Türkoloji
Qurultayın Çuvaş-Azərbaycan nümayəndəsi
Birinci Türkoloji
Qurultay nümayəndələrinin izi ilə
1926-cı ildə Bakıda çağdaş
türkologiyanın məşhur simaları bir araya
toplanmışdı. Xarici qonaqları çıxmaq şərti
ilə onlardan bəziləri Rusiyanın mühüm elm mərkəzlərinin
adlı-sanlı əməkdaşları idilər. İkinci
qisim nümayəndələr müxtəlif türk
respublikaları, yaxud muxtariyyətlərindən gəlmişdilər.
Nəhayət, iştirakçılar arasında ikili təmsilçiliyə
malik olanlar da yox deyildi. Azərbaycanda çalışan Qaziz
Qubaydullin (Tatarıstan), Xalid Səid Xocayev (Özbəkistan),
Bəkir Çobanzadə (Krım) bu kateqoriyadan idilər.
Bulqar torpağında yaşayan qədim türk etnosunun -
çuvaş xalqının nümayəndəsi, SSRİ
EA-nın gələcək müxbir üzvü (1929) həyatının
bəlli bir dövrünü Azərbaycanda dilçilik
elminin, xüsusən də dialektologiyanın inkişafına
həsr etmiş Nikolay İvanoviç Aşmarin də (1870-1933)
tam əsasla bu sonuncuların sırasına daxil idi. Onların
hamısını birləşdirən ümumi cəhət
isə türk xalqlarının tarixində ilk dəfə
keçiriləcək elmi-mədəni foruma yalnız bir
mütəxəssis kimi maraq göstərmələri deyil, həm
də ürəkdən can atmaları idi. Hakimiyyətini
günü-gündən möhkəmləndirən
bolşevik rejimi və sinfi maraqları hər şeydən
üstün tutan sovet ideologiyası da türk dostlarını
müstəqillik dövrünün fikir və hərəkət
azadlığını unutmayan, unuda bilməyən Azərbaycanda
görüşdən çəkindirə bilməmişdi.
Budəfəki söhbətimiz Azərbaycan
dilçilik elminin təmənnasız fədailərindən
biri adlandıra biləcəyimiz professor N.İ.Aşmarin
haqdadır.
1923-1926-cı illərdə Bakı Universitetinin Şərq
dilləri fakültəsinin türkologiya kafedrasında
çalışdığı dövrdə o, ölkəmizin
ilk elmi-tədqiqat mərkəzi - Azərbaycan Tədqiq və
Tətəbbö Cəmiyyəti (ATTC) ilə yaxından əməkdaşlıq
etmişdi. Həm də keçmiş Sovet İttifaqı və
Azərbaycanın tanınmış elm adamları, partiya və
dövlət xadimləri ilə birlikdə Təşkilat Komitəsinin
üzvü kimi Birinci Türkoloji qurultayın
hazırlanması və keçirilməsində fəal rolu
olmuşdu. Elmi forumun 1926-cı il fevralın 27-də baş
tutan 5-ci iclasında "Türk dillərinin öyrənilməsinin
müasir vəziyyəti və yaxın vəzifələri"
bölməsində "Türkologiyanın keçmişi və
indiki vəziyyəti haqda bəzi qeydlər" adlı məruzəsində Avropa və
Rusiyada türkologiyanın yaranması tarixinə ümumi nəzər
salmağa çalışmışdı. Əslində məruzənin
rusca adı ("Koe-çto o proşlom törkoloqii i ee nastoəhem
sostoənii") məzmun və mündəricəni daha dəqiq
əks etdirirdi. Çox ehtimal ki, əlinin altında kifayət
qədər mənbə və material olmadığı
üçün professor Aşmarin XIX əsr Rusiya
türkologiyası haqda sadəcə "nə isə bir
şeylər" danışmışdı. Məsələn,
təkcə onu qeyd etmək kifayətdir ki, məruzədə
Azərbaycan əsilli rus şərqşünası Mirzə
Kazımbəyin türkologiya sahəsində fəaliyyəti
yada düşməmiş, Rusiya EA-nın yüksək Demidov
mükafatına layiq görülmüş iki mühüm
türkoloji tədqiqatının - "Türk-tatar dilinin
qrammatikası" (Kazan, 1839), habelə "Türk dilinin
müvəqqəti kursu üçün dərs vəsaiti"
(Sankt-Peterburq, 1855) əsərlərinin adı yerli-dibli
çəkilməmişdi.
N.İ.Aşmarin əksər mənbələrdə
rus alimi kimi təqdim edilsə də, milliyyət etibarı ilə
çuvaş türkü idi. Bu haqda onu yaxından tanıyan
görkəmli filoloq və tarixçi alim, başqırd
ictimai-siyasi xadimi Zəki Vəlidi Toğan (1890-1970) "Xatirələr"ində
yazır: "Yemelyanov məni "Yadəsillilər seminariyasının" (Seminariə
dlə inorodüev) müəllimi, şərqşünas
Nikolay Aşmarinlə və nəhayət, professor N.F.Katanovla
tanış etdi. Bunun da sayəsində Kazandakı şərqşünaslar
mühiti ilə daha yaxın əlaqə qura bildim. Aşmarin
özü çuvaş türklərindən idi. Nikolay
Katanov isə Altayın Saxa türkləri arasında
yetişmişdi. Hər ikisi də Rusiya şərqiyyat
institutlarını bitirib rus şərqşünasları
mühitinə qatılan şəxslər idi. Bu iki şəxsin
mənə çox köməyi dəydi. O il (1906-cı il -
V.Q.) Aşmarinin Rusiya Xalq Maarif Nazirliyinin Jurnalında
çıxmış "Tatar ədəbiyyatı"
(söhbət "Kazan tatarlarının müasir ədəbiyyatı
haqda bir neçə söz" məqaləsindən gedir) əsərini
rus dilindən tatarcaya çevirdim. Bu tərcümə sonra
Orenburqda kitabça şəklində çap olundu".
"Türk tarixi" adlandırdığı ilk
kitabının nəşrindən bəhs edərkən isə
müəllif yazır: "Mənim əsərimlə həm
elmi yöndən, həm də mənşə etibarı ilə
türk olmaları səbəbindən maraqlananlar professor
Katanovla Aşmarin oldu. Onların ikisi də rus senzoru
olduqları halda əsərdə ruslara toxunan yerləri
pozmayıb kitabımın
yazdığım şəkildə nəşrinə
yardım etdilər".
Çuvaş MR-nın Dil, Ədəbiyyat, Tarix və
İqtisadiyyat İnstitutunun "Elmi əsərləri"ndə
"Aşmarinin xatirəsinə" adlı məqalə
çap etdirən akademik V.A.Qordlevski (1876-1956) də həmkarının
çuvaş əsilli olmasına şübhə ilə
yanaşmırdı.
Ailədə rus dilindən sonra öyrəndiyi ikinci
dil çuvaşca idi. "Həyatım" adlı
avtobioqrafik qeydlərində
yazırdı: "Hələ kiçik yaşlarımdan
məndə dilləri, xüsusən də çuvaş
dilini öyrənməyə maraq yaranmışdı. Buna da səbəb
Kurmışa və Zasuryaya gələn (alimin uşaqlıq
illərini keçirdiyi Volqa ətrafı kəndlər -
V.Q.), yaxud oradan keçən, bütün görkəmləri
ilə arasında yaşadığım rus əhalidən kəskin
şəkildə fərqlənən çuvaşlar
olmuşdu. İlk çuvaş söz və ifadələrini
bu xalqa çox böyük rəğbətlə yanaşan
ana nənəmdən eşitmişdim".
Novoçerkassk klassik gimnaziyasını bitirdikdən
(1891) sonra türk, ümumən Şərq xalqlarının
dil və mədəniyyətlərinə olan böyük
maraq Aşmarini Moskvadakı Lazarev Şərq Dilləri
İnstitutuna gətirmişdi. Burada gimnaziyada öyrənməyə
başladığı türk, tatar, ərəb, fars dilləri
sahəsindəki biliklərinin təkmilləşdirmişdi.
Latın dilinə mükəmməl yiyələnmişdi. Təbii
ki, həyatının əsas stixiyası olan çuvaş
dilini də unutmamışdı. Özünün də etiraf
etdiyi kimi, məhz çuvaş dili ilə eyni ailəyə mənsub
olduğu üçün institut illərində Osmanlı
türkcəsini mənimsəməyə
daha çox diqqət yetirmişdi. Birinci kurs tələbəsi ikən "Çuvaşlarda xalq
poeziyası təcrübəsi" adlı məqalə
yazıb dərc etdirmişdi.
İnstitutun sonuncu kursunda isə çuvaş dilinin
fonetika və morfologiyasına dair materiallar toplamağa
başlamışdı. Onların əsasında ilk
çuvaş dili qrammatikasını tərtib edib müəllimi,
fin-uqor dilləri üzrə tanınmış mütəxəssis,
akademik V.F.Millerə (1848-1913) göstərmişdi. Miller
çoxsaylı prinsipial qeydlər etmişdi. Aşmarin qeydlər
əsasında 1895-ci ildə, Kazan xristian tatarlar məktəbinin
müəllimi işlədiyi dövrdə əlavə
materiallar da toplayaraq əsəri demək olar ki, yenidən
yazmışdı. Dilin təbii
daşıyıcıları-çuvaşlarla canlı
ünsiyyət, çuvaş əlyazmaları ilə
tanışlıq işi təkmilləşdirmək
imkanı yaratmışdı. Lakin yeni variantda da
qrammatikası ona sistemsiz, hətta xaotik
görünmüşdü. Yardım üçün üz
tutduğu professor N.F.Katanov əlyazmasının
çapını məsləhət
bilmişdi. Gözlədiyinin əksinə olaraq ilk
dilçilik təcrübəsi uğurlu
alınmışdı. Macar türkoloqu akademik B.Munkaçi
(1830-1907) Katanova məktubunda Aşmarinin çuvaş
qrammatikasını bəyəndiyini bildirmiş, hətta
"wichtig" (mühüm - V.Q.) adlandırmışdı.
1896-cı ildən etibarən həyatının sonuna
qədər N.İ.Aşmarin akademik V.V.Bartoldun (1869-1930)
"türkologiyada klassik əsər"
adlandırdığı 17 cildlik monumental "Çuvaş
dili sözlüyü" üzərində işləmişdi.
Dörd il sonra Arxeologiya, Tarix və Etnoqrafiya Cəmiyyəti,
habelə Kazan Yeparxiyasının Xəbərlərində
"Çuvaş sözlüyünün tərtib
proqramı"nı dərc etdirmişdi. İş prosesində
yalnız özünün toplaya bildiyi materiallarla kifayətlənməmişdi.
Bu dillə bağlılığı olan mütəxəssislərə,
ziyalı çuvaşlara müraciət etmişdi. Onların
toplu halda yaşadığı ərazilərdə
ekspedisiyalarda olmuşdu. Lüğətin ilk iki cildi
1910-1912-ci illərdə akademik F.E.Korşun (1843-1915)
redaksiyası altında çap edilmişdi. Həyatının
sonuna qədər üzərində qeyri-adi inadla işlədiyi
sözlüyün yalnız 5 cildini başa çatdıra
bilmişdi. Yarımçıq qalmış işi tələbəsi
N.A.Rezyukovun davam etdirdiyi materialların nəşri tam şəkildə
yalnız 1950-ci ildə başa
çatdırılmışdı. Həmin il 54633 söz
haqda məqalədən ibarət olan XVII cildlik əsərin
sonuncu cildi çapdan çıxmışdı.
"Çuvaş sözlüyü"nün hələlik
yalnız bir neçə cildinin ortada olduğu 1940-cı ildə
SSRİ EA-nın müxbir üzvü C.E.Malov (1880-1957)
yazmışdı: "Belə bir əvəzsiz
"Çuvaş dili lüğəti"nə malik
olduğu üçün çuvaş xalqı
özünü xoşbəxt saya bilər".
N.İ.Aşmarinin başqa bir mühüm əsəri
- "Bulqarlar və çuvaşlar" kitabı (1902) Volqa
hövzəsindəki qədim türk etnosunun öyrənilməsi
işinə böyük töhfə sayıla bilər. Təsadüfi
deyil ki, gənclik illərində o, sövq təbii ilə
"avropalı köçərilərin" - macarların
dil və tarixini də müəyyən qədər öyrənmişdi.
Sonralar onların dil baxımından bulqar və
çuvaşların yaxın qohumu, türkəsilli
olmaları qənaətinə gəlmişdi. Hun mənşəli
şəxs adları və titulların bulqar-çuvaş dil
materialı əsasında izahı alimi bu fikrin həqiqətə
uyğunluğuna inandırmışdı.
Akademik V.V.Bartold 1929-cu ildə aralarında
N.İ.Aşmarinin də olduğu bir qrup həmkarının
keçmiş SSRİ EA-nın həqiqi və müxbir
üzvü seçilməsi münasibəti ilə
yazdığı məqalədə onun bulqar-macar əlaqələri
haqqındakı fikirlərinə rəğbətlə yanaşaraq
"çox ehtimal ki, gələcəyi olan nəzəriyyə" adlandırmışdı.
Müasir dövrdə macar dilinin fin-uqor deyil, türk dili ailəsinə
mənsubluğu haqda get-gedə ağırlıq kəsb etməyə
başlayan nöqteyi-nəzər dilçi və etnoqraf kimi
Aşmarinin uzaqgörənliyindən xəbər verir. Nəhayət,
"Bulqarlar və çuvaşlar" əsəri müəllifə
elm tarixinə bulqar-çuvaş dil və etnik varisliyini
inandırıcı dəlillərlə sübuta yetirən
ilk mütəxəssislərdən biri kimi daxil olmağa imkan
vermişdi.
lll
1923-cü ildə Kazan ali məktəblərində
çalışan bir neçə nəfər digər həmkarı
- antik dövr fəlsəfəsi üzrə
tanınmış mütəxəssis, Azərbaycan EA-nın
gələcək akademiki A.O.Makovelski (1884-1969), ərəbşünas
P.K.Juze (1870-1942) və b. ilə birlikdə böyük ailə
sahibi N.İ.Aşmarin də qıtlıq, aclıq və
ehtiyac içində boğulan Volqaboyundan Bakıya üz
tutmuşdu. Azərbaycan hökumətinin dəvəti ilə Bakı
Universitetinin tarix-filologiya fakültəsinin türkologiya
kafedrasının professoru vəzifəsində işə
başlamışdı. Burada xoş münasibət, hörmət
görmüşdü. Universitet Elmi Şurası 1925-ci ilin
fevralın 3-də çap olunmuş əsərlərini və
səmərəli elmi-pedaqoji fəaliyyətini nəzərə
alıb ona dissertasiya müdafiə etmədən (honoris causa)
türkologiya doktoru alimlik dərəcəsi vermişdi. Həmkarları
bu qərarı qəbul edərkən tək şəxsi fikir
və mülahizələrinə deyil, Moskva və Leninqrad
türkoloqlarının yazılı təqdimatlarına,
B.Munkaçi, Q.Ramstedt, T.Qotye, D.Mesaroş, Y.Vixman, M.Ryasenen və
b. tanınmış macar, fin, alman linqvistlərinin mətbuatda
çıxan rəylərinə əsaslanmışdılar.
Həmin dövrdə o, B.Çobanzadə ilə birlikdə
ilk addımlarını atan Azərbaycan
türkologiyasının yalnız sovet deyil, hətta dünya
miqyasına çıxan təmsilçiləri
sayılırdılar. Fakültədə elmi-pedaqoji əhatə
dairəsi kifayət qədər geniş idi. Tələbələrə
türk dillərinin qrammatikası, Orxan-Yenisey abidələri
və uyğur yazısından, türkologiyaya giriş və
dialektologiyadan mühazirələr oxuyur, gənc alim və
aspirantların elmi işlərinə rəhbərlik edirdi.
Həyatının Bakı dövründə o,
universitetlə yanaşı, respublikanın ilk elmi mərkəzi
ATTC ilə də sıx iş birliyi və əməkdaşlıq
şəraitində çalışmışdı. Akademik
Qordlevskinin yazdığına görə, "Nikolay
Aşmarin onilliklər boyu qazandığı zəngin təcrübəni
ATTC əməkdaşları ilə həvəslə
bölüşürdü". Mühüm elmi qurum haqda
maraqlı tədqiqat əsərinin - "Azərbaycanı Tədqiq
və Tətəbbö Cəmiyyətinin fəaliyyətində
filologiya məsələləri. 1923-1929"
monoqrafiyasının müəllifi,
filologiya elmləri doktoru Həmidə Xəlilbəylinin
araşdırmalarından da göründüyü kimi,
N.Aşmarin elmi-nəzəri hazırlığı,
çağdaş tədqiqat üsullarına yiyələnməsi,
ən başlıcası isə Azərbaycan humanitar elminə
töhfə vermək istəyi sayəsində ölkəmizdə
bu sahənin aparıcı nümayəndələri
sırasında yer almışdı. Müəllifin qeyd etdiyi
kimi, "N.Aşmarin Azərbaycanda yerli türk xalq dialektlərinin
araşdırılmasının, sistemli şəkildə
toplanaraq lüğət şəklində
çapının ilk təşəbbüskarı
olmuşdur".
Onun Azərbaycandakı məhsuldar elmi fəaliyyətinin
əhəmiyyətli hissəsi, şübhəsiz, ATTC ilə
bağlıdır. Qurumun bir sıra istiqamətlər üzrə
elmi-tədqiqat bölmələrinin fəaliyyətində
yaxından iştirak etmişdi. Belə bölmələrdən
biri Tarix-etnoqrafiya şöbəsinin tərkibindəki
Etnoqrafiya komissiyası idi.
Şöbənin 1924-cü ilin yanvarın 2-də
keçirilən təsis yığıncağında
Komissiyanın rəyasət heyətinin tərkibi təsdiq
edilmişdi. Sədr vəzifəsi yekdilliklə yazıçı-dramaturq,
ATTC-nin qurucularından biri Əbdürrəhim bəy
Haqverdiyevə həvalə olunmuşdu. Professorlar
N.İ.Aşmarin və V.B.Tomaşevski müavin, A.R.Zifeldt -
Simumyaqi və V.A.Ryumin katib, Azərbaycan Tarixi Muzeyinin ilk
direktoru, arxeoloq D.Şərifov rəyasət heyətinin
üzvü seçilmişdi.
Etnoqrafiya komissiyasının elmi vahidi kimi təşkil
edilən lüğət-dil yarımbölməsi birbaşa
N.Aşmarinin adı ilə bağlı idi. Bölməyə
özü rəhbərlik edirdi. Müavinləri isə
Ə.Haqverdiyev və V.B.Tomaşevski idilər. Azərbaycan
dilinin lüğət tərkibinin araşdırılması,
dialektoloji tədqiqatların aparılmasında bu
yarımbölmə 20-ci illərin ortalarında kifayət qədər
effektiv fəaliyyət göstərmişdi.
1925-ci ildə Azərbaycan xalqının digər
türk xalqları ilə dil, etnoqrafiya, etimologiya və ədəbi-mədəni
bağlılıqlarını sistemli, müqayisəli şəkildə
araşdırmaq məqsədi ilə Cəmiyyət nəzdində
ayrıca Türkoloji şöbə
yaradılmışdı. Universitetin şərqşünaslıq
fakültəsinin dekanı Bəkir Çobanzadənin rəhbərlik
etdiyi şöbənin üzvləri arasında Ruhulla Axundov
(sədr müavini), Hənəfi Zeynallı, Pənah
Qasımov, Cəlal Məmmədzadə, Həbib Cəbiyev,
İsmayıl Hikmət kimi tanınmış alim və
ictimai-siyasi xadimlərlə bir sırada professor Nikolay
Aşmarin də var idi. Özü "Həyatım"
adlı avtobioqrafik qeydlərində bu barədə
yazırdı: "1923-1926-cı illərdə Azərbaycan
Dövlət Universitetinin professoru olmaqla bir sırada mən azəri
dilini öyrənməyə başladım. Eyni zamanda Azərbaycan
türk ləhcələri lüğətinin
hazırlanması üçün təşkilati işlərdə
iştirak etdim. Bu məqsədlə "Azərbaycan türk
ləhcələri kitabını tərtib etmək
üçün təlimat və proqram"
kitabçasını qələmə aldım".
Linqvist alim mədəni səviyyəsindən
asılı olmayaraq istənilən xalqın dilinin öyrənilməsini
onun məişəti, həyat tərzi, etimologiyası,
şifahi ədəbiyyatı, nəhayət, digər etnoslarla
əlaqələrindən kənarda təsəvvür etmirdi.
Dilin ifadə imkanlarını, lüğət tərkibini, eləcə
də özünəməxsusluq
və incəliklərini araşdırmaq üçün
xalqın arasında olmağa, bu dildə danışan
insanlarla ünsiyyət qurmağa böyük əhəmiyyət
verirdi. Bu mənada N.Aşmarini Azərbaycanda elmi
dialektologiyanın pioneri saymaq üçün əlimizə əsas
var. Akademik M.Şirəliyev (1909-1982) sələfinin bu sahədəki
xidmətindən bəhs edərkən yazırdı:
"1920-ci illərin ortalarında Nikolay Aşmarin Azərbaycan
dialekt və şivələrinin lüğəti
üçün material toplamaqdan ötrü proqram və təlimat
hazırlamışdı. Bu istiqamətverici sənədlər
əsasında 1930-cu ilə qədər təxminən 60 min
söz və ifadə toplanmışdı. Mövcud materialdan
istifadə yolu ilə "Azərbaycan-türk xalq şivələrinin
lüğəti" hazırlanıb nəşr
edilmişdi".
Əslində ilk addımı alim özü
atmışdı. 1924-cü ilin yanvarında "Maarif və
mədəniyyət" jurnalında qarşısına
qoyduğu məqsədlə əlaqədar "Azərbaycan
türk şivələrinin toplanmasına dair" adlı
ümumi elmi-nəzəri səciyyəli məqalə dərc
etdirmişdi. Həmin ilin yayında və növbəti ilin
payızında ATTC-nın tapşırığı ilə
şivə orijinallığı baxımından daha çox
seçilən Şəkidə (Nuxa) dialektoloji ekspedisiyada
olmuşdu. Üst-üstə ay yarım çəkən səfər
zamanı Nuxa kişi müəllimlər seminariyasının,
eləcə də ayrı-ayrı məktəblərin müəllim
və şagirdlərinin köməyi ilə zəngin material
toplamışdı. Anlaşılmaz görünən məqamları
aydınlaşdırmaq üçün Şəki
ziyalıları ilə ətraflı fikir mübadiləsi və
dəqiqləşdirmələr aparmışdı.
Onların arasında müəllifin böyük hörmətlə
söz açdığı
görkəmli maarif xadimi, yazıçı və
etnoqraf, Nuxa kişi müəllimlər seminariyasının
direktoru Rəşid bəy Əfəndiyev (1863-1942) də
vardı. Yalnız təbiətinə, tarixinə deyil,
insanlarına da heyran qaldığı Şəkidə
müsafir alimə hörmətlə yanaşmış,
qayğı və diqqətlə əhatə etmişdilər.
Nuxa qəza partiya komitəsinin məsul katibi
İ.Tağıyev, xalq maarifi şöbəsinin müdiri
Ə.Mahmudov, yerli ziyalılardan Ə.Bayramov, A.İmamzadə,
Ş.İmamzadə, C.Hacızadə, M.Xəlifəzadə
işin təşkilinə və səmərəliliyinə
yardım göstərmək üçün əllərindən
gələni əsirgəməmişdilər. Nəticədə
Aşmarin Azərbaycan dialektologiyasına dair ilk monoqrafik əsərini
- "Nuxa şəhəri türk xalq şivələrinə
ümumi bir nəzər" kitabını qısa müddətdə
hazırlayıb başa çatdırmışdı.
Kitab üzərindəki iş prosesində həmkarları
Əbdürrəhim bəy Haqverdiyev, Vəli Xuluflu,
universitetin tələbələrindən İ.Həsənov,
Ə.Babayev, A.Ələkbərov, Sürəyya Talıbxanbəyli
(sonralar təhsilini İstanbul universitetində davam
etdirmiş, Əhməd Cəfəroğlunun "Azərbaycan
Yurd Bilgisi" jurnalında Qarabağ dialektinə dair silsilə
məqalələri çıxmışdı) müəllifin
də etiraf etdiyi yaxın köməkçiləri
olmuşdular. Əsər 1926-cı ildə ATTC xətti ilə
çap olunmuşdu.
Kitab "Müqəddimə əvəzinə"
adlı giriş sözü ilə açılır. Müəllif qarşısına qoyduğu
başlıca vəzifədən söz açarkən
haqlı olaraq göstərirdi ki, "...təsvir edilən
şivələrin, eləcə də Azərbaycanımızın
digər türk xalq şivələrinin necə səslənməsi
indiyədək tədqiqatçıların diqqətini yetərincə
çəkməyib".
Anlaşılmazlıq yaranmasın deyə alim "Şəki" və
"Nuxa" toponimlərinə aydınlıq gətirməyi
zəruri saymışdı. "Şəki" adı
altında keçmişdə müstəqil xanlıq, sovet
dövründə qəza, "Nuxa" adı altında isə
bu inzibati ərazi vahidinin mərkəzinin nəzərdə
tutulduğunu qeyd etmişdi. Verdiyi məlumatlardan Peterburq
universitetinin tatar əsilli müəllimi, türkoloq Hüseyn
Feyzxanovun (1828-1866) XIX əsrin ortalarında hazırlayaraq
akademik B.A.Dornun (1805-1881) redaktəsi ilə çap etdirdiyi
"Şəki xanlarının müxtəsər tarixi"
(müəllifi şair və salnaməçi Kərim ağa
Fateh idi - V.Q.) əsəri ilə tanış olduğu
görünürdü. Əlverişli coğrafi mövqeyi, təbii
gözəllikləri və səmərəli iqtisadi
imkanlarına görə müəllif Nuxa-Şəkini
"Şimali Qafqazın ən gözəl guşəsi"
hesab etmişdi.
"Nuxa və Nuxa əyaləti haqqında qısa məlumat"
adlanan növbəti fəsildə N.İ.Aşmarin
"Böyük Qafqaz dağ silsiləsinin cənub ətəklərində,
Kiş, Dəyirman və Gürcan çaylarının
sahilində, dəniz səviyyəsindən 2454 fut yüksəklikdə
yerləşən" bölgənin müxtəsər
tarixi, inzibati, iqtisadi və etnik icmalını vermişdi.
Əhalinin mütləq əksəriyyətinin Azərbaycan
türklərindən ibarət olduğunu vurğulayan müəllif
Şəkini ticarət və sənaye baxımından
Transqafqazın geniş iqtisadi imkanlara malik mühüm və
zəngin şəhərlərindən biri kimi təqdim
etmişdi. 1863-cü ildə Şəkidə olan və təəssüratlarını
"Qafqaz" kitabında (Leypsiq, 1866) bölüşən
alman səyyahı A.Petsolta əsaslanaraq hər ilin yay
aylarında ipəkçiliklə məşğul olan
çoxsaylı Avropa istehsal və ticarət firmaları agentlərinin
bura axışdıqlarını xüsusi qeyd etmişdi.
Yazdığına görə, xaricilər arasında
saylarının çoxluğuna görə əsas yeri
fransızlar (500-600 nəfər) və italyanlar tuturdu.
Kitabda Şəkinin müxtəlif məhəllərindən
toplanmış zəngin dialektoloji material və onlara əsaslanan
linqvistik nəticələr təqdim olunmuşdu. Bu nümunələr
müəllifin az vaxtda Azərbaycan türkcəsinin incəliklərinə
yiyələnməklə yanaşı, dilimizin dialektlərini
müqayisəli şəkildə öyrənməyə təşəbbüs
göstərdiyini də sübut edir. Çuvaş şifahi
xalq ədəbiyyatına dair araşdırmaları ilə
tanınan N.İ.Aşmarin Şəkidə dinlədiyi təkrarsız
folklor nümunələrinə də laqeyd qala bilməmişdi.
Kitabın sonunda yüz il əvvəl Şəki və
çevrəsində yazıya alınan, bəziləri
günümüzə fərqli şəkildə çatan, bəziləri
isə unudulan atalar sözləri, zərb-məsəllər,
tapmacalar, kiçik nağıllar verilmişdi. "Əlavələr"
bölməsində toponomika məsələsinə
diqqət çəkən müəllif Şəkinin məhəllə,
yaylaq, bazar, çay, eləcə də şəhər mərkəzindən
kənarda yerləşən kənd adlarınının
siyahısını kitabına daxil etmişdi.
Azərbaycan türkcəsinə dair ilk dialektoloji
araşdırmanı yüksək qiymətləndirən
akademik V.A.Qordlevski yazırdı: "Aşmarin "Nuxa şəhəri
türk xalq şivələrinə ümumi bir nəzər"
əsərində linqvistik müşahidələrin dəqiqlik
və təfərrüat zənginliyini nümayiş etdirib. Həsr
olunduğu mövzu ilə bağlı ilk və nümunəvi
monoqrafiya sayılan kitabda özündə müxtəlif
etnoqrafik qruplaşmaların izlərini daşıyan şəhər
məhəllələrinin şivələri fərqli cəhətləri
ilə aşkara çıxarılıb".
Sonrakı illərdə də ölkəmizlə əlaqələrini
üzməyən alim Bakıda axırıncı dəfə
1929-cu ildə, ATTC-nin dəvəti ilə olmuşdu. Cəmiyyət
onu "Azərbaycanın türk xalq şivələrinin
lüğəti" çoxcildliyinin planını
hazırlamaq məqsədi ilə dəvət etmişdi.
Əsərin növbəti il Bakıda çıxan I cildində
də göstərildiyi kimi, Aşmarin "ideyanın ilk təşəbbüskarlarından
və onu təcrübədə həyata keçirənlərdən
biri idi".
Kollektivləşmə və sənayeləşmənin
Volqaboyuna gətirdiyi fəlakətlər "zəmanə ilə
ayaqlaşmağı" bacarmayan təvazökar alimdən də
yan keçməmişdi. SSRİ EA-nın müxbir
üzvü seçilsə də, əyalət şəhəri
Kazanda qurumun verdiyi üstünlükdən yararlana bilməmişdi.
1933-cü ildə xəstəliklər və ağır maddi
ehtiyac içərisində vəfat etmişdi. Bu dəqiq
tarix çuvaş aliminin adını repressiyaya
uğramış türkoloqlar sırasında çəkən Beybolot Aminovun tam haqlı
olmadığını göstərir. Təbii ki, bir
çox həmkarları kimi, Aşmarin də elmi
yaradıcılığına münasibətdə laqeydlik,
şübhə faktları ilə üzləşmişdi.
Lakin həbsə atılmamış, məhkəmə
önündə dayanmamışdı. Başqa sözlə
desək, onun barəsində daha çox məcazi mənada
repressiya qurbanı kimi danışmaq olar. Həyatının son aylarında həyat
yoldaşı K.L.Aşmarina Çuvaş Elmi Tədqiqat
İnstitutuna məktubunda rastlaşdıqları haqsız və
laqeyd münasibətdən şikayətlənərək
yazmışdı: "Yaşlı və böyük bir ailənin
yükünü çəkən ərim çox
ağır maddi durumdadır. Sizə lüğət
hazırlayır, evdə isə yeməyə heç nə
yoxdur. Ona ürək ağrısı çəkmədən
baxmaq olmur. Kölgə kimi masa arxasında oturub fasiləsiz
işləyir. Ailəmizi xilas etmək üçün
satılması mümkün olan hər şeyi
satmışam. İndi daha satmağa da heç nə
qalmayıb. Ona görə də sizə müraciət edirəm".
Alimin oğlu V.N.Aşmarinin xatirələri bu kədərli
mənzərəni daha da tündləşdirir: "Atam
ölüm yatağına düşəndə anam
qonşudan pul borc alıb məni Çeboksarıya, ona
çatacaq qonorarı almağa göndərdi. Çünki
İnstitut vəsaiti poçtla yollamaqla bağlı dönə-dönə
təkrarlanan xahişimizə məhəl qoymurdu. Amma pul
olmadığını deyib məni də növbəti dəfə
əliboş yola saldılar..."
Türkologiya elmi, xüsusilə də çuvaş
dili və mədəniyyəti qarşısında misilsiz xidmətlərinə
baxmayaraq, N.İ.Aşmarin sağlığında layiq
olduğu, haqq etdiyi qiyməti almadan dünyadan
köçmüşdü. Dövrün sərt, amansız
şərtləri baxımından yanaşanda isə əslində
bu, necə deyərlər, "vaxtında" baş tutan
ölüm idi. Çünki vəfatından az sonra həyatının
başlıca əsəri, az qala bütün
ömrünü verdiyi "Çuvaş dili
sözlüyü" kəskin partiya tənqidinə məruz
qalmışdı. Çuvaş ÜİK(b)P MK-nin birinci
katibi, az sonra özü də repressiya qurbanları
sırasında yer alan P.S.Petrov müəllifi
"sözlük kimi təqdim olunan əsəri bol pornoqrafiya
ünsürləri və əksinqilabi cəfəngiyyatla"
doldurmaqda ittiham etmişdi. "Böyük terrorun"
bütün ölkəni bürüdüyü bir vaxtda belə
ittihamların nə ilə nəticələndiyini söyləməyə
isə lüzum yoxdur...
Təkrarsız elmi-praktiki keyfiyyətlərə malik
türkoloq kimi N.İ.Aşmarin həmkarları arasında
böyük nüfuza malik idi. XX əsrin 20-30-cu illərində
adı sovet türkologiya elminin görkəmli nümayəndələri
ilə bir sırada dayanırdı. Çuvaş dili mütəxəssisi
olaraq beynəlxalq arenada yaxşı tanınırdı. Altay
dilçiliyinin banisi, görkəmli fin linqvisti Q.Y.Ramstdedtin
yazdığı kimi, sadəcə "Aşmarin belə
deyir" ifadəsi ən dolaşıq məsələyə
də aydınlıq gətirmək üçün yetərli
idi...
Sarayevo
Vilayət QULİYEV
525-ci qəzet .- 2025.- 22 noyabr (¹ 213). - S.10-11.