin intibahın parlaqdan-parlaq bir mərhələsi
idi).
Nizamiyyə Mədrəsəsinə dəvət edilən
müəllimlərin hamısı seçmələrin
seçməsi idi. Lakin bu sırada yenə Xətibin fərqi
görünür. O, Nizamiyyə Mədrəsəsində sadəcə
yaxşı müəllimlərdən biri kimi işə
başlamır. Gələn kimi onu dil, ədəbiyyat dərsləri
üzrə əsas məsulvə kitabxana müdiri təyin
edirlər.
Orta əsrlərdə saraylarda və Nizamiyyə
irilikdəki elm-təhsil mərkəzlərində
"kitabxana" dedikləri çoxşaxəli bir
yaradıcılıq təsərrüfatı idi ki, orada alimlər,
münşilər, ədiblər, tərcüməçilər,
xəttatlar, rəssamlar, əlyazma hazırlayan
çeşidli mütəxəssislər toplaşardı və
həmin sahəyə başçılıq edən kitabdar
da çağdaş mədəniyyət naziri kimi məsul və
səlahiyyətləri geniş bir vəzifə idi.
XI əsrin 60-70-80-ci illərində Nizamiyyə Mədrəsəsinin
adı və şöhrəti dillərdə əzbər idi.
Yaqut Rumi o şöhrətin Xətib Təbrizidən keçən
qanadı haqqında da səhih məlumatı tarixləşdirib.
Yazır ki, Xətib Təbrizinin adını tutaraq ən
müxtəlif ölkələrdən cavanlar elm
qazanmaqçün Bağdada, Nizamiyyə Mədrəsəsinə
axışırdılar.
XətibTəbrizi nə az, nə çox - düz 40
il Nizamiyyə mədrəsəsində dərs deyir, müəllimliyini
aparır, elmini yerinə yetirir, eyni zamanda, kitabxana müdiri
olur. Yəni bilavasitə dərs deməklə, təhsil təşkilatçısı
olmaqla yanaşı, həmin dörd on il boyunca, həmçinin,
elm və mədəniyyət qurucusu kimi də fəaliyyətlərini
davam etdirir. Həm də ən ixtiyar çağlarına yetənə
qədər nə elmdən, nə tədrisdən aralanır.
...Ölməz Nizaminin ata sözü kimi səslənən
bir misrası da var: "Şərh-esoxən biştərəst
əz soxən" - "Sözün
aydınlaşdırılması, yozumu sözün
özündən də artıqdır".
Əlbəttə ki, belədir. Çünki söz tək
kəlmədir, dayanıb göz qabağında, sözlər
sırasının yaratdığı misra sadəcə bir sətirdir.
Ancaq həminsözlərin və sətirlərin daxilinə
varid olandavə şərhçi dərinliklərə
baş vurmağa qadir üzgücü olanda başqalarına əlçatmaz
gələn dərinliklərdən mirvarilər
çıxara bilir,məna qatları hazır lay-lay
açılır. Təbii, belə nüfuzetmə, bu təhər
söz dalğıclığı hər dəfə həmin
işə qatlaşanın biliyinin hüdudlarından və
qabiliyyətinin səviyyəsindən asılıdır.
Bu baxımdan orta əsrlərdən bəri köhnə
və yeni alimlərin keçmişdəki şərh
ustalarına verdiyi qiymətləri sıralayanda yenə ən
üstdə XətibTəbrizinin adı dayanır, əbədi
birincilik onun inhisarındadır.
Xətib Təbrizi "Divan"lara, əski
çağların dürlü bədii mətnlərinə
şərhlər yazırdı. Əvvələn, onun şərhlərini
seçdirən çoxşaxəlilik idi. İlahiyyatı da
kamil bilirdi, sərf-nəhvdə də ustaydı, bəyan, bədi,
məani, vəzn, qafiyə kimi 5 qanaddan ibarət poetika elmində
də, lüğətçilikdə də, mətnşünaslıqda
daən əvəzsizlərdəndi, tarixin, fəlsəfənin
də cikinə-bikinə aşina idi. Ona görə də
qarşısında hansısa mətn dayananda əsərə
yalnız bir görüm bucağından nəzər
salmırdı, eyni anda on gözlə baxırdı və
müvafiq olaraq çox görür, təhlillərini də
gördüklərinə uyğun, hər kəsin edə bilmədiyi
çoxistiqamətliliklə aparırdı. Həmin səbəbdən
də XətibTəbrizinin şərhləri həm ilahiyyat, həm
qrammatika, həm leksikoqrafiya, həm lüğətçilik,
həm poetika, həm mətnşünaslıq... elmlərinin
sərrafları tərəfindən güvəniləsi dayaq
nöqtələri kimi qəbul edilirdi və əsrlər
ötdükcə də həmin keyfiyyətini hifz edirdi.
Ərəblərin islamlaşmadan əvvəl də
şeiriyyatı olmuşdu. Ancaq dildə-dodaqda gəzən,
ağız ədəbiyyatı kimi yaşayan həmin
qoşqular yalnız VII-VIII əsrlərdə kağıza
köçürülməyə başlandı. Bununla da bir
tərəfdən həmin şeirlər həm unuduluşdan,
yoxolma təhlükəsindən qurtuldu, digər yandan da ərəblərçün
öz keçmişlərini öyrənmək, əcdadlarının
ruhunu duymaqdan ötrü mənbəyə çevrildi.
İslamaqədərki çağlara, peyğəmbərdən
öncəki əsrlərə ərəblər "Cahiliyyə
dövrü" dedilər, hərçənd Həzrət Məhəmməd
o cahiliyyəni dövr yox, yaşam tərzi
saymışdı. Ərəbcədəki "cəhl" kəlməsinin
məna izi ilə həmin dövr "bilgisizlik
zamanları" adlandırılmışsa da, bu
"cahilliyi" yalnız və yalnız İslamdan bixəbərlik
anlamında qavramaq gərəkdir. Həmin çoxilahlıq
çağlarının zəngin əsatiri öz yerində,
o dövr ərəbləri nücumda da, təbabətdə də
səriştəli idilər, insanın sifətinə baxaraq
onun taleyini oxumağın, əsil-nəcabətini
dürüst müəyyənləşdirməyin vərdiş
və sirlərini daşıyan qiyafət elmində də
yüksək qabiliyyətləri vardı (Yeri gəlmişkən,
Arximedin də insan bəbəklərinə baxaraq onun qismətini
müəyyənləşdirməyə həsr edilmiş
ayrıca traktatı olub. Yəni xiromantiya və bu qəbil qədim
yaşlı məşğuliyyətləri elmi əsaslardan
uzaq əyləncələr kimi görmək heç də
doğru deyil).
Azərbaycan dilində "cavan" mənasında
"cahıl" sözü də işlənir. Bu kəlməni
elə bu mənada Cahiliyyə dövrünün ərəb
şeirinə şamil etmək olar. Özünəməxsus
gözəlliklər daşıyan Cahiliyyət dönəmi
poeziyasını elə ərəb şeirinin cahıllıq,
gənclik mərhələsi hesab etmək
mümkündür.
O çağlarda ərəblər ildə bir dəfə
Məkkə yaxınlığında toplaşar, bütün
ayrı dərd-sərlərini götür-qoy edəndən
sonra şeirlər oxuyarmışlar. Sonralarsa həmin
şeirlərin ayrı-ayrı ən xoşagəlim və
yaşamağa layiqlərini seçərək gələcəyə
də ötürüblər. Bu seçmələrə
"müəlləqə", müəlləqələrin
qovuşmasından yaranan toplulara "müəlləqat"
deyilirdi. Əslində "müəlləqə"
sözünün özü elə "seçmə" deməkdir.
Və zamanı yetir ki, XətibTəbrizi müəlləqələrə
də əl qoymağa cəsarət edir. Ona görə "cəsarət
edir" yazıram ki, müəlləqələri şərh
etməyə girişmək hər oğulun işi deyildi. Nəinki
başqa millətdən olan şərhçilərin,
heç hər ərəb oğlu ərəbin də
çiyinlərinin müəlləqələri şərh
etmək yükünün altına girməyə gücü
çatmazdı. Çünki müəlləqələrdə
işlənən bir çox ifadələr, sözlər
artıq dünəndə qalmış, arxaikləşmiş,
dil dövriyyəsindən çoxdan
çıxmışdı. Üstündən bir neçə
əsr keçəndən sonra yeni nəsillər onların
çoxunu bilmirdi. Ancaq müəlləqələri təhlil
etmək, onların örtülü laylarını
açaraq içərisindəki çox sirləri üzə
çıxarmaq qüdrətini Xətib Təbrizi göstərməyə
qadir olur, bununla da ərəbcədə ərəbdən
üstün olduğunu sübut edir.
Daha düzü - ərəbin özünü daha
düzgün tanıması üçün bələdçilik
edir.
Xətib Təbrizinin ömür yoluna,
yaratdıqlarına elə ötəri aşina olan hər bəsirətli
adam təsdiq edər ki, o, çox aqil adammış və beləsinin
dəcahillə təması həmişə üzücü
olur. Həm də bu, elə köhnəlməyən dərddir
ki, məkanından və zamanından asılı olmayaraq həmişə
dəyişməz qalır. İstər belə candərdi
ünsiyyət 9 əsr əvvəl ola və Xətibin
başına gələ, istərsə də lap bizim günlərdə
ola. Xətibin belə köntöy davranışlardan nə qədər
əziyyət çəkdiyini bizim elə qaibanə təsəvvür
etməyimiz öz yerində, ancaq bu haqda ədib
yerli-yataqlı yazıb da. Ömründəki danaları -
bilginləri də, nadanları - korafəhmləri də, ona
könül həmdəmi olan zövq əhlni də, zəhləsi
gedənləri də isti-isti qələmə alıb ki,
tüstüsü gələcəkdə də
çıxsın və sabahdakılar da vaxtilə onun
gününü qara əsgiyə bükənlərdən
agah olub lənətlərini əsirgəməsin.
Xətibin bir-birindən parlaq dərin zəkalı
alim və ədib dostları da vardı, elə indidən
saçmağa başladıqları işığın gələcəkdə
qat-qat gur olacağına inandığı, artıq
özünə yalnız öyrənci deyil, dost
saydığı tələbələri də çox idi. Bu
zümrədən olan məhrəmlərlə uzun saatlar boyu
həmsöhbət olub birgə vaxt keçirmək Xətibçün
can rahatlığı idi. Ancaq sağında-solunda
zatıqırıqlar da, özündən müştəbeh
kəmsavadlar da, nanəciblər də az deyildi. Onlarla birlikdə
qalmağa məcbur olduğu hər dəqiqə isə Xətib
üçün işgəncəyə bərabərdi:
İnsanı yorğun edər çoxlu səfərlər,
yollar,
Mənsə heydən düşürəm hücrədə
tutduqca qərar.
İraqı doldurub alçaqlar ilə nacinslər,
Qalıb onlar arasında nə qədər dözmək
olar?!
Xətibə edilən açıq və gizli həmlələrin
izləri sadəcə ağızdan-ağıza dolaşan
söhbətlərdə, dedi-qodularda deyil, elə tarixi məxəzlərdə
də əks olunub. Paxılların Xətibə zərbələr
vurmaq üçün cəhdləri hətta o həddə
çatıbmış ki, indiki deyişlə ifadə edilirsə,
onun haqqında yuxarılara anonimlər, donoslar göndərməkdən
belə çəkinmirlərmiş. Ancaq burada da xəbis niyyətləri
elə içərilərindəcə boğulubmuş, cəzalanmasına
çalışdıqları Xətib elə onların
şikayət ərizəsinə görə əksinə,
mükafatlandırılıbmış.
Əlbəttə, belə hadisələrə
keçmişlərdə də rast gəlinib, yeni zamanda da.
Ancaq həmişə ən nadir hallarda və hər dəfə
də cəza əvəzinə mükafat vermək
kişiliyini edənlər tarixdə şərəfliadı
ilə qalan böyük şəxsiyyətlər olub.
Nizamiyyə Mədrəsəsində kitabxana müdiri
olanda "bu yolunu azmış haqqında tədbir
görün" tələbi ilə məktubu birbaşa
baş vəzirə -Nizam əl-Mülkə göndərmişdilər.
Guya bu məktubu yollayan mədrəsənin qarovulçusu idi.
Ancaq Nizam əl-Mülk təcrübəli adam idi, məktubu
açıb oxuyunca bunun heç də keşikçi işi
olmadığını, qarayaxıcı naməni Xətibin
Nizamiyyədəki paxıl həmkarlarının təşkil
etdiyini anlayır.
Azərbaycanın görkəmli alimi və ədibi,
Elxanilər dönəmində mühüm dövlət vəzifələri
tutmuş, 1245-1328-ci illər arasında ömür sürərək
həmişə yaşayacaq "Dəstur əl-katib fi təyin
əl-məratib", yəni ("Dərəcələrin təyinində
katibin göstərişləri") risaləsini, 4 min
sözün izahını verən "Sihah əl-Əcəm"
kimi mükəmməl lüğətini yazmış Məhəmməd
Hinduşah Naxçıvani fars dilində qələmə
aldığı digər məşhur tarixi əsəri -
"Təcarüb əs-sələf"
("Keçmişdəkilərin təcrübələri")
salnaməsində bizə Xətib Təbrizi haqqındakı həmin
şikayət məktubu ilə bağlı təfərrüatları
çatdırır.
Məhəmməd Hinduşahın kimliyi, hansı
elmin sahibi olması haqda ayrıntıları ona görə
vurğulayırıq ki, məxəzin bel bağlanası, ən
mötəbər qaynaqlardan olduğu nəzərə
alınsın.
"Təcarib əs-sələf"xəbər verir
ki, Nizamiyyə mədrəsəsi qarovulçusunun adı ilə
imzalanan və baş vəzirə ünvanlanan məktubda
yazılıbmış ki, guya Xətib Təbrizi müdiri olduğu
kitabxanada gecələr şərab içməklə,
qılmanlarla kefə baxmaqla məşğuldur, bununla əlaqədar
təcili, qəti tədbirlər görmək lazımdır.
Nizam əl-Mülk, doğrudan da, siyasət
dahisiymiş. Məktubu alıb oxuyunca "gedin
araşdırın" göstərişini vermir.
Düşünür ki, Xətib yaradıcı adamdır,
birdən, həqiqətən, o cür işlərə meyl
etmiş olar, yoxlayarlar, araya pərtlik düşər.
Elə addım atır ki, görülən bu tədbirin
sayəsində hətta Xətib o təhər solaxay işlərlə
məşğul imişsə belə, həmin gündən
özünü yığışdırmalı olacaqdı.
Dərhal sarayın maliyyə işlərinə baxan məmurunu
çağırıb göstəriş verir ki, Nizamiyyə
Mədrəsəsindəki kitabxananın müdiri Yəhya ibn
Əli əbu Zəkəriyyanın məvacibini
artırın. O biri yandan da oturub özü Xətib Təbriziyə
ayrıca dostyana məktub yazır ki, mənə belə xəbər
çatdırdılar, guya gecələr kitabxanada
eyş-işrətlə məşğul olursan.
Açığı, bundan xəbərsiz idim və yəqin
ki, həmin işlərlə bağlı əlavə məsrəflərin
də olur. Ona görə də qərara aldım sənin
maaşını artırım ki, rahat kef çəkə
biləsən.
Qarovulçunun adından göndərilən o mərdümazar
məktubdakı xəbərdə həqiqətə
oxşayan nəsə vardımı, ya bu, növbəti qara
böhtan idi? "Allahu Aləm" (Allah ən yaxşı
biləndir).
Elə görünür, Nizam əl-Mülk də təxminən
bu cür düşünürmüş. O qədər nazik hərəkət
edir ki, əgər, doğrudan da, Xətibin buna oxşar
cüzi də əməli varsa, söz yox, dost məktubundan
sonra hökmən özünü
yığışdıracaqdı.
Əslində isə Nizamülmülkün məktubu
həm də bir canıyanan sirdaşın xəbərdarlığı
idi ki, "ehtiyatlı ol, düşmənlər, bədxahlar
var, özünü qoru".
Və Nizam əl-Mülk həm Xətibə
yazdığı məktubla, həm də alim rəfiqinindolanışığını
bir az da yaxşılaşdırmaqçün rəsmən
onun məvacibini artırmaqla müdrikliyini, rəhmdilliyini, sadəcə
baş vəzir yox, məhz vəzir-i kəbir - böyük vəzir
olduğunu bir daha sübuta yetirmişdi.
Allah həm də qoruyandır. Xətib Təbriziyə
bunca zəkanuru bəxş etmişdisə, Tanrı onu iblislər
ayağına verməyəcəkdi ki! Qarasına
danışan, əleyhinə yazan, ayağının
altını qazanlar nə qədər bol idisə, mələk
xislətli müdafiəçilərini də Tanrı
heç vaxt əskik etmədi.
Xətibin müasirlərindən olan Əmid ibn Fəyyad
da gendən baxırdı, dostuna qarşı, bəzən hətta
ona "qardaş" deyənlərin arasında da qəlbiqaraları
görürdü, löyün-löyün uydurmaları,
şəratmaları müşahidə edirdi və quruca təsəllilərlə
ötüşməyi düzgün saymayaraq belə bir
şeir də yazmışdı:
Yəhya oğlu Əliyə söyləyin ki, bənd
olma,
Sənin haqqında nə söz söyləsələr,
şər-böhtan.
Saxta söz yazmaram heç, mən dönük olmam əsla,
Sən elm rişəsi, onlarsa budaqlardır san.
Xırdaca çeşmədir onlar, sən isə bir dərya,
Sən həsəd əhlinə öz fəzlini
etmişsən əyan.
Demisən onlara: "Batsaz da həsəd girdabına,
Sizə matəm qalacaq, yüksələcək alim
olan!"
Əksəri elə Xətibin yazı-pozu çevrəsindəkilərdən
olan rəzillər tolazladıqları çamurla, əbləh
davranışlarıyla ustadın qanını nə qədər
qaraltsalar da, hər halda o öz qiymətini yaxşı
bilirdi. Özünü tərif etməyi
xoşlamadığı halda bir şeirində
üstüörtülü də olsa, elə
özü-özünə təsəlli də verirdi ki, bənd
olma, sən kim, onlar kim:
Heç tay olmaz xırda çay bir ümmana,
Çayda çınqıl, dəryada saf dürr
hara?!
Əbu Təmmamın ərəb tarixində xidməti
yalnız onun gözəl şeirlər yazmasında deyil.
Öz xalqı və əslində böyük
ölçüdə ədəbiyyatı sevən
bütün insanlar ona ən əvvəl etibarlı bir
körpü ola bildiyi üçün minnətdardır.
Ərəb şairi və təzkirəçisi
Əbu Təmmam 796-cı illə 843-cü illər arasında
yaşadı. Bu müddətdə də çoxlu şeirlər
yazdı. O şeirlərin neçəsi bu gün də təravətlidir,
oxunurkən ruhu oxşayır, insanı
duyğulandırır, düşündürür.Ancaq yadigar
qoyduğu mirasın arasında daha artıq minnətdarlıq
oyadan onun başqa əsəridir - Əbu Təmmamın "Həmasə"si
(Mənası "igidlik", "hünər",
"şücaət" olan "həmas" sözündən
yaranmış "həmasə" vuruş səhnələrini,
müharibə qəhrəmanlığını,
döyüş meydanında göstərilən cəsarəti
tərənnüm edən şeirlərə verilən ad olub.
Əbu Təmmamın 10 babdan ibarət "Əl-Həmasət
ul-Kübra"sı elə "Həmasələr
ensiklopediyası" da sayıla bilər).
Orta çağ meyarları ilə yanaşılarsa,
bu, bir təzkirədir, ancaq sonrakı çağların təzkirələrinin
əksərindən fərqlənən məcmuədir.
Əvvələn, "Həmasə" təzkirələrin
ən əskilərindəndir, təzkirə ənənəsinin
necəliyini bir ülgü olaraq təqdim edəndir və
Əbu Təmmamın özündən əvvəlki əyyamlarda
yaşamış 570 ərəbdilli şairin bu əsərdə
topladığı qoşquları, hər bir söz ustası
haqqında verdiyi bilgilər bir çox hallarda həmin
yaradıcılıqları tanımağa yol açan yeganə
qaynaqdır. Əbu Təmmam olmasaydı, o 600-dək şairin
bir çoxunu gələcək nəsillər heç
tanımazdı. Ancaq "Həmasə"də Əbu Təmmam
həm də ədəbiyyatşünasdır, yeri
düşdükcə ayrı-ayrı şairlərdən gətirdiyi
ədəbi nümunələri təhlil də edir.
Söz yox, əvvəlki çağların ədəbi
mənzərəsini aydın təsəvvür etməkçün
Xətib də "Həmasə"ni dönə-dönə
vərəqləmişdi. Lakin günlərin birində Xətib
Təbrizi o vacib əsəri başqa məqsədlə
açır. O, Əbu Təmmam "Həmasə"siylə
bağlı əsər yazmaq qərarına gəlmişdi,
amma əslində bu, onun daha əvvəl
başladığı işin davamı demək idi.
Xətibin daha öncə yazdığı "Şərh
əl-qəsaidəl-əşr" - "On qəsidənin
şərhi" adlı bir başqa əsəri də
vardı. Xətib Təbrizi "On qəsidənin şərhi"ndə
VI əsrdə və təxminən o hüdudlarda
yaşamış 10 şairin - İmrul-Qeysin, Harisin, Əntərənin
və digərlərinin qəsidələrini təhlil edirdi.
Fəlsəfəsinə dalınarsa, bu, Xətibin
müəlləqələrlə bağlı qələmişlətməsinin
davamı, ərəbi ərəbə tanıtmaq, ərəbə
öz tarixinin gizlinlərini xırdalamaq, ərəbə onun
içərisini, mənəviyyatını dəqiqliyi ilə
göstərmək missiyası idi. Çünki Xətib Təbrizinin
seçdiyi 10 şair və onların təhlilə cəlb
etidyi, dərin qatlarını və müasirlərə
qaranlıq qalan məqamlarını incələdiyi şeirləri
keçmişə açılan qapılar demək idi.
Həmin xətti Xətib "Həmasə"də
daha geniş əhatədə gerçəkləşdirdi.
"Həmasə"ni təhlilçi nəzərlə
oxuduqca Xətib Təbrizi Əbu Təmmamı təzədən
kəşf etmiş və ona yenidən vurulmuşdu və məftun
qənaətlərini belə bəyan edirdi: "Əbu Təmmam
həmasələrdə öz şeirindən də daha irəli
gedib".
Və Xətib Təbrizinin Əbu Təmmamı
düşünərək verdiyi həmin qiymətləndirmə
bu gün bir qədər başqa istiqamətdə elə onun
özünə də aid edilə bilər.
Xətib ayrı-ayrı ünlü ərəb
şairlərinin şeirlərinin içərisini açarkən
elə qələm və düşüncə məharəti
göstərir ki, bir çox hallarda həminşairlərin
özlərindən dəirəli gedir və daha böyük
görünür.
Xətibin həyatının son iki günü
haqqında mənbələrin ələmli, amma həm də
insanın içərisində qürur oyadan xəbərləri
də qalıb.
Səs yayılır ki, Xətib Təbrizi artıq
yoxdur, rəhmətə getdi. Eşidənlər qulaqlarına
inanmır ki, axı Xətib Təbrizi dünən
sağ-salamat Nizamiyyədə idi, mədrəsədə
növbəti dərsini deyirdi.
1109-cu ilin 3 yanvarı tariximizin kədərli
günüdür, çünki həmin gün böyük
bir övladı ilə əbədi ayrılıq dəmi
yetişmişdi. Həmin gün Azərbaycan və
böyük ölçüdə bəşəriyyət Xətib
Təbrizi kimi min ildə bir yaranan nadir balasını itirdi.
O il yanvarın 3-ü cümə idi. İstirahət günü
olduğundan Nizamiyyə Mədrəsəsi də həmin
gün qapalı idi. Bir gün əvvəl isə XətibTəbrizi
orada sağçillə dərsini deyirdi. Bu gün yox, dünən
vəfat etsəydi, həmin dərsi deyə bilməyəcəkdi.
Mədrəsənin qocaman bir ustadının həmingünkü
gedişi ümumən digər dərslərin də ləğv
edilməsinə, cədvəlin pozulmasına bais ola bilərdi.
Bütün ömrü boyu Xətib intizamlı
yaşamışdı ki, həyatdan gedəndə də həmin
nizama riayət etdi.
İş başında və gördüyü digər
işlərə mane olmadan getdi.
İş başında, ona görə ki, dünən
də - 1109-cu il yanvar ayının 2-də, bu gün gözlərini
əbədilik yumduğu əsnada - 1109-cu il yanvar
ayının 3-də də qarşısında VII əsrin məşhur
ərəb şairi Əxtəlin "Divan"ı idi.
Dünən də ona şərhlər yazırdı, bu
gün də şərhlərini yazmaqda davam edirdi. Dünən
keçinsəydi, 40 il çalışdığı o
Nizamiyyə Mədrəsəsində yalnız dərs
pozulmayacaqdı, Əxtəlin "Divan"ının şərhi
də yarımçıq qalacaqdı. Dünənki dərsini
başa vurdu, dünənki günü sonacan yaşadı. Bu
gün evində idi. Öz kağız-kuğuzuyla, qələm-dəftəri
ilə üzbəüz idi. Axırıncı şərhini
yazdı və ürəyi bu torpağın üstündə
son dəfə çırpındı...
Ancaq insanın yaratdıqları, əlbəttə ki,
onun özündən qat-qat etibarlıdır. Xətibin sinəsindəki
ürəyin döyünməsi 9 əsrdən də əvvəl
dayanıb. Əsərlərindəki qəlbi və
çırpınan nəbzi elə 9 əsr əvvəl olduğu
kimidir. Hətta yaşlı vaxtlarında yox, ən gənc
çağlarında olduğu kimi -yenə insanların zəka
gücünü artırmaqda davam edir.
XətibTəbrizi yolunun başlanğıcında Təbrizdən
Şama çiynində içərisi əlyazmalarla dolu heybəsi
ilə gəlmişdi. Yol boyu kürəyindən axan tər o
əlyazmaları yararsız kökə salmışdı.
Bundan yana xeyli qüssələnmişdi də. Ancaq oxunmaz hala
düşmüş o əlyazmaları atmamış, sonralar
da əziz yadigarlar, onunla Təbriz-Şam yolunu birgə
addımlamış həmdəm kimi saxlamışdı.
Və Xətib Təbrizinin vəfatından əsrlər
keçəndən sonra da həmin əlyazmalar qalır.
Artıq muzeydə yeni zamanın insanlarına göstərilir
və tarixçələri də söylənilir. Təbii
ki, bu hekayəti eşidənlər riqqətə gəlməyə
bilmir, əsrlər öncə bilik ardınca qoşan, bu yolda
hər məhrumiyyətə dözən insanın bunca fədakarlığına
duyğulanırlar.
Üçüncü minilliyin
başlanğıcında ikinci minilliyin əvvəllərindən
qalan həmin xətləri yayılaraq bir-birinə
qarışmış və oxunmazlaşmış əlyazmaları
vərəqləyəndə onlar kitab kimi danışa bilməsə
də, şahid kimi çox sözlər deyə bilir və
hikmət aşılayır. Xətib Təbrizidən zəmanəmizə
onun bir-birindən dəyərli risalələri də
çatıb, hətta onların arasında bilavasitə
öz qələmi ilə, öz əliylə
yazdıqları da var. Nədən bəhs etmələrindən
asılı olmayaraq, Xətibin bütün bu əsərləri
və əlyazmaları da, onun gənclik təri ilə
islanaraq daha oxuna bilməyən əlyazmalar da hamısı
insanlıq üçün dərsdir.
Onların hər biri ibrətdir, görkdür ki, insan
böyük amal yolunda sonacan ardıcıl olanda hansı zirvələrə
ucala bilərmiş. Həmin oxunmaz əlyazmaların hikməti
və hər kəsə əyan olan, hər kəsçün
oxunabilən hikməti bu gün ondan ibarətdir ki, insan bir məslək,
bir sevgi, bir məqsəd yolunda ardıcıl olanda, durmadan ona
doğru gedəndə, o, Xətib Təbrizi kimi əbədiyyət
zirvəsinə ucalmasa belə, azı böyük niyyətinə
hökmən çatacaq!
3 noyabr 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 22 noyabr (№213).- S.14-15;16.