Milli Qəhrəman Hökümə
Əliyevanın anası Kəmalə Alıyeva: "Həmişə
deyərdi ki, mənimlə fəxr edəcəksiniz"
"ƏMİNƏM Kİ, HƏR ŞEY YAXŞI
OLACAQ"
Bəzən düşünürsən ki, tarixin qan
yaddaşı artıq dolub. Dünyanın başı üzərində
cövlan edən müharibə kabusu qəfil hərəkətə
keçir, faciələr sanki bunu gözləyirmiş kimi
ard-arda düzülür, bəşəriyyət
çalxalanır, iblis bundan zövq alır, axılan qanlar
tarixin yaddaşına hopur, lakin unudulmur...
Ötən ilin sonuna bir neçə gün
qalmışdı. Bakı Yeni ili qarşılamağa
hazırlaşırdı. Elə insanlar da. Ən azından
uşaqların könlü xoş olsun deyə, hamı bayram
günü onları sevindirmək üçün
çalışırdı.
Təqvimdə 2024-cü ilin dekabr ayının 25-i
idi. Bakı-Qroznı reysi ilə Yeni ili qarşılamaq
üçün doğmalarının yanına uçan
altmış iki nəfər sərnişin də, onları mənzil
başına çatdırmağa çalışan
beş ekipaj üzvü də
bayram ab-havasında idi, baxmayaraq ki, hava şəraiti ürəkaçan
deyildi. Məhz bu səbəbdən təyyarəni qəbul
etməyən Qroznı hava limanının məlumatından
sonra təyyarə Mahaçqalaya, oradan isə Aktau istiqamətinə
yönləndirilir. Uçuşun otuz doqquzuncu dəqiqəsində
qəza siqnalı verən ekipaj idarəetmədə
nasazlığın olduğunu bildirib. Artıq əlli
üçüncü dəqiqədə Aktauya təcili
eniş tələb edən ekipaj heyəti insan tələfatının
qarşısını almaq üçün uçuşu bir
saat otuz doqquz dəqiqə ərzində "birbaşa
rejim"də idarə etsə də, sonunda təyyarə yerə
çırpılıb. Bu qəhrəmanlıq sayəsində
üç nəfər ekipaj üzvünün həyatı
bahasına iyirmi doqquz insan sağ qalır.
İnsanlar üçün bir ömrə bərabər
olan həmin həyəcanlı anlarda daxilən təhlükəni
yaşasa da, amiranə bir səs: "Hər şey
yaxşı olacaq" deyərək, sakitlik yaratmaqla
özü ilə bərabər, sona qədər hamını
inandırmağa çalışdı.
Çalışdı ki, ümidlər qırılmasın.
Amma qırıldı... Və o qırılan ümidlərlə
birlikdə böyük təyyarə bələdçisi, Azərbaycanın
Milli Qəhrəmanı otuz üç yaşlı
Hökümə Əliyevanın da həyatı, arzuları
yarımçıq qaldı. Faciənin ildönümü ərəfəsində
müsahibimiz qəhrəmanın anası Kəmalə
xanım Alıyevadır.
- Höküməni bir il əvvəl bircə cümlə
ilə tanıdıq. Amma tanımadığımız
qısa bir ömür sahibi də var...
- Biz Kəlbəcərdən çıxmağa məcbur
olanda Hökümənin heç iki yaşı yox idi. Bərdə
rayonunda məskunlaşdıq. 1996-cı ildə kiçik ailəmiz
Rusiyanın Volqoqrad vilayətinə köçdü.
Hökümə məktəbə orada gedib. Yeddi-səkkiz il
orada yaşadıq, sonra torpaq bizi özünə çəkdi
və qayıtdıq. Altıncı sinifdən Hökümə
Gəncədə oxudu, məktəbi bitirəndən sonra
arzusunda olduğu hüquq fakültəsinə daxil oldu,
özü də yüksək balla.
- Deməli, arzusu imiş hüquqşünas
olmaq...
- Kiçik yaşlarından, hələ biz Rusiyada
yaşayan vaxtdan o, hüquqşünas olacağını
deyirdi. Bilirsiniz niyə? Baxmayaraq ki, yaşı az idi,
Hökümənin güclü müşahidə etmək
qabiliyyəti vardı. Sirr deyil ki, Rusiyada azərbaycanlılara
münasibət birmənalı olmayıb. Olurdu ki, evdəki
söhbətlərdən, ya atasının telefon
danışıqlarından nələrsə eşidirdi. Orada
azərbaycanlıları tez-tez yoxlayırdılar, kiçik
bir səbəb belə, onların əlində bəhanə
olurdu. Həmişə də atasından soruşardı ki,
onlar bir cinayət etməyiblər axı, nəyi
yoxlayırlar? Atası da onun anlayacağı şəkildə
Höküməni başa salardı. Həmin vaxtlardan o,
özlüyündə qərar vermişdi ki,
hüquqşünas olacaq və öz insanlarımızın
haqqını müdafiə edəcək. Böyüyərək
dünyagörüşü dəyişdikcə, fikirləri
də fərqli oldu. Hökümə Bakı Dövlət
Universitetinin Beynəlxalq hüquq fakültəsinə məhz
ona görə daxil oldu ki, ölkəsini, Vətənini
dünya qarşısında müdafiə etsin. Amma...
- ...amma arzuları yarımçıq qaldı...
- Qızımızın arzuları çox idi, elə
məni də yandıran odur ki, əcəl həm gənc
ömrünü aldı, həm də arzularını
yarımçıq qoydu. Hökümə hər dəqiqəsinin
qədrini bilirdi, vaxtını boşuna itirməyi heç
sevməzdi. Kiçik yaşlarından belə idi. Bir göz
otaqda yaşayırdıq, o, televizorun səsini belə
eşitmirdi, bütün diqqəti dərsində, kitablarda
olurdu, yəni kənar səs onun dərs oxumağına mane
ola bilmirdi. Qərarlı və cəsarətli idi,
qarşısına qoyduğu məqsədə çatmaq istəyi
bəlkə imkanından da artıq idi. Çox bacarıqlı
idi qızımız. Toxumağı bacarırdı,
uşaqlar üçün nağıllar yazardı.
Özü də hər uşağın xarakterinə
uyğun olurdu həmin nağıllar. Mütaliəni çox
sevirdi, həmişə mənə deyərdi ki, ana, gətirdiyim
kitabları sən də oxu. Olurdu ki, evə gələndə
görürdü kiminləsə telefonda danışıram.
Kimliyindən asılı olmayaraq salamını
çatdırardı və sonra deyərdi ki, bəlkə onun
işi var, amma sənə deyə bilmir, çox saxlama
adamı telefonda. Kənar söhbətləri sevməzdi,
dediyi o olurdu ki, özünüzdən, görmək istədiyiniz
işlərdən, qurmaq fikrində olduğunuz planlardan
danışın. Vaxtınızı kimisə müzakirə
etməyə xərcləməyin. Həmişə bizə
deyərdi ki, sizə Kəlbəcərdə də, Bakıda
da ev alacağam. Bakıda ev alsa da, orada gözüdolusu
yaşaya bilmədi, Kəlbəcərdə isə evi bizə
dövlət başçımız verdi. Hökümə Kəlbəcəri
heç görməmişdi, çünki uşaq ikən biz
oradan çıxmışdıq. Amma doğma torpağı
ilə bağlı çox xəyallar qurardı. Fələk
imkan vermədi.
- Hüquqşünas olmaq arzusuna çatsa da, sonsuz səmanı
daha çox sevdi...
- Elə deməzdim... Hökümə seçdiyi
peşəyə sevərək, istəyərək gəlmişdi.
Bütün mərhələləri keçmişdi, ötən
il onun doktorantusanın sonuncu ili idi. Amma o da vardı ki,
Hökümə səyahət etməyə, dünyanı
görməyə çox həvəsli idi, deyərdim ki, bəlkə
bu, onun hobbisinə çevrilmişdi. Universiteti bitirdikdən
sonra Goranboyda Dövlət Sosial Müdafiə Fondunda
hüquqşünas vəzifəsində işləyirdi. Amma
bu istəyi o qədər güclü oldu ki, orada işləyə-işləyə
Azərbaycan Hava Yollarına
imtahan verdi və keçdi. Başlanğıcda tərcüməçi
kimi, sonra böyük təyyarə bələdçisi kimi
çalışmağa başladı. Əvvəldən onun
uçuşlarına etirazımı bildirmişəm,
çünki içimdə ilk gündən həmişə
bir nigarançılıq vardı. Amma onun dünyanı gəzib
görmək istəyinə qarşı da çıxa
bilmirdim. Orada çalışdığı doqquz il ərzində
dünyanın əllidən çox ölkəsini
gördü. Hara gedirdisə, daima əlaqə saxlayar, proqramla
bizi tanış edərdi. Onu getdiyi ölkəni tanımaq,
tarixini bilmək, mədəniyyəti ilə tanış olmaq
kimi məqamlar daha çox maraqlandırırdı və hər
səfərdən də qucaq dolusu maraqlı xəbərlərlə
gələrdi. Nigarançılığımı bildiyindən
bəzən yaxın məsafəli uçuşları mənə
demirdi, ancaq atasına mütləq bildirərdi. Ötən
ilin sentyabr ayında Hava Yollarında hüquqşünas kimi işləmək
üçün imtahanlardan keçmişdi və bu ilin yanvar
ayının əvvəlindən artıq yeni vəzifəsinə
keçəcəkdi. Qismət olmadı.
- Ana-qız münasibətiniz yəqin ki, çox isti
olub...
- Hökümə valideynlərinə bağlı
övlad olsa da, atasını daha çox sevirdi.
Atasının təzyiq problemi olduğundan həmişə
diqqəti onun üstündə idi. Ümumiyyətlə, o hər
şeyin ən yaxşısını ailəmiz
üçün istəyib. Mümkün olan hər fürsətdən
yararlanmağa çalışıb. Yaxşı məvacib
alırdı və düşünürdü ki, ailə
üçün kiçik bir biznes qursun. Mən onun şəxsi
həyatını daha çox düşünürdüm,
arzusunda idim ki, ondan da bir nəvə payı görüm. Amma
Hökümədə bir mizan-tərəzi vardı,
vaxtının qədrini bilsə də, tələsik,
düşünülməmiş bir iş görmək istəməzdi.
O həm bizim, həm də özünün qurduğu yeni ailəsinin
gələcəyini düşünərək hərəkət
edərdi. Həyat yoldaşı ilə çox planlar
qurmuşdular və gözəl də münasibətləri
vardı. Bəzən mənə elə gəlir ki,
Hökümə uçuşdadır, bir azdan zəng edəcək
ki, təyyarədən düşdüm, gəlirəm. Olub
ki, Gəncə aeroportunda eniş edəndə, atası icazə
alaraq onu evə gətirib ki, yanımızda qalsın. Amma
divardakı şəklini görəndə, sanki ayılan kimi
oluram. Özümü heç nə ilə ovundura bilmirəm.
Biz Hökümənin bir əşyasını belə, itirmək
istəmədiyimizdən öz vəsaitimizlə onun ev-muzeyini
yaratdıq. Bu il onun doğum günündə açılışını
etdik. Elə gün olmur ki, muzeyə ziyarətçilər gəlməsin.
Məktəblərdən, ətraf rayonlardan, şəhid
anaları, Hökümənin rəfiqələri, yaxın
çevrəsi bu muzeyə dəfələrlə gəlib.
Eşitdiyimiz təsəllilər bizə heç zaman
övladımızı qaytarmasa da, Hökümənin
adının bütün dünyada çəkilməsi, onun
tanınması bizim üçün bir qürurdur.
- Artıq bir xatirəyə çevrilən
Hökümə ilə sonuncu
danışığınız...
- Qəzadan bir gün əvvəl... Həmin
günü erkən yatmışdım. Gecə saat bir
olardı oyandım. Gördüm ki, Hökümə zəng
çalıb, gəlinə deyir ki, ömrümü mənə
göstər. Nəvəmə babasının adını
vermişik, Hökümə isə onu adı ilə
çağıra bilmədiyindən, ona
"Ömrüm" deyirdi. Uşaq da nə isə
kürlük etdi, ağladı, sakit dayanmadı. Anası dedi
ki, ay Hökümə, qoy uşağı
yatızdırım sonra danışarıq. Qəribə hal
vardı məndə, düz saat səkkizə qədər
oturduğum yerdən tərpənmədən səhəri
dirigözlü açdım. Az keçməmiş
yoldaşım gəldi ki, gedək bazara, Rusiyaya barat göndərməli
idi. Hiss etdim ki, getmək əhvalında deyiləm. Amma o, israr
etdi ki, gedək sənin seçdiklərini alaq ki, sonradan
narazılıq etməyəsən. Elə bazara təzə
çatmışdıq ki, atasının telefonuna zəng gəldi.
Cəlildən bircə bunu eşitdim - belimiz
qırıldı. Ağlıma gələn o oldu ki, körpəyə
nə isə olub. Amma heç demə, belimizi qıran
Hökümə imiş. Sonra yaşananlarda sanki bir yuxunun
içində idim. Mənə elə gəlirdi ki,
ayılacağam və hər şey öz yolunda olacaq. Nə
yazıq ki, olmadı. Hökümə gedişi ilə düzənimi
də apardı. Bəzən özümü
günahlandırıram ki, əgər əvvəldən onun
uçuşlarına narazılığımda israrlı
olsaydım, bu faciə baş verməzdi. Amma bu qəza
olmasaydı da, Hökümənin alın yazısı
çoxdan yazılmışdı.
- Yaşadığınız ağrıya rəğmən,
qəza yerinə gedə bildiniz...
- Mənə elə gəlirdi ki, qəzanın baş
verdiyi yeri görsəm, içimdəki fırtına bir qədər
yatar. Bu ilin yayında Hökümənin atası, mən,
qardaşı Coşqun, həyat yoldaşı Etibar və
pilot Aleksandrın anası Yelena Kolyaninova ilə Aktau şəhərinə
gəldik. Nədənsə elə
düşünürdüm ki, Hökümə ilə
görüşə gedirəm, orada dayanıb bizi
qarşılayacaq. Ətrafı dolandım, gözlərim elə
hey nə isə axtarırdı. Baş verən faciəni hələ
də özündə saxlayan əhatəyə alınan
boşluqdan başqa heç nə görmədim. Hadisə
yerində məzar daşına bənzər bir abidə
vardı və mənə elə gəldi o daşın bir
küncündən Hökümə bizi izləyir. Amma sonra
bildik ki, Qazaxıstan dövləti bu yerdə faciəni əbədiləşdirmək
üçün böyük bir abidə ucaldacaq. Hökümə
həmişə deyərdi ki, mənimlə fəxr edəcəksiniz.
İndi onun adının əbədiləşdirilməsini
görəndə hər dəfə sözlərini
xatırlayıram. Qazaxıstanda zirehli hərbi təcili
yardım maşınına qızımızın adı
verilib. Məsafə uzaq olduğundan onlara şəxsən təşəkkür
etmək imkanımız olmadı. Polşada Hökümənin
adına təqaüd proqramı təsis edilib. Göstərdiyi
böyük humanizmə görə Çingiz Aytmatov adına
medala layiq görülüb.
- Fəxr edə biləcəyiniz ən yüksək
adı Höküməyə dövlətimiz verdi...
- Əlbəttə ki, Hökümə bu
torpağın bir parçası idi. Körpə
yaşından məcburi köçkünlük həyatı
yaşamışdı. Torpaqlarımızın işğal
altında qaldığı zamanlarda bu dövlət həmişə
insanlarının yanında olub. Hökümə Əliyeva Azərbaycanın
üçüncü qadın Milli Qəhrəmanı oldu.
Otuz iki ildən sonra ilk azərbaycanlı qadın olaraq bu
yüksək adın xüsusi fərqlənmə
nişanı olan "Qızıl ulduz"a dövlət onu
layiq bildi. Haqqında
"Hökümə - kədərim mənim" adlı sənədli
film çəkilib. Hökümənin ailəsi olaraq avqust
ayında ölkə başçısı Kəlbəcərdə
birinci yaşayış kompleksində bizə mənzil verdi.
Hökümənin gedişi özündən sonra bizə
böyük fəxarət yaşatsa da, yerinin boşluğu
daha ağırdır. Ola bilsin ki, sabah Hökümənin
adına bir küçə salınacaq, məktəb inşa
ediləcək, həyat isə öz axırı ilə davam
edəcək. Zamanla bu həyata vida edib Höküməyə
qovuşacağıq. Lakin onun yerdə qalan əbədi
adı gələcək nəsillərə bir örnək
olacaq. Bununla daha çox təsəlli tapıram. Bir də əminəm
ki, hər şey yaxşı olacaq.
SÖZARDI: Səması boz-bulanıq bir dekabr
günündə ətrafa yayılan: "Hər şey
yaxşı olacaq" nidasını ilk dəfə eşidəndə
yadıma iyirmi iki il əvvəl hitə çevrilən bir
mahnının sözləri düşmüşdü: "Hər
şey yaxşı olacaq... Güllər açacaq... Millət
xoşbəxt olacaq"... Uzun yol gəlsək də, deyilənlərin
hamısı oldu. Torpaqlarımızı azad etməklə, hər
şey yaxşı oldu... Viran olan yurd yerlərində güllər
açdı... Uzun həsrətdən sonra ocağını
yandıranda, millət xoşbəxt oldu... Amma bu olanları
gözləri götürməyənlər hələ də
var və olacaq da. Nə yazıq o bədxahların unutduğu
bir şey var, bu torpağın övladları
ölümün üzünə gülə-gülə:
"Hər şey yaxşı olacaq" deməyi
bacarırlarsa, onlardan ehtiyat etməyə dəyər.
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2025.- 22 noyabr (№ 213). - S.12;13.